Dərsin I mərhələsi
Motivasiya (problemin qoyulması).
Fəal təlim metodlarında müəllim üçün ən çətin və maraqlı olan və dərsin bünövrəsini təşkil edən motivasiya mərhələsidir. Şagirdlərdə idrak fəallığı yaratmaq məqsədilə dərsin məzmunundan yaranan problemin qoyulması motivasiya anlayışının mənasını əks etdirir. Ən mühüm təlim motivi mənəvi təlabatdan yaranır. Motiv stimulun şüurda əks olunmasıdır. Stimul obyektiv, motiv subyektiv hadisədir. Fəal təlimdə motivlərin yaradılması yolları konkretləşdirilmişdir. Əslində motivlər müsbət və mənfi emosiyalardan doğur və iki qrupa bölünür. Şagirdlərin təlim maraqları motivlərlə bağlıdır. Elə şagird vardır ki, təriflənəndə, digəri fənn müəlliminə rəğbət bəslədiyi üçün, bir başqası fənni sevdiyindən yaxşı oxuyur. Qiymət xatirinə oxuyan şagirdin motivi mənfidir. Oxumağın sosial mənasını dərk edən və bu səbəbdən bilik, bacarıq qazanmağı qarşısna məqsəd qoyan şagirdin motivi müsbətdir. Müəllim şagirdlərdə müsbət emosiyalara əsaslanan motivlərin inkişafına təsir edən mənəvi keyfiyyətlərin formalaşmasına nail olmalıdır.
Müəllim şagirdlərdə təlim əməyinin həllindən həzz almaq, təlim əməyinin (oxumağın) ictimai–sosial mənasını, bilik, bacarıq və vərdişlərin əhəmiyyətini dərk etmək, bilmədiklərini anlamaq və müvafiq əməli işlər görmək, həyatda öz yerini düzgün müəyyənləşdirməyə səy göstərmək kimi keyfiyyətlər formalaşdırmalıdır. Motivasiyanın əsas məqsədi şagirdi təlim əməyinə düzgün təhrik eməkdir. Öyrəniləcək mövzunun məzmunundan asılı olaraq dərsdə motivasiyanın yaradılması və eyni vaxtda da problemin qoyulması bir məqsədə xidmət edir. Belə ki, dərsin ilk dəqiqələrindən şagirdlərin idrakı fəallığını artırmaq və təfəkkür qabiliyyətlərini inkişaf etdirmək üçün problemin qoyulması zərurəti yaranır.
Dostları ilə paylaş: |