Hüquq mühafizə və məhkəmə orqanlarının potensialının lazımi səviyyədə olmaması:
-
PL/TM hallarına dair cinayət təqibinin (istintaq fəaliyyəti və məhkəmə baxışı) lazımi səviyyədə olmaması;
-
PL/TM halları ilə bağlı istintaq fəaliyyəti və dolayı sübutlarla iş üzrə potensialın lazımi səviyyədə olmaması.
MMX-nın 2014-2017-ci illər üzrə Təlim Strategiyası
Əvvəlki bölmədə sistemləşdirilmiş formada müəyyən etdiyimiz meyarların həlli məqsədilə MMX-nın 2014-2017-ci illər üzrə Təlim Strategiyası aşağıdakı sxemdə əks olunmuş məqsəd və vəzifələri qarşısına qoyur:
Yuxarıda qeyd edilən vəzifələrə uyğun olaraq səmərəli və hərtərəfli Təlim Strategiyasının hazırlanması məqsədilə ilk növbədə hədəf qruplar müəyyən edilmişdir.
Təlim Strategiyası ilə əhatə olunacaq hədəf qurum və təşkilatlar aşağıdakı kateqoriyalardan ibarətdir:
-
MMX;
-
monitorinq subyektləri;
-
nəzarət orqanları;
-
hüquq mühafizə və məhkəmə orqanları.
Təlim Strategiyası strateji məqsədlərə nail olunması üçün müvafiq tədbirlər sistemini özündə əks etdirir.
MMX əməkdaşlarının potensialının daha da gücləndirilməsi komponenti
MMX-nın başlıca funksiyalarla və ümumi idarəetmə ilə bağlı potensialının gücləndirilməsi üçün təlim strategiyasının iki istiqamətdə təşkil edilməsini məqsədəuyğun hesab edilir:
-
MMX-nın qanunvericiliklə müəyyən edilmiş başlıca funksiyalarının icrası ilə əlaqədar təlimlər;
-
MMX-nın başlıca funksiyaları ilə birbaşa əlaqədar olmayan təlimlər.
Birinci kateqoriya üzrə işçi heyətin analitik potensialının qısa müddətdə yüksək səviyyəyə çatdırılmasına nail olmaq üçün dəqiq hədəflərə malik təlimlərin keçirilməsi tələb olunur. MMX-nın işçi heyətinə PL/TMM sahəsində beynəlxalq standartlar, maliyyə təhlili və təhqiqatları, PL/TM risklərinin prioritetləşdirilməsi, məlumat bazaların idarə olunması və analitik proqram təminatlarının funksiyaları, açıq mənbələrdən məlumatların axtarış üsulları, məntiqi və tənqidi təfəkkürünün formalaşdırılması, PL/TMM sahəsində yeni tendensiyalar kimi mövzularda təlimlər keçirilməsi məqsədəmüvafiq hesab edilir.
Nəzarət funksiyasının yerinə yetirilməsi işinin təkmilləşdirilməsini təmin etmək üçün əməkdaşların risk-əsaslı yanaşma, PL/TMM sahəsində yoxlamaların keçirilməsi, nəzarət orqanları arasında beynəlxalq əməkdaşlıq üzrə təlimlər keçirilməlidir.
Hüquq və metodologiya, beynəlxalq əməkdaşlıq potensialının daha da gücləndirilməsi məqsədilə FATF-ın yeni Tövsiyələrinə, terrorçuluğun maliyyələşdirilməsinə və kütləvi qırğın silahlarının yayılmasına görə BMT-nin Təhlükəsizlik Şurasının aidiyyəti qətnamələri ilə barələrində sanksiyalar nəzərdə tutulmuş şəxslərin əmlakının dondurulmasına və cinayət nəticəsində əldə edilmiş əmlakın qanuni sahibinə qaytarılmasına, beynəlxalq əməkdaşlığa dair təlimlər keçirilməlidir.
Eyni zamanda, əməkdaşlar tərəfindən digər dövlət orqanlarına PL/TMM üzrə metodoloji dəstəyin göstərilməsi potensialının gücləndirilməsi tədbirlərinin görülməsi məqsədəmüvafiq hesab edilir.
MMX əsas funksiyalarının effektiv şəkildə yerinə yetirilməsi məqsədilə daima yenilənən və inkişaf edən informasiya texnologiyaları və maliyyə menecmenti istiqamətində də ixtisaslaşmış beynəlxalq təlim-təhsil proqramlarında iştirak etməklə bu sahədə olan ən yaxşı təcrübələri tətbiq etməlidir.
MMX-da əməkdaşların təlim-təhsil məsələsində sistemli yanaşmanın mövcud olmaması ilə yanaşı, müvafiq HR sisteminin inkişaf etməməsi səbəbindən hazırkı formada təlimlərin planlaşdırılması və təşkili işinin təkmilləşdirilməsi üzrə xüsusi tədbirlər Təlim Strategiyası çərçivəsində icra edilməlidir. Belə ki, HR mütəxəssisi beynəlxalq təcrübəyə əsaslanaraq və Təlim Strategiyasını əsas tutaraq illik təlim planları hazırlamalı, uçotu və qiymətləndirilməsini aparmalıdır.
Monitorinq subyektlərinin potensialının gücləndirilməsi komponenti
Təlim Strategiyası çərçivəsində monitorinq subyektlərinin planlı və effektiv surətdə PL/TMM sahəsində təlimlərlə əhatə edilməsi nəzərdə tutulmuşdur. Monitorinq subyektlərində PL/TMM sahəsində təlimlərin təşkil edilməsində əsas məqsəd aidiyyəti əməkdaşların monitorinq subyektinin fəaliyyət göstərdiyi sahədə mövcud olan PL/TM riskləri barədə məlumatlığının və monitorinq subyektləri belə risklərlə qarşılaşdıqda, nə kimi tədbirlərin həyata keçirilməsinə dair effektiv qərar verilməsinin təmin olunmasıdır.
Monitorinq subyektlərinin institusional potensialının yüksəldilməsi məqsədilə təlimlər iki istiqamətdə aparıla bilər: daxili və ya xarici təlimlər.
Daxili təlimlər dedikdə, daxili nəzarət sisteminin tətbiqi tələblərinin aid olduğu, habelə daxili nəzarət sisteminin formalaşdırılması qanunvericiliklə tələb edilməyən monitorinq subyektlərində «Hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı fəaliyyət üzrə daxili nəzarət sistemlərinin hazırlanmasına dair Tələblər»in 14-cü bəndindəki PL/TMM üzrə təlimlərin keçirilməsi bağlı müddəaların icrası ilə əlaqədar qurumdaxili təlimlərin təşkili nəzərdə tutulur. Bu sənədə əsasən, aidiyyəti monitorinq subyektlərində PL/TMM sahəsində təlimlər keçirilməli, onların əməkdaşlarının qanunvericiliklə, eləcə də şübhəli əməliyyatların aşkarlanması meyarları ilə tanış olması təmin edilməlidir.
Daxili təlimlər məsul şəxs və ya kənardan cəlb edilmiş ekspert tərəfindən aparıla bilər. Daxili təlimlərdə aidiyyəti struktur bölmələrin rəhbərlərinin, məsul şəxsin, hüquq və audit şöbələrinin və ya müvafiq səlahiyyətləri həyata keçirən struktur bölmənin əməkdaşlarının, müştərilərə birbaşa xidmət göstərən əməkdaşların, qərarların qəbulu və idarəetmədə iştirak edən əməkdaşların iştirakı təmin edilməlidir.
Xarici təlimlərə isə xarici dövlətlərdə müxtəlif qurumlar, habelə müvafiq nəzarət orqanları, digər dövlət orqanları və ölkəmizdə MMX tərəfindən təşkil edilən təlimlər daxildir.
Xarici təlimlərdə monitorinq subyektinin məsul şəxsinin, yaxud təşkilatçının təlimdə iştirakını məqsədəmüvafiq hesab etdiyi vəzifələri icra edən əməkdaşların iştirakının təmin edilməsi tövsiyə edilir8.
Monitorinq subyektlərinin əməkdaşlarına əsas etibarilə milli PL/TMM qanunvericiliyi, beynəlxalq standartlar, şübhəli əməliyyatların aşkarlanması meyarları, müştərilərin eyniləşdirilməsi və verifikasiyası, daxili nəzarət sistemi, qanunvericilikdə əks olunmuş sanksiyalar, PL/TMM sahəsində yeni tendensiyalar, habelə digər aidiyyəti mövzularda təlimlər keçirilməsi PL/TMM sahəsində potensialın yüksəldilməsinə öz töhfəsini verəcəkdir.
Nəzarət orqanlarının potensialının gücləndirilməsi komponenti
Nəzarət orqanları monitorinq subyektlərinin fəaliyyətinin tənzimlənməsi və qanunvericiliklə müəyyən edilmiş tələblərə əməl etməsi baxımından milli PL/TMM sistemində müəyyən olunublar.
Nəzarət orqanlarının əməkdaşlarına, habelə onların barəsində nəzarəti həyata keçirdiyi monitorinq subyektləri üçün PL/TMM sahəsində nəzarət, səyyar və kameral yoxlamalar, monitorinq subyektləri üçün qanunvericiliklə müəyyən edilmiş sanksiyalar, PL/TMM sahəsində beynəlxalq standartlar, nəzarət orqanları arasında beynəlxalq əməkdaşlıq mövzularında təlimlərin keçirilməsi məqsədəuyğun hesab olunur.
Nəzarət orqanlarının PL/TMM sahəsində daxili təlim planlarının hazırlanması və belə planların icrasına rəhbərlik tərəfindən nəzarət edilməsi məqsədəmüvafiq hesab edilir. Bununla bərabər, nəzarət orqanlarının davamlı olaraq MMX, eləcə digər beynəlxalq təşkilatlar və dövlət orqanları tərəfindən fəaliyyətləri ilə əlaqədar təşkil edilən təlimlərdə iştirakı vacib hesab edilir.
Hüquq mühafizə və məhkəmə orqanlarının potensialının gücləndirilməsi komponenti
Hüquq mühafizə və məhkəmə orqanları MMX və xarici beynəlxalq təşkilatların təşkil etdiyi bir çox təlimlərdə iştirak etmişdir. Cinayət təqibinin, o cümlədən istintaqın səmərəli surətdə aparılması və onun yekununda əsaslandırılmış ittiham aktının məhkəməyə təqdim edilməsi baxımından müstəntiqlər, prokurorlar və hakimlər üçün PL/TMM sahəsində hərtərəfli təlimlərin təşkili xüsusi əhəmiyyət kəsb edir.
Bu orqanların əməkdaşları və hakimləri üçün maliyyə təhqiqatları və onun üsulları sahəsində təlimlərin keçirilməsi prioritet hesab edilə bilər.
Bundan başqa, mütəşəkkil cinayətkarlıq, terrorçuluğun maliyyələşdirilməsi, pul vəsaitləri və ya digər əmlakın leqallaşdırılması üçün törədilən cinayətlər, PL/TMM sahəsində beynəlxalq standartlar kimi mövzularda keçirilən təlimlərdə hüquq mühafizə orqanlarının nümayəndələrinin iştirakı da mühümdür.
Strategiyanın gözlənilən nəticələri aşağıdakılardır:
-
monitorinq subyektləri tərəfindən MMX-ya təqdim edilən məlumatların keyfiyyəti yüksələcək;
-
MMX tərəfindən hüquq mühafizə orqanlarına təqdim edilən məlumatların keyfiyyəti yüksələcək və bununla da hüquq mühafizə orqanlarının fəaliyyətinin effektivlik meyarı artacaq;
-
hüquq mühafizə orqanları tərəfindən tərtib edilən ittiham aktlarında əsaslandırma daha dəqiq ifadə ediləcək;
-
təqdim edilmiş ittiham aktları əsasında verilən məhkəmə qərarlarının sayı artacaq və yekun nəticədə məhkəmə sistemində ədalətlilik prinsipinin daha dəqiq bərqərar olunmasına nail olunacaq;
-
PL/TMM sistemi ilə əlaqədar müəyyən vəzifələrə malik dövlət orqanlarının, eləcə də monitorinq subyektlərinin potensialının artması təmin ediləcəkdir.
Dostları ilə paylaş: |