Elektrik – qövs metallaşdırması.
Elektrik – qövs metallaşdırması xüsusi avadanlığın köməyi ilə aparılır. Belə apparatlara elektrik metallaşdırıcıları deyilir.
Metal iki məftil arasında yanan qövs ilə əridilir, tozlandırma isə sıxılmış hava şırnağı vasitəsilə aparılır (şəkil 20.3).
Əl ilə elektrik – qövs metallaşdırmasında EM-9, EM-14 aparatlarından, dəzgahın supportunda quraşdırıldıqda isə EM-6, EM-12 aparatlarından istifadə edilir.
Bir – birindən izolə edilmiş 1,2 – 2,5 mm diametrli iki ədəd elektrod məftil 5 xüsusi veriş mexanizmi vasitəsilə bərabər sürətlə (0,6 – 1,5 m/dəq) verilir. İstiqamətləndirici ucluqlardan 2 çıxan elektrod məftillər arasında elektrik qövsü yandırılır. Boru (kanal) 3 ilə qövs zonasına 0,4-0,5 MPa təzyiq altında verilən qaz və ya sıxılmış hava 6 əridilmiş metalı 10-150 mkm-ə (təzyiqdən asılı olaraq) qədər ölçüdə hissəciklərə tozlandırır və hissənin 1 üzərinə üfürür (çiləyir). Hissəciklərin sürəti 140-300 m/san, sabit cərəyanın qiyməti 55-160A, gərginlik 25-35 V, soplodan hissənin səthinə qədər olan məsafə 80-100 mm olur.
Elektrik metallaşdırması yüksək məhsuldarlığı və qənaətliyi ilə xarakterizə olunur. Əl metallaşdırıcılarının EM-9, EM-14 məhsuldarlığı 8 kq/saat-ə qədər, dəzgah metallaşdırıcılarının EM-6, EM-12, MES-1 məhsuldarlığı isə 14-15 kq/saat təşkil edir.
Ərimə temperaturunu 4000S, bəzən də daha yüksək dərəcəyə çatdırmaq olur. Elektrik metallaşdırmasının yüksək temperatura malik olması bərk ərintilərin də tozlandırılmasına imkan verir. Avadanlıq sadədir. İstismar xərcləri azdır. Örtüyün bərkliyi elektrod məftilinin ilkin bərkliyindən 1,6 – 1,7 dəfə yüksək olur, bu da örtükdə metal hissəciklərinin bərkiməsi və tablanması ilə izah edilir.
Elektrik metallaşdırmasının əsas mənfi cəhətlərinə kimyəvi legirləyici elementlərin həddən çox yanması, çökdürülən metalın oksidləşməsi və tozlandırma zamanı metal itkisinin çox olması və s. göstərilə bilər. Örtüyün sıxlığı, az, dağılmada möhkəmlik həddi 8 – 18 kq/mm2 təşkil edir. Sıxılmış hava əvəzinə azot istifadə olunduqda möhkəmliyi iki dəfə artırmaq olur.
Dostları ilə paylaş: |