İqlim nəzəriyyəsi. Bu nəzəriyyəyə yuxarıda adını çəkdiyimiz De-
Lambardininin nəzəriyyəsi daxildir. Sonralar alman alimi A.Penk və fransız alimləri
L.A.Fabr və Y.Marşal da bu nəzəriyyənin tərəfdarı olmuş və onu inkişaf etdirmişdir.
Lakin V.Gilber bunun əksinə olaraq sübut etməyə çalışmışdır ki, yağış gətirən hakim
küləklərin döydüyü yamac, De-Lambardi və başqa müəlliflərin dediyi kimi dik yox,
meyilli olacaqdır (eroziya daha gərgin inkişaf etdiyinə görə).
Struktur nəzəriyyə. Çay dərələri monoklinal yatıma malik olan süxur laylarını
uzununa kəsərsə, layların yatım istiqamətinə uyğun olan yamaclar meyilli, layların
“başı” kəsilən yamaclar isə dik olacaqdır. Bu cür dərələrə Krım dağlarının şimal
yamacında, Şimali Qafqazda, Dağıstanda və başqa yerlərdə müşahidə edilən
subsekvent dərələr misal ola bilər.
Əgər tektonik pozulma nəticəsində eroziyaya davamlı və davamsız laylar
pozulma xətti üzrə eyni səviyyədə yerləşirsə, davamsız laylar üzə çıxan yamac
meyilliyi, davamlı layları çılpaqlaşmış yamac isə nisbətən dik olacaqdır.
Topoqrafik nəzəriyyə. Hələ 1898-ci ildə Qazan universitetinin professoru
A.V.Neçayev Kama çayı hövzəsində bir sıra çay dərələrinin asimmetrik quruluşa
malik olmasını yamaclarda səth axımlarının müxtəlifliyi ilə izah etməyə
çalışılmışdır.
Sonralar A.A.Borzov Penza, Kiyev və s. vilayətlərin ərazisində apardığı
müşahidələr nəticəsində A.V.Neçayevin ideyasını əsaslandırmış və inkişaf
etdirmişdir. Ona görə də ədəbiyyatda son vaxtlar bu nəzəriyyə Neçayev-Borzov
nəzəriyyəsi adlanır.
Bu nəzəriyəyə görə ərazinin ümumi meyl səmtinə şaquli və ya buna yaxın
istiqamətdə kəsilmiş çay dərələrində səthi meyl səmtinə uyğun gələn yamaclarda
sutoplayıcı sahə geniş, eroziya prosesləri (xüsusən səth axım) güclüdür. Buna görə
də yamaclar meyilli, əks yamaclar isə dik olacaqdır.
Hidrodinamik nəzəriyyə. Bu sahədə yalnız B.Qoryunov və J.Bryunovun
nəzəriyyəsi məlumdur. Müəlliflərin fikrincə çay suyu öz axımında maneəyə təsadüf
edərkən burulğan əmələ gətirir və su Şimal yarımkürəsində çayın kənarında saat
əqrəbinin hərəkətinə əks istiqamətdə, dairə üzrə hərəkət edir. Buna görə də sağ
sahillər yuyulur, dik və sıldırım şəkil alır.