Plazma qövslü metallaşdırma
Plazma qövslü metallaşdırma müəyyən şəraitdə qazların plazma vəziyyətinə (halına) keçməsi xüsusiyyətinə əsaslanır. Elektrik qövsünün yüksək temperaturu nəticəsində və qazların artan tezliyi altında qaz ionlaşır. Plazma yüksək elektrik keçiriciliyinə malik olan yüklənmiş hissəciklərin güclü axınından ibarətdir.
Plazma şırnağının temperaturu elektrik qövsünüun temperaturundan xeyli yüksək olur (10000 - 35000S) və əsasən plazma əmələ gətirən qazın növündən asılıdır.
Müxtəlif faktorların: temperaturun, elektrik və ya yüksəktezlikli boşalmanın, - şüalanmasının, detonasiyanın təsiri altında ionlaşmış qaza plazma deyilir. Lakin hər ionlaşan qazı plazma adlandırmaq olmaz. Plazmanın xarakterik əlaməti onun kvazineytrallığıdır. Yəni plazmada mənfi və müsbət yüklərin miqdarı bərabər olmalıdır.
Temperatur əlamətlərinə görə plazmanın üç növü vardır: 1) termoyaderli, 2) alçaq temperaturlu, 3) qazboşalması (seyrəkləndirilmiş qazda elektrik boşalması).
Sənayenin müxtəlif sahələrində, eləcə də avtotəmir istehsalında hissələrin metallaşdırma ilə bərpasında alçaq temperaturlu plazmadan istifadə edilir.
Plazma iki elektrod arasında yaradılan qövs boşalmasına plazma əmələ gətirən qaz verildikdə əmələ gəlir. Plazma əmələ gətirən qaz verilən xüsusi qurğu plazma əmələ gətirən başlıq və ya plazmatron adlanır.
Qövslü plazmatronların iki növü vardır: müstəqil qövslü və qeyri – müstəqil qövslü.
Müstəqil qövslü plazmatronlarda plazma şırnağı ilə bərpa olunan hissə arasında heç bir əlaqə olmur. Bu halda plazmatron hissəyə nəzərən müstəqil olur. Qeyri – müstəqil qövslü plazmatronda isə elektrod katod rolunu, qida mənbəyinin müsbət qütbünə birləşdirilmiş hissə isə anod rolunu oynayır. Yəni, plazmtronun başlığı hissə ilə əlaqələndirilmiş olur.
Metallaşdırma məqsədilə müstəqil qövslü plazmatronlardan istifadə edilir. Qeyri – müstəqil qövslü plazmatronlarda enercinin çox hissəsi emal edilən hissəyə ötürüldüyündən, hissə yüksək temperatura qədər qızır. Buna görə də qeyri – müstəqil qövslü plazmatronlardan hissələrin üstəritməsində istifadə edilir.
Plazmatronun soplosuna ilkin örtük materialı kimi məftil və ya metal tozu (ovuntu) daxil edilir. Örtük materialı kimi məftildən az hallarda istifadə edilir. Çünki, bu zaman örtük iridənəli struktura malik olur, həm də bütün örtük materiallarından məftil hazırlanmır. Buna görə də plazma metallaşdırmasında çöküntü materialı kimi 50-150 mkm ölçüdə hissəciklərə xırdalanmış ovuntudan istifadə edilir.
Plazma ən yüksək elektrik keçiriciliyinə malik olduğundan öz ətrafında güclü maqnit sahəsi əmələ gətirir. Maqnit qüvvə xətləri plazmanın hissəciklərini sıxılmağa və şırnağın mərkəzinə cəmləşməyə məcbur edir. Plazma şırnağı bu zaman dartılır və sütun görkəmini alır. Plazma axınının sürəti 900 m/san (qaz qarelkasında – 90 m/san), istilikötürmə sürəti isə 6765 c/sm2 san (qaz qarelkasında – 820 c/sm2 san) təşkil edir [27].
Tərkibində oksigen olmayan plazma əmələ gətirən qaz oksidsiz örtük almağa imkan verir. Plazma əmələ gətirən qaz kimi azot istifadə edilir.
Ovuntu (toz) plazmatronun soplosuna dozatordan nəqledici qaz (azot) vasitəsilə verilir. Dozator ovuntunun sərfini, eləcə də metallaşdırma prosesinin məhsuldarlığını təyin edir. Ovuntunun sərfi 3 – 12 kq/saat hədlərində nizamlana bilir.
Metal ovuntusu plazma şıranğına düşərək əriyir, şırnağın əhatəsində hissənin səthinə çökdürülərək örtük təbəqəsi əmələ gətirir.
Dostları ilə paylaş: |