VI BAŞLIQ
{Tanrıqanlıq(möminlik), düzgünlük anlayışlarının, dialektika yolu ilə ayırd edilməsi}
Mən indi Sokratın, öz arxadaşlarını dialektika yolu ilə araşdırmalar aparmağa necə alışdırdığından danışmaq istəyirəm. Bununla bağlı Sokrat belə düşünürdü: kimsə hansısa konunu düzgüncə anlayırsa, deməli bunu başqasına da doğruca anlatmağı bacarmalıdır; bunu eləyə bilmirsə, deməli o özü də yanılır, başqalarını da çaşdırır. Buna görə də o, yorulmaq bilmədən, arxadaşları ilə birgə, ayrı-ayrı konuları öyrənib, incələməyə çalışardı. Sokratın, anlayışları ayırd etməklə bağlı bütün araşdırmalarından danışsam, çox uzun çəkər, ona görə də bir neçə anlayışların ayırd edilməsi üzərində dayanıb, onun araşdırma yolunu anlatmağa çalışacağam.
Onun tanrıqanlıq(möminlik) anlayışını araşdırması, ortalama götürsək, belə idi.
-Evtidem, bir mənə de görüm,-Sokrat soruşdu,- səncə bu tanrıqanlıq nə deməkdir?
-Onu deyə bilərəm, bu insanda olan çox gözəl bir üstünlükdür, - Evtidem dedi.
-Yaxşı, onda deyə bilərsənmi, hansı adama tanrıqan deyirlər?
-Mənə elə gəlir, tanrılara gərəkən bütün sayğıları göstərən adam tanrıqandır.
-Tanrılara sayğı göstərməyi, kim necə anlayırsa, o sayaq da eləməlidir, yoxsa bunun bəlli bir yolu vardır?
-Sözsüz, tanrılara sayğı göstərməyi anladan bəlli yasalar vardır.
-Belə çıxır, kim bu yasaları bilirsə, onda tanrılara necə sayğı göstərməyi də bilir, eləmi?
-Məncə, belədir.
-Deməli, kim tanrılara necə sayğı göstərməyi bilirsə, o belə düşünür: bunu başqa sayaq yox, ancaq o bildiyi sayaq eləmək olar?
-Sözsüz, o düzgün olaraq belə düşünür.
-Kimsə tanrılara sayğı göstərməyi, özünün düzgün saydığından ayrı sayaq eləyirmi?
-Düşünürəm, eləmir.
-Deməli belə çıxır, kim tanrılarla bağlı yasaları bilir, o, tanrılara sayğısını yasaya uyğun olaraq da göstərə bilir?
-Sözsüz, belədir.
-Demək, yasaya uyğun olaraq sayğı göstərənlər, düz eləyirlər?
-Başqa necə ola bilər?
-Kim tanrılara yasaya uyğun sayğı göstərirsə, o da tanrıqandır, eləmi?
-Elədir, - Evtidem dedi.
-Onda, bizim araşdırdığımız anlayışın düzgün anlamı beləmi olur: tanrılarla bağlı yasaları bilən adam tanrıqandır?
-Mənə elə gəlir, ən azı belə demək olar, - Evtidem dilləndi.
-Adamlarla ilişkilərində, kim onlarla necə istəsə, elə də davrana bilərmi?
-Yox, adamlara yanaşmanın da öz yasaları vardır.
-Onda, biri-biriylə ilişkilərində bu yasaları gözləyənlər, gərək olan təki davranmış olurlar, eləmi?
-Başqa sayaq ola bilərmi, yəni?
-Onda gərək olan təki davrananlar, düzgün davranmağı bacarırlar, deyilmi?
-Elədir.
-Demək belə çıxır, adamlarla düzgün davrananlar, öz adamlıqlarını düzgün yerinə yetirirlər?
-Düşünürəm, bu belədir.
-Onda yasaları gözləyən kimsə, düzgün iş tutur, eləmi?
-Sözsüz.
-Hansı işlərin düzgün olduğunu bilirsənmi?
-Bunlar, yasaya qarşı olmayan işlərdir.
-Demək, yasaya uyğun olan işləri görənlər, düzgün iş tutur, gərəkən işi görür, deyilmi?
-Sözsüz, belədir.
-Kim düzgün iş görürsə, deməli o da düzgün adamdır, deyilmi?
-Elədir.
-Kimsə yasaları bilmədən, onları gözləyə bilərmi, necə düşünürsən?
-Düşünürəm, beləsi ola bilməz.
-Eləsi olurmu, nəyisə necə düzgün eləməyin yolunu bilir, ancaq düşünür, gərək belə eləməsin?
-Məncə, beləsi olmur.
-Elə adam tanıyırsanmı, bir sayaq düşünsün, ancaq başqa sayaq eləsin?
-Yox, tanımıram beləsini, - Evtidem dilləndi.
-Belə çıxır, insanlar üçün qoyulmuş yasaları bilənlər, öz işlərini düzgün yerinə yetirirlər?
-Düzdür.
-Bu o deməkdirmi, düzgün iş tutan da elə düzgün adamdır?
-Başqası, necə düzgün ola biər?
-Belə çıxır, biz indi burada düzgünlük anlayışını ayırd eləyə bilərik, yəni belə: insanlar üçün qoyulmuş yasaları bilən, düzgün insandır, elə deyilmi?
-Məncə, belə demək olar.
-Onda bilgəlikdən(müdriklikdən) nə danışmaq olar? Nə deməkdir bilgəlik? Mənə de görüm, səncə bilgə, bildiklərini bildiyinə görəmi bilgə sayılır, yoxsa, bilmədiklərini bildiyinə görə?
-Məncə o, bildiklərinə görə bilgə sayılmalıdır, - Evtidem dedi.- Bilmədiklərinə görə necə bilgə olmaq olar?
-Bilgələr ancaq bildiklərinə görəmi, bilgə olurlar?
-Bilikdən başqa da bir nədəndən, bilgə olmaq olarmı?
-Demək, bilgəlik biliciliklə bağlıdır?
-Məncə, belədir.
-Necə düşünürsən, insan yer üzündə olan biliklərin hamısını öyrənə bilərmi?
-And olsun Zevsə, düşünürəm, azacıq payını belə öyrənib qurtara bilməz.
-Deməli, insan bütün konular üzrə bilgə ola bilməz?
-And olsun Zevsə, ola bilməz.
-Onda adamlar, ancaq öz bildikləri konular üzrə bilgə ola bilərlər, deyilmi?
-Düşünürəm, belədir.
-Evtidem, necə bilirsən, yaxşılıq anlayışını da bu sayaq araşdırmağa dəyərmi?
-Necə yəni?
-Necə düşünürsən, gərəkli olduğunu sandığımız nəsnə, elə hamı üçünmü gərəklidir?
-Yox.
-Birinə gərəkli olan, başqası üçün yararsız ola bilərmi?
-Beləsi çox olur.
-Sən gərəkli olmayan bir yaxşılıq adı çəkə bilərsənmi?
-Yox, mən düzü, beləsini bilmirəm.
-Belə çıxır, gərəkli olan, kimin üçün gərəklidirsə, elə onun üçün də yaxşılıqdır, belə deyilmi?
-Məncə, elə belədir də var.
-Bizim gözəl sandığımızı, başqaları gözəl sanmaya bilərmi? Yoxsa yer üzündə hansısa bədən quruluşunu, necəsə bir qabı, biz gözəl sayırıqsa, onları elə hamının da gözəl sayacağına güvənmək olar?
-Yox, and olsun Zevsə, nəyinsə hamı üçün gözəl olması başıma batmır.
-Bütün nəsnələr öz yararına görə işlədiləndə gözəl olmurmu?
-Elədir.
-Bir işə yaradığına görə gözəl sayılan nəsnə, yaramadığı başqa bir işə görə də gözəl sayıla bilərmi?
-Məncə, ancaq yaradığı işə görə gözəl sayıla bilər.
-Onda belə çıxır, gözəl sayılan, ancaq yaradığı işə görə gözəl sayıla bilər, eləmi?
-Başqa sayaq ola da bilməz.
-İgidlik necə, Evtidem, səncə bu da gözəl nəsnə sayılmalıdırmı?
-Gözəl yox, çox gözəl sayılmalıdır, - Evtidem dedi.
-Demək, səncə, igidlik gərəkli nəsnədirsə də, ancaq bu önəmsiz, ötəri işlər üçün deyil, düzdürmü?
-And olsun Zevsə, ancaq ən böyük, ən önəmli işlər üçündür.
-Necə bilirsən, görmək istədiyi işin içində, qorxu-ürkünün, ölüm-itimin ola biləcəyini qabaqcadan bilməyərək ona girişmək, igidlik sayıla bilərmi?
-Düşünürəm, bu igidlik sayılmamalıdır.
-Deməli, bu işlərin qorxu-ürkülü, ölüm-itimli olduğunu bilmədiyindən ona girişənləri, igid saymaq olmaz?
-And olsun Zevsə olmaz: onda çoxlu dəlilər də, qorxaqlar da, igid sayılardı.
-Qorxulasılardan ürpəşənlərə nə deyirsən?
-Onlarda igidliklə bağlı nəsə olduğunu düşünmək, çox gülünc olardı!
-Belə çıxır, sən qorxulu, ölüm-itimli durumlarda duruş gətirən, özünü yerə vurmayanları igid sayırsan, belə durumdan sarsılanları isə qorxaq?
-Elədir.
-Belə durumda qorxmayanların hamısınımı igid sayırsan, yoxsa durumdan baş çıxarıb, onu qabaqlaya bilənimi?
-Kim baş aça bilib, qabaqlaya bilirsə, onu igid sayıram.
-İgid olmayan isə, düşünürsən, durumdan baş açmayıb, özünü itirəndir, eləmi?
-Ancaq o, başqa kim ola bilər?
-Kim bu durumdan baş aça bilirsə, gördüyü işi qabaqcadan necə yoluna qoymağı da bilir, deyilmi?
-Elədir, bildiyinə görə də bunu bacarır.
-Kim bu durumdan baş açmırsa, gərək olan anda nə eləmək olduğunu bilirmi?
-Sözsüz, bilmir.
-Belə çıxır, yerinə görə nə eləmək olduğunu bilən, elə bu işi bacarır da?
-Ancaq o bacarır, düzdür.
-Bu işin gedişində yanılmayan kimsə, bu durumdan baş açmaya bilərmi?
-Düşünürəm, yox.
-Onda durumdan baş açmayan, bu işin gedişində yanılan kimsədirmi?
-Belə çıxır.
-Buradan o çıxmırmı, kimsə qorxulu, ölüm-itimli durumdan baş açıb, düzgün çıxış yolu tapa bilirsə, o da igiddir, belə durumdan baş aça bilməyən, yanılan isə qorxaqdır?
-Büsbütün düzdür, - bunu Evtidem dedi.
Monarxiya ilə tiraniyanı Sokrat dövləti təkbaşına yönətməyin biçimlərindən saysa da, onları biri-birindən ayırd eləyirdi: xalqın könüllü anlaşmasına, yasaların gözlənilməsinə arxalanaraq, kiminsə təkbaşına yönətdiyi respublikanı- monarxiya, xalqın istəminə qarşı olan, yasaları gözləməyən, ancaq hakimiyyət başında duran kimsənin özbaşınalığına bağlı olan yönətimi isə tiraniya sayırdı. Dövlət qulluqçularının,- yasanı qorumağı, gözləməyi yaxşı bacaran adamların arasından seçilməsinə söykənən dövlət quruluşunu o, aristokratiya adlandırırdı; toplumda öz var-yatırına görə yer tutmağı bacaran adamların arasından seçilmişlərin yönətdiyi dövləti - plutokratiya, yurddaşları toplumda tutduqları yerə görə seçib ayırmadan, onların hamısının arasında aparılan seçkiylə qurulan dövləti - demokratiya adlandırırdı.
Birdən kimsə Sokratla söz güləşdirməyə başlayıb, dəyərli bir söz danışa bilmədən, dediklərini inandırıcı tutarqalara anlada bilmədən, eləcə üyüdüb-töküb desəydi: onun bildiyinə görə, onun tanıdığı birisi, nəyisə yaxşı bilir, dövlət işlərindən yaxşı baş çıxarır, igiddir, habelə bunun kimi sözlər..., onda Sokrat bu söz dartışmasını toxdaqlıqla geriyə qaytarıb, konunun kökünə gətirib çıxarardı, örnək üçün bax belə:
-Sən, öydüyün bu yurddaşımızın, mənim üstün saydığım yurddaşımızdan, çox artıq üstünlüklərinin olduğuna, bizləri inandırmaq istəyirsən, eləmi?
-Elədir, mən dediyimin üstündə dururam.
-Onda gəl öncə baxaq görək, hansısa yurddaşın üstünlüyü nədən bilinir.
-Gəl, baxaq.
-Axça ilə bağlı işlərin yönətimində, dövlətin qazancını artıran kimsə üstün yurddaş sayılmalı deyilmi?
-Sözsüz.
-Savaşda isə, kim dövlətin yağıları yenməsində başlıca işi görə bilir, onu üstün saymalıyıq eləmi?
-Bu da düzdür.
-Diplomatiyada, dövləti keçmiş yağıları ilə barışdırmağı bacaran kimsə, üstün sayılmazmı?
-Mən də belə düşünürəm.
-Xalq yığıncağında çıxış eləyən sözçülərdən(oratorlardan), partiyaların qarşıdurmalarını kəsib, hamını anlaşmağa gətirməyi bacaranmı üstündür?
-Sözsüz, o üstündür.
Söz dartışmasını bu sayaq yönəltikcə, araşdırmalar da getdikcə konunun özlüyünə(mahiyyətinə) yönəlir, öncə Sokratla anlaşmayan kimsə üçün də, gerçək durum addım-addım üzə çıxıb, aydınlaşırdı.
Sokrat özünün başladığı danışıqlarında, hansısa konunu araşdırmağa başlarkən, sözünün gücünü—hamının inandığı gerçəklikləri ortaya atmaqla artırar, bunu ən inandırıcı araşdırma yolu sayardı. Ona görə də, bunu ürəklə deyə bilərəm, dinləyicilərini özünün dediklərinə inandırmaqda Sokratdan üstün olan birisini mən görməmişdim. Sokratın sözüdür: Homer də Odisseyin gözəl danışıq bacarığının olmasını, dinləyicilərini inandıra bilməsi üstünlüyünü, onun, eşidənlərin hamısının bildiyi, inandığı sözləri ortaya qoya bilməsində görürdü.
Dostları ilə paylaş: |