Məsələ 719: Müstəhəb namazı yol gedə-gedə süvari halda qılmaq olar. Bu vaxt üzü qibləyə olmaq vacib deyil.
Məsələ 720: Qibləni tə’yin etmək üçün çox yol var. İnsan öncə çalışmalıdır ki, müəyyənləşdirilmiş qibləyə əmin olsun. Bu işdə iki ədalətli şahidin və ya bir e’tibarlı şəxsi hiss olunan nişanələrlə şəhadəti və ya elmi şəkildə qibləni müəyyənləşdirmiş birinin sözü qəbuldur. Bu yollarla qibləni müəyyənləşdirmək olmadıqda, məscidlərin mehrabı, qəbirlər əsasında və bu kimi başqa yollarla qibləni tapmaq olar.
Məsələ 721: Adi qiblənümalar (kompaslar) nöqsanlı işləməsə, qibləni müəyyənləşdirmək üçün yaxşı vasitədir. Qiblənin bu yolla müəyyənləşdirilməsinə ümid daha çoxdur. Bəlkə də ən dəqiq üsul bu üsuldur.
Məsələ 723: Əgər qibləni tapmaq üçün bir yol olmasa, dörd səmtdən hansının qiblə olduğu bilinməsə, üzü bir tərəfə dayanıb namaz qılmaq bəs edər. Amma müstəhəb ehtiyata əsasən, namaz hər dörd tərəfə üz tutmaqla qılınsın. Əgər iki və ya üç tərəfin qiblə olması ehtimalı varsa, yalnız onlara doğru dayanıb namaz qılmaq lazımdır.
Məsələ 724: Bir şəxs üzü dörd tərəfə dayanıb namaz qılmaq istəyərsə, günorta və ikindi, şam və xiftən namazlarından birini dörd tərəfə qılıb qurtardıqdan sonra o birinə başlasa daha yaxşıdır.
Məsələ 725: Heyvanları kəsərkən onların üzü qibləyə olmalıdır. Qiblə tapılmasa ehtimal əsasında hərəkət edilir. Ehtimal da olmasa, üzü hansı tərəfə kəsilsə düzgündür. Müsəlman üzü qibləyə dəfn olunmalıdır; bu Məsələdə də yuxarıdakı göstərişlərə əməl edilir.