Mühazirə 1: Ana dilinin tədrisi metodikasının ümumi məsələləri



Yüklə 1,54 Mb.
səhifə23/68
tarix01.01.2022
ölçüsü1,54 Mb.
#104223
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   68
Motivasiya




Tədqiqat sualı




Tədqiqatın aparılması




I Qrup

II Qrup

III Qrup

IV Qrup




Məlumat mübadiləsi




Müzakirə




Nəticə




Qiymətləndirmə



6.2. Dərsin mərhələləri

Dərsin I mərhələsi: Motivasiya, problemin qoyulması.

Hər bir tədqiqatı başlamaq üçün problemi müəyyənləşdirmək lazımdır. Əsl problem həmişə çoxsaylı fərziyyələr, ehtimallar doğurur və bunları yoxlamaq üçün ilk növbədə tədqiqat sualı formalaşdırılmalıdır. Məhz bu tədqiqat sualı yeni biliklərin kəşfinə aparan bələdçi rolunu oynayır. Bəs nə üçün biz dərsin bu mərhələsini motivasiya adlandırırıq? Psixoloji amil kimi motivasiya hər hansı fərziyyənin mexanizmini işə salan sövqedici qüvvədir. Motivasiya qismində ortaya gətirilmiş problem və onun həlli tələbatı fəal dərsdə təfəkkür prosesini işləməyə sövq edən və şagirdlərin idrak fəallığını artıran amil kimi çıxış edir. Bu prosesin ən mühüm nailiyyətlərindən biri düşünmənin sərbəstliyi və müstəqilliyidir: Uşaq öz fikrini “Zənnimcə”, “Mənə belə gəlir ki,.....”, “Mən belə hesab edirəm ki,....” sözlərindən istifadə etməklə ifadə edir.



Dərsin II mərhələsi: Tədqiqatın aparılması.

Problemin həlli üzrə irəli sürülən fərziyyələri təsdiq və ya təkzib edən, habelə qoyulan tədqiqat sualına cavab verməyə kömək edə biləcək faktları tapmaq zərurəti ortaya çıxır. Buna şagirdləri irəli sürülmüş problemin həllinə məqsədyönlü şəkildə aparan, özündə yeni informasiyanı və yeni sualları daşıyan müxtəlif çalışmalar kömək etməlidir. Məhz yeni faktların öyrənilməsi və bu sualların cavablarının tapılması gedişində düşünmək və yeni bilgilər kəşf etmək üçün münasib şərait yaranır.

Tədqiqat müxtəlif formalarda: bütün siniflə birgə, kiçik qruplarda, cütlük şəklində və fərdi şəkildə aparıla bilər. Lakin interaktiv təlim anlayışının özü ənənəvi təlimdə tətbiq edilən frontal və ya fərdi mövcudluğunu ehtiva edir.

Dərsin III mərhələsi: İnformasiya mübadiləsi.

Bu mərhələdə iştirakçılar tədqiqatın gedişində əldə etdikləri tapıntıların, yeni informasiyanın mübadiləsini aparırlar. Qoyulmuş suala cavab tapmaq zərurəti tədqiqatın bütün iştirakçılarını bir-birinin təqdimatını fəal dinləməyə sövq edir. Təqdimat bir növ yeni biliklərin dairəsini cızır və hələlik bu biliklər natamam və xaotik xarakter daşıyır. Məhz bu mərhələdə yeni bir tələbat-həmin bilikləri qaydaya salmaq, sistemləşdirmək, müəyyən bir nəticəyə gəlmək üçün tədqiqat sualına cavab tapmaq zərurəti yaranır.



Dərsin IV mərhələsi: İnformasiyanın müzakirəsi və təşkili.

Bu, ən mürəkkəb mərhələdir və bütün bilik, bacarıq və vərdişlərin, təfəkkürün müxtəlif növlərinin (məntiqi, tənqidi, yaradıcı) səfərbərliyini tələb edir. Müəllim fasilitasiya əsasında (yönəldici, köməkçi suallardan istifadə etməklə) əldə edilimiş faktların məqsədyönümlü müzakirəsinə və onların təşkilinə kömək edir. İnformasiyanın təşkili bütün faktlar arasında əlaqələrin aşkara çıxarılmasına və onların sistemləşdirilməsinə yönəldilir. Nəticədə mövcud tədqiqat sualına cavabın cizgiləri aydın seçilməyə başlayır.



Dərsin V mərhələsi: Nəticə, ümumiləşdirmə.

Beləliklə, şagirdlərə yeni biliyin kəşfi yolunda son addımı atmaq: konkret nəticəyə gəlmək və ümumiləşdirməni aparmaq işi qalır. Bunun üçün şagird nəinki əldə olunan bilgiləri ümumiləşdirməli, həm də gəldiyi nəticəni tədqiqat sualı ilə (bu nəticə həmin suala cavab verirmi?) və irəli sürülmüş fərziyyələrlə (onların arasında düzgün olanı varmı?) müstəqil olaraq tutuşdurmalıdır.

Bu, çox mühüm məqamdır. Dərsin kulminasiyasını isə bilgiləri məhz özləri kəşf etdikləri üçün şagirdlərin duyduqları sevinc və məmnuniyyət hissi təşkil edir.

Dərsin VI mərhələsi: Yaradıcı tətbiqetmə.

Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı surətdə tətbiqidir. Yaradıcı tətbiqetmə biliyi möhkəmləndirir, onun praktik əhəmiyyətini uşağa açıb göstərir. Buna görə müəllim imkan daxilində şagirdlərə təklif edə bilər ki, onlar müəyyən məsələlərin həlli üçün, yaxud hansısa yeni suallara cavab tapmaq üçün, qazanılmış bilikləri tətbiq etməyə çalışsınlar. Əgər yaradıcı tətbiqetmə dərhal mümkün deyilsə və əvvəlcə biliklərin mənimsənilməsi yolunu sona qədər (model üzrə tətbiqdən başlamış, yeni şəraitdə tətbiqə qədər) keçmək tələb olunursa, deməli bu yolu keçmək lazımdır. Lakin son nəticədə yaxşı olar ki, şagirdlərə onların kəşf etdikləri bilgilərin yaradıcı surətdə tətbiqinə dair çalışma verilsin və bu halda həmin bilgi həmişəlik onların şüurunda həkk olunar. Bu mərhələ vaxt etibarilə yalnız bir akademik dərslə məhdudlaşdırılmaya da bilər, yəni onun həyata keçirilməsi sonrakı dərslərdə də mümkündür.



Dərsin VII mərhələsi: Qiymətləndirmə və ya refleksiya.

Qiymətləndirmə istənilən prosesin təkmilləşdirilməsini təmin edən bir mexanizmdir. Təkmilləşdirmək üçün vaxtında öz qüsurlarını və öz nailiyyətlərini aşkar etmək, uğur qazanılmasına nələrin mane olduğunu və nələrin kömək etdiyini müəyyənləşdirmək vacibdir. Şagirdlərin təlim fəaliyyətində qiymətləndirmə və refleksiya prosesləri məhz bu məqsədə xidmət etməlidir.

Dərs başa çatdıqdan sonra göstərilmiş fəaliyyətlərdən birini-qiymətləndirmə və ya refleksiyanı həyata keçirərkən müstəqil öyrənmə proseslərinin nəzərdən keçirilməsi və bunun nətisəsində öz öyrənmə fəaliyyətinin təkmilləşdirilməsi məqsədəuyğun olardı. Bəzən qiymətləndirmə və refleksiyanı dərsin müxtəlif mərhələlərinə daxil etmək olar, bunun özü də təlim prosesinin daha uğurla keçməsinə kömək edər.

Şagirdlərin işinin effektivlik dərəcəsi həm kəmiyyət, həm də keyfiyyətcə qiymətləndirilə bilər, müxtəlif metodlarla və müxtəlif formalarla həyata keçirilə bilər. Lakin müəllim yadda saxlamalıdır ki, qiymətləndirmə ilk növbədə şagird üçün özünüqiymətləndirmə və özünənəzarət vasitəsi rolunu oynamalıdır.



Yüklə 1,54 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin