Maliyyə sistemi və onun zəruriliyi.
Maliyyə münasibətlərinin mövcudluğu əmtəə-pul münasibətləri ilə əlaqədardır. Azərbaycanda kapitalizmin meydana gəlməsi və əmtəə-pul münasibətlərinin inkişaf etməsi ilə onun maliyyəsi də inkişaf edir. Dövlət gəlirlərinin əsas hissəsini müxtəlif vergilər təşkil edir və dövlətin iqtisadi bazası rolunu oynayır.
Azərbaycanda sovetlər hakimiyyəti dövründə istehsalın sosialist mülkiyyətinə əsaslanan yeni formaları və keyfiyyətlə yeni maliyyə münasibətləri yarandı və inkişaf etdi. Bu sistem üçün səciyyəvi olan ümumdövlət maliyyəsi özündə dövlət büdcəsi, dövlət sosial sığortası, dövlət əmlak və şəxsi sığortasını, dövlət kreditini özündə birləşdirirdi. Xalq təsərrüfatı sahələrinin maliyyəsi isə öz tərkibinə dövlət müəssisələri və təşkilatlarının, kooperativ, müəssisələrin və təşkilatların, kolxozların və onların yuxarı orqanlarının maliyyəsini daxil edirdi. Ümumdövlət maliyyəsi və dövlət müəssisələrinin və onların yuxarı orqanlarının maliyyəsi dövlət maliyyəsini təşkil edirdi. SSRİ dağıldıqdan sonra (1991-ci il) Azərbaycan respublikası özünün dövlət müstəqilliyini elan etdi və bazar iqtisadiyyatına keçməyi vəzifə olaraq qarşıya qoydu. Bazar iqtisadiyyatına keçid şəraitində iqtisadi münasibətlərin mühüm tərkib hissəsi kimi maliyyə münasibətlərinin də yenidən qurulması obyektiv zərurət oldu.
Maliyyə mərkəzləşdirilmiş (dövlət) və qeyri-mərkəzləşdirilmiş (müəssisə, firma və təşkilatların) pul resursları fondlarının yaradılması, bölgüsü və istifadəsi üzrə yaranan iqtisadi münasibətlər sistemidir. Bu münasibətlərin formalaşması maliyyə resurslarından səmərəli və sərbəst istifadə üçün şəraitin yaradılmasını tələb edir. Buna görə də bazar münasibətlərinə keçid, özəl bölmənin yaranması, sahibkarlığın inkişaf etdirilməsi maliyyə münasibətlərinin yenidən qurulmasını bir zərurətə çevirmişdir.
Dövlət ilə müəssisə, firmalar və şirkətlər arasında olan maliyyə münasibətləri vasitəsi ilə dövlətin mərkəzləşdirilmiş xalis gəliri, dövlətin büdcəsi formalaşır. Azərbaycan dövlət maliyyə siyasəti dövlət, hökumət xərclərini tənzimləyir və fiskal tədbirləri həyata keçirir.
Fiskal siyasət – dövlət xərcləri və vergi ilə bağlı tənzimləmə sistemidir. Büdcə vəsaitinin yaranması və istifadəsi ilə bağlı dövlətin yeritdiyi maliyyə tədbirləri sistemidir.
Azərbaycanda bazar iqtisadiyyatına keçidlə əlaqədar olaraq müəssisə, firma və şirkətlərin yaradılmasının və onların özlərinin arasında maliyyə münasibətlərinin qurulması mühüm əhəmiyyət kəsb edir. Bu cür münasibətlərin qurulması maliyyə siyasətinin düzgün həyata keçirilməsi ilə bağlıdır.
Maliyyə münasibətlərinin mühüm bir hissəsini də - müəssisə, firma və şirkətlər ilə banklar arasındakı münasibətlər təşkil edir. Sahibkarlığın inkişafında, istehsalın ahəngdarlığının təmin edilməsində bank sudaları mühüm rol oynayır. Buna görə də respublikada bank işi qaydaya salınmalıdır. Bunlarla yanaşı müxtəlif səviyyəli dövlət təşkilatları arasında maliyyə münasibətləri yaranır. Belə ki, differensial rentanın bölgüsü, təbiətin mühafizəsi, flora və faunanın qorunması tədbirlərinin maliyyələşdirilməsi üçün müxtəlif idarəetmə ərazi orqanları müəyyən münasibətlərə girirlər. Həmçinin dövlət müəssisələri ilə müxtəlif şirkətlər, konsernlər, xüsusi müəssisələr də maliyyə münasibətləri yaradırlar. Bu münasibətlər vergi sistemi, investisiya siyasəti, müxtəlif iqtisadi güzəştlər və s. vasitəsi ilə həyata keçirilir.
Maliyyə münasibətləri sistemində ictimai təşkilatlarla dövlət arasında yaranan münasibətlərin də əhəmiyyətli olduğunu qeyd etmək lazımdır.
Əhali ilə dövlət arasında olan geniş əhatəli maliyyə münasibətlərini xüsusi olaraq qeyd etmək lazımdır. O, əsasən dövlət tərəfindən əhaliyə ödəmələr formasında (pensiya, posobiya, yardım, təqaüd və s.) həyata keçir. Dövlət bunu pulsuz təhsil, tibbi xidməti və s. vasitəsilə edir. Maliyyə münasibətləri həmçinin əhalinin vergi ödəmələri, əhalinin kreditdən istifadə etməsi, əhalinin sərbəst pul vəsaitlərini əmanət banklarında saxlanılması və s. əhatə edir.
Respublikanın maliyyə resursları ölkəmizdə ictimai təkrar istehsalı həyata keçirmək və iqtisadi artımı təmin etmək üçün güclü pul mənbəyidir. Buna görə də keçid dövrü ərzində mümkün olan maliyyə resurslarının səfərbərliyə alınması və istifadəsi işi təşkil olunmalıdır. Maliyyə istehsal ilə ayrılmaz surətdə bağlıdır və sahibkarlıq əsasında istehsal inkişaf etdirilməlidir ki, respublikanın maliyyəsi də inkişaf etsin.
Azərbaycan bazar iqtisadiyyatına keçməsi ilə əlaqədar olaraq respublikamızın maliyyəsi yeni məzmun alır və özünəməxsus funksiyalar yerinə yetirir – bölgü və nəzarət.
Respublikanın maliyyə sistemi vasitəsi ilə ümumi milli məhsul, pul formasında ictimai istehsalın sahələri arasında (istehsal, emal, hazır məhsulun alınması, xidmət və informasiya sahəsi) – dövlət və müxtəlif mülkiyyət formalarını əhatə edən bölmələr, sahələr, müəssisələr, firmalar, şirkətlər, trestlər arasında, ölkənin rayonları arasında, bütünlükdə cəmiyyətlə onun üzvləri arasında bölüşdürülür. Maliyyə ölkə iqtisadiyyatının bütün resurslarından ən səmərəli surətdə istifadə olunmasına, qənaət rejiminin, kommersiya hesabının, maliyyə intizamının möhkəmlənməsi və istehsalın səmərəliliyinin yüksəldilməsinə xidmət edir.
Maliyyə vasitəsilə bölgü prosesində bölgü obyekti kimi ümum milli məhsul, milli gəlir çıxış edir. Maliyyə məhsul satışından gələn pul gəlirlərini, xüsusən onun xalis gəlir təşkil edən hissəsinin bölgüsündə mühüm rol oynayır. Bu bölgü əlavə dəyər vergisi, aksız vergisi, mənfəətdən fondlar üçün haqq, normalaşdırılmış (renta) tədiyyələr və mənfəətin sərbəst qalığı şəklində tədiyyələr ödəmək, fəhlə və qulluqçulara verilən əmək haqqından ötəri sosial sığorta fondu üçün əlavələr etmək, kooperativ və xüsusi müəssisələrdən gəlir vergisi almaq yolu ilə həyata keçirilir. Yəni maliyyə vasitəsi ilə xalis gəlirin bölgüsü və yenidən bölgüsü həyata keçirilir.
Maliyyədən maliyyə vasitəsi ilə milli gəlirin çox hissəsini əhalinin sosial-mədəni ehtiyaclarına yönəldir. Belə ki, təhsil, tibb xidməti, mənzil tikintisi, pensiya, təqaüd, müavinət və s. məqsədlər üçün vəsait ayrılır.
Maliyyə sistemi vasitəsi ilə əhalinin fərdi gəlirlərinin bir hissəsi də (vergilər_ sığortalar, istiqrazlar və s. formasında) yenidən bölüşdürülür. Bu vəsaitlər dövlətin mərkəzləşdirilmiş fonduna daxil olur və məqsədli istifadə edilir.
Belə bir qənaətə gəlmək olar ki, maliyyənin bölüşdürücü funksiyası ümum milli məhsul və milli gəlirin bölgüsü və yenidən bölgüsünü həyata keçirməyə xidmət edir.
Azərbaycan dövlət maliyyə vasitəsi ilə ümum milli məhsulun istehsalı və bölgüsü, ictimai istehsalın səmərəliliyinin artması üzərində pul nəzarətini həyata keçirir.
Maliyyə nəzarəti istehsal, bölgü, əlavə resursların axtarılması, hər bir müəssisə, firma, şirkətlər və s. sahələrdə əmək və pul resurslarının qorunması və səmərəli istifadəsi üzərində manatla nəzarət formasında həyata keçirilir.
Maliyyənin nəzarət funksiyasından dövlət büdcəsinin, müəssisələrin, firmaların, şirkətlərin və təşkilatların tərkibi və icra edilməsində, məhsulun istehsal xərclərinin aşağı salınması tapşırığının müəyyən edilməsində, satış və yığım üzrə marketinq proqramlarının tərkibində geniş istifadə edilir.
Maliyyənin bölüşdürücü və nəzarət funksiyaları pul vasitələrinin toplanmasının müxtəlif metodlarında və onun cəmiyyətin müxtəlif tələbləri üçün istifadə edilməsində təzahür edir.
Respublikanın maliyyə sistemi pul vəsaitləri fondunun təşkili və istifadəsi üzrə yalnız ona xas metod və formalara malik institutların məcmu və onların vasitəsi ilə cəmiyyətdə maliyyə funksiyaları yerinə yetirilir və vəzifələri həll edilir.
Respublikanın maliyyə sistemində dövlət büdcəsi, sığorta sistemi, müəssisə, idarə və təşkilatların maliyyəsi daxildir.
Respublikanın maliyyə sisteminin tərkib hissəsi kommersiya əsaslarında fəaliyyət göstərən müəssisə, firma, idarə və təşkilatların maliyyəsindən və qeyri-kommersiya fəaliyyəti həyata keçirən idarə və təşkilatların, ictimai birliklərin maliyyəsindən ibarətdir.
Sığorta sistemi isə sosial sığorta, şəxsi sığorta, əmlak sığortası, məsuliyyət sığortası və sahibkarlıq risklərinin sığortasını özündə birləşdirir. Bütün bu maliyyə rıçaqları artıq respublikamızda yaradılmışdır və fəaliyyət göstərir.
Nəhayət dövlət maliyyəsi dövlət büdcəsi, büdcədən kənar fondlar və dövlət kreditindən ibarətdir.
Azərbaycanın maliyyə sistemi təşkilatlarının quruluşu və təşkili əsasları, bütün dövlət quruculuğu kimi Azərbaycan Respublikasının konstitusiyası ilə müəyyən olunur. Azərbaycanın bütün maliyyə sistemi orqanlarına rəhbərlik Azərbaycan dövləti idarəetmə və ali dövlət hakimiyyəti orqanları – Respublika Milli Məclisinin və Nazirlər Kabinetinin səlahiyyətinə aiddir. Onlara respublika büdcəsinə baxmaq və təsdiq etmək hüququ verilmiş, dövlət sığortasının təşkili, istiqrazların buraxılması və satışının təşkili onlara həvalə edilmişdir. Respublikanın Milli Məclisində daim fəaliyyət göstərən büdcə komissiyası yaradılmışdır.
Respublikada maliyyə sisteminə operativ rəhbərliyi Respublika Maliyyə Nazirliyi həyata keçirir. Şəhər və rayonlarda müvafiq maliyyə orqanları fəaliyyət göstərir.
Naxçıvan Muxtar Respublikasında isə Muxtar Respublikanın Ali Məclisi və Nazirlər Kabineti ali dövlət orqanlarının göstərişlərini rəhbər tutaraq, bütün maliyyə məslələrini maliyyə nazirliyi vasitəsilə həyata keçirirlər.
Bütün yuxarıda deyilənlər sübut edir ki, gənc Azərbaycan dövlətinin öz maliyyə sistemi yaradılmışdır və fəaliyyət göstərir.
Dostları ilə paylaş: |