Sələm
Məsələ 1766: Sələmçilik haramdır və o, iki qisimdir:
Birincisi, borcda sələm. Allahın istəyi ilə, (bu haqda) “Borc” məsələsində söz açılacaq.
İkincisi, müamilədə sələm. Çəki və yaxud peymanə (mayeləri ölçmək üçün qab) ilə satılan malın eyni növdən olan çox mala satılması. Məsələn, bir “mən” (“mən” çəki vahididir, təqribən 3 kq-dır) buğdanı bir mən yarım buğdaya satsın. İslam rəvayətlərində sələm kəskin şəkildə tənqid edilib və çox böyük günahlardan biri hesab olunur.
Sələmin hökmləri
Məsələ 1767: Əgər o iki malın biri eyibli, digəri eyibsiz, biri keyfiyyətli, digəri keyfiyyətsiz və yaxud ayrı cəhətlərinə görə müxtəlif qiymətli olsalar, misal olaraq, 10 kq. keyfiyyətli buğdanı verib, 15 kq. keyfiyyətsiz buğda alsa, sələm və haramdır. Bu baxımdan, düzəldilmiş qızılı verib, ondan daha çox olan düzəldilməmiş qızıl, düzəldilməmiş mis verib, ondan daha çox sınmış mis və ə’la növ düyü verib, ondan daha çox ikinci, üçüncü dərəcəli düyü alsa, sələm və haramdır. Habelə, eyni növdən olmayan bir şey artıq alsa, məsələn, 10 kq. keyfiyyətli buğda verib, 10 kq. keyfiyyətsiz buğda və əlavə olaraq 10 tuman alsa, sələm və haramdır. Əgər bir şey almasa lakin, müştərinin onun üçün bir işi görməsini şərt etsə, o da sələm və haram sayılır.
Məsələ 1768: Əgər bir nəfər (müəyyən edilmiş növdən) az verib ayrı bir malı da ona əlavə etsə, məsələn, 10 kq. buğda və bir metr parçanı 15 kq. buğdaya satsa, eybi yoxdur. Habelə, əgər hər iki tərəfə başqa bir şey əlavə etsələr, (yuxarıda qeyd edilən hökmlə eynidir). Lakin, bəziləri arasında adət halı almış, ciddi məqsəd güdülməyən sələm hiylələri kimi, bir nəfərə borc verib yüksək məbləğə malik olan mənfəətini bir sir (75 qrama bərabər olan çəki vahidi) nabatla razılaşmaları batil və əsassızdır və artıq məbləğ sələm hesab olunur.
Məsələ 1769: Çəki və peymanə ilə deyil, ədəd və metrlə satılan malları- yumurta, parça, bir çox qablar və yaxud müşahidə ilə satılan- əksər heyvanlar kimi, az sayı çox saya satmalarının eybi yoxdur.
Məsələ 1770: Bə’zi şəhərlərdə çəki və peymanə və bəzi şəhərlərdə isə sayla satılan malları əgər çəki və peymanə ilə satılan şəhərdə artıq alsalar, sələm və haramdır.
Məsələ 1771: Eyni növdən olmayan malların hər bir vasitə ilə alqı-satqısı, məsələn, 10 kq. düyünü 20 kq. buğdaya satmaq maneəsizdir.
Məsələ 1772: Eyni kökdən olan müxtəlif malların müamiləsi fərqlə iradlıdır. Məsələn, 10 kq. yağı 20 kq. pendirə, 50 litr südü 15 kq. kərə yağına satmaq kimi.
Məsələ 1773: Buğda və arpa sələmdə eyni növ hesab olunur. Bu baxımdan 10 kq. buğdanı 20 kq. arpaya və yaxud əksinə müamilə etmək olmaz. Hətta 10 kq. arpa alıb, xırman vaxtı 10 kq. arpa verməsi də haramdır. Çünki, arpanı nağd alır, bir müddətdən sonra isə buğdanı verir. Bu, artıq almaq kimidir.
Məsələ 1774: Bir neçə yerdə sələm almaq haram deyil:
1-Müsəlman şəxsin İslam sığınacağında olmayan kafirdən sələm alması;
2-Ata və övladın bir-birindən sələm alması;
3-Ər-arvadın bir-birindən sələm alması.
Alıcı və satıcının şərtləri
Məsələ 1775: Alıcı və satıcı üçün bir neçə şey şərt sayılır:
1-Həddi-büluğa çatmaq, 2-Aqil olmaq, 3-Malında təsərrüf etmək hüququndan məhrum olmamaq (bəzi şəxslər kimi, müflis olmaları ilə əlaqədar şəriət hakimi tərəfindən malında istifadə etmək hüququndan məhrum olmamaq) 4-Qarşı tərəflərin müamilə etmək üçün ciddi məqsədləri olması. Zarafatla, “malımı satdım” deməsi təsirsizdir. 5-Kimsə onları məcbur etməməlidir. 6-Alınan və satılan mal ya onların şəxsi mülkü, ya mal sahibinin vəkil və yaxud da azyaşlı uşağın qəyyumu olmalıdır.
Məsələ 1776: Həddi-büluğa çatmamış uşaqla, qəyyumu ona icazə versə də belə, müamilə etmək batildir. Əgər müamilədə qarşı tərəf uşağın başçısı, uşaq isə yalnız pulu satıcıya və ya malı alıcıya çatdırmaq üçün vasitə olsa, bu halda eybi yoxdur. Amma, alıcı və yaxud satıcı uşağın pulu sahibinə çatdıracağına yəqin etməlidir.
Məsələ 1777: Əgər həddi-büluğa çatmayan uşaqdan bir şey alsa və ya satsa, müamiləsi batildir. Uşaqdan aldığı pulu onun özünə yox, sahibinə qaytarmalıdır. Əgər onun sahibini tanımırsa və yaxud onu tanımaq mümkün deyilsə, gərək onu şəriət hakiminin icazəsi ilə fəqirə versin. Əgər uşağın şəxsi malı olsa, onun qəyyumuna qaytarmalıdır. Həmçinin, uşağa veriyi pul və malı ondan ala bilər. Əgər tələf olubsa, əvəzini ala bilməz.
Məsələ 1778: Müamiləyə məcbur edilən alıcı və satıcı sonradan razılıq versə, (müamiləsi) düzgündür və müstəhəb ehtiyata əsasən, müamilənin siğəsini yenidən oxumalıdır.
Məsələ 1779: Əgər bir nəfərin malını onun icazəsi olmadan satsalar və o, sonradan icazə və razılıq versə, müamilə düzgündür.
Məsələ 1780: Uşaq üçün məsləhətli olduğu halda, ata və babasının, həmçinin, canişinin və şəriət hakiminin (vacib ehtiyata əsasən) uşağın malında istifadə etmək, alıb-satmaq hüququ var.
Məsələ 1781: Qəsb etdiyi malı satsa, sonradan malın sahibi ona özü üçün icazə versə, onun müamiləsi düzgündür.
Mal və onun əvəzinin şərtləri
Məsələ 1782: Satılan mal və onun əvəzinə alınan şeyin bir neçə şərti var: 1-Malın miqdarı çəki, peymanə və yaxud say hesabı ilə mə’lum olmalıdır; 2-Onu təhvil verməyə qadir olmalıdır. Bu baxımdan, hətta ona bir şey artırılsa belə (vacib ehtiyata əsasən), fərari heyvanın satılması düzgün deyil; 3-Cinsin dəyəri və camaatın müamiləyə maraq göstərməsində tə’siri olan xüsusiyyətlər müəyyən edilməlidir; 4-Malda və yaxud onun əvəzində başqa bir şəxsin haqqı olmasın. Bu baxımdan, bir nəfərin yanında girov qoyulan malı onun icazəsi olmadan satmaq olmaz. Həmçinin, alıcı pulun yerinə mülkünün mənfəətini verə bilər. Məsələn, bir nəfərdən xalça alıb, əvəzində evinin bir illik mənfəətini onun öhdəsində qoya bilər. Alıcı və satıcı malın qiymətini tə’yin etməkdə azaddır. Lakin, bu azadlıq bəzi vaxtlarda fəsada, İslam cəmiyyətinin iqtisadi durumunun pozulmasına səbəb olsa, belə hallarda şəriət hakimi mala qiymət tə’yin edib hamını ona əməl etməyə məcbur edə bilər.
Məsələ 1783: Müamiləsi görməklə baş tutan malların, məsələn, ev, avtomobil, müxtəlif xalçalar kimi, müşahidəsiz müamiləsi düzgün deyil.
Məsələ 1784: Əgər bir şəhərdə malı çəki, peymanə və başqa bir şəhərdə isə saymaq, yaxud müşahidə ilə müamilə edirlərsə, gərək hər şəhərin adət-ən’ənəsinə uyğun rəftar edilsin.
Məsələ 1785: Yuxarıda qeyd edilən şərtlərdən biri olmadıqda müamilə batildir. Lakin, alıcı və satıcı, müamilənin batil olmasına rəğmən, bir-birlərinin mallarında istifadə etməyə razı olsalar, maneəsi yoxdur.
Məsələ 1786: Vəqf edilmiş malların müamiləsi batildir. Lakin, xarab olması ilə əlaqədar vəqf edilən məqsəd üçün yararsız olsa, məsələn, məscidin xalçası söküldüyündən ondan məsciddə namaz üçün istifadə edə bilmirlərsə, onun satılmasının eybi yoxdur. Həmçinin, təmir və yenidənqurma zamanı artıq qalan köhnə avadanlıqların (hökmü yuxarıda qeyd edilənlərlə eynidir). Lakin, gərək satdıqdan sonra onun pulunu həmin məsciddə eyni məqsəd üçün istifadəyə çatdırsınlar. Əgər mümkün olmasa, vəqf edən şəxsin məqsədinə (yaxın olan şeylərə sərf etsinlər). Əgər (buna) ehtiyac olmasa, başqa bir məsciddə istifadə etsinlər.
Məsələ 1787: Xüsusi vəqflərdə, onlar üçün vəqf edilmiş malda bə’zi şəxslər arasında elə ixtilaf yaransa ki, malı satmadıqda fəsadın üzə çıxması, qan tökülməsi və yaxud hansısa malın tələf olması qorxusu olsa, bu halda o malı sata və vəqf edənin məqsədinə yaxın olan yerlərdə sərf edə bilərlər.
Məsələ 1788: Malın sahibi ayrısına icarə verdiyi evi sata bilər və onun icarəsi batil olmur. İcarə müddətində o mülkdən istifadə etmək icarə edən şəxsin hüququdur. Lakin, alıcı o mülkün icarəyə verilməsini bilməsə və yaxud icarə müddətinin az olmasını güman etsə, xəbərdar olandan sonra müamiləni poza bilər.
Dostları ilə paylaş: |