Tektonik çökmə gedən rayonlarda isə materialların akkumulyasiyası eroziya–denudasiyanı üstələyir, yarğan–qobu şəbəkəsinin inkişafı zəifləyir, çay dərələri genişlənir. Burada ana süxurlar IV dövr çöküntüləri altında basdırılır.
Tektonik çökmə gedən rayonlarda yeraltı sular səthə yaxınlaşır. Ərazinin qalxma və çökməyə məruz qalması bütövlükdə keyfiyyətcə yeni landşaft növlərinin, mərz və fasiyaların əmələ gəlməsində,landşaftdaxili differensiasiyada aparıcı rol oynayan amillərdən biridir.
Rusiya düzənliyində bataqlıq və torf əmələgəlmə proseslərini B.B.Lomakin və M.N.Nikonov yeni tektonik hərəkətlərlə bağlayırlar. N.B.Tixonov Kalininqrad vilayətində və Meşşori ovalığının şərqində qalın torf təbəqəsinin əmələ gəlməsində yeni tektonik hərəkətlərin rolunu yüksək qiymətləndirir. Torpaqların və qruntun şorlaşması prosesi də yeni tektonik hərəkətlərdən çox asılıdır. Şimali Xəzər ovalığı,Qara dəniz sahili ovalığının cənub qurtaracağı torpaqlarının yüksək dərəcədə şorlaşması hər şeydən əvvəl, həmin ərazilərin tektonik çökməyə məruz qalması ilə əlaqədardır.
Sumqayıt–Şabran magistralı ilə hərəkət edərkən, Böyük Qafqaz dağlarının şimal–şərq yamaclarından ayrılan eyni adlı (Sumqayıt-Şabran) düzənlik altında basdırılmış köndələn tektonik qalxma və çökmə strukturlarının relyefdə zəif də olsa müşahidə edildiyinin şahidi oluruq. Həmin qalxmalar üstündə torpaq–bitki örtüyünün yaxşı inkişaf etdiyi, torpaqların zəif şorlaşdığı, yeraltı suların dərində yerləşdiyi müşahidə edilsə də, qalxmalar arasındakı çökəkliklərdə çılpaq şoranlıqlar yayılmış, duzlu yeraltı sular səthə yaxın yerləşmişdir.
Belə nəticəyə gəlmək olar ki, düzənlik ölkə landşaftları da dağlıq ölkə landşaftlarında olduğu kimi yeni tektonik hərəkətlərin məhsulu və onun törəməsidir.
Dostları ilə paylaş: |