Böyük coğrafi kəşflərin nəticələri. Beləliklə, XV əsrin sonu – XVI əsrin əvvələrindən başlanan Böyük coğrafi kəşflər dünyanın siyasi xəritəsinin zənginləşməsinə və Avropa dövlətlərinin Şərqə olan iqtisadi və siyasi maraqlarının artmasına səbəb oldu, eləcə də Asiya ilə Avropa arasındakı ticarət-iqtisadi sisteminin inkişafına ciddi surətdə təkan erdi. Böyük coğrafi kəşflər dünyanın siyasi xəritəsini zənginləşdirməklə yanaşı, dünya iqtisadi sisteminin formalaşmasına da münbit şərait yaratdı. Amerika sosioloqu E.Vallerşteyn dünya iqtisadi sisteminin formalaşması haqqında qeyd edir ki, “XV əsrin sonu – XVI əsrin əvvəllərində dünya iqtisadi sistemi formalaşmağa başladı. Hələ qədimdə Çin, İran, Roma kimi imperiyalar dünya iqtisadi sisteminin ilk görüntülərini yaratmışlar. Orta əsrlərdə xaç yürüşləri, Rekonkista, Böyük coğrafi kəşflər bu sistemin formalaşmasına kömək etdi.”
Dünya iqtisadi sisteminin formalaşması prosesi beynəlxalq münasibətlər sisteminin hüquqi əsasını təşkil edən beynəlxalq hüquq normalarının daha da təkmilləşməsinə səbəb oldu. Beynəlxalq siyasi və ticarət qanunlarının təkmilləşməsi Avropa dövlətləri ilə Şərq ölkələri arasında siyasi və ticarət əlaqələrinin daha sıx inkişafına əlverişli şərait yaratdı. XVI əsrdə dünya okean ticarətinin genişlənməsi ilə beynəlxalq ticarət münasibətlərini tənzimləmək üçün daha təkmil ticarət qanunları qəbul edildi. Belə ki, “Açıq dənizlər” haqqında qəbul edilən qanunlar, beynəlxalq ticarət hüququnun və beynəlxalq gömrük qaydalarının daha da təkmillləşdirilməsi beynəlxalq ticarət əlaqələrinin genişlənməsinə təkan verdi. Məhz bu dövrdə beynəlxalq münasibətlər sisteminin ən vacib amillərindən biri olan hərbi-siyasi ittifaqların əhatə dairəsinin daha da genişlənməsinin şahidi oluruq.
Böyük coğrafi kəşflər öz nəticələrinə görə də əvvəlki dövrlərin kəşflərindən seçilirdi. Belə ki, Böyük coğrafi kəşflər nəticəsində coğrafi biliklərlə yanaşı, dünya və dünya xalqları haqqında elmlərin inkişafı üçün imkan yaranır. Avropalıların öz qitələrindən kənarda yaşayan xalqlar, onların mədəniyyəti və tarixi haqqında bilgiləri yaranır və inkişaf edir. Qərbi Avropa ölkələrinin sənaye və ticarətinin genişlənməsi, maliyyə sisteminin, bank və kredit işinin yeni formalarının yaranması üçün də Böyük coğrafi kəşflərin rolu əvəzedilməz olmuşdur. “Qiymətlər inqilabı” və onunla bağlı olan kapitalın ilkin yığımı prosesi də Böyük coğrafi kəşflərlə bağlıdır. Belə ki, Amerika qitəsindən külli miqdarda qızılın və gümüşün Avropaya axması burada qızılın qiymətinin aşağı düşməsinə, digər məhsulların, o cümlədən ərzaq məhsullarının qiymətinin isə kəskin şəkildə artmasına (bəzi ölkələrdə 3-4 dəfə), yəni “qiymətlər inqilabı”na gətirib çıxartmışdı. Bu hadisə də öz növbəsində kapitalın ilkin yığımının əsas mənbələrindən biri olmuşdur.
Böyük coğrafi kəşflər Avropa ilə Amerika arasında daimi əlaqələrin yaranmasına səbəb oldu. Eyni zamanda bu kəşflər yerli əhalinin tabeçilik altına salınmasına, bir çox hallarda onların mədəniyyətinin məhvinə, kəşf olunmuş torpaqların müstəmləkələşdirilməsinə səbəb olur. Böyük coğrafi kəşflərin ən böyük nəticələrindən biri də müstəmləkə sisteminin yaranmasıdır.