Cəzaların müəyyənləşdirilməsi
Qaydaların qoyulmasından sonra hansı qayda pozuntusuna necə cəzanın veriləcəyi müəyyənləşdirilməlidir. Qayda pozuntularının bir neçə dəfə təkrarlanması halında veriləcək cəzanın şiddətinin artması cəzanın mərhələləri məsələsini meydana çıxarır.
İntizamın məqsədi qayda pozuntularının təkrarlanmasının qarşısını almaq olduğu üçün arzuolunmaz davranışların cəzalandırılması lazımdır. Əgər müəssisənin qaydaları müəyyənləşdirdiyini, cəzaları isə müəyyənləşdirmədiyini ya da cəzaların şöbə idarəçiləri tərəfindən vəziyyətə görə verildiyini düşünsək, belə olduğu halda şöbələrarası fərqliliklərin olması qaçınılmazdır. İşçilər cəzalandırma məsələsində çox həssasdır. Eyni qayda pozuntusuna görə digər işçiyə qarşı fərqli davranıldığını görərsə, verilən cəza arzuolunmaz davranışı düzəltməyəcək, əksinə işçinin təşkilata olan bağlılığını azaldacaqdır.
Qayda pozuntularına veriləcək cəzaların qabaqcadan müəyyən olunaraq işçilərə bildirilməsi lazımdır. Cəzaların tətbiq olunması zamanı Həmkarlar İttifaqları işçiləri qorumaq üçün hüquqi zəmin axtarır. Qayda pozuntularına qarşı veriləcək cəzaların qabaqcadan işçilərə bildirilməsi müəssisənin fərqli şöbələrində fərqli cəzaların tətbiqinin qarşısını alacaqdır.
Veriləcək cəzanın çəkindirici olmağı lazımdır. Qayda pozuntusunun ağırlığına uyğun olaraq cəzaların şiddəti də artırılmalıdır. Cəza növləri ölkə qanunlarına, dövlət müəssisəsi ya da özəl müəssisə olmaq və s. səbəblərdə dəyişə bilər. Əsas cəzalandırma mərhələləri aşağıdakılardır:
Xəbərdarlıq
Qınamaq
Əmək haqqından kəsmək
İşdən müvəqqəti uzaqlaşdırmaq
İşdən qovmaq
Xəbərdarlıq. İşçilərin əmək müqavilələrinə zidd davranışları, fiziki və iş baxımından əskikliyi, müəssisənin normal işləməsinə mane olan hərəkətləri olduqda tətbiq olunur. Xəbərdarlıq yazılı şəkildə təqdim olunur.
Qınamaq. İşçilərin işə lazımi diqqəti yetirməməsi, məsuliyyətlərinin öhdəsindən gəlməməsi kimi xəbərdarlıq cəzasına xas olan digər hallar zamanı tətbiq olunur.
Dostları ilə paylaş: |