Yüz qram spirtli içki içdi, dəyişib olur dəli, tutdurursan, tutmur (S. Vəliyev)
Budaq cümlədəki xəbər -mi şəkilçisi ilə də (içdimi) işlənə bilər, amma cümlənin mənasında heç dəyişiklik hiss edilməz. Və ya budaq cümlənin əvvəlinə elə ki bağlayıcısını əlavə etmək olar. “Elə ki yüz qram spirtli içki içdi”- bu hissə zaman budaq cümləsidir.
Azərbaycan dilində qovuşuq zaman budaq cümləsi nümunəsinə də rast gəlmək olur. Bunun aydın olması üçün izaha ehtiyacı vardır. Söhbət ondan gedir ki, tərkibində digər bir budaq cümlə olan zaman budaq cümləsi qovuşuq şəkildə özünü göstərir. Belə zaman budaq cümlə mürəkkəb quruluşda görünür. Bu görüntü zaman budaq cümləsini digər tiplərdən ayırır. Məsələn:
Çalışırdı ki, özü bu işi görsün, bu zaman işin sahibi gizləndiyi yerdən çıxdı (S. Rəhimov)
Bu nümunədəki bu zaman işin sahibi gizləndiyi yerdən çıxdı hissəsi baş cümlə, qalan hissə isə (Çalışırdı ki, özü bu işi görsün) budaq cümlədir. Budaq cümlə iki hissəlidir: a) Çalışırdı; b) özü bu işi görsün. Əgər budaq cümlə müstəqil işlənərsə, çalışırdı- baş cümlə, özü bu işi görsün- budaq cümlədir. Amma hər iki konstruksiyanın məna etibarı ilə bir-birinə birikməsi nəticəsində zaman budaq cümləsi formalaşmışdır. Beləliklə, görünür ki, baş cümlə “bu zaman işin sahibi gizləndiyi yerdən çıxdı” nə zaman sualını tələb edən budaq cümləyə ehtiyac duyur və ondan əvvəlki budaq cümlə (çalışırdı ki, özü bu işi görsün) həmin funksiyanı icra edir.
Mürəkkəb quruluşu nisbətən sadələşdirsək (Özü bu işi görmək üçün çalışırdı ki, bu zaman işin sahibi gizləndiyi yerdən çıxdı), birinci yerdə zaman budaq cümləsi, ikinci yerdə isə baş cümlə reallaşa bilir. Bu məqamda məzmun olduğu kimi qalır.
Sintaktik zaman ən çox zaman budaq cümləli tabeli mürəkkəb cümlə səviyyəsində gerçəkləşir. Bu gerçəkləşmə zaman budaq cümləsinin qarşılaşdırılan dillərdəki tiplərinə istinad edir.
İngilis dilində zaman budaq cümləsinin iki tipi fərləndirilir:
1. Ümumi zaman anlayışı bildirən zaman budaq cümlələri. Bu cür zaman budaq cümlələri ingilis dilində ümumi məna ifadə edir. Budaq cümlə baş cümləyə “when” (nə vaxt, nə zaman, haçan) bağlayıcısı ilə bağlanır.
Ümumi zaman anlayışı ifadə edən zaman budaq cümlələri daxilində fərdiləşdirmə, dəqiqləşdirmə bir sıra bağlayıcılar vasitəsilə ifadə olunur: while, as, before, after, until, as soon as, no sooner than və s.
Məna ifadə etmə cəhətindən lokallaşdırılmış budaq cümlələr iki qrupa bölünür. Dəqiq məna bildirən budaq cümlə üç cür olur: vasitəsiz, dəyişdirilmiş və keçici. Məna etibarilə dəyişdirilmiş budaq cümlələrdə zaman anlayışı ilə yanaşı səbəb anlayışı da özünü göstərə bilir. Məs.: When you speak about complicated facts, I can't agree with you= Nə zaman ki siz mürəkkəb məsələdən danışırsız, mən sizinlə razılaşa bilmirəm.
2. Fərdi zaman budaq cümlələri. Zaman anlayışı baş cümlədə özünü göstərən zaman budaq cümlələri. Fərdiləşdirilmiş xüsusi zaman budaq cümlələrində məlumat budaq cümlədə verilir, zaman anlayışı isə baş cümlədə gerçəkləşir. Məsələn: John was reading a paper when Jane entered= Con qəzet oxuyurdu, nə vaxt ki Ceyin daxil oldu; Jane entered when John was reading a paper= Geyin daxil oldu, nə vaxt ki Con qəzet oxuyurdu.
Azərbaycan dilində ingilis dilindən fərqli görünən xüsusi tipli zaman budaq cümləsi mövcuddur. Zaman budaq cümləsinin həmin tipi, adətən, baş cümlədən əvvəl gəlir. Xüsusi tipli zaman budaq cümləsindəki hərəkətlə baş cümlədəki hərəkət arasında qısa zaman fasiləsi olur, budaq cümləni baş cümləyə bağlayan ki bağlayıcısı feili tərkibdən sonra işlədilir və budaq cümlədəki zaman mənasını daha da qabarıqdır [3, s. 44]. Məsələn:
Baş həkimə rayon mərkəzindən xəbər verəndə ki, sizə cərrah göndəririk, o, rəncidə halda ciyinlərini oynatmışdı (Ə. Babayeva).
Mürşüd kişi axşam eşidəndə ki, Əbil gəlib, hirsini yemədən qonağın yanına getdi (Ə. Vəliyev)
Mürəkkəb cümlə ilə bağlı tədqiqat və araşdırmalarda daha çox bağlayıcılı mürəkkəb cümlələrə diqqət verilmiş, bağlayıcısız mürəkkəb cümlələr haqqında məlumat əksərən bəsit və ötəri xarakter daşımışdır. Əslində isə bağlayıcısız forma daha qədim olmaqla yanaşı, ünsiyyətin mühüm vasitəsi kimi, canlı dildə daha çox işlənir və rəngarəng xüsusiyyətləri ilə diqqəti daha çox cəlb edir [32, s. 3-6].
F.Cəlilov Azərbaycan dilində bağlayıcısız tabeli mürəkkəb cümlələrin qurulmasında və komponentlərin bağlanmasında əvəzlik-zərf səciyyəli sözlərin rolunu gəstərir: “Əvəzlik-zərf xarakterli sözlərin yaranmasında əsas baza nə əvəzliyidir. Bu əvəzliklə yaranan mürəkkəb sual əvəzlikləri əvəzlik-zərf xarakterli sözlərə çevrilə bilir. Nə əvəzliyinə vaxt, vədə, zaman sözlərinin qoşulması ilə düzələn əvəzlik-zərf xarakterli sözlər haçan əvəzliyinə sinonim olur və zaman budaq cümləsinin tərkibində işlənərək bağlayıcısız tabeli mürəkkəb cümlənin komponentlərini bağlayan vasitəyə çevrilə bilir” [12, s. 91].
Nümunələrə diqqət yetirək:
Nə vaxt istəsəniz, hissənizdə çıxış etməyə hazıram, cənab Bəhruz (H. Abbaszadə). Nə vaxt ki anam hirsləndi, yavaşca bir tərəfə çəkilərdim (B. Bayramov). Nə zaman anam işdən qayıtsaydı, evi səliqəli görərdi (M. Hüseyn).
Azərbaycan dilində bağlayıcısız tabeli mürəkkəb cümlələrin formalaşmasında onda zərfi müəyyən rol oynayır. Həmin zərf zaman budaq cümləsində həm birinci, həm də ikinci tərəfdə işlənə bilir. Məsələn:
Onda ki övladi vətən xam idi, Ah, necə kef çəkməli əyyam idi! (Sabir); Onda ki ağ umuzlara töküldü saçlar, Əsdi yarpaq, coşdu irmaq, güllər oynadı… (C. Cabbarlı); Ol zaman ki yaşın yetişər yüzə, Gəl gör onda nə bişümar ağlarsan (Vidadi); Yar evim onda yıxar, Dinməz dursa üz-üzə (Bayatı).
Bağlayıcısız tipin yaranmasında hələ, yenicə, təzəcə, havaxt zərfləri və havaxt zərfinin əvəzlik-zərf səciyyəli variantı olan hər vaxt birləşməsi də iştirak edir. Məsələn:
Koroğlu hələ sözünü qurtarmamışdı, bir də gördü ki, Aslan paşanın sədrəzəmi əkilmək istəyir (“Koroğlu” dastanından). Fərrux dəyirmanın dabanını yeni-yeni qaldırmaq istəyirdi, Mənzər onu çağırdı (Ə. Vəliyev). Dəmirçioğlu elə təzəcə şəhərdən çıxmışdı, gördü şəhər tərəfdən böyük bir qoşun gəlir (“Koroğlu” dastanından).
Azərbaycan dilində bu tipdə bağlayıcı sözlər bilavasitə iştirak edir. Məsələn: Nə qədər ki quyu dərinləşməmişdi, mən baş idim, onlar quyruq (A. Şaiq). Nə vaxt Yaqutun yanına gəlirdimsə, həmişə gənc doktoru onun yanında görürdüm (Ə. Məmmədxanlı).
Azərbaycan dilində bu tipin əmələ gəlməsində bağlayıcıların və bağlayıcı birləşmələrin köməyi də mühüm sayılır. Məsələn:
O gündən ki mənim atam ölüb, mən yetim qalmışam (Ə. Haqverdiyev). Onda ki umuzlara töküldü saçlar; Əsdi yarpaq, coşdu irmağ, güllər oynadı (C. Cabbarlı). Dilruba onda xoşbəxt olar ki, siz onun göz yaşlarına rəhm edəsiniz (S. Rəhimov). İnsanlar öz məskənlərinə o zaman qayıtdılar ki, su, od və vicdanla yoldaş oldular (İ. Şıxlı).
Azərbaycan dilində zaman budaq cümləsinin 2 tipindən istifadə olunur:
1. Azərbaycan dilində zaman budaq cümləsinin hər iki tipinin (iki tipi məlumdur) formalaşmasında ki bağlayıcısı intonasiya səviyyəsində rol oynayır. Birinci tip “baş cümlə + budaq cümlə” strukturundadır. Modeli belədir (onda, o vaxt, o vədə, o zaman) – ki –: Onda evim yıxıldı ki, sənin kimisinə ürcah oldum (N. Vəzirov); O vədə qorxuya düşdüm ki, Vəliqulunun simasızlığını qohumları öyrənmişdi (S. Azəri).
2. Zaman budaq cümləsinin ikinci tipi “budaq cümlə + baş cümlə” quruluşludur. Modeli belədir: O (yenicə, təzəcə) - ki -: Uşaq təzəcə hinə girmək istəyirdi k i, ev sahibi onu arxadan tutdu (Ə. Muğanlı); Yenicə ailə qurmuşdum k i, həyat yoldaşım allah rəhmətinə getdi (Ə.Muğanlı). Bu tip cümlələrdə intonasiyanın rolunun daha böyük olduğunu təsdiq edən mütəxəssislərin fikrincə, ki bağlayıcılı birinci tərkib tələffüz olunarkən elə bir fasilə edilir ki, birinci tərkibin ikincini zamanca izah etdiyi dərk olunur. Bəzən də budaq cümlənin əvvəlində işlənən elə, indicə, təzəcə tipli sözlər intonasiyanın yükünü azaltmaqla budaq cümlənin zaman mənasını gücləndirir.
Azərbaycan dilində bir sıra leksik vahidlər - zaman bildirən sözlər, məsələn, indicə, yenicə, təzəcə tipli olan sözlər zaman məzmununu gücləndirdiyi kimi, ingilis dilində də while (müddətində, ərzində), as (kimi), till (qədər), as soon as (elə ki, kimi), as long as (nə qədər ki), since (bəri), after (sonra), before (əvvəl), now that (indi ki), whenever (nə vaxt olursa olsun) bağlayıcıları analoji işi görür. Məsələn:
I saw him when he was ten years old. We shall go to the cinema as soon as he comes. As he returned him the candle, he looked at him once more (Ch. Dickens). While the girl wrapped it up, I walked over the bar (E. Hemingway). As long as I live, the personality of Dorian Gray will dominate me (O. Wilde). When she had finished he nodded gravely (A.Cristie). When the moon rose, he flew back to the Happy Prince (O.Wilde). We’ve known each other since we were children (S. Maugham).
Beləliklə, ingilis və Azərbaycan dillərinin zaman budaq cümləli tabeli mürəkkəb cümlələri struktur-semantik cəhətdən hər bir dilin daxili inkişaf qanunlarına söykənən qaydalara əsaslanır. Həmin qanunauyğunluqların öyrənilməsi müxtəlifsistemli dillər arasında mövcud olan ümumiliklərin, universaliyaların və diferensial əlamətlərin aşkarlanmasına səbəb ola bilər.
Dostları ilə paylaş: |