NəHCÜl-bəLAĞƏ İmam Əli əleyhis-salamın xütbə, məktub və hikmətli kəlamları



Yüklə 15,72 Mb.
səhifə2/85
tarix17.11.2018
ölçüsü15,72 Mb.
#83813
1   2   3   4   5   6   7   8   9   ...   85

189-cu xütbə
İmam Əli əleyhis-salamın (Allahın elminin varlıqları əhatə etməsi, təqva pərhizkarlığa təşviq, müqəddəs İslam dininin vəsfi, Həzrət Peyğəmbərin Allah tərəfindən göndərildiyi zaman Qurani-Kərimin mədhi barəsindəki) xütbələrindəndir.

Allah, otlayan heyvanların çöllərdəki səs və naləsindən, bəndələrin gizlindəki günahlarından, balıqların böyük dənizlərdəki get-gəllərindən və suyun bərk küləklər vasitəsi ilə dalğalanaraq bir-birinə dəyməsindən xəbərdardır. Şəhadət verirəm ki, Məhəmməd Allahın seçilmişi, vəhy (hökmü) gətirəni və Onun rəhmət və mehribanlıq elçisidir.



Allah-təalaya həmddən və Həzrət Mustafanın mədhindən sonra, sizi pərhizkarlığa və yaradılışınızın başlanğıcı Ondan olan, qayıdış və dönüş yeriniz Ona tərəf olacaq, ehtiyac və istəklərinizin həyata keçməsi Ondan asılı olan, arzu və diləyinizin sonu olan, doğru yolunuz Ona tərəf olan və pənah və sığınacağınız O olan Allahdan qorxmağa tövsiyə edirəm. Çünki təqva və Allahdan qorxmaq ürəklərinizin dərdlərinin dərmanı, qəlblərinizin korluğunun görməsi, cisimlərinizin xəstəliyinin şəfası, sinələrinizin fəsadının düzəlməsi, nəfslərinizin çirkinin təmizlənməsi, gözlərinizin örtüklərinin aydınlığı, qəlblərinizin qorxusunun əmin-amanlığı və (nadanlıq) zülmətlərinizin qaranlıqlarının nurudur. Buna görə də Allaha itaət və tabeçiliyi (bədənə yapışmayan) üst paltarı deyil, alt köynəyi kimi öz adətiniz edin. Və (hətta onu) köynəyin altında bədəninizin daxili bir hissəsi edin, əndamınızda gizlədin onu. (Xülasə, elə bir görün ki, sizin bütün bədən üzvləriniz Allaha itaətkar tabe olsun.) İşlərinizdə Onu hakim bilin (bütün işlərdə Allahın əmr qadağalarına tabe olun)(onu qiyamətə) daxil olacağınız zaman üçün çeşmə, istəyinizi almaq vasitəsi, (çətin hadisələrdən) qorxu gününüz üçün qalxan, qəbirləriniz arasındakı çıraqlar, qorxu və vahimənizin uzunluğunda ünsiyyət yoldaşı və kədərli yerlərinizin yüngüllüyü təyin edin. Çünki Allaha itaət və tabeçilik üz tutan təhlükəli ( məhvə səbəb olan) yerlərdən, qarşıya çıxması gözlənilən qorxulardan və (günahkarlar üçün) yandırılmış odun istiliyindən qoruyucudur. Buna görə də kim təqva və pərhizkarlığı öz peşəsi etsə, çətinliklər ona yaxınlaşandan və üz tutandan sonra ondan uzaqlaşar; işlər acılıqdan sonra onun üçün şirinləşər; dalğalar (fitnə-fəsad) ardıcıl gəldikdən sonra ondan uzaqlaşar, çətinliklər incidərək əziyyətə saldıqdan sonra ona asanlaşar; lütf və ehsan (Allahın lütf mərhəməti) qəhətlikdən sonra ona çoxalar; rəhmət və mərhəmət uzaqlaşdıqdan sonra ona üz tutar; nemətlər azalandan sonra ona artar və bərəkət az yağışdan sonra yağan dolu yağış kimi ona çatar. Belə isə Özünün (Qurani-Kərimdəki) öyüdləri ilə sizi bəhrələndirmiş, (peyğəmbərlər vasitəsi ilə) sizə Öz hökmləri ilə nəsihət vermiş və nemət verməsi ilə sizə minnət qoymuş Allahdan qorxun. Buna görə də Ona ibadət və bəndəlik üçün öz nəfslərinizi ram edin və Ona itaət haqqını yerinə yetirin (əmr etdiklərini yerinə yetirərək qadağan etdiklərindən çəkinib uzaq olun).

(Təqva itaətin vəsfindən) sonra (bilin), bu İslam Allahın dinidir ki, (O ondan başqasını bəyənmir və) onu Özü (Özünü tanıtdırmaq) üçün seçib, Öz qayğısı ilə bəsləyib, onun təbliği üçün yaratdıqlarının ən yaxşısını (Həzrət Peyğəmbəri-səlləllahu əleyhi alih-) seçib və onun sütunlarını (qanun hökmlərini) Öz məhəbbəti üzərində qurub. (Buna görə Allahı sevən kəs İslamın hökmlərinə tabedir.) Onun izzəti ilə (başqa) dinləri xar və həqir (nəsx) edib; onun böyüklüyü ilə millətləri cılızlaşdırıb; onun qələbəsi ilə düşmənləri qədir-qiymətsiz və kiçik edib; onun köməyi ilə müxalifləri məğlub edib; onun sütunu (əsas kök qanunları) ilə azğınlıq (nadürüst əqidələr) dirəklərini viran edib; teşnələri (elm maarif susuzlarını) onun hovuzlarından doydurub; onun su daşıyanları (imamlar əleyhimus-salam) vasitəsi ilə hovuzları doldurub (Qurani-Kərimin ayələrinin təfsir, yozum hökmlərinin yerlərini bəyan edib). Sonra onu elə (möhkəm qüvvətli) edib ki, dəstəyi ayrılan və zəncirləri açılan deyil. Təməli viran, sütunları xarab olmaz. Onun ağacı yerindən çıxarılmayacaqdır. Onun müddətinin sonu yoxdur (qiyamətə kimi bərqərar olacaq onu nəsx etmək üçün peyğəmbər göndərilməyəcəkdir). Hökmləri köhnəlməyəcək və budaqları sındırılmayacaq. (Heç vaxt hansısa bir alim, elmi əsaslarla onun hökmlərindən hansı birininsə düzlüyünü inkar edə bilməz.) Yolları daralmayacaq, asanlıqları çətinləşməyəcək, ağlığı qara, düzlüyü əyri, çubuğu əyilmiş, geniş yolu qumluq, çıraqları söndürülmüş və şirinliyi acılıq olmayacaq. Buna görə də İslam, Allahın onun təməlini haqda yerləşdirdiyi (batil əyriliyin işləmədiyi) və özülünü möhkəm etdiyi sütunlardır. O, arxları su ilə dolu olan çeşmələr, işıqları parlaq olan çıraqlar, gedənlərin, vasitəsi ilə yol axtardıqları nişanələr,1 vasitələri ilə yollar tapılan əlamətlər və daxil olanların onlarla doyduqları (tabe olanların dünya axirətdə xoşbəxt olduqları) bulaqdır. Allah razılığının sonunu, hökmlərinin ən üstününü, itaət və bəndəçiliyinin ən yüksəyini onda qoyub. Buna görə də Allah yanında bu dinin təməli möhkəm, binası uca, dəlili aşkar, işığı parlaq, səltənəti əziz və nişanələri ucadır. Onu yox etmək mümkün deyil. (Heç kəsdə onu məhv etmək ya ona tənə vurmaq qüdrəti yoxdur.) Belə isə onu möhtərəm və böyük tutaraq ona tabe olun. Onun haqqını əda edin (əmrlərini yerinə yetirərək qadağan etdiklərinin ətrafına belə fırlanmayın). Onu öz yerinə qoyun (hökmlərindən heç birini dəyişdirməyin ki, dünyada ziyan görər, axirətdə isə əzaba düçar olarsınız).

(İslam dininin şərafət böyüklüyünün bəyanıdan) sonra (bil ki,) eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (onun təbliği üçün) Məhəmmədi (səlləllahu əleyhi alih) haqq olaraq göndərdi, o zaman ki, (çaxnaşma, giriftarçılıq nahaq qan tökülməsinin çoxluğundan) dünyanın bitməsi (hər bir millətin dünyasının sonu, fəsad nəticəsində) yaxınlaşmışdı, (onların, ölümləri vasitəsi ilə) axirət işindən xəbərdar olmaları (onlara) üz tutmuşdu, onun şadlıq və sevinci parladıqdan sonra qaranlıqlaşmışdı, öz əhlini (çətinliklərə düçar etmişdi çıxış yolu tapa bilmirdilər), onun yatağı narahatlaşmışdı və cilovu qatilin əlinə verilmişdi. Bu, müddətin sona çatdığı, (viranlıq) əlamətlərin(in) yaxınlaşdığı, əhalinin əldən getdiyi, halqanın sındığı, kəndirin qırıldığı, nişanələrin köhnəldiyi və məhv olduğu, eyblərin aşkar olduğu və onun uzun müddətinin qısaldığı zamanda idi.2 Eyb və nöqsan sifətlərdən uzaq və pak olan Allah o Həzrəti Öz peyğəmbərliyinin təbliğatçısı, ümmətin kəramətlilik amili, zəmanə əhlinin baharı (sevinci), köməkçilərin baş ucalığı və yardımçılarının izzəti etdi. Sonra ona Qur’anı nazil etdi. Qur’an, nuru azalmayan çıraq, işığı sönməyən məşəl, dibi bilinməyən dəniz, gedərkən azğınlığa aparmayan yol, nuru tükənməyən parlaq şüa, dəlili azalmayan ayıran (haqqı batildən ayıran), təməli viran olmayan bina, (əhlinin) xəstəliklərində qorxu olmayan şəfa (çünki o, cismi ruhi olmasından asılı olmayaraq qarşıya çıxa biləcək bütün xəstəliklərə şəfadır), yardımçıları məğlub olmayan şərəf və izzət, köməkçiləri basılmayan haqdır. Buna görə də Qur’an imanın mə’dəni və onun mərkəzidir; ədalət bağları və onun hovuzlarıdır; elmin çeşmələri və onun dənizləridir; İslamın binasının daşları və onun sütunlarıdır; haqqın səhraları və onun hamar çölləridir. O, elə bir dənizdir ki, su daşıyanlar onu boşaltmazlar; elə bir bulaqdır ki, su çəkənlər onun suyunu azaltmazlar; elə bir çeşmədir ki, daxil olanlar onu əskiltməzlər (alimlər onun bütün sirrini dərk edə bilməyəcəklər), elə mənzillərdir ki, müsafirlər onların yolunu itirməzlər; elə nişanələrdir ki, yol gedənlər onları nəzərdən qaçırmazlar; elə təpələrdir ki, üz tutanlar onlardan aşa bilməzlər. Allah onu alimlərin susuzluqlarının yatırıcısı, müctəhidlərin qəlblərinin baharı, yaxşıların yollarının məqsəd və sonu, sonrasında ağrı qalmayan dərman, onunla zülmət olmayan nur, tutacaq yeri möhkəm olan ip, hündür qalası möhkəm olan sığınacaq, onu sevənin izzət və baş ucalığı, ona daxil olanın sülh və əmin-amanlığı, tabe olanın hidayət və qurtuluşu, onu özünə nisbət verənin üzrü, ona əsaslanaraq danışanın dəlili, onun vasitəsi ilə düşmənlə mübahisə edənin şahidi, onu dəlil gətirənin qələbəsi, ona əməl edənin qoruyucusu, onu işlədənin iti miniyi, nişanə axtaranın nişanəsi, başa tutanın qalxanı, yadında saxlayanın elmi, nəql edənin xəbəri, (xalq arasında) hökm verənin hökmü edib (çünki Quran hər bir barəsində haqq olan hakimdir ondan başqa bir şeyin hökm vermək haqqı yoxdur. Buna görə Qurandan başqasından olan hökm nadürüstdür).
190- cı xütbə
İmam Əli əleyhis-salamın (namaz, zəkat əmanəti əda etmək barəsində) öz səhabələrinə tövsiyə etdiyi kəlamlarındandır.

Namaz işinə riayət edin (ki, o, möminin meracı, dinin sütunu qiyamətdə bəndədən soruşulacaq ilk şeydir. Əgər qəbul olmuş olsa, digər əməllər qəbul olar. Qəbul edilməyib hesaba alınmadıqda isə əməllərin heç biri insana bir fayda verməz). Onu qoruyun (onun qılınmasının fəzilətli vaxtından qafil olmayın) və onu çox yerinə yetirin. Onun vasitəsi ilə (Allaha) yaxınlaşın. Çünki (Qurani-Kərimin Nisa surəsinin 103- ayəsində buyurulduğu kimi «كَانَتْ عَلَى الْمُؤْمِنِينَ كِتَابًا مَّوْقُوتًا») namaz möminlərə yazılmış və vaxtı müəyyən edilmiş bir vacibdir. Məgər Cəhənnəm əhlinin (Qurani-Kərimin Muddəssir surəsinin 42-43- ayələrində olduğu kimi «مَا سَلَكَكُمْ فِي سَقَرَ قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ») onlardan «sizi Cəhənnəmə salan nədir?» soruşularkən verdikləri bu cavaba ki, «onlar deyəcəklər: Biz namaz qılanlardan deyildik» (cani-dildən) qulaq asmırsınız? Namaz günahları yarpağın (ağacdan) tökülməsi kimi tökür və ilmələrin (heyvanların boyunlarından) açılması kimi açıb boşaldır. Allahın Peyğəmbəri (səlləllahu əleyhi alih) namazı insanın qapısının ağzında olan və insanın gün ərzində beş dəfə içində çimdiyi su çeşməsinə bənzədib. Belə olan halda, (məlumdur ki,) həmin şəxsdə heç bir çirk qalmayacaqdır. Onun haqqını möminlərdən o şəxslər tanıyıblar ki, malın (dünya malının) zinəti, övlad və var-dövlət kimi göz aydınlığı olan şeylər onları ondan saxlamır. Eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allah (Qurani-Kərimin Nur surəsinin 37-ci ayəsində) buyurur: «رِجَالٌ لَّا تُلْهِيهِمْ تِجَارَةٌ وَلَا بَيْعٌ عَن ذِكْرِ اللَّهِ وَإِقَامِ الصَّلَاةِ وَإِيتَاء الزَّكَاةِ» «O kəslər ki, nə ticarət, nə alış-veriş onları Allahı zikr etməkdən, namaz qılmaqdan və zəkat verməkdən yayındırmaz.» Allahın Peyğəmbəri (səlləllahu əleyhi alih) Cənnətlə müjdələnməsinə baxmayaraq, özünü namaz üçün çətinliyə salırdı (çox namaz qılırdı). Səbəb eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allahın (Ta-ha surəsinin 132-ci ayəsindəki) bu buyuruğu idi ki: «وَأْمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاصْطَبِرْ عَلَيْها» «Əhlinə (əhli-beyt və ümmətinə) namaz qılmağı əmr et və özün də onun yerinə yetirilməsində səbrli ol.» Buna görə də o Həzrət həm öz əhlinə namazı əmr edirdi, həm də özünü onun çətinliklərinə səbrli olmağa məcbur edirdi.

Sonra, zəkat müsəlmanlar üçün namazla birlikdə tanışlıq vasitəsi edilib (onun əda edilməsi namaz kimi Allaha yaxınlaşma vasitəsidir). Zəkat, onu öz istəyi, rəğbət və sevinclə əda edən kəs üçün kəffarə ( günahların örtüyü), eləcə də oddan (Cəhənnəm odundan) saxlayan və qoruyandır. (Onu ödəyən) heç bir kəs onun fikrində olmamalı və ona görə çox kədərlənməməlidir. Çünki (malın fikrində olmaq kədərlənmək var-dövlətə bağlılıq səbəbindəndir ona bağlı olmaq Allaha yaxınlaşmağa ziddir ) onu könülsüz verib (əvəzində) ondan üstün olan şeyə (əbədi Cənnətə) ümidvar olan kəs (Allahı sevmək iddiasında yalançı ) Həzrət Peyğəmbərin sünnəsinə nadandır.1 O, (yəni, zəkatı ürəksiz verən şəxs) savab və mükafat əldə etməkdə ziyana uğrayıb (çünki savab mükafatı əməl müqabilində verirlər, bu əməl isə Allahın razılığının əksinədir) və əməldə azğındır (çünki göstərişlərə zidd davaranıb). Onun peşmançılığı çoxdur (çünki vəzifəsini yerinə yetirməsinə baxmayaraq, onun nəticəsindən məhrumdur).

(Namaz zəkatı yerinə yetirdikdən) sonra əmanəti əda edin. Çünki onun əhli olmayan (ona xəyanət edən) kəs naümid edilər. Həqiqətən əmanət ucaldılmış göylərə, sərilmiş yerlərə və yüksəldilmiş möhkəm dağlara təqdim və təklif edildi. Onlardan hündür, geniş, uca və böyük bir şey yoxdur. Əgər bir şey yüksəklik, ya genişlik və ya qüvvətlilik, yaxud da qüdrətlilik səbəbindən (o əmanəti qəbul etməkdən) imtina etsəydi, mütləq göylər, yerlər və dağlar imtina edər, təslim olmazdı. Lakin (onların əmanəti qəbul etməkdən çəkinmələrinin səbəbi əmrdən boyun qaçırmaq itaətsizlik deyil, üzrxahlıq cəhətindən idi ) onlar cəzadan (ona xəyanət etməkdən) qorxdular və onlardan daha zəif olan insanın bilmədiyi şeyi bildilər. «O, çox zalım və nadandır.»1 (İmam əleyhis-salam burada namaz, zəkat əmanətin əda edilməsinin əksinə çıxmaq barəsində belə buyurur:)

Bəndələrin gecə və gündüz ərzində etdikləri, eyb və nöqsan sifətlərdən pak və uzaq olan Allaha gizlin deyil. O, onların ən kiçik işlərindən agah, əməllərindən xəbərdardır. Sizin bədən üzvləriniz Onun şahidləri, bədənləriniz qoşun və əmrinə tabe olanlar, düşüncələriniz gözətçiləridir və sizin gizliləriniz Onun yanında aşkardır.1


Yüklə 15,72 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin