Mühazirə 1 Giriş. VERILƏNLƏR BAZASININ IDARƏ OLUNMASI Verilənlər bazasının idarəetmə sistemi- Verilənlər bazası məlumat və ya qeydlər toplusudur. Verilənlər bazası idarəetmə sistemi (DBMS) məlumatların saxlanılması və təşkili üçün standart bir metoddan istifadə edən bir proqram sistemidir.
VBIS-in əsas funksiyalarına aşağıdakılar daxildir:
- VB-nin fayllarını, aralarındakı əlaqələri nəzərə almaqla, təşkil etmək;
- verilənlərin əlavə edilməsi, dəyişdirilməsi və silinməsini təmin etmək;
- sorğuya görə seçilən verilənlərin emalı
- çıxış sənədlərinin (hesabatların) əks etdirilməsi
Verilənlərə müraciətin VBIS tərəfindən idarə olunması aşağıdakı kimi aparılır:
1.Müəyyən dildən istifadə etməklə istifadəçi öz sorğusunu formalaşdırıb sistemə daxil edir.
2. VBIS sorğunu qəbul edərək onu təhlil edir.
3. VBIS tərəfindən həmin sorğuya uyğun xarici, konseptual sxem araşdırılıb yaddaşın işçi sahəsinə köçürülür.
4. VBIS seçilən verilənlər üzərində tələb olunan əməliyyatları aparır.
5.Alının nəticələr lazımi formaya salınıb hesabat tərtib edilir və çıxışa verilir.
VBIS-in əsas vəzifəsi verilənlər bazası ilə istifadəçi arasında interfeysin yaradılmasıdır.
VBIS-in yuxarıda qeyd olunan funksiyaları öz növbəsində aşağıda göstərilən funksiyalarından istifadə edirlər: 1. Xarici yaddaşda saxlanan verilənlərin idarə edilməsi Müxtəlif sistemlərdə bu funksiyalar resursların idarə olunması səviyyəsində və həmçinin verilənlərin idarə edilməsi alqoritmləri səviyyəsində müxtəlif cür reallaşdırılır.
2. Əməli yaddaşın buferlərinin idarə edilməsi Xarici yaddaşla əməli yaddaş arasında verilənlər mübadiləsinin sürətləndirilməsini əməli yaddaşda verilənlərin buferləşdirilməsi vasitəsilə əldə etmək olar. Bu məqsədlə əməli yaddaşda VB-nin VBIS tərəfindən istifadə edilməsi planlaşdırılan fraqmentlərinin saxlanması üçün buferlər yaradılır.
3. Tranzaksiyaların idarə olunması Tranzaksiya – bazadakı verilənlər üzərində aparılan əməliyyatların bölünməz ardıcıllığıdır. Əgər tranzaksiyaya daxil olan bütün əməliyyatlar uğurla yerinə yetirilirsə, tranzaksiya uğurlu nəticə ilə başa çatır (COMMIT).Əgər tranzaksiya sona çatmırsa, o, bütövlükdə icra edilmir və geri qaytarılır (ROLLBACK).
Tranzaksiya aşağıdakı xassələrə malikdir:
- atomarlıq; yəni tranzaksiyaya daxil olan əməliyyatların ya hamısı yerinə yetirilir, ya da heç biri;
- seriyallaşma, çoxistifadəçili sistemdə eyni vaxtda yerinə yetirilən tranzaksiyaların bir-birinə təsiri olmur;
- davamlılıq, sistem işini dayandırdıqda belə, icra olunmuş tranzaksiyanın nəticələri saxlanır.