MüQƏddimə



Yüklə 1,6 Mb.
səhifə1/30
tarix21.10.2017
ölçüsü1,6 Mb.
#8148
  1   2   3   4   5   6   7   8   9   ...   30

Bismillahir-Rəhmanir-Rəhim

Giriş


Şübhəsiz, Əhli-Beyt (ə) məktəbinin nəfis inci xəzinələrindən olan və ardıcıllarının vasitəsilə qorunub saxlanılan mədəni-maarif mirası islami maarifin müxtəlif yönlərində olan hərtərəfli bir məktəbdir. Bu məktəb qeyd olunan zülal çeşməsindən mümkün qədər su içməyə qabiliyyəti olan istedadlı insanları tərbiyə etmiş, İslam ümmətinə bu məktəbin yolunu gedən böyük alimlər və dahi şəxsiyyətlər təqdim etmişdir. Bu böyük alimlər də mütəmadi olaraq əsrlər boyu – həm islam cəmiyyətinin daxilində, həm də xaricində – müxtəlif ideologiyalar və məzhəblər müqabilində düzgün mövqe seçərək, onlara ən dolğun və qənaətbəxş cavablar vermişlər.

"Ümumdünya Əhli-Beyt (ə)" cəmiyyəti öhdəsinə aldığı bu məsuliyyətli vəzifəni yerinə yetirmək və İslamla müxalif olan müxtəlif firqə və məzhəb başçıları tərəfindən risalət hüdudları və onun həqiqətlərinə qarşı yönələn ardıcıl hücumlar qarşısında onu müdafiə etmək üçün Əhli-Beyt (ə) və bu haqq məktəbin davamçılarının üslubunu davam etdirmək əzmindədir.

Bu xüsusda Əhli-Beyt (ə) məktəbi alimlərinin dəyərli kitablarında mövcud olan təcrübələr öz növbəsində misilsizdir. Çünki onlar əql və bürhan əsasında olan dərin elmi üsullara arxalanır və boş təəssübkeşlikdən və nəfsani istəklərdən uzaqdır, onun dinləyiciləri mütəxəssis alimlər və mütəfəkkirlərdir ki, onlara sağlam fitrətin qəbul etdiyi və əqlin bəyəndiyi bir tərzdə xitab edir.

"Ümumdünya Əhli-Beyt (ə)" cəmiyyəti həqiqət aşiqləri üçün bu məktəb alimlərinin, yaxud bu şərəfli məktəbin ardıcılı olmaq və Allahın nemət verdiyi şəxslərin yazdığı müasir zəngin elm və mərifət xəzinəsini onlara təqdim etmək üçün yeni bir mərhələni qarşıya qoymuşdur. Bundan əlavə, qədim şiə alimlərinin də bu məqsədlə yazdığı nəfis əsərlər onların ixtiyarına verilir ki, haqq axtaranlar üçün bir hədiyyə olmuş, "Ümumdünya Əhli-Beyt (ə) cəmiyyəti"nin bəşərin əqli səviyyəsinin yüksələrək təkamülə çatdığı, ruhun çox sürətlə inkişaf etdiyi bir əsrdə bütün dünyaya təqdim etmək istədiyi həqiqətlərə yol açılmış olsun.

Əbiz oxuculardan xahiş edirik ki, özlərinin dəyərli tənqid və təkliflərini yazıb bizə göndərsinlər. Eləcə də, bütün alimləri, müəllif və mütərcimləri, mədəni-maarif mərkəzlərini dəvət edirik ki, əsl İslam mədəniyyətinin yayılmasında öz köməklərini əsirgəməsinlər.

Allah-taaladan aciz surətdə istəyirik ki, bu azacıq işi bizdən qəbul etsin, bizi Özünün xüsusi nəzərləri sayəsində və yer üzündəki höccətinin – İmam Məhdi (əc)-in himayəsində qərar versin!

Bu dəyərli kitabın müəllifi Həzrət Ayətullah Cəfər Sübhani və onu Azərbaycan dilinə tərcümə edən M. Əlizadə cənablarına, eləcə də kitabın çapa hazırlanmasında zəhmət çəkən bütün şəxslərə, xüsusilə tərcümə bölməsinin əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk.

Ümumdünya Əhli-Beyt (ə) cəmiyyətinin mədəni-maarif şöbəsi

MÜQƏDDİMƏ


Təhlilçilərin fikrincə, insan cəmiyyəti hərəkətsiz və durğun bir dəryaya bənzəyir. Zamanın ötüb keçməsi ilə onun bir hissəsi quruya bilər, çox hallarda isə uzun dövrün keçməsi nəticəsində tamamilə məhv ola bilər. Bu sakit və durğun dəryanı hərəkətə gətirən, dalğalandıran şey yalnız şiddətli tufanlar və mülayim hava cərəyanlarıdır. Tufan və külək gəmilərin müqəddəratını həll edən dalğalar yaradır. Bu dalğaların da bəziləri dənizi yarıb insanları təhlükəyə salır, bəziləri isə onlara həyat bəxş edir.

Dahi insanlar və tarixi şəxsiyyətlər də bəşəriyyətin dalğa mənbəyidir: gah insanları həlak edib bədbəxtliyə sürükləyir, gah da əbədi səadətə və həyata doğru aparır. Sözsüz ki, ilahi rəhbərlər, Allahın peyğəmbərləri, həmçinin onların pak və görkəmli nümayəndələri cəmiyyətdə dalğa mənbəyidir. Onlar özlərinin misilsiz hidayət dalğaları ilə cəmiyyət gəmisini əql, məntiq və ilahi çağırış yolu ilə əbədi həyata, nicat sahilinə və əbədi xoşbəxtliyə doğru aparır, ilahi və insani əsaslara arxalanan bir mədəniyyət qururlar. Mənəvi çirkinliklərlə, eybəcərliklərlə mübarizə səhnəsində xariqələr yaradan insanlar öz ilahi hidayət üsulları ilə insan cəmiyyətlərinə şərəf və kəraməti hədiyyə etmişlər. Tarixin şəhadət verdiyi kimi, vəhy nurunun parladığı hər yerdə insan zəkası və məntiqi çiçəklənmiş, bəşər mədəniyyəti tərəqqiyə yüksəlmişdir.

Islam Peyğəmbəri (s) insanların varlıqlarını əhatə edən bütpərəstlik və cəhalət zülmətində işıq saçan bir nur idi. O, həmin dövrün iflic vəziyyətdə olan cəmiyyətinə insaniyyət səciyyəsini aşıladı və hamının təsdiq etdiyi kimi, mədəniyyətlər içərisində misli görünməmiş ən gözəl və ən bəhrəli bir mədəniyyətin əsasını qoydu. Əgər dünya müsəlmanları o həzrətin islam cəmiyyəti üçün açdığı yolla hərəkət edərək ixtilaflardan, ikitirəliklərdən, yersiz təəssüblərdən əl çəksəydilər, şübhəsiz, 14 əsrin keçdiyi müasir dövrdə islamın əzəmətli və bərəkətli mədəniyyət ağacından ən şirin və ən ləzzətli meyvələr dərər, zülm və fəsadla dolu olan dünyada öz əzəmətlərinin keşikçisi olardılar. Amma çox təəssüflər olsun ki, Peyğəmbəri Əkrəm (s)-in kədərli vəfatından sonra düşmənçilik, kin-küdurət, ehtiraslara uymaq, məqam və mənsəb uğrunda mübarizə və s. kimi hislər müsəlmanların bəzisinə qalib gəldi və ilahi hidayət yolunda böyük və son dərəcə təhlükəli olan bir azğınlıq yaratdı, düzgün rəhbərlik xəttinə öldürücü zərbələr vurdu. Görəsən, o dövrün cəmiyyətindəki belə xoşagəlməz halların mənşəyi nə idi? Hansı səbəblərə görə tüğyançılıq və nankorluq yolunu seçdilər?

Bunların hamısı Peyğəmbəri Əkrəm (s)-in müxtəlif yerlərdə və müxtəlif hadisələrlə əlaqədar ümmətə təqdim etdiyi imamla müxalifət etmələri nəticəsində baş vermişdi. Bu nankorluqların və müxalifətlərin qəmli-kədərli aqibəti bu oldu ki, bütün möminlərin, təqvalıların, alimlərin, siyasətçilərin, təcrübəlilərin başçısı və bir sözlə, Peyğəmbər (s)-dən sonrakı ən böyük ilahi rəhbər 25 il evdə oturdu və bu müddət ərzində yenicə ayaq üstə durmuş islam cəmiyyətində təfriqələrin qarşısını ala bildi.

Tam əminliklə demək olar ki, o dövrdə Əli (ə) tanınmamış, o böyük imamın fəzilətlərinin hətta cüzi bir hissəsi belə, lazımınca dərk edilməmişdi. O həzrət siyasət səhnəsindən 25 il kənara çəkildi və həzrətin öz ifadəsi ilə "bu illəri boğazında sümük, gözündə tikan qalan bir adam kimi" yaşadı. Ümmətin Peyğəmbəri (s)-in rəhbərlik etdiyi düz yoldan azmasının tamamilə aşkar olduğu, müsəlmanların öz itirdiklərini bir daha tapmaq üçün hazır olduqları vaxt özlərinin həqiqi rəhbəri və dahi xilaskarları olan ləyaqətli bir şəxsiyyətin sorağına getdilər ki, o, əyintilərə son qoyub Peyğəmbər (s)-in gətirdiyi şəkildə ədalətli bir hökumət qursunlar. Bu müqəddəs məqsədin həyata keçməsi üçün Əli (ə)-la beyət etdilər, o həzrət də Allahın buyurduğu "ədalət hökumətinin qurulmasına zəminə yarandıqda ayağa qalxmaq lazımdır" fərmanı əsasında onların beyətini qəbul etdi. Amma cəmiyyətdəki əyintilər o qədər dərin köklərə malik idi ki, onun düzgün şəkildə qaydaya salınması yollarını azanlarla cihad etmədən qeyri-mümkün idi. Buna görə də kamil iman nümunəsi olan alicənab şəxsin–Əli (ə)-ın xilafəti sırf daxili müharibələrlə keçdi. Müharibə nakisinlərlə–əhd-peyman pozanlarla başlayıb mariqinlərin–dindən çıxanların kökünü kəsməklə qurtardı və nəhayət daxili düşmənlərin əli ilə şəhid edildi; Allahın evində (Kəbədə) doğulduğu kimi, Allah evində də (Kufə məscidində) şəhid edildi.

BU KİTAB HAQQİNDA


Əmirəl-möminin Əliyyibni Əbi Talib (ə)-ın həyatını beş hissəyə bölmək olar:

1-Təvəllüddən besətə qədər;

2-Besətdən hicrətə qədər;

3-Hicrətdən Peyğəmbər (s)-in vəfatına qədər;

4-Peyğəmbər (s)-in vəfatından xilafətə qədər;

5-Xilafətdən şəhadətə qədər.

Bu beş fəsildə Imam Əli (ə)-ın adi həyatı mötəbər sənədlər əsasında əks etdirilmiş, heç bir mübaliğəyə və əsassız şübhələrə yer verilməmiş, həmçinin əsil və mötəbər mənbələrə istinad edilərək nəticə alınmışdır.

Peyğəmbəri Əkrəm (s)-in həyatının tam bir dövrünü bəyan edən "Füruği əbədiyyət" ("Əbədiyyət nuru") kitabını nəşr etdikdən sonra qərara aldım ki, dünya şiələrinin fəxr etdikləri ilk rəhbərin–həzrət Əliyyibni Əbitalib (ə)-ın da həyatını həmin kitabın tərtibatı əsasında çap etdirim. Xoşbəxtlikdən bu işə müvəffəq oldum və o həzrətin həyatının dörd hissəsi iki cilddə nəşr olundu. Amma Islam Inqilabının azad siyasi fəzasında bəzi ateist və azğın ideologiyaların yaranması mənim fikrimi bu bəlalarla, xüsusilə marksizmlə mübarizəyə sərf etdi və bu kimi işlər məni təqvalıların rəhbərinin–həzrət Əli (ə)-ın müqəddəs yolunda xidmət etməkdən saxladı. Amma bir müddətdən sonra yenidən fürsət tapıb o həzrətin həyatının ən həssas və ən maraqlı dövrlərini əhatə edən beşinci və altıncı hissələri yazmağa başladım. Beləliklə o böyük imamın həyatını mötəbər sənədlər əsasında təhlil edərək dövrün mədəni-maarif tələblərinə uyğun şəkildə təqdim etdim.


QEYDLƏR


Burada bir neçə məsələni qeyd etmək istərdim. Bu kitabda Imam Əli (ə)-ın adi və şəxsi həyatından bəhs olunur, amma o həzrətin elm, təqva, zöhd və sair kimi fəzilətləri, habelə, xütbə, risalə və məktubları, nəsihət və qısa kəlamları, dəlil əsasında olan elmi mübahisə və fikir mübadilələri, onun səhabə və dostlarının həyatları, möcüzəli işləri və kəramətləri, insanı heyrətə gətirən qəzavətləri və s. kimi məsələlər bu kitabda araşdırılmamışdır. (Bu mövzuların hər biri ayrıca kitabda bəyan olunmuşdur.)

Açıqca etiraf edirəm ki, bu kitabda o həzrətin nurani həyatının hətta yarısını belə, qələmə ala bilməmişəm. Lakin iftixar edirəm ki, Əli (ə)-ın aşiqləri sırasına daxil olmuşam, bu dəyərsiz işimlə belə, o həzrətin kəramətinə ümidim vardır.

Axırda "Ümumdünya Əhli-beyt (əleyhimussalam) cəmiyyəti"nə təşəkkür edirəm ki, bu kitabı çox gözəl və könüloxşayan şəkildə çap edərək Əhli-beyt (ə) aşiqlərinin, bu məsum və pakizə sülaləni sevənlərin ixtiyarında qoymuşdur.

Cəfər Sübhani

Qum, Imam Sadiq (ə) müəssisəsi, 1419


Yüklə 1,6 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin