2.4. Zaman budaq cümləli tabeli mürəkkəb cümlələrdə baş və budaq cümlə arasında zaman münasibətləri
Təbiət və cəmiyyət qanunlarının qarşılıqlı münasibəti və bir-birinə təsiri dil üçün də yad deyildir. Buna görə də hər hansı bir dilin səlisləşməsi, obrazlı və bədii cəhətdən rəngarəng ifadə təzahürlərinə malik olması üçün yeni-yeni imkanlar yaranır. Bu yeni yaranan imkanlardan biri də təfəkkür prosesinin sadədən mürəkkəbə doğru inkişafı ilə əlaqədardır [15, s. 6].
Qrammatik zaman hər hansı bir dilin spesifik üsul və vasitələri ilə xarakterizə olunur. Qrammatik zamanın bir növü də sintaktik zamandır. “Sintaktik zaman müxtəlif səviyyələrdə, müxtəlif konstruksiyalarla əmələ gəlir. Bu, feili tərkiblər hesabına genişlənmiş sadə cümlələr, tərkibində ismi birləşmələr olan sadə cümlələr, zaman budaq cümləli tabeli mürəkkəb cümlə və zaman əlaqəli tabesiz mürəkkəb cümlə, zaman zərfliyinə görə aydınlaşdırma əlaqəli tabesiz mürəkkəb cümlə səviyyələrində baş verir” [3, s. 42].
Dilçilik ədəbiyyatında mürəkkəb cümlədə zamanın münasibətlərinin ifadəsinin iki formada olduğu göstərilir ki, bu formalar da mütləq zaman və nisbi zamandır. Baş və budaq cümlələrdə mütləq və nisbi zamanın işlənməsi haqqında fərqli fikirləri nəzərdən keçirən A.Məmmədova qeyd edir ki, tədqiqatçıların bəziləri budaq cümlədəki zaman nisbiliyini vurğulayırlar. Başqa biriləri yalnız zaman budaq cümlələrində nisbi zamanın işləndiyini, digərlərinin zaman, şərt, səbəb və qarşılaşdırma, sonuncu qrup isə zaman və şərt budaq cümlələrində nisbi zamanın işləndiyini göstərirlər. Hətta belə bir fikir də mövcuddur ki, zaman budaq cümlələri adətən mütləq zamanlı olur. Lakin budaq cümlənin zamanı ilə baş cümlənin zamanı üst-üstə düşdükdə, o, nisbi zamanlı da ola bilər. Digər budaq cümlələr isə nisbi zamanlı olduğu kimi, mütləq zamanlı da ola bilər. Burada mütləq zamanın iki dərəcədə təzahür etdiyini qeyd edilir və göstərilir ki, tamamlıq budaq cümləsində bu, ikinci dərəcədə meydana çıxır [36].
Ə.Abdullayev zaman budaq cümlələrində eynizamanlılıqdan bəhs edir və eynizamanlılığı mütləq və nisbi olmaqla iki növə ayırır [5, s. 266-267].
Mütləq danışıq vaxtı hadisənin baş verdiyi, cərəyan etdiyi vaxtla üst üstə düşməsidir, əks təqdirdə, o, nisbi danışıq vaxtı olur. Buradan görünür ki, mütləq danışıq vaxtı indiki zamana, nisbi danışıq vaxtı isə digər zamanlara uyğun gəlir. Tabeli mürəkkəb cümlədə, bəzən tabesiz mürəkkəb cümlədə də mütləq və nisbi zamanları müəyyənləşdirmək çətinlik törədir. Əvvəla, hər komponent müəyyən zamana malik olur, digər tərəfdən, bu zamanlar qarşılıqlı əlaqədə olur ki, bu da həqiqi zamanı müəyyənləşdirməkdə çətinlik yaradır.
Zaman budaq cümləsi ilə baş cümlə arasında zaman münasibətləri müxtəlif şəkildə təzahür edə bilir. Belə ki, budaq və baş cümlədə icra olunan iş biri digərindən əvvəl, sonra ya da eyni zamanda baş verə bilər. Bu məqamda zaman budaq cümləsi ilə baş cümlə arasında müxtəlif zaman münasibətləri yarana bilir. Bu baxımdan zaman münasibətlərini iki yerə ayırmaq olar:
A) müxtəlifzamanlılıq münasibətləri
B) eynizamanlılıq münasibətləri
Müxtəlifzamanlılıq adətən münasibət halında olur. Müxtəlifzamanlılıq anlayışı daha geniş olub, özündə zaman münasibətlərinin ardıcıllığını da ehtiva edir. Zaman münasibətlərinin ardıcıllığı dedikdə hadisələrin biri-birindən sonra, ardıcıl şəkildə baş verməsi nəzərdə tutulur, həm də nəzərə almaq lazımdır ki, hadisələrin birinin digərini şərtləndirib - şərtləndirməməsindən söhbət getmir. Zaman münasibətlərinin ardıcıllığı adətən hadisələrin bir-birini şərtləndirməsinin nəticəsi kimi meydana çıxır. Məsələn, bir hadisə digər hadisənin başlanması üçün şərt kimi çıxış edir və ikinci hadisə birincinin ardınca onun davamı kimi təzahür edir. Bu baxımdan, müxtəlifzamanlılıq daha genişdir, ardıcıllıq isə müxtəlifzamanlılığın tərkib hissəsi kimi çıxış edir.
Tədqiqatçıların müəyyənləşdirməsinə görə, baş və budaq cümlə arasında müxtəlifzamanlılıq münasibətləri dilimizin sintaksisində 60 %, eynizamanlılıq münasibətləri isə 40% təşkil edir [5, s. 261]
Müxtəlifzamanlılıq münasibətinin formalaşması budaq cümlədə işin icrasının eyni zamana düşməməsi ilə bağlıdır. Belə ki, budaq cümlədəki hərəkət baş cümlədəki hərəkətə nisbətən əvvəlcə və ya sonra icra edilir ki, bunun nəticəsində zaman münasibətləri müxtəlifləşir. Yəni növbəli şəkildə əvvəlcə budaq cümlədəki hərəkət icra olunur, sonra isə baş cümlədəki hərəkət yerinə yetirilir və ya əksinə. Məsələn:
Dostları ilə paylaş: |