Karib hövzəsinin müstəmləkələşdirilməsi. Meksikanın və Perunun işğalı.1510-cu ildən etibarən Amerika işğalının yeni mərhələsi – qitənin daxili rayonlarının müstəmləkələşməsi prosesi başlayır. XVII əsrin ortalarına qədər davam etmiş bu mərhələ tarixşünaslaqda “konkista” (işğal) adlanır. 1510-cu ildə konkistadorların (işğalçıların) Panama boğazını keçməsi və qitədə istehkamlar qurması bu mərhələnin başlanğıcını qoyur. 1513-cü ildə Vasko Nunyes Balboa Sakit okean sahillərinə çıxır və sahildə Kastilya kralının bayrağını sancır. 1519-cu ildə Amerika qitəsində ilk şəhər – Panama salınır. 1517-1518-ci illərdə Ernando de Kordoba ilə Xuan Qrixalvanın dəstələri Yukatan yaramadasının sahillərinə çıxırlar və burada mayyalıların dövləti ilə rastlaşırlar. İstər hərbi cəhətdən konkistadorlardan zəif olmaları, istərsə də şəhər-dövlətlər arasındakı mübarizə amili Mayya dövlətinin işğalını asanlaşdırır. İspanlar yerli əhalidən öyrənirlər ki, qiymətli metallar buraya şimaldan – astek ölkəsindən gəlir. 1519-cu ildə bu torpaqları ələ keçirmək üçün Kortesin başçılığı altında dəstə göndərilir.
Astek dövləti Meksika körfəzi sahillərindən Sakit okean sahillərinədək uzanırdı. Ölkənin mərəkəzi Mexiko vadisi idi. Mayyalılardan fərqli olaraq, asteklər mərkəzləşmiş dövlət yarada bilmişdilər. Lakin hakimiyyət uğrunda gedən mübarizə dövləti zəiflətmişdi. Hərçənd ki, Meksikanın tam işğalı 200 il davam etmişdi. Mayyalılar isə ispanlar tərəfindən yalnız 1697-ci ildə, yəni Yukatana hücumdan 173 il sonra ələ keçirilmişdi. Meksika həqiqətən ispanların ümidini doğrultmuşdu: burada zəngin qızıl və gümüş yataqları var idi. Hindulardan isə tikintidə və mədən işlərində vəhşicəsinə istifadə olunurdu. Təkcə 50 il ərzində yerli əhalinin sayı 4,5 milyondan 1 milyona qədər azalmışdı.
Meksikanın işğalı ilə eyni vaxtda ispan konkistadorları əfsanəvi “qızıl ölkəsi” olan Eldoradonu Cənubi Amerika sahillərində də axtarırdılar. 1524-cü ildə indiki Kolumbiya ərazisinin işğalı başlandı və burada Santa-Marta limanının əsası qoyuldu. Buradan ispan konkistadoru Ximenes Kesada Maqdalena çayı boyunca üzü yuxarı doğru üzərək, Boqota platosuna (yayla) çıxdı. Burada yaşayan tayfalar arasında toxa əkinçiliyi, dulusçuluq və toxuculuq inkişaf etmişdi. Xüsusilə çibça tayfası zərgərlik məmulatları ilə məşhur idi. Ən iri knyazlığı ələ keçirən Kesada 1536-cı ildə Santa-Fe de Boqota şəhərinin təməlini qoydu.
Müstəmləkəçiliyin ikinci istiqaməti Panama boğazından Amerikanın Sakit okean sahiliboyu ərazilərinə doğru yönəlmişdi. Burada Peru və ya Biru ölkəsi avropalıları cəlb edirdi. Bu dəstələrdən birinə ispan tacirlərindən biri Fransisko Pisarro başçılıq edirdi. 1524-cü ildə o, həmyerlisi Diyeqo Almaqro ilə birlikdə Amerikanın qərb sahilboyu ərazilərinə doğru istiqamət götürərək, indiki Ekvador ərazisinə gəlib çıxır. Zəngin əkin sahələri, böyük həcmdə lama ehtiyatları Pisarronun diqqətini cəlb edir. İspaniyaya dönən Pisarro 1531-ci ildə kralla müqavilə imzalayır və konkistador dəstəsinin başçısı – adelantado titulunu qazanır. 1532-ci ildə Pisarronun dəstəsi Ekvadora gəlib çıxır və qısa müddət ərzində buradakı əhalini özünə tabe edə bilir. Elə həmin il ispanlar Peruya daxil olurlar. Demək olar ki, müqavimətə rast gəlməyən Pisarro İnk dövlətinin mühüm mərkəzi – And dağlıq rayonunda yerləşən Kaxamarkaya gəlib çatır. Şəhərin başçısı əsir götürülür və ispanlar tərəfindən şəhərə yeni hakim təyin olunur. 1535-ci ildə Lima şəhərinin əsası qoyulur və Peru ərazisinin işğalı prosesi 40 il davam edir.
1535-1537-ci illlərdə adelantado Diyeqo Almaqro Çiliyə qarşı yürüşə başlayır. Lakin bu zaman konkistadorlar arasında ədavət başlayır: bu ədavətin gedişində Pisarro ilə Diyeqo Almaqro həlak olurlar. Çilinin işğalı Pedro Valdiveya tərəfindən davam etdirilir. Burada yaşayan araykan qəbilələri böyük müqavimət göstərdiklərindən, Çilinin bütövlükdə işğalı yalnız XVII əsrin sonunda başa çatır. 1515-ci ildən etibarən Paraqvayın işğalına başlanılır.
Əgər işğalın birinci mərhələsində konkistadorlar əvvəlki dövrlərdə yığılmış qiymətli metalları ələ keçirirdilərsə, 1530-cu ildən başlayaraq Meksika, Peru və indiki Boliviya ərazisində zəngin ehtiyatların sistemli şəkildə istismarına başlanılır. Bu dövrdən başlayaraq müstəmləkələşmənin xarakteri də dəyişir. İşğalçılar yeni torpaqların təsərrüfat mənimsənilməsindən imtina edir və məskunlar üçün zəruri olan hər bir şey qızıl və gümüşün müqabilində Avropadan gətirilir. Amerika koloniyalarına bir qayda olaraq zadəganlar gedirdilər. Onların əlində Amerikanın böyük qızıl və gümüş ehtiyatı toplanır və bu ehtiyatlar daha çox İspaniya krallarının hərbi işlərinə sərf olunur. Təsadüfi deyil ki, ispanlar Meksikada, Peruda və digər rayonlarda hindu icmalarını saxlayır və icmaçıların əməyindən geniş surətdə istifadə edirlər. İcma başçıları isə vergi və mükəlləfiyyətlərdən azad olunur, yerli əyanlar İspaniya kralının xidmətinə cəlb olunurlar.
1512-ci ildən başlayaraq hinduların köləliyə cəlb edilməsini qadağan edən qanunlar verilir. Hindular formal olaraq İspan kralının təbəələri sayılırdılar, xüsusi “tributo” vergisi ödəməli və mükəlləfiyyətlər daşımalı idilər. XVI əsrin 20ci illərinin sonlarından başlayaraq hinduların istismarının xüsusi forması – enkomyenda meydana çıxır. Bu istismar forması ilk dəfə Meksikada E.Kortes tərəfindən tətbiq edilir. Enkomyenda torpaq üzərində mülkiyyət hüququ vermirdi. Onun sahibi – enkomendero enkomyendanın ərazisində yaşayan hindu-icmaları istismar etmək hüququnu alırdı. Enkomendero yerli əhalinin xristianlaşdırılmasına çalışmalı, “tributo”nun vaxtlı-vaxtında ödənilməsinə nəzarət etməli idi.
XVI əsrin birinci yarısında Amerikadakı İspaniya koloniyalarının idarəetmə sisteminin ümumi cəhətləri formalaşır: Yeni İspaniya (Meksika, Mərkəzi Amerika, Venesuela və Karib dənizi adaları) və Peru vitse-krallığı (bura Braziliyanı çıxmaq şərtilə Cənubi Amerikanın qalan əraziləri daxil idi) yaradılır. Vitse-krallar ispan əyanları arasından seçilir, onlar koloniyaya 3 illiyə göndərilir, burada torpaq ala bilməz, sahibkarlıqla məşğul ola bilməzdilər. Vitse-kralların fəaliyyətinə “Hindistan Şurası” nəzarət edirdi. Koloniyalarla aparılan ticarət işi “Sevilya ticarət palatası”nın (1503) nəzarəti altında idi. O, bütün mallara gömrük müəyyən edir, rüsumları toplayır və köçürülmə proseslərini nəzarət altında saxlayırdı. İspaniyanın digər şəhərləri Sevilyanın vasitəçiliyi olmadan Amerika ilə ticarət aparmaq hüququndan məhrum idilər. İspaniya koloniyalarında əsas təsərrüfat sahəsi dağ-mədən sənayesi idi. Buna müvafiq olaraq vitse-kralların mühüm vəzifəsi mədənləri işçi qüvvəsi ilə təmin etməkdən ibarət idi. Vitse-kral həm də hərbi və məhkəmə hakimiyyətinə malik idi.
İspaniya koloniyalarında iqtisadiyyatın birtərəfli istiqamətdə inkişafı qitənin gələcək inkişafına ciddi zərər vururdu: əhali kütləvi sürətdə qırılır, əkin sahələri yararsız hala düşürdü. Tədricən ispan məskunları arasında xüsusi qrup yaranır ki, bu qrup da koloniyalarda doğulmuş, burada daimi yaşayan və metropoliya ilə demək olar ki, əlaqələri olmayan adamlardan ibarət idi. Onlar yerli əhaliyə qarışmışdılar və “kreollar” adlanırdılar. Kolonlaşma şəraitində hindu etnik qruplarının və qəbilələlərinin sürətli assimilyasiyası (qaynayıb-qarışma) və dillərinin ispan dili tərəfindən sıxışdırılması prosesi baş verir. Belə ki, mədənlərdə müxtəlif hindu tayfaları işlədiyindən, onlar üçün ümumi dil ispan dili olur. Eyni zamanda ispan məskunlarının hindu əhalisi ilə qarışması prosesi – metisləşmə gedir və metislərin sayı sürətlə artır. XVII əsrin ortalarında bir çox rayonlarda avropalıların zəncilərlə nikahından çoxsaylı mulat əhalisi yaranır. Bu, Karib sahilboyu ərazilər, Kuba və Haiti üçün səciyyəvi idi – çünki bu ərazilərdə plantasiya təsərrüfatı hökmran idi və həmin plantasiyalara Afrikadan kölələr gətirilirdi. Öz sosial və hüquqi statusuna görə avropalılar, hindular, metislər, mulatlar, zəncilər bir-birindən kəskin şəkildə fərqlənirdilər. İnsanın cəmiyyətə mövqeyi ilk növbədə onun etnik və irqi əlamətlərinə görə müəyyənləşdirilirdi. Nisbətən bərabərhüquqlu olanlar – kreollar idilər. Metislərə isə icmada yaşamaq, torpaq sahibi olmaq, silah daşımaq qadağan olunurdu; lakin onlar mükəlləfiyyətlərdən və “tributo”dan azad idilər. İspaniya Amerikası şəhərlərində metislər ilə mulatlar əhalinin böyük əksəriyyətini təşkil edirdilər.