AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASININ
NƏSİMİ adına DİLÇİLİK İNSTİTUTU
DİLÇİLİK
İNSTİTUTUNUN
ƏSƏRLƏRİ
Xüsusi buraxılış
2012
Bakı – 2012
Nəsimi adına Dilçilik İnstitutu Elmi Şurasının 14 mart 2012-ci il tarixli iclasının (protokol № 04) qərarı ilə çap olunur.
Redaksiya şurası :
akad A. A. Axundov
AMEA-nın müxbir üzvü K.M. Abdullayev
fil.e.d., prof. Q.Ş.Kazımov
fil.e.d., prof. Q.İ.Məşədiyev
fil.e.d., prof. S.H.Mehdiyeva
fil.e.d., prof. S.A.Sadıqova
fil.e.d. R.H.Eyvazova
fil.e.d. prof. İ.O.Məmmədli
fil.e.d. M.M.Mirzəliyeva
fil.e.d. prof. M.Ə.Mahmudov
fil.e.d. İ.M.Tahirov
fil.üzrə fel.d. T.A.Quliyev
Baş redaktor: fil.e.d., prof F. Y. Veysəlli
Buraxılışa məsul: fil.e.n. E. İnanc
Dilçilik İnstitutunun əsərləri
Xüsusi buraxılış
2012
© Nəsimi adına Dilçilik İnstitutu, 2012
BAŞ REDAKTORDAN
Hörmətli oxucular.
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında” 23 may 2012 ci il və “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında” 29 may 2012-ci il tarixli sərəncamlarının icrası ilə əlaqədar AMEA Nəsimi adına Dilçilik İnstitutunda 2012-ci il dekabrın 13-də “Ölkədə Dil Situasiyası” mövzusunda Respublika elmi konfransı keçirilmişdir.
Konfransda Azərbaycan dilinin fəaliyyəti, kütləvi işlənməsi, dil və ailə, dil və təhsil, reklamların dili və s. informasiya vasitələri mövzularında məruzələr dinlənilmişdir.
“Dilçilik İnstitutunun əsərləri” nin redaksiya şurası konfransda dinlənilən məruzələrin mətnini, habelə vaxt çatışmazlığında və ya konfransın mövzusundan kənara çıxan tezislərin aktuallığını nəzərə alaraq onların bu topluda çap olunmasını qərara almışdır. Bu aktuallar Azərbaycan dilinin müxtəlif məsələlərlə maraqlanan mütəxəssislər, tələbələr və ali məktəb müəllimləri üçün faydalı ola bilər.
Toplu ilə bağlı rəy və təkliflərinizi jurnalın redaksiyasına göndərə bilərsiniz.
filol.e.d., prof. F. Y. Veysəlli
MÜNDƏRİCAT
DİLÇİLİK MƏSƏLƏLƏRİ
R.Z. Abbasəliyeva. Еmosionallıq və ekspressivliyin
verbal və qeyri-verbal ifadə vasitələri 6
İ.Y. Cəfərsoy. Avropa dillərində İncil mənşəli şəxs adları və
Ön Asiyanın ölü dillərində onların arxaik variantları 10
F.F. Əlizadə. Dil norması və cəmiyyət 13
K.H. İmamquliyeva. Azərbaycan xalqının dilində və
məişətində daş dövrünün izləri 18
N.Q. Qazıyeva. Ədəbi dil və dialekt münasibətləri 21
Q.G. Qəmbərova. Azərbaycan dialektologiyasının inkişafı 24
İ.M. Qurbanova. Azərbaycan dialekt və şivələrində
bəzi omonim söz köklərinin etnolinqvistik təhlili 29
M.Ə. Mahmudov. Azərbaycan dili qloballaşma şəraitində 34
B. Məmmədov. Etnotoponimlərin tarixi-linqvistik müstəvidə
tədqiqi (Xaçmaz rayonu toponimləri əsasında) 40
Ş.X. Məmmədov. Sadə cümləni genişləndirən vasitələrin inkişaf xüsusiyyətləri 43
A. Rüstəmova. Modernləşmə şəraitində kommunikasiyada dil amili 48
Y.Ə. Süleymanov. İnterferensiya dil hadisəsi kimi 53
Ə.V. Tanrıverdi. Müasir Azərbaycan dili haqqında bəzi fikirlər 56
M.A. Təkləli (Nuriyeva). Çağdaş dövrdə Azərbaycan dili 59
Vahid Zahidoğlu. “Kitabi - Dədə Qorqud”da bir arxaik fonetik hadisə
və onun müasir dildəki izləri 63
AZƏRBAYCAN DİLİNİN CƏMİYYƏTDƏ İŞLƏNMƏSİ
E. Atakişiyev. N. Əfşarın yaradıcılığında dilçilik terminləri haqqında 68
G.K. Binnətova. Şəkilçi morfemlərin müxtəlifsistemli dillərdə təzahür formaları 70
A.G. Cəfərov. Azərbaycan dilinin orfofoniya lüğətinin əhəmiyyəti
və hazırlanma prinsipləri 73
A.M. Əsgərova. Qədim paremlərdə işlənən bəzi çoxmənalı sözlərin
tarixi inkişaf xüsusiyyətləri 76
T.M. Əsgərova. Xalq ədəbiyyatı özəllikləri Nəsimi dilinin
əsas vasitələri kimi (isim, feli və ərəb, fars quruluşlu frazeoloji vahidlər) 81
N.E. Həsənova. Ana dilinin orfofoniya məsələləri 84
Ş.R. Həsənli-Qəribova. Alınma sözlər etnoqrafik leksikada 87
Q.Ş. Kazımov. Bir neçə şəkilçinin işlənməsi haqqında 90
İ.B. Kazımov, C.İ. Kazımov. Dil situasiyasının tipologiyası 94
D.D. Kərimova. Çağdaş Azərbaycan dilində neologizmlərin
estetik funksiyası haqqında (Məmməd Arazın poetik dili əsasında) 97
X.D. Kərimova. Dilimizin mayası – Azərbaycan folkloru 100
İ.M. Kərimova. “Göyçay” toponiminin etimologiyası 103
Z.M. Kərimova. Nitq etiketlərinin əsas elementləri 107
Ş.K. Qocayeva. Ailədə tabudan və evfemizmlərdən istifadə 111
H.A. Mirzəyev. Poeziyada üslubi axtarışın estetik səciyyəsi
(H. Arifin poeziyasının materialları əsasında) 114
S.Y. Məmmədova. Televiziya aparıcılarının dili haqqında 119
A.H. Nəzərova. Alınma terminlərin dilimizə uyğunlaşdırılması məsələləri 123
S.A. Sadıqova. Mətbuatın ədəbi dilin inkişafında rolu 125
Z.Ə. Səfərova. Aşıq yaradıcılığında oykonimlər, astionimlər, kosmonimlər 130
S.V. Şərifova. Monoloji və dialoji nitqdə mürəkkəb cümlələr 135
İ.M. Tahirov. Qloballaşma və dil: Azərbaycan dilinin qorunmağa ehtiyacı varmı? 138
K.A. Vəliyeva. Ehtimali-statistik metodların Azərbaycan dilçiliyində tətbiqi 142
AZƏRBAYCAN DİLİNİN TƏDRİSİ VƏ TƏRCÜMƏ
S.Ə. Abdullayeva. İnnovativ inkişafla əlaqədar Azərbaycan dilinin
xarici dil kimi öyrədilməsində yeni mərhələ 146
H. Xoşbatini. İkidillilik və arqolar 150
İ.E. Qəribli. Orta məktəblərdə klassik irsin tədrisi məsələləri
(Məhəmməd Hadinin əsərləri əsasında) 154
S.H. Mehdiyeva. Qeyri-Azərbaycandilli auditoriyada Azərbaycan dili 159
İ.O. Məmmədli. Orta məktəblərin “Azərbaycan dili” dərsliklərindəki
bəzi məqamlar haqqında mülahizələr 163
Q.İ. Məşədiyev. Azərbaycan dili – ana dili müqəddəsdir 169
Q. Şəhriyar. Türk dastanlarının tərcüməsində yaranan dil problemləri
(«Dədə Qorqud» toplusu əsasında) 172
DİLÇİLİK MƏSƏLƏLƏRİ
ABBASƏLİYEVA R.Z.
ЕMOSİONALLIQ VƏ EKSPRİSSİVLİYİN VERBAL VƏ
QEYRİ-VERBAL İFADƏ VASİTƏLƏRİ
Açar sözlər: emosionallıq, ekspressivlik, şifahi nitq, yazılı nitq, verbal, qeyri-verbal, nida
Ключевые слова: эмоциональность, экспрессивность, устный речь, письменный речь, междуметия, вербальный
Key words: emotionality, expressivity, spoken language, spoken language, interjections, verbal, non-verbal
Nitqə emosionallıq və ekspressivlik xasdır. Bu baxımdan nitqin ekspressivliyi, nitqin emosionallığı həmişə tədqiqatçıların diqqətini cəlb edir. Bununla belə, nitqdə emosionallıq və ekspressivliyin verbal və qeyri-verbal ifadə vasitələri, onların işlənmə məqamları, nitq prosesi iştirakçılarına, eləcə də nitqin semantika və məzmununa təsiri məsələləri hələ ki, yetərincə öyrənilməmişdir. Nitqin əşyaları, hal-hərəkəti, vəziyyəti, şəraiti, zamanı və sairəni konkret adlandırmaq, sözlər vasitəsi ilə ümumləşdirmə aparmaq, ünsiyyətə xidmət etmək kimi funksiyaları vardır.
Şifahi nitq səsli nitq şəklində təzahür edir. Şifahi nitq səsləndirilən, səs vasitəsi ilə canlandırılan nitqdir. Bu nitqdə səs mühüm rol oynayır. Dilin fonemlər sisteminin vahidləri bir-biri ilə müəyyən düzülüşlə bağlanaraq dil üçün semantik mənası olan leksemlər əmələ gətirir. Leksemlər müəyyən qrammatik şəkilçilər qəbul edərək bir-biri ilə əlaqələnir. Bəzən əlaqələnmə sintaktik vasitələrin köməyi ilə gerçəkləşir. Eyni zamanda, qeyd etmək lazımdır ki, nitqin səsləndirilməsi subyektiv səciyyəlidir. Nitq səsləndirilərkən onun səslə bağlı həm linqvistik, həm də ekstralinqvistik parametrləri üzə çıxır. Səsin tonu, tembri, prosodik vahidlərdən istifadə olunması nitqə xüsusi çalarla yanaşı, xüsusi məzmun da əlavə edir. Səsin bu parametlərinin bir qismi nitqi canlandıran şəxsin emosional və ekspressiv vəziyyətini ifadə edir. Bu vasitələrin bir qismi qeyr-verbal ifadə vasitəlridir.
Danışıq üslubu, əsasən şifahi nitqdə ifadəsini tapır. Danışıq dili üçün sərbəst danışıq, sintaktik konstruksiyaların sadələşdirilməsi, dil normasından kənarçıxma səciyyəvidir. Dil paradiqmasının mövcud formalarından yayınma ənənəvi hal aldıqda və danışıq dilində özünü çox göstərdikdə belə yayınmalar dilin başqa üslublarına keçərək normanı dəyişə bilir.
Nitqdə emotiv, estetik funksiyaları az və çox dərəcədə ifadəsini tapır. Emotiv və estetik funksiyaları, ekspressivliyi nitq və onun məhsulu olan diskurs və mətnlərin köməyi ilə öyrənmək mümkündür.
Nitqdə qrammatik forma əlavə konnotativ məna alır. Qrammatik məna ilə sözün leksik mənası arasındakı uyğunsuzluğun aradan qaldırılması nəticəsində ifadəlilik əldə edilir. Leksik və qrammatik mənanın sintezi əvəzinə onlar arasında ziddiyyət aşkarlanır. Belə ekspressivlik situativ kontekst zəminində meydana çıxır.
Qrammatik formanın funksional dəyişməsinin ən ekspressiv halı transpozisiya zamanı baş verir. Bu zaman emosiyanın qiymətləndirilməsi və ya üslubi ifadəlilik adi qrammatik əlaqələrin pozulmasının nəticəsi kimi meydana çıxır. Transpozisiya zamanı əvəz edən üzv özünün funksional keyfiyyətini itirərək eyni zamanda iki funksiyanın daşıyıcısına çevrilir. Bu zaman ekspressiv zənginləşdirmənin başqa formasına köçürülməsi gerçəkləşir.
Cümlə kommunikativ cəhətdən müstəqildir, nitqdə ayrıca məlumat verən vahid kimi işlənir. Bununla yanaşı, danışıq dilində bir sıra diferensiallaşmamış ifadə vasitələri vardır ki, onlar kommunikativ müstəqilliyə və nitqdə müəyyən məlumat bildirmək imkanına malikdirlər. Danışıq dilində zəngin semantikası və quruluş müxtəlifliyi ilə seçilən nida cümlələri belə ifadə vasitələridir.
Nitqdə istifadə olunan qiymətləndirici nida cümlələri daha zəngin struktur tipləri ilə seçilir. Qiymətləndirici nida cümlələri həm müsbət, həm də mənfi məzmun daşıyır. Məzmunun mənfiliyi və ya müsbətliyi kontekst əsasında müəyyənləşir. Qiymətləndirici nida cümlələrində emosiyanın ifadəsi deyil, daha çox münasibət və qiymət bildirilir.
Cümlənin tərkibinə daxil olan, onu təşkil edən elementlər sözlərdir. Bu sözlər həm də dilin leksik sisteminin vahidləridir. Onların hər birinin semantikası vardır. Bir sıra sözlər müstəqil leksik mənaya malik olmur. Dildə belə sözlər köməkçi nitq hissələri kimi qruplaşdırılır.
Danışıq dili nidalarla zəngin olur. Nida gerçəkliyə emosional münasibəti implisitləşdirir. Emosional-ekspressiv xüsusiyyətlər şifahi nitqdə daha çox qeydə alınır. Dil vasitəsilə müxtəlif emosional vəziyyətin müsahibə çatdırılması emotivlərin özlərinin ünsiyyət funksiyalarını yerinə yetirməsidir. Emosiyanın xüsusiyyətləri, onların qrup xarakteri, polisemantikliyi, emotiv vasitələrin polufunksionallığına təsir göstərir. Emosionallığın və ekspressivliyin dildə ifadəsini tapmasının müxtəlif vasitələri vardır. Bura paralinqvistik (mimika, jest və s.), superseqment (intonasiya, ritm, və s.), qeyri-verbal kontekst (nitq situasiyası), verbal kontekst (əlavə sözlər).
Ritorikada nitqi dinləyənlərin, adresat və adresatların emosional vəziyyətinə təsir göstərmək, onlarda emosiyanı gücləndirmək vacib şərtlərdən sayılır. Bu sahədə emosionallığın əldə edilməsi üçün paralinqvistik vasitələrə daha geniş yer verilir.
Paralinqvistik vasitələr nitqi müşaiyət etməklə kommunikasiyanın emosional tərəfini tamamlayır, müsahibin həmin andakı vəziyyəti barədə əlavə məlumat verir (sakit, həyəcanlı, inamlı, yorğun). Paralinqvistik vasitələr dil vahidləri ilə paralel istifadə oluna bilər.
Nitqdə emosional vəziyyətin birbaşa ifadəsi qeyri-verbal vasitələrin köməyi ilə olur. Məsələn, qışqırmaq, səsini qaldırmaq, əli ələ vurmaq, əl çırpaq, yamsılamaq, dodağı büzmək və s. Bu vasitələr nitqin reallaşması prosesində müəyyən məqamlarda üzə çıxır. Emosional – ekspressiv vəziyyət nitqin baş verdiyi şəraitlə əlaqəlidir. Bu vəziyyət nitq prosesində dəyişir. Emosionallıq artır, azalır və s. Emosionallıq mövzunun dəyişməsinə, qəfil kəsilməsinə, nitqdə elleptik vasitələrdən çox istifadə olunmasına, unison danışığa əsas yaradır.
Хüsusi üslubi səciyyəli funksional sistem olmaq etibarilə ədəbi dilin qeyri-rəsmi bir forması kimi rəsmi formaya – kitab dilinə qarşı qoyulan nitq danışıq dili adlandırılır. Danışıq aktının hazırlıqsız baş verməsinə, danışanların söhbətdə bilavasitə iştirak etməsinə görə ədəbi dildən fərqlənir. Danışıq dili özündə intellektual və emosional nitqi birləşdirir və çox zaman iki şəxs arasında gedən formada təzahür edir. «Şifahi nitqi danışıq dili (nitqi) ilə eyniləşdirmək olmaz. Bədii əsərlərdə verilən dialoq nitqi danışıq dili nümunəsi hesab olunur və şifahi nitq sayılmamalıdır. Çünki bu nitq artıq yazıya alınmışdır və yazılı nitqdir».
Sözün leksik-semantik təbiəti lüğət tərkibindəki sözlərin semantik yaxınlığa və ziddiyyətə, eləcə də fonetik cildin eyniliyi semantikasının fərqliliyinə görə qruplara bölünür. Sinonim, antonim və omonimlər də mətn daxilində üslubi funksiyalar yaradır. Antonimlər mətndə daha çox yanaşı işləndikdə və ya eyni kontekst daxilində olduqda üslubi cəhətdən aktivləşirlər. Frazeoloji vahidlərin işlədilməsi də üslubla bağlılığa malikdir. Qeyd edilənlər üslubun leksik səviyyəli vasitələridir. Bununla belə, onlar nitq prosesində nitqi yaradanın, nitqin müəllifinin emosional və ekspressiv vəziyyətinin də ifadəsni gerçəkləşdirir.
Emosionallığın eyni bir ifadə vasitəsi nitqdə müxtəlif şəraitlərdə zidd emosiyaları göstərə bilir. Fərqli mənaları ifadə edən nidalar müxtəlif intonasiyalarla tələffüz olunur.
Nida cümləsi keyfiyyətinə malik vahidlərin emosionallıq səciyyəsi mütləq şərt deyil. Digər tərəfdən, emosionallıq heç də həmişə nida cümləsi ilə əlaqədar deyildir. Nida cümləsi olmayan, başqa növ kommunikativ vahidlər də vardır.
Ekspressiv və emosional diskurs tipində iştirakçılar arasındakı danışıq emosional tonda gedir. Bu zaman tərəflərdən biri, bir neçəsi və ya hamısı emosional tərzdə söhbət aparır. Bəzən bir tərəf digərinə öz nöqteyi-nəzərini hər cür vəchlə sübut etmək istəyir və qarşı tərəfin mövqeyi ilə hesablaşmır. Eyni emosional vəziyyət qarşı tərəfdə də ola bilər.
Nitqdə elə konstruksiyaları yaranır ki, onların fikir ifadə etməsində intonasiya həlledici amilə çevrilir. İntonasiya müəyyən ünsiyyət şəraitində cümlələrin məna və məzmununu konkretləşdirməkdə və onların kommunikativ növlərini təmin etməkdə mühüm rol oynayır. Emosional narazılıq bildirən təkrarlarda istehza, gülüş, nifrət məna çalarları var.
Emosionallığın kommunikativ ifadə vasitələri müxtəlif münasibətləri bildirməkdə mühüm rol oynayırlar. Emosionallığın intensivliyini əldə etmək üçün bu vasitələr bir mərkəzə toplanır.
Nitqdə iştirakçı tərəflər yalnız informasiyanın ötürülməsi ilə kifayətlənmirlər. Hər bir kommunikant müsahibənin hisslərinə təsir göstərməyə çalışır. Müsahibə təsir göstərmək arzusu nə qədər çox olursa, dil vasitələrinin seçilməsi, nitqdə işlədilməsinə diqqət artırılır. Məlümatın ekspressivliyi dil vasitələrinin daha ciddi şəkildə seçilməsinə səbəb olur.
İ.Y. CƏFƏRSOY
AVROPA DİLLƏRİNDƏ İNCİL MƏNŞƏLİ ŞƏXS ADLARI VƏ ÖN ASİYANIN ÖLÜ DİLLƏRİNDƏ ONLARIN ARXAİK VARİANTLARI
Açar sözlər: Elissa, İzebel, İlona, Anna, Didona, Artemida
Ключевые слова: Элисса, Изебел, Илона, Анна, Дидона, Артемида
Key words: Eliza, Izebel, Ilona, Anne, Didone, Artemide
Mədəniyyətlərin bir-birinə qarşılıqlı təsiri və inteqrasiyası yeni hadisə deyil. Tarix boyu dövlətlərin maraqları toqquşmuş, nəticədə etnosların şərqdən qərbə, qərbdən şərqə miqrasiyaları baş vermişdir. Finikiyadan, Misirdən, Troyadan Avropaya köçən etnoslar özləri ilə adətlərini, inanclarını və təbii ki, adlarını da aparırdılar.
Belə adlardan biri Elissadır. Elissa Kənan nəslindən olub, İzebel kultunun kahini və Tir şahının bacısı idi. O, hakimiyyət uğrunda mübarizədə qardaşına məğlub olub, Şimali Afrikaya qaçdı və indiki Tunis yaxınlığında Karfagen şəhərini saldırdı. Publi Maron Vergilinin “Eneida” eposu ilə onun adı İtaliyaya keçdi və Eliza, Elza variantlarında bütün Avropaya yayıldı.
Elissaya Finikiyadan qaçıb gəldiyinə görə, Didona “qaçqın”da deyirdilər. Troyanın işğalından sonra Siciliyaya, oradan Liviyaya gələn Eney Didona ilə sevişərək onunla bir mağarada evləndi. Eney üç il sonra Didonanı ataraq İtaliyaya gəldi. Bu vəfasızlığa dözə bilməyən Didona xəncərlə özünü öldürdü. “Eneida”, “Pun müharibəsi”, “Georqika” poemalarını oxuyub təsirlənən avropalılar öz qızlarına Didona adı qoydular.
Avropada ən geniş yayılmış adlardan biri Annadır. Anna teofor adının arxaik variantı Bibliyada Ena, “İliada”da Bay Ana formasında yazıya alınmışdır. Ana Kənan nəsillərinin, Bay Ana troyalıların Venerası olub, sevgililəri və körpə uşaqları himayə edirdi.
Qədim yunanlar ilahə Ananı Afrodita adı ilə öz panteonlarına daxil etdilər. Afrodita “dəniz dalğaları üzərindəki ağ köpük” deməkdir. Buna uyğun olaraq “Yaratılış” dastanıda Ağ Ana obrazı var. Ağ Ana dalğaların üzərindəki ağ köpük kimi Tanrının gözlərinə görünür. Tanrıya ilham verir ki, dünyanı yaratsın.
Avropa və bəzi Azərbaycan tədqiqatçıları belə hesab edirlər ki, türk və Ellada folklorundakı süjetlər bir-birinə zahirən oxşayır. Əslində isə bu uyğunluqlara təsadüf kimi baxmaq olmaz. Həmin dastan süjetləri xalqların miqrasiyaları nəticəsində Asiyadan Avropaya aparılmışdır.
Avropada geniş yayılan Bibliya mənşəli adlardan biri İzabeldir. İzebel Kənan nəslindən Finikia hökmdarının qızı idi. Çar Solomonun ölümündən sonra o, zəifləmiş İudeyanı daha da zəiflətmək üçün Samaria sarayına ərə verildi. Təbiətən çox gözəl və fitnəkar İzebel tezliklə İudeyanı Finikiyanın vassalına çevirdi. İnsanlar onun qorxusundan aşkarda Kənan ilahəsi Aşqliyə, gizlində öz tanrıları Yaxveyə sitayiş edirdilər.
Bibliya əfsanələrindən İzebelə məftun olan avropalılar arzulayırdılar ki, qızları gözəllikdə və qətiyyətdə İzebelə oxşasın. Həmin səbəbdən İzebelin adı İzabel, İzabella və Zabella variantlarında Avropaya yayıldı.
İzebelin nəslinin sevgi ilahəsi Aşqlinin (Хоренский 1808.28; Шопен 1866.41; Тураев 1903.88; Грець 1907.41) adı Azərbaycan folkloruna Əsli, Volqa Bulqarıstanına Aslı deyimində gəldi.
Çuvaşlar xristianlığı qəbul edənədək sevgi ayini zamanı Kərəm adlanan bulaq başında paklıq və bakirəlik ilahəsi Aslı İraya ağ qaz qurban kəsərdilər (Родионов 1983.21-22). İlahə Əsliyə sitayiş edən Bulqar türkləri bundan qabaq Volqa boyunda Aslı şəhərini saldılar. Kazan xanlığının işğalından qabaq həmin şəhər xaraba qoyulmuşdur (Рычков 1767.22).
Bibliyadakı Solomonun –Qurandakı Süleyman peyğəmbərin nəvə-nəticələrinin adı Finikiya yazılarında tamamilə başqa formalarda göstərilmişdir. Məsələn, həmin kitabələrdə İudeyanın H’Eraklı Sampsonun adı Delaq, Rovoamın adı Bazuk, Samuilin adı Zarmer kimi yazıya alınmışdır. Zarmer Troya çarı Pirama köməyə getmiş və döyüşlərdə Danay nəslindən Axilə (yunan dilli mənbələrdə Axillesə ağır zərbələr vurmuşdur (Хоренский 1808.34, 35).
Avropa dillərində geniş yayılan qadın adlarından biri İlonadır. Belə güman edilir ki, bu ad Troya mənşəlidir. Homerin “İliada” poeması İlion şəhərinin mühasirəsinə həsr olunmuşdur.
Ancaq Troya şəhərinin salınmasından qabaq Misirdə İli şəhəri olmuşdur. Nil çayının sağ sahilində, çayın qollara bölündüyü yerin cənub-şərqində yerləşən həmin şəhər bəzi xəritələrdə İlion, bəzilərində isə İliopol kimi göstərilir (Тураев 1913. к 1; Клота бей 1843. к 1).
Qədim Misirin zəngin mədəniyyət mərkəzi olan İlion şəhərindən qüdrətli patriarxlar, alim və kahinlər çıxmışdır. Yəhudi dininin banisi Amosiy də onlardan biridir. Sonralar Amosiy adı azca dəyişərək Moisey şəklinə düşdü. Moisey Qurandakı Musa peyğəmbərdir.
Bibliya mənşəli İosif adı Avropa dillərinə Yosef, Jozef, Cozef variantlarında yayılmışdır. Müsəlman mənbələrində isə o ad Yusif, Yusif Kənan formalarında göstərilmişdir.
Kişi ağlının və gözəlliyinin timsalı olan Yusifin adı həm şərq, həm qərb ölkələrinə yayılmışdır. Türkoloji tədqiqat üçün maraqlıdır ki, Kənan nəslinin totem adı Sanak olmuşdur. Sanak etnonimi sonralar Albaniya və İberiyaya Şanak, Zenak və Sinak variantlarında gəlmişdir (Джанашвили 1908. 18, 51).
Apollonun adı Avropaya Homerin “İliada” və Vergilnin “Eneida” poemalarından məlumdur. Yaz və yaşıllıq tanrısı Apollon Ellada mifologiyasında heyvandarlıq və ovçuluq ilahəsi Artemidanın əkiz qardaşıdır.
E.ö. II minilliyə aid Likiya mixi yazılarında Apollon teoniminin arxaik variantı Aplu formasında yazıya alınmışdır. Şuşa – Suziana dövlətçilik ənənəsinə görə, atanın vərəsəlik hüququ olan oğlu aplu adlanırdı. Türk dillərinin Bulqar qrupunda oğula aplu deyilir.
Qeyd etdiyimiz adların hamısının mənası türk dillərinin tarixi leksikası əsasında izah olunur. Bu da ondan irəli gəlir ki, İudeya və İsrail etnoslarından fərqli olaraq Kənan torpağının (Finikiyanın) hakim etnosları Sam yox, Kam nəslindən çıxmışdır.
Avropa dillərində Bibliya, Troya, Xatti, Likiya, Palay mənşəli şəxs adları çoxdur. Onların tarixi-filoloji oçerklər şəklində izahlı lüğətlərinin hazırlanması həm Azərbaycan və Türkiyənin, həm də Avropanın universitetlərinin marağına səbəb olardı.
F.F. ƏLİZADƏ
DİL NORMASI VƏ CƏMİYYƏT
Açar sözlər: dil norması,cəmiyyət, məktəb təhsili, KİV, kino
Ключевые слова: языковая норма, общество, школьное образование, СМИ, кино
Key words: language norm, society, education, media movie
Dil toxunulmaz, milli mənsubiyyətli əvəzsiz müqəddəs bir nemətdir. Hər yerdə hər kəsə qarşı cinayət cəza ilə nəticələnir. Amma dilə münasibətdə dözümlülük özünü göstərir. Əslində isə ən incə münasibət dilə qarşı olmalıdır. Çünki məhz dil vasitəsilə fikrimizi dolğun verir, maddi-mənəvi, ən ümdə isə milli ehtiyaclarımızı çatdıra bilirik.
Dilin qorunması ana “məktəb”indən, uşağa dil verən ana(nın) dilindən başlayır. Ana balasının ilk dil-ədəbiyyat müəllimi kimi onu düzgün danışmağa yönəldir. Uşaq artikulyasiya səhvləri ilə başlasa da, getdikcə püxtələşir, yavaş-yavaş doğma dilinin incəliklərini duyaraq nəticədə təmiz danışır. (Təəssüf olsun ki, bəziləri uşaqlaşır, geriyəinkişaf dövrünə daxil olur).
Ailə daxilində, hansı dialektin daşıyıcısı olsaq da, ədəbi dili uşağa öyrətməliyik. Lakin bir sıra ailələr bu normaya qətiyyən fikir vermir. Ona görə də uşaq nəinki orta, hətta ali məktəbdə də dialektdə danışmağa çalışır. Qəbul olunmuşdur ki, ədəbi dildə danışa bilməyən savadlı hesab oluna bilməz.
Məktəb övladlarımızın ikinci dil məkanıdır. “Şagirdlər dərslik və müəllimlərdən nə öyrənir?” sualına cavab axtararkən həm diliqüsurlu, təsadüfi müəllimlər, həm də nəzəriyyəsi, materialları səhv toplanmış dərsliklərdən daha çox ziyan dəydiyi görünər.
Həm azərbaycan, həm də rusdilli məktəblərin ibtidai sinifləri üçün yazılmış dərsliklərin şərtinə, misallarına fikir verdikdə universitetin yuxarı kurs tələbələrinin, bəzən müəllimlərinin baş aça bilmədiyi həqiqətlə üzləşmiş oluruq. Pedaqoji-metodik tərəf nəzərə alınarsa,uşaq-gənc-cavan beyinlərinin fərqinə, tutumuna, psixoloji amillərə diqqət verilməlidir. Uşaq beynini yükləməklə onun psixikasını pozmaq olar. Məktəbli istər orfoqrafiya, istər ikidilli lüğətlərdən istifadə edərkən ya istənilən, hətta çox işlənən sözü lüğətdə tapmır, tapası olsa da, onu səhv yazılışda, ya da ikivariantlı görür.
Belədə sanki dilimizə qarşı soyqırım münasibətində olub, “milləti məhv etmək istəyirsənsə, onun dilini əlindən al” qənaətinə gəlirsən. Məktəblinin yaşına uyğun gəlməyən bəzi dərslik materialları bir yana qalsın, onların özündə fikir axıcılığının, ibrətamizliyin duyulmaması, söz yığınından ibarət olması,təbii ki, şagirdləri dil normalarından uzaqlaşdırar.
Yuxarı sinif şagirdləri də rus dilindən qüsurlu tərcümə materiallarından nə isə başa düşməyə çalışır, anlamayanda orijinala müraciət edib, əsl həqiqəti tapmış olurlar.
Ali məktəbə daxil olmaq istəyən uşaqlar TDQK-nın nəzəriyyə və testləri ilə hazırlaşanda da məlum olur ki, burada da ya orta məktəb, ya da ali məktəb materialları ilə uzlaşmayan səhv elmi fikirlər var. Bu qədər elmi, orfoqrafik səhvlərin içindən çıxan uşaqlar, nə yaxşı ki, dilimizin “axırına” çıxmırlar. Fərdi yazılmış bir sıra testlər elə bil ki uşaqları savadsız etmək üçün tərtib olunub. Onları səhvlər dənizinə oxşatmaq olar.
Artıq ali məktəbdə oxuyan tələbə məktəb, test və ali məktəb materiallarının bir sıra məsələlərdə tam fərqli olduğunu görür və beynində konkret fikir formalaşdıra bilmədiyindən yanlışlıqlara yol verir.
Adamlar üçün üçüncü məktəb KİV-dir. Hazırda televiziya, qəzet, jurnalı qabaqlayan internetdir. Burada düzgün olmayan söz və ifadələrin sayı heç də az deyil. Məsələn, bir sıra hallarda “kanserogen” sözü əvəzinə “ karsirogen”, mobil telefon əvəzinə “mobol” telefon işlənən hallara rast gəlmiş oluruq. Bu, bəzi gənclərin telefona “çilifon” deməsinə bənzəyir. Əlbəttə ki, internetdəki səhvlər onun kağız variantı olan qəzet-jurnallardakına çatmaz.
Bəzən mətbuatda etik normalar pozulur. “Azadlıq” qəzeti ANS-in 2006-cı il 24 noyabrında bağlanmasına dair belə bir ifadə işlətmişdi:” Azad mətbuatın anasını ağlatdılar”.
Bir dəfə telekanallarımızdan birində deyildi ki, bir ay ərzində qəzetlərimizdə on mindən çox orfoqrafik səhv çıxıb. Bu o deməkdir ki, oxucular savadsızlığa sürüklənir.
Əgər lotereya cədvəlində səhv olarsa, udan tərəf uduza bilər. Lüğətlər də, xüsusən “Orfoqrafiya lüğəti” bu cəhətdən bir qədər dəqiq olmalıdır, lakin təəssüf ki, bəzi məqamlarda qüsurludur. Məsələn, “kompüter” sözü bir yerdə “kompyuter”, digər yerdə isə “superkompüter” kimi gedir.
Televiziya estetik məkan olduğu üçün efirə boylanan diktor, aparıcı da xoşsimalı olmalı və onun nitqindən də zövq alınmalıdır. Heç bir estetik impuls almayan tamaşaçı telekanalı dəyişmək məcburiyyətində qalır. Çünki “gözəl” aparıcını bir az da seyr etməklə onun “ahəngdar” nitqini dinləsə, ümumiyyətlə, Azərbaycan dilində danışmağı unudar. Belə ki sözlər onun qulağına azərbaycanca, intonasiya isə türk, rus, ingilissayağı gəlib-çatır. Doğma dilimizə yaxın sözləri də eşidəndə onlar “tsitsək”, “gələdzəklər” tipində dialekt ünsürlərinə tuş olur. Halbuki efirdə sırf ədəbi dil normalarına uyğun nitq səslənməlidir. Unutmayaq ki, güclü senzuralı rus-Sovet dönəmində efirdən təmiz Azərbaycan dilində danışmaq öyrənir, gözəl bədii nümunələr eşidirdik.
Televiziyaya nisbətən abırlı efir vasitəsi radiodur, çünki burada artıq bir şey görmür, yalnız eşidirik. Lakin radioya da güvənmək olmur. Klassik ifa tərzi olan diktor-aparıcılarla yanaşı, söz texnikasında naşı olan, hətta sözü düzgün vurğu ilə deyə bilməyən “efir adamlarına” da rast gəlirik. Xüsusən ünvan deyəndə, məsələn, “üç xətt 5” demək əvəzinə yersiz olaraq rusun ifadəsindən istifadə edərək “üç drob beş” deyirlər.
Efirə tam təsadüfi adamlar buraxıldığından, avtobusda sürücünün radiosundan allı-güllü sözlər çıxır. Əlbəttə, belədə ədəbi dil norması lap arxaya keçir, küçənin “ağırçəkili” leksikonu irəli çıxır. Bu, sürücüyə xoş, doğma, gülməli görünürsə, sərnişinlərin etik normalarına zidd gəldiyi üçün onları əsəbiləşdirir. Ardınca adi bir vətəndaş belə deyir: “Hörmətli prezidentimizə uzun ömür, cansağlığı arzulayıram, 56 milyon əhalinin qaz borcunu sildiyinə görə”. Başqa bir vətəndaşın dediyindən: “300 milyon əhalimizin hamısı xoşbəxt olsun!”
Bu isə jurnalistin dediyidir: “Dünən Cənubi Azərbaycanda iğtişaş olub: iki azərbaycanlı ölüb, bir nəfər naxçıvanlı”. Bu məlumatda idrak, nitq mədəniyyətinin aşağı səviyyədə olduğu görünür.
Mobil telefonlara gəlincə, bütün dünya xalqlarının qrafikası, hətta mürəkkəb Çin heroqlifləri, yapon, hind xətti ilə yazışma mümkün olduğu halda, biz “ç”-nı “ch”, “ş”-nı “sh” və ya “w” kimi göstərib, anormal yazıdan istifadə edirik. Bu halda orfoqafiyadan heç söz də ola bilməz. Hər halda latın qrafikasına bir neçə spesifik işarəli hərflərimizi əlavə etməklə milli simamızı, üstəgəl heysiyyətimizi göstərə bilərik. Qonşularımız – erməni və gürcülər bunun öhdəsindən çoxdan gəliblər.
Bir sıra hallarda hər hansı yeni bir sözü çoxları düzgün tələffüz etmir. Məsələn, təhsil sisteminə təzəliklə daxil edilmiş “kollokvium” sözünü 90% adam “kollekvium” kimi deyir. Buna səbəb isə, utanc olsa da, müəllimlər özüdür. Tələbələr onlardan eşitdiklərinı “qanun” kimi qəbul edirlər.
Bəzi adamlar öz dilinin ahəngini pozaraq rus, ingilis, türk sözlərini danışığına qatıb onu eybəcər hala salır. Söhbət boyu gah “okey, yes”, deyir, gah “əvət, mərhəba, əfəm”, gah da “nu, kaneşno,vaabşe”... sözlərindən istifadə edir.
Nəşriyyatın cəmiyyət üçün gördüyü iş əvəzsizdir. Burada çap olunan elmi, bədii, kütləvi, texniki ədəbiyyat, dərsliklər və s. cəmiyyətə, sözsüz ki, fayda gətirir. Lakin bu məkanda da məyusedici hallar vardır. Sırf təsadüfi, qazanc dalınca qaçanlar “öz nəşriyyatlarını”, öz qəzet-jurnallarını” açır və xalqı özlərinə məxsus “xoşbəxt” edirlər. Əvvəla, heç bir normaya sığmayan, içi orfoqrafik səhvlərə qərq olmuş üzdəniraq kitablar, əsasən şeirlər buraxırlar ki, bunların dili adicə çayxana söhbətləri, hal-əhval tutmadan o yana getmir. Bəzən süjeti aydın olmayan, dili qüsurlu romanlar yazıb nəşr edir, yaxud tərcümə əsər kimi təqdim oluna bilən roman, povest çap edirlər. Oxucu onu oxuyur, amma heç nə başa düşmür. Çünki tərçüməçi, tutaq ki, rus dilini ala-yarımçıq bilib, qazanc əldə etmək istəyən çilingərdir. Onun dilimizin söz sırası barədə təsəvvürü çox bəsitdir. Odur ki “ Ivan Mariyanı çağırdı” əvəzinə “Mariyanı İvan çağırdı”kimi tərcümə edir və düşünür ki, sözlər tamamilə düzgün tərcümə olunub, ona görə qalanı barədə fikirləşməyə dəyməz. Nəticədə, cəfəngiyyat, anlaşılmazlıq, bədii təfəkkürün evini yıxmaq!
Rəsmi-kargüzarlıqla bağlı sənədlər bir çoxları üçün çətin sınaqdır. Əgər bu tip materiallara – ərizə, əmr, protokol, akt və s. baxsaq, saysız-hesabsız səhvlərlə üzləşərik. Maraqlıdır ki, belə formalarda düzgün yazanlar azdır. Adicə ərizə yazmaq çoxları üçün çətin sınaqdır. Arayış formasına gəldikə isə, o bizə rus dili formasında yadigar qalmışdır: “Arayış verilir (k i m ə s ə) ondan ötrü ki,o,.... “Bunu Azərbaycan dilinin söz sırasına uyğunlaşdıranda “Arayış (kiməsə) ondan ötrü verilir ki...” formasını alır.
Reklam, afişa, dükan adlarına, elanlara baxanda burada da xeyli qəribəliklərlə rastlaşırıq. Məsələn pepsodentin reklamında “çürüksüz diş”, başqa bir reklamda “mükəmməl dad” işlənir. Halbuki dilimizdə nə “çürüklü”, nə də “çürüksüz” sözü var. Bunların yerinə “saf” və “çürük” sözləri işlənir. Dad ləzzətli, ya da gözəl ola bilər. “Mükəmməl” sözü bitkin, kamil mənasında müəyyən elmi, bədii, musiqi, rəsm və b.k. əsərlərə aid olur.
Küçədə maşının üstündə Qazax dialektində yazılmış balaca bir elan görünür: “Sateyram”. Sanki bunu yazan onu ancaq öz yerlilərinə satmaq istədiyi üçün ədəbi dildə yazmayıb.
İdman şərhçiləri də əcaib fikirlər deyərək dildə məntiq normasını pozurlar: Futbol şərhçimiz Azərbaycan yığması Polşaya 3:0 uduzduğu bir anda deyir: “60-cı dəqiqədir, oyunda hesab yaxşıdır(!) 3:0 geridəyik”. Yenə də futbol şərhçimiz:” İdman sahəsinə xüsusi qayğı göstərilir, məhz bunun nəticəsidir ki, futbol üzrə dünya sıralanmasında xeyli irəliləmişik, 110-cu yerdəyik. Və ya: “Top qapının dirəyini yalayaraq içəri girdi”; “Top qapıdan keçsə, qol olacaq”.
Gündə bir film, hətta serial çəkməyə qadir “rejissorlar” ssenariləri başdan-ayağa səhv ifadələrlə dolu film çəkib tamaşaçılara tərdim edirlər. Bu da ondan irəli gəlir ki, ssenarini yaxşı pul qazanmaq istəyən az savadlı adama tapşırırlar və bu işdən professional ssenarist uzaqlaşdırılır ki, pula qənaət edilsin. Və ya tərcüməni yarısavadlıya həvalə edirlər və nəticədə ekrandan əcaib ifadələr səslənir: “Mənə kastor yağı ver”, “Lopatkanı götürsənə”. Əlbəttə ki, “kastor yağı” deyil, “gənəgərçək yağı”, “lopatka” deyil, “bel” işlətmək düzgündür. Dillə belə rəftar etmək olmaz. O, ümumxalq malıdır. Aydın görünür ki, hər yerdə olduğu kimi, dil normalarının pozulmasında da maddi maraqlar üstün gəlir.
Mahnı mətnlərinə gəlincə, onların bir qismində mənasızlıq, musiqi ilə uyuşmama özünü göstərir, müğənninin nitqi isə qüsurlu, dialekt ünsürləri ilə dolu olur. Elşad Xose və Hüseyn Dərya kimi repçilərin ifasında isə söyüşlər səslənir ki, bu da ədəbi dil normalarına tam ziddir.
Ulu baba - oğul - ata adları ilə bağlı ad sistemimiz nədənsə ruslaşdırılıb. Qabaqlar belə yazardıq: Şıxlı Orxan Toğrul oğlu. İndi isə ruslardakı ardıcıllığa görə Orxan Toğrul oğlu Şıxlı yazırıq. Axı bu sıralanma bizə uyğun gəlmir.
Milləti böyük dairələrdə təmsil edərkən daha böyük məsuliyyət daşınır. Lakin bəzən ya rustəhsilli olan, ya da öz dilini bilməyən məmurlar fikirlərini düzgün çatdırmaqda çətinlik çəkirlər.
Jurnalistin “metroda neçə nəfər qalmışdı?” sualına metro rəisi “iki tam onda beş”, – deyə cavab verir. Nazirlərdən biri belə deyir: “Biz bütün bu olanları 90 milyon xalqımıza sübut edəcəyik”. İcra başçılarında biri: “Prezidentin verdiyi sərəncam bizə çox ləzzət verdi”.
Dil normasını pozmaq həyatı xaotik yaşamaq kimi deyilmi? Əgər hər məqamda dilimizin nizam-intizamina riayət etsək, bu zaman o bütün gözəllik və dərinliyi ilə bizə xidmət edər, fikrimizi daha aydın və təsirli şəkildə çatdırmaq imkanı yaradar. Əks-təqdirdə dünyanın ən gözəl dilləri sırasında olan, türk dillərinin tacı sayılan Azərbaycan dilinə düşmənin edə bilmədiyi ziyanı vurmuş olarıq.
Sonda bu qədər bəla görmüş dilimizə acıyır, onun etibarlı əllərdə olması arzulanır. Soyqırım, torpaq acısı çəkmiş millətimiz dil acısı çəkməsin deyə, hər vasitə ilə onu təbliğ etməli, əvvəl özü ondan baş çıxarmalı, sonra onu sevməli, daha sonra isə sevdirməlidir. Azərbaycana işləməyə gələn əcnəbiləri bu dildə danışmağa cəlb etməlidir.
Əsrlərin sınağından çıxıb bizə ərməğan şəklində çatan dilimizi müstəqil Vətənimiz kimi qorumalı, ona xələl gətirməməliyik!
Dostları ilə paylaş: |