Qurucu intizam
Qurucu intizam tədbirləri düzəldici intizam tədbirlərinə alternativ olaraq formalaşdırılmışdır. Qurucu intizam tədbirlərinin başlıca məqsədi işçilərin qaydaları pozmasını cəzalandırma həyata keçirmədən düzəltməkdir. Qurucu intizam tədbirlərində cəza vermək yerinə, məsləhət vermək tətbiq olunur. Qurucu intizam tədbirlərinə görə qayda pozuntuları işçilər üçün təbii haldır. Qaydaları pozduğu halda işçiləri cəzalandırmaqdansa, bu davranışın səbəblərini soruşmaq və yenidən təkrarlamaması üçün işçiyə kömək olmaq problemin qarşısını almaq baxımından daha təsirlidir.
Qurucu intizam tədbirlərində işçi qaydanı pozduğu zaman, rəhbər tərəfindən bu davranışın səbəbi soruşulur, deyilən səbəblər müzakirə olunur, qayda pozuntusunun yenidən təkrarlanmaması üçün birlikdə çıxış yolları formalaşdırılır və qarşılıqlı razılıq əldə olunur. Eyni qayda pozuntusunun təkrarlanması halında isə, işçiyə çox az fərqlə eyni yanaşma tətbiq olunur. Bundan sonra da işçi qayda pozuntularına davam edərsə, birbaşa işdən çıxarılır.
Qurucu intizam tədbirləri işçilərə yetkin fərdlər kimi yanaşır. Bu yanaşmaya görə cəza tədbirləri qayda pozuntularının qarşısını müvəqqəti olaraq alsa da, rəhbər işçilərin nəzarətindən kənarda qaldıqda işçilər yenidən qaydaları poza bilir. İşçiləri daima nəzarətdə saxlamaqdansa, onlara təlim keçmək, intizamın vacibliyinə inandırmaq və məsuliyyət düşüncəsini inkişaf etdirmək lazımdır.
Haqqında danışılan üç intizam tədbiri ilə bağlı bir ümumiləşdirmə aparılarsa, qabaqlayıcı intizam tədbirlərini ayrı qiymətləndirməli olduğumuz məlum olar. Məlum olduğu kimi qabaqlayıcı intizam tədbirləri qayda pozuntuları həyata keçməmişdən əvvəl onların qarşısını almağa çalışır. Düzəldici və qurucu intizam tədbirləri isə, qayda pozuntularından sonra tətbiq olunur. Bu səbəbdən də qabaqlayıcı intizam tədbirləri öz tətbiqini digər iki yanaşmadan daha tez tapır. Müəssisənin düzəldici və ya qurucu intizam tədbirlərini seçməsindən asılı olmayaraq, əvvəlcə qabaqlayıcı intizam tədbirləri həyata keçirilir.
Düzəldici intizam tədbirlərində problemlərin qarşısını qısa müddət ərzində və təşkilati olaraq almaq hədəflənir. Qurucu intizam tədbirlərində isə, problemlərin qarşısını uzun müddət ərzində və fərdi olaraq almaq hədəflənir. Müəssisələr bazar şəraitində mövcud olan qurumlardır. Fərdə yönəlmiş, uzun müddət vaxt tələb edən və təlimlə bağlı olan davranış dəyişdirmə cəhdləri bazar şəraiti baxımından səmərəli deyildir. Müəssisələr üçün başlıca hədəf qaydaları pozan işçinin ən qısa müddət ərzində və az xərclə qarşısını almaqdır.
İnsan resurslarının idarə olunmasında intizam sisteminin formalaşdırılması mərhələləri. İntizam sistemində qaydaların qoyulması, cəzaların müəyyənləşdirilməsi və cəzaların mərhələlərə ayrılması.
Müəssisələrdə intizam sisteminin təsirli şəkildə yerinə yetirilməsi üçün üç mərhələnin şüurlu şəkildə həyata keçirilməsi lazımdır. Bu mərhələlərə intizam sisteminin qurulması, təqdimatı və cəzaların tətbiqi daxildir.
Birinci mərhələ olan intizam sisteminin qurulması layihələndirmə mərhələsidir. Sistemi kim quracaq, qaydalar necə müəyyən olunacaq, cəzalar necə veriləcək və etirazlar necə ediləcək kimi bir sıra suallara bu mərhələdə cavab tapılır. Sistemin hissələri yerbəyer edilir və sistemin təqdimatı mərhələsinə keçilir.
Müəssisələrdə təsirli intizam sisteminin qurulması əsasən İnsan Resursları Şöbəsinin məsuliyyətlərinə daxildir. Bu vəzifəni yerinə yetirmək komanda işi tələb edir. İntizam sistemi çoxyönlü biliyə sahib olmağı tələb edir. Hadisələrin idarə, hüquqi və Həmkarlar İttifaqları ilə bağlı cəhətləri vardır. Bu səbəbdən sistemin qurulmasında iştirak edəcək işçilərin müvafiq sahələrdə bilik və təcrübələrə sahib olmağı lazımdır. Bundan başqa intizam sistemi qurularkən digər şöbələrin də iştirakı təmin olunmalıdır. Digər şöbələrdən olan işçilərin də komanda da iştirak etməsi, ya da intizam sistemi qurularkən onların düşüncələrindən istifadə etmək təşkilatın mühitinə uyğun intizam sisteminin formalaşdırılmasına imkan yaradar.
İnsan Resursları Şöbəsi intizam sistemini qurar, təqdim edər, şöbələrarası tətbiqlərində vasitəçilik edər, sistemin çatışmazlıqlarını düzəldər və zəruri yazışmaları həyata keçirər. Sistemin fəaliyyət göstərməsi şöbə idarəçilərinin və nəzarətçilərin məsuliyyətinə daxildir. Çünki işçilərin davranışlarının qaydalara uyğun olub olmadığını bu şəxslər aşkarlayır.
Dostları ilə paylaş: |