Sağlam həyat tərzi və onun yaradılması. Sağlam həyat tərzinə belə bir sadə tərif vermək olar: İnsanların fəaliyyətində və davranışında sağlamlığın möhkəmləndirilməsinə xidmət göstərən nə varsa o, sağlam həyat tərzinə aiddir.
Sağlam həyat tərzinin yaradılması yolları onun funksional strukturundan başlanır. Bu yolun açarı tibbi aktivlikdir. Sağlam həyat tərzinin yaradılmasının 2 istiqaməti mövcuddur:
1. Sağlamlığa pozitiv təsir göstərən şərait, faktor və şərtlərin yaradılması, inkişafı, gücləndirilməsi, ictimai sağlamlıq potensialının formalaşdırılması.
2. Risk faktorlarının qarşısının alınması, zəiflədilməsi.
Hər 2 istiqamətin bir-biri ilə əlaqədə olmasına baxmayaraq, hazırda təcrübi fəaliyyətdə görülən iş ancaq risk faktorları ilə mübarizəyə doğru yönəldilmişdir. Çünki, sağlam həyat tərzini, şəraitini yaratmaq çox mürəkkəbdir. Hazırda bu istiqamətdə 10 prioritet norma mövcuddur. Bunların içərisində: əmək gigiyenası qaydalarına və texniki təhlükəsizliyə riayət etmək; öz-özünə psixogigiyenik və psixoterapevtik yardımın göstərilməsi; siqaret çəkmədən və içki içmədən özünü qorumaq; kifayət qədər fiziki aktivlik göstərmək; balanslaşdırılmış qidalanma; tibbi yardım almaq üçün vaxtında müraciət etmək; ilk - həkimə qədərki yardımı bacarmaq, mehriban ailə münasibətlərini təmin etmək, məişətini sağlamlaşdırmaq və s. göstərilə bilər.
Faktiki olaraq bu normalar müsbət tibbi aktivliyin əlamətləridir. ÜDST irəli sürdüyü məsləhətlər isə daha konkretdir. Məsələn: ürəyin işemik xəstəlikləri və digər xroniki xəstəliklərin profilaktikası üçün qanda xolesterinin səviyyəsini azaltmaq məqsədilə heyvani yağları azaldıb, meyvə və tərəvəzi rasionda artırmaq, xörək duzundan az istifadə etmək, bədən çəkisini normada saxlamaq, sosial və professional stresləri azaltmaq və s.
Moskva, Bişkek, Minsk, Kaunas şəhərlərində ÜDST-nın 5-8 il müddətində həyata keçirdikləri kooperativ proqramı nəticəsində ürəyin işemik xəstəliklərindən ölümü 25% azaltmaq, ümumi ölümü 10% endirmək mümkün olmuşdur. 1972-1992- ci illərdə Yaponiyada bu proqram ürək-damar sistemi xəstəliklərindən ölümü kişilərdə 36%; qadınlarda 42%, ABŞ-da 32- 39%, Fransada 23-35%, İngiltərədə - 17-20%, Almaniyada 11-22% aşağı salınmasına səbəb olmuşdur.
Sağlam həyat tərzinin yaradılması səhiyyə sahəsində sosial siyasətin əsas istiqaməti olmalıdır və özündə profilaktika, xüsusən birincili profilaktika elementlərini daşımalıdır. Bu istiqamətdə həm ümumdövlət, respublika, vilayət, şəhər, rayon və digər ərazi proqramları və eləcə də ayrı-ayrı müəssisə və təşkilatların proqramları fəaliyyət göstərməlidir. Bu proqramlar ancaq Səhiyyə Nazirliyinin, səhiyyə orqan və müəssisələrinin kompetensiyalarına daxil deyil. Çünki Səhiyə Nazirliyi əxlaqi-mənəvi, psixoloji, hüquq-mühafizə və digər tədbirlərin tam kompleksini təmin edə bilmir. Buna görə mədəniyyət, hüquq və s. orqan və müəssisələrilə əlaqəli surətdə fəaliyyət göstərməlidir. Birincili profilaktika tədbirlərinin həyata keçirilməsi bütün müalicə-profilaktika müəssisələrinin, xüsusən sağlamlıq mərkəzlərinin, profilaktika mərkəzlərinin başlıca vəzifəsi olmalıdır. Sağlam həyat tərzinin təbliği həm səhiyyə maarifi xətti üzrə, həm də gigiyenik vərdişlərin öyrənilməsi, davranış norma və qaydalarına riayət olunması və onun konkret şəraitdə aktiv şəkildə həyata keçirilməsi üzərində qurulmalıdır. 1988-ci ildən Səhiyyə Nazirliyinin əmri ilə sanitariya maarifi evləri sağlam həyat tərzi mərkəzlərinə çevrilmişdir, onların tərkibində fiziki təlim otaqları, psixogigiyena, nigah və ailə, ailə münasibətləri və s. kabinələri açılmışdır. Bazar iqtisadiyyatına keçidlə əlaqədar hazırda sağlam həyat tərzi proqramlarına maraq azalıb. Sığorta təbabəti güclü olan Almaniya, Fransa və digər ölkələrdə isə o, prioritet yerlərdən birini təşkil edərək maliyyə cəhətdən lazımı yardımla təmin edilir. Bizdə də o, prioritet yerlərdən birini təşkil etməli və pulsuz dövlət proqramları sırasına daxil edilməlidir. Gigiyenik savad və mədəniyyət ümumi mədəniyyət və təhsilin bir hissəsidir. Buna görə təhsil proqramlarına gigiyenik tərbiyə və Sağlam həyat tərzinin formalaşdırılması dərslərini daxil etmək vaxtı çatmışdır. 1987-ci ildən bəzi Həkimləri Təkmilləşdirmə İnstitutlarının tərkibində Sağlam həyat tərzi kafedraları və kursları (valeologiya və sanalogiya) yaradılmaqdadır.
Bir neçə min respondentin cavabından aydın olub ki, onların 64% həkimə vaxtında müraciət etmir, ancaq 8-10%-i idmanla daim məşğul olur; məktəb müəllimlərinin hətta 60%-i gigiyenik vərdişlərin yaradılmasını şagirdlər üçün vacib saymır, 60%-i isə spirtli içkilərin içilməsinin zərərindən danışmağı belə lazım bilmir. Respondentlərin 40% hipertoniya ilə xəstə olduqlarını bilmir, bilənlərin isə 20%-i müalicə və profilaktika tədbirləri aparmır. Valideynlərin 40% uşaq xəstəliklərinin profilaktikasını bilmir.
Sağlam həyat tərzinin formalaşdırılmasının vacibliyini ÜDST zəruri sayaraq göstərir ki, 70-ci illərin sonundan başlayaraq sağlamlıq uğrunda mübarizəni yeni yolla aparmaq lazımdır.
Dostları ilə paylaş: |