Makroiqtisadi göstəricilərdən biri də Milli gəlirdir (MG).
Milli gəlirin yaranması və bölgüsü məsələsində klassik siyasi iqtisadın yanaşması ilə müasir yanaşma arasında da fərqlər mövcuddur. Marksist iqtisadi təlimə görə milli gəlir maddi istehsal sferasında yaranır. MG ümumi ictimai məhsuldan istehlak olunmuş istehsal vasitələrinin dəyəri çıxıldıqdan sonra yerdə qalan hissədir, yəni yeni yaranmış dəyərdir. Bu zəruri və izafi məhsulun dəyərindən ibarətdir.
Müasir nəzəriyyələrə görə MG bütün iqtisadi agentlərin gəlirinin cəmidir. MG maddi istehsal sferasında və qeyri-maddi xidmət sahəsində yaradılır. Bu nəzəriyyələrə görə MG ÜDM istehsalı zamanı ödənilmiş əmək haqqı, mənfəət, faiz və rentanın cəmindən ibarətdir, yəni bu gəlirlərin cəmindən ibarətdir.
MG-in ilkin bölgüsü zamanı istehsal amilləri iştirakçılarının gəlirləri formalaşır, yəni fəhlə əmək haqqı alır, sahibkar mənfəət, bank kapitalının sahibi faiz, torpaq mülkiyyətçisi isə renta alır. MG-in ilkin bölgüsündən sonra onun yenidən bölgüsü baş verir və nəticədə cəmiyyətin bütün üzvlərinin gəlirləri formalaşır. MG-in yenidən bölgüsündə dövlət büdcəsi xüsusi rol oynayır.
MG-in bölgüsü zamanı sərəncamda qalan şəxsi gəlirin məbləği də müəyyən edilir.
Sərəncamda qalan gəlir ev təsərrüfatının il ərzində əldə etdiyi gəlirdir. Qazanılmış gəlirlərdən sosial sığorta ödəmələri, müəssisənin mənfəətindən vergilər çıxılır, onlar əhalidə qalmır. Dövlətdən transfertlər (müavinətlər) əhalinin sərəncamına keçir və onların gəlirlərinin bir hissəsini təşkil edir.
Beləliklə, sərəncamda qalan gəlir faktiki əldə edilmiş gəlirdir.
MG-dən – müəssisələrin mənfəətindən vergilər – sosial sığortaya ayırmalar – fərdi gəlir vergisi – korporasiyaların bölünməmiş mənfəəti + transfert ödəmələri = sərəncamda qalan şəxsi gəlir. Bu əhalinin bilavasitə istifadə edəcəyi gəlirdir. Ancaq bu gəlirlərin hesablanması və əhalinin ehtiyaclarını ödəməsi dərəcəsi qiymətlərin səviyyəsindən asılıdır.