7. SPİRTLİ İÇKİLƏRİN QADAĞAN OLUNMASI (خمر).
“خمر” [xəmr] nədir? “خمر” [xəmr] örtmək mənasını ifadə edir. Bir termin kimi isə kefləndirici içkilərə deyilir. Bu heç də təsadüfi deyil. Çünki spirtli içkilər insan ağlının üstünü örtür və yaxşını pisdən ayırmağa imkan vermir.
QURANIN ALKOQOLİZMƏ QARŞI MƏRHƏLƏLİ MÜBARİZƏSİ
Allah-taala Quranda şərab məsələsinə dörd mərhələdə toxunmuşdur.
Birinci mərhələdə buyurur:
“Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab və gözəl ruzi (kişmiş, mövüc, bəhməz, quru xurma və s.) düzəldirsiniz”1.
Bu mərhələdə üzüm və xurmadan halal və düzgün istifadədən söhbət açılır və faydalı istifadə yolu göstərilir. Bu tərbiyə üslunun ilk mərhələsidir.
İkinci mərhələ:
“Səndən içki və qumar haqqında sual edənlərə söylə: "Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır”1.
Bu mərhələdə bir neçə məsələyə diqqət yetirmək lazımdır.
Birinci: Quran şərabın haram olduğunu bildirmək istəyərkən ötəri şəkildə onun günah olduğunu önə çəkir.
İkinci: Quranın tərbiyə üsulu çox maraqlıdır. Çünki iki çirkin əmələ qarşı mübarizəni sərt şəkildə başlamır.
Üçüncü mərhələ:
“Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza (və ya namaz qılınan yerə) yaxınlaşmayın”2.
Bu ayə haqqında təfsirçilər arasında bir neçə baxış mövcuddur.
1. Ayədən məqsəd budur ki, müsəlmanlar şərab içdikdən sonra kefləşdikdə (sərxoş vəziyyətdə) namaza yaxın durmasınlar. Bunun iki faydası var:
a) Allahla münacat etmək nə dediyini başa düşməkdən, dərk etməkdən asılıdır. Kefli ikən Allahın qarşısında dayanmaq həm ədəbsizlik, həm də faydasızdır.
b) Beş namazın vaxtlarının bir-birinə yaxın olması spirtli içki içməyə mane olurdu. Bu bir növ alkoqolizmlə mübarizə idi1.
2. Bəzi şiə və əhli-sünnə təfsirçilərinə görə məlum ayə yuxu ilə bağlıdır. Yəni yuxulu ikən namaza yaxın durmayın. Bu bir çox rəvayətlərdə də öz əksini tapmışdır2.
Digər təfsirçilər isə bu baxışı rədd edir və bildirirlər ki, ayədə məqsəd ümumiyyətlə tam oyaq olmaqdır. “Nə dediyinizi biləsiniz deyə” ifadəsindən aydın olur ki, insanın tam oyaq olmadan (istər yuxudan, istərsə də spirtli içkilərin təsirindən) namaz qılması doğru deyil3.
3. Ayədə “صلوه” [səlat] sözündən məqsəd namaz qılınan məkan, yəni məsciddir. Buna dəlil “الاعابری سبیل” ibarəsidir. Deməli, ayə kefli halda məscidə yaxın getməyi qadağan edir4.
Dördüncü mərhələ:
“Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?”5
Ayədə bir neçə məqamın üzərində dayanmaq lazımdır.
Birincisi: Ayə şərabın hökmünü qəti olaraq açıqlamışdır. Lakin bu öncəki üç mərhələdə yaranmış hazırlıqdan sonra idi. Belə ki, ayə nazil olduqdan sonra (cahillik dövrünün şərab içənlərindən olan) Ömər ibn Xəttabın cavabı انتهینا .... انتهینا “artıq içməyəcəyik” sözləri oldu1.
Bu ayə nazil olduqda əlində şərab camı olanlar, camları sındırdılar. Camlar küçələrə töküldü. Cəmiyyət yekdilliklə şəriət hökmünə boyun əydi. Bu, Quranın heyrətləndirici tərbiyə üsulunun təsiri idi.
İkinci: Bu ayədə şəraba qadağa qoyulmaqla yanaşı onun fəsadları da açıqlanmışdır.
Dostları ilə paylaş: |