Məsələ 2341: Vəsiyy (vəsiyyət edilən şəxs) meyitin işlərini yerinə yetirmək üçün başqa birini seçə bilməz. Amma bilsə ki, meyitin məqsədi yalnız vəsiyyətinin yerinə yetirilməsi olub və kimin yerinə yetirməsinin fərqi yoxdur, öz tərəfindən başqa birini vəkil seçə bilər.
Məsələ 2342: Bir şəxs vəsiyyətinin icrası üçün iki nəfəri seçsə və onların bu işi birlikdə görməsini istəsə, həmin iki şəxsdən biri ölsə, ya ağılını itirsə, ya dindən çıxsa, şər’i hakim başqa birini tə’yin edə bilər. Əgər vəsiyyət olunanların hər ikisi bu işə aciz olarsa, şər’i hakim başqa iki nəfəri tə’yin edə bilər.
Məsələ 2343: Əgər vəsiyy meyitin işlərini təklikdə yerinə yetirə bilməsə və başqa birinin köməyindən istifadə etməyi bacarmasa, şər’i hakim ona kömək üçün bir şəxs tə’yin edə bilər.
Məsələ 2344: Əgər meyitin malının hamısı və ya bir hissəsi vəsinin əlində məhv olsa, səhlənkarlıq göstərməmişsə, eləcə də, meyitin göstərişlərinə əməl etmişsə, zamin deyil. Əks təqdirdə həmin mala zamindir.
Məsələ 2345: Bir şəxs özünə vəsiyy seçsə və söyləsə ki, həmin vəsiyy ölsə başqa biri vəsiyy seçilsin, belə bir vəsiyyət düzgündür. Birinci vəsiyy öldükdə ikinci vəsiyy onun canişini olur.
Məsələ 2346: Borclar, vacib Həcc, xüms və zəkat və bu kimi şeylər vəsiyyət edilməsə belə malın özündən ödənməlidir. Artıq bir şey qalsa vəsiyyət əsasında onun üçdə birini göstərilən ünvana sərf etmək lazımdır. Vəsiyyət etmədiyi halda üçdə bir xərclənmir. Borc ödəndikdən sonra artıq qalan mal vərəsəyə çatır.
Məsələ 2347: İnsan öz malının üçdə birindən artığını vəsiyyət edə bilməz. Yalnız vərəsənin icazəsi ilə bu iş mümkündür. Vərəsə meyyitin ölümündən qabaq və ya sonra icazə verə bilər. Vərəsə icazə verdikdən sonra sözünü dəyişə bilməz. Bu icazənin ölümdən qabaq və ya sonra verilməsinin fərqi yoxdur, vacib ehtiyat sözü geri götürməməkdir.
Məsələ 2348: Bir şəxs müxtəlif işlərlə bağlı çoxsaylı vəsiyyət etsə və həmin tapşırıqların yerinə yetirilməsi üçün malının üçdə biri çatmasa, onun vəsiyyətlərini ardıcıllıqla yerinə yetirmək lazımdır. Üçdə bir xərcləndikdən sonra qalan vəsiyyət batil olur. Yalnız vərəsənin icazəsi ilə bu işi görmək olar. Əgər meyit Həcc və xüms kimi vacib mövzularda vəsiyyət etmişsə bu xərclər malın özündən götürülür, qalan xərclər üçdə birdən ödənir.
Məsələ 2349: Bir şəxs iddia etsə ki, meyit filan malını mənə vəsiyyət edib, ya ədalətli iki kişi, ya ədalətli bir kişi, ya ədalətli bir kişi və iki qadın, ya da dörd ədalətli qadın onun dediklərini təsdiqləməli, and içməlidir. Bu halda deyilənə əməl olunur. Vəsiyyət zamanı ədalətli kişi iştirak etməsə ədalətli qadının şəhadəti ilə həmin malın dörddə biri iddiaçıya verilir. İki ədalətli şahid olsa, iddia etdiyi malın ikidə biri ona verilir. Üç ədalətli qadın şəhadət versə, həmin malın dörddə biri iddiaçıya çatdırılır. Dinində ədalətli sayılan iki kafir zimmi kişinin şəhadəti də belədir. Meyit çarəsiz qalıb ədalətli müsəlman kişi və qadın olmayan şəraitdə vəsiyyət etsə, vəsiyyətinə əməl olunmalıdır.
Məsələ 2350: Bir şəxs meyitin vəsisi olduğunu iddia etsə, mala və ya övladlara qəyyum tə’yin edildiyini bildirsə, yalnız iki ədalətli kişi onun dediklərini təsdiqlədikdə iddiası qəbul olunur.
Məsələ 2351: Bir şəxs müəyyən malı müəyyən şəxsə verməyi vəsiyyət etsə və həmin şəxs qəbul, ya rədd etməmiş dünyasını dəyişsə, onun varisləri veriləni qəbul edə bilər. Bu şəxsin vəsiyyət edən şəxsdən öncə və ya sonra dünyasını dəyişməsi şərt deyil. Bir şərtlə ki, vəsiyyət edən şəxs vəsiyyətini dəyişməmiş olsun.