3.4. Zaman budaq cümləsinin natamam formaları
“Situasiyadan, məqsəddən asılı olaraq çox zaman hər hansı fikrin ifadəsi üçün formal lazımi dil materialları işlədilmir, bir çox hallarda onları başqa vasitələr əvəz edir. Bu hal tabeli mürəkkəb cümlələrdə də özünü göstərir və onların natamam formaları meydana çıxır” [43, s. 119]
Bu vəziyyətlə zaman budaq cümləsinin quruluş modellərində də rastlaşmaq olur. L.A.Barannikovanın fikrincə, “tabeli mürəkkəb cümlələrin növləri arasında daha çox zaman budaq cümləsinin quruluşunda bir çox hallarda dəyişiklik müşahidə olunur, buna baxmayaraq fikir natamam qalmır” [69, с. 111].
Bunun səbəbi dildə qənaət meyli ilə birbaşa bağlıdır. İngilis və Azərbaycan dillərində zaman budaq cümləsinin natamam formaları 3 cür təzahür edir:
1. Elliptik formalı zaman budaq cümləsi.
2. Yarımçıq formalı zaman budaq cümləsi.
3. İxtisar formalı zaman budaq cümləsi.
Elliptik formalı zaman budaq cümləsi. T.Müzəffəroğlu Azərbaycan dilində tabeli mürəkkəb cümlənin elliptik formalarının müxtəlif vəziyyətlərdə özünü göstərdiyini qeyd edir, bu forma müxtəlifliyinin, hər şeydən əvvəl, həmin konstruksiyaların hansı struktur formalardan intişar tapması ilə əlaqədar olduğunu vurğulayaraq yazır ki, ilkin struktur formaların semantik-struktur xüsusiyyətləri və leksik cəhətdən ifadə imkanları, habelə komponentlər arasındakı semantik əlaqənin səviyyəsi onların sonrakı mərhələdə transformasiya prosesinə özünün ciddi təsirini göstərir [43, s. 125].
İngilis və Azərbaycan dillərində budaq cümlənin baş cümləni zamana görə müəyyənləşdirən tipində elliptik formalı zaman budaq cümləsi işlənənə bilir. Bu zaman birinci tərkib hissədə müəyyən söz ellipsisə uğramış olur və onu yenidən bərpa etmək mümkünləşir. Məsələn:
O vaxt çatdıq ki, dəliləri dar ağacının yanına gətiriblər (bütöv formalı zaman budaq cümləsi). Bu konstruksiyanın baş cümləsində o vaxt sözünü işlətməsək, bu zaman elliptik formalı zaman budaq cümləsi əmələ gələr: Çatdıq ki, dəliləri dar ağacının yanına gətiriblər.
Ellipsis hadisəsi zaman budaq cümləsinin ikinci tipində də baş cümlədə müşahidə olunur. Məs.: müqayisə et:
Hər iki qütbün bütöv forması: Nə vaxt lazım olsam, iş yerimi tanıyırsınız, gələ bilərsiniz.
Hər iki qütbün elliptik forması: Nə vaxt lazım olsam, iş yerimi tanıyırsınız (…) (ellipsisə uğramış üzv)
Qeyd edək ki, elliptik formalı zaman budaq cümləsinin komponentləri –sa2 budaq cümlələrində təzahür edir.
İngilis dilində isə zərflik budaq cümlələrinin əksəriyyətinin, o cümlədən zaman budaq cümləsinin natamam və ya ixtisar olunmuş variantları ola bilir. Zaman budaq cümləsinin natamam forması onda meydana çıxa bilər ki, budaq cümlənin mübtədası baş cümlənin mübtədası ilə uyğun gəlsin, eyni zamanda xəbərdə be feili iştirak etsin. Bu zaman həm mübtəda, həm də xəbərdəki be feili buraxıla bilir. Məsələn:
He attended English language courses in Finland when traveling last winter = He attended English language courses in Finland when he was traveling last winter.
Yarımçıq formalı zaman budaq cümləsi. Yarımçıq cümlə dialoji nitq üçün daha çox xarakterikdir. Canlı dialoqlarda yarımçıq cümlənin sadə formaları kimi, mürəkkəb formalaından da istifadə olunur. Bu hal dialoqun təbiəti ilə bağlıdır.
Sadə yarımçıq cümlələrdə cümlə üzvlərindən biri buraxıldığı halda, tabeli mürəkkəb cümlələrdə yalnız komponentlərdən biri, yəni ya baş, ya da budaq cümlə buraxılır, cümlə quruluş cəhətdən yarımçıq şəklə düşür, amma mənaya heç bir xələl gəlmir. Bunun səbəbini T.Müzəffəroğlu çox düzgün əlaqələndirir. Onun fikrincə, “tabeli mürəkkəb cümlələrdə, adətən, budaq cümlə rema funksiyasında çıxış edir. Hər hansı bir cümlə üçün isə rema yeni məlumat vermə əsasdır. Ona görə də əvvəlki cümlədə xatırlanan məlumatın təkrarına ehtiyac qalmadan yalnız yeni məlumat verilir” [43, s. 156].
Yarımçıq forma budaq cümlənin hamısında özünü göstərir. A.Karnauxova namizədlik dissertasiyasını müasir ingilis dilində yarımçıq budaq cümlələrə həsr etmişdir [101].
Müəllif yarımçıq formalı budaq cümlələrin dialoq nitqində intensiv işlənməsini, postpozitiv baş cümlələrin bu məqamda buraxılmasını adi hal sayır. T.Müzəffəroğlu yazır ki, söz yox ki, burada, əsasən, nisbi əvəzlikli tabeli mürəkkəb cümlələr nəzərdə tutulur. Ona görə ki, həmin tip konstruksiyalarda relyat-korrelyat münasibəti komponentləri müvazi şəkildə qarşılaşdırır və bunun nəticəsində qarşılaşdırılan komponentlərdən əsas informasiyaya malik komponent işlənmiş olur [43, s. 157].
Qeyd edək ki, dialoqlarda həm zaman budaq cümləsinin bütöv, həm də yarımçıq formalarına rast gəlmək olur.
Bütöv forma dialoji şəraitdə obrazların nitqində işlədilir. Məsələn:
Dostları ilə paylaş: |