Nizami Gəncəvinin 870 illiyi ilə əlaqədar çap olunmuş yeni məqalələr


( [4]. Əli Cəfərli, “Ədəbiyyat və incəsənət” qəzeti, 1984. “Elm və sənət adamları Sədnik Paşa Pirsultanlı haqqında”, I cild, “Pirsultan” 2003. səh.89)



Yüklə 207,32 Kb.
səhifə7/11
tarix07.01.2022
ölçüsü207,32 Kb.
#86606
1   2   3   4   5   6   7   8   9   10   11
( [4]. Əli Cəfərli, “Ədəbiyyat və incəsənət” qəzeti, 1984. “Elm və sənət adamları Sədnik Paşa Pirsultanlı haqqında”, I cild, “Pirsultan” 2003. səh.89).

Bundan sonra “Azərbaycan türklərinin xalq əfsanələri” kitabı meydana çıxdı ki, həmin kitabda böyük bir bölmə “Nizami mövzuları ilə səsləşən əfsanələr” adlanır.



( [5] Sədnik Paşa Pirsultanlı “Azərbaycan türklərinin xalq əfsanələri”, Bakı, “Azərnəşr”, 2009, səh.282).

Bu kitab dərhal Anadolu ləhcəsinə çevrilib nəşr edilmişdir. Həmçinin Sədnik Paşa Pirsultanlının “Azərbaycan əfsanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli tədqiqi” adlı iri həcimli elmi monaqrafiyası nəşr edilmişdir. Bir çox universitetlərdə tədris olunmaqla Türkiyə Təhsil Nazirliyi həmin elmi-monoqrafiyanı Anadolu ləhcəsinə çevirərək nəşr etdirmişdir. Dörd fəsildən ibarət olan bu kitabın son fəsli “Əfsanə, rəvayət və yazılı ədəbiyyat” adlanır ki, 100 səhifəyə yaxın bu fəsildə Nizaminin həyatından və ayrı-ayrı əsərlərinin əfsanə qaynaqlarından bəhs olunur.

Nizami mövzuları ilə səsləşən əfsanələrdən bəhs edən folklorşünas-alim filologiya elmlər doktoru Seyfəddin Rzasoy yazır:

“Bu əfsanələr Azərbaycan xalqının bədii intellektinin, poetik təxəyyül zənginliyinin, bədii sözə qarşı fövqəlhəssaslıq kodunun canlı təzahürləridir.

( [6], Əli Cəfərli, “Ədəbiyyat və incəsənət” qəzeti, 1984. “Elm və sənət adamları Sədnik Paşa Pirsultanlı haqqında”, I cild, “Pirsultan” 2003. səh.15).

Nəhayət, tədqiqatlar “Azərbaycan xalq əfsanələri və onun tədqiqi” mövzusunda doktorluq dissertasiyasını meydana çıxartdı. Əsərlə və onun avtoreferatı ilə tanış olan Gürcüstanın əməkdar elm xadimi, prof. İ.V.Meqrelidze, Qırğızıstan SSR EA-nın müxbir üzvü R.Z.Kıdırbayeva, Qazaxıstan Dövlət Pedaqoji İnstitutunun kafedra müdiri, prof. A.Ablakov, Bakı Dövlət Universitetinin folklor kafedrasının müdiri, prof. A.Nəbiyev, Azərbaycan SSR EA Tarix İnstitutu sovet dövrü etnoqrafiya şöbəsinin müdiri, prof. H.Quliyev, Kabarda-Balkar Elmi-Tədqiqat İnstitutunun bölmə müdirləri, filologiya elmləri doktoru R.X.Xaşxoşeva və filologiya elmləri namizədi A.M.Qutovun imzası ilə bir-birindən dəyərli rəylər gəlmişdir. Qazaxıstan EA-nın folklor şöbəsinin müdiri, akademik Rahmanqul Berdibayev Nizami Gəncəvinin həyatı, əsərlərinin elmi qaynaqlarına həsr olunmuş fəslini xüsusi qiymətləndirdi və sonra iftixar hissi ilə qeyd etdi ki, Nizami bizim Qıpçaq soyunun yeznəsidir. (enştəsidir). O, Qaxın Qıpçaq kəndi haqqında məlumatı olduğunu da qeyd etdi. Qazaxıstanda gəncəli oğlu böyük Nizaminin sevimli arvadı, qıpcaq qızı Ağappaq (Ağcaqız) barədə gözəl bədii əsərlər yazılmışdır. Qazax yazıçısı tərəfindən yazılmış “Ağappaq” (Ağcaqız) romanı buna parlaq nümunədir.

Mən iftixar hissi keçirirdim ki, hər yerdə gəncəli Nizaminin böyük düha olduğu, Qaxın Qumu ilə bağlı olan Qıpçaq kəndinin türk qızı Afaqla (Ağappaqla) evlənməsi sevilə-sevilə dilə gətirilirdi.

Mən yurdumuzu dolaşarkən Kəpəzdə, Göygöl ətrafında, Şirvanda, Masallının Yanardağında, Naxçıvanda, Tovuzda bir-birindən qiymətli Nizaminin həyatı və əsərləri ilə səsləşən əsatir, əfsanə və rəvayətlərlə tanış oluram, yazıya köçürürəm, tədqiqata cəlb edirəm. Nizami əfsanələri “Yaşayan əfsanələr”, “Yurdumuzun əfsanələri”, “Yanardağ əfsanələri” və bütövlükdə “Azərbaycan xalq əfsanələri” kitabları əsasında “Nizami və folklor”, “Nizami və xalq əfsanələri” adlı elmi əsərlər yazılmışdır. Yarım əsrdən artıq bir vaxtı əhatə edən bu axtarışlar və tədqiqatlar hələ tamamlanmamışdır. Hazırda “Nizaminin folklor əlaqələri” adlı böyük bir elmi əsər üzərində işləyirəm. Yeni əldə edilmiş Şirvan, Bərdə və Naxçıvan əfsanələri Nizami haqqında tədqiqatlarımı davam etdirməyə çağırır.

Mən bir kəlmədə Nizami əsərlərinə daxil olan əfsanə qaynaqları barədə oxuculara gözəl əfsanələr danışmaq və onları əhatə edən əfsanəvi dünyamıza daxil etmək arzusundayam.

Mən bunu ilkin olaraq Nizaminin həyatı ilə bağlı “Nizami və Gəncə əmiri” rəvayəti ilə, sonra da Kəpəzlə bağlı rəngarəng, bədii cəhətdən qüvvətli “Kəpəz əfsanələri” ilə böyük həvəslə sözə başlamaq istəyirəm.

Nizaminin həyatı və əsərləri haqqında Gəncənin özündə, Kəpəzdə və ona yaxın ərazilərdə çoxsaylı əfsanə və rəvayətlər mövcuddur.

Gəncədə Nizaminin şöhrəti o qədər yayılmışdır ki, Gəncə əmiri ona həsəd aparırdı. Gəncə əmiri xalq qarşısında Nizaminin dühasını nümayiş etdirmək və onu sınağa çəkmək qərarına gəlir. “Nizami və Gəncə əmiri” folklor nümunəsində deyilir ki, bir gün Gəncə əmiri Nizami ilə ova çıxır. Onlar çox gəzib dolaşdıqdan sonra gəlib bir xarabalığa çatırlar, burada üç quru kəllə ilə rastlaşırlar. Əmir kəllələrə baxıb xəyala dalır, üzünü Nizamiyə tutub deyir:

- Əgər sən həqiqətən söz qoşununun sərkərdəsi, ariflər məclisinin bəzəyi, şahların xeyirxah məsləhətçisi, aqillərin sevimlisi, hikmətlərin xiridarı, sirlərin açarı Nizamisənsə, bu kəllə sahiblərinin necə adamlar olduğunu söylə.

Nizami xeyli fikirləşəndən sonra yerdən çöp götürüb kəllələrdən birinə yaxınlaşır. O, əlindəki çöpü birinci kəllənin sağ qulağına toxunduran kimi, çubuq sürüşüb onun sol qulağından çıxır. Sonra ikinci kəlləyə yaxınlaşıb çöpü onun qulağına uzatmağa çalışır, lakin çöp qulaq deşiyindən içəri keçmir. Növbə üçüncü kəlləyə çatır. Nizami birinci və ikinci kəllə ilə necə rəftar etmişdisə, üçüncü kəllə ilə də eləcə rəftar edir. Kəllə çöpü qəbul edir, amma buraxmır. Hər şey şairə aydın olur. Üzünü Əmirə tutub, kəllə sahiblərinin necə adamlar olduğunu belə izah edir:

- Əmir sağ olsun, çöp birinci kəllənin bu qulağından girib, o biri qulağından çıxdı. Bu o deməkdir ki, həmin kəllə sahibi ömrü boyu gördüklərini, eşitdiklərini bu qulağından alıb o biri qulağından buraxıb. Deməli, bu kəllə sahibi dünyadan bixəbər köçüb. İkinci kəllənin gen qulağına nə qədər çalışdımsa, bu nazik çöp girmədi. Görünür zavallı insanlıqdan lap uzaq olub, beyninə həya küləyi dəyməyib. Quru daş parçası kimi atılıb bir küncdə qalıb. Bax, Qibleyi-aləm, üçüncü kəllə adamı heyrətə gətirir. Bənzərindən o saat insan kəlləsinə oxşayır. Çöpü saxlayan bu kəllədə həyatın bütün keşməkeşləri iz salıb, həkk olunub. ( [7] Sədnik Paşa Pirsultanlı “Azərbaycan əfsanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli tədqiqi”, Bakı, “Nurlan”, 2007.səh. 202-203).

Nizaminin folklor xəzinəsini aylarla, illərlə toplamışam. Onun folklor xəzinəsi əlimin altındadır. Cəsarətlə deyə bilərəm ki, ilk əsəri olan “Sirlər xəzinəsi”ni yazarkən Kəpəzlə bağlı əsatirlər, əfsanə və rəvayətlər başlıca qaynaq olmuşdur. Kəpəzdəki (bu gündə mövcud olan) “Qanlı daş”, “Xan yurdu” kimi əfsanələrlə zinətlənmişdir.

Nizaminin doğma yurdu qədim Gəncə yaxınlığında, Kəpəz dağında “Qanlı daş” deyilən bir daş vardır. Qocalar həmin daşla əlaqədar qəmli bir rəvayət danışırlar. Xanlar rayonunun Sarısu kəndində yazıya alınmış həmin nümunə ilə “Firudin və Ahunun dastanı” hekayəsi arasında aydın nəzərə çarpacaq bir yaxınlıq görünməkdədir. Hər ikisində təbiətin bəzəyi ahuya atılan ox hədəfdən yayınır, daşa dəyir, daşın qəlbi “yaralanır”.

Xalq rəvayətində daş qəlbli bir ovçunun qəddarlığı göstərilir. Nizamidəki güclü hümanizmin mənbəyini, bizcə, xalqda, onun bu cür hümanizmlə dolu olan əfsanə və rəvayətlərində, rəngarəng, bitib-tükənməyən şifahi ədəbiyyat örnəklərində axtarmaq daha düzgün və ağlabatan olar. Şairlərin əsərləri üçün ilham mənbəyi və örnək sayıla bilən “Qanlı daş” ([8] Yenə orada, səh. 214-215). kimi rəvayətlər bu fikri bir daha təsdiq etməkdədir.

Kəpəzlə bağlı “Xan yurdu” rəvayəti də çox qiymətli sənət incisidir. Rəvayətdə deyilir: “Gəncə xanı hər ilin yaz-yay aylarında Kəpəzdə olarmış. Xanın burda xüsusi yurdu var imiş. O hətta xəzinəsini də xəlvətdə, gizlində burada basdırıbmış.

Bir il payız elə keçir ki, hər yanı ot basır. Otun əlindən yurdlar itir. Xan bir də yaylağa çıxanda öz yurdunu tapa bilmir. O, səsə düşməsin deyə, bir yer seçib alaçıq qurdurur, pünhan-pünhan yurdunu, xəzinəsini axtarır.

Xanın gənc bir çobanı var imiş. O, qəlbən xanın qızı Marala vurulubmuş. Qız da bunu hiss edibmiş. Lakin hər ikisi bilirmiş ki, bu mümkün olan iş deyil. Xan öz qızını çobana verməz.

Gənc çoban tütəyində çaldığı nəğmələrdə dağlara, daşlara səs salırdı. Məlahətli tütək səsinə qulaq asan xan görür ki, çoban son zamanlar təzə bir mahnı çalır. Onun tütəyi sanki dil açıb deyir: “Xan qızını mənə versən, yurdun hardadı deyərəm”.

Xan arvadına deyir:

- Eşidirsənmi, o mənim yurdumun-xəzinəmin yerini bilir. Onu dilə tutmaq lazımdır.

Xanın arvadı deyir:


  • O qızın Maralı sevir. Onu ancaq bu vədlə yola gətirmək olar.

Xan qəzəbdən dodağını çeynəsə də xəzinənin dərdindən “olsun”-deyə cavab verir.

Axşam bu barədə söhbət başlanır.

Maral çobana deyir:

- Mənim bir şərtim var. Kəpəzin sinəsində gözəl bir göl quruyur, məhv olur. Mən o oğlana gedəcəyəm ki, həmin gölə dağdan bir bulaq çəkdirsin.

Çoban bu şərtdən boyun qaçırmır. Dumanlı bir gündə xəzinədən xeyli qızıl götürüb usta çağırır və işə başlayır.

Bulaq suyu çəkilib gölə tökülür. Bu iş hamını sevindirir. Eşidən, bilən xan qızı Marala əhsən deyir. Elə o gündən bulaq “Xan qızının bulağı” göl isə “Maral göl” adlanır. Çoban “Sənin bu işdə heç bir xidmətin yoxdur”-deyə, xana xəzinənin yerini demir. Beləliklə, xanın yurdu itib-batır, xəzinə isə torpaqda qalır.

([9]Sədnik Paşa Pirsultanlı “Azərbaycan əfsanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli tədqiqi”, Bakı, “Nurlan”, 2007.səh.206-207).

Nizaminin Kəpəzlə bağlı əfsanələrini, rəvayətlərini bir yazıya sığışdırmaq olmaz. Onda Nizaminin qalan əsərlərini, əfsanə və rəvayət qaynaqlarını dilə gətirmək çətin olar. Gəncənin dağları, çölləri, gölləri, çayları, bir sözlə, füsunkar təbiəti, bitib tükənməyən folkloru bir ana kimi Nizamiyə döşündən süd vermişdir.

S.P.Pirsultanlının “Nizami və folklor” adlı elmi əsərini tədqiqata cəlb edən folklorşünas alim Ağaverdi Xəlil çox böyük həcmli yazısının bir yerində qeyd edir: “Tədqiqatın ən çox diqqəti çəkən cəhəti budur ki, “Xəmsə”dəki hekayətlər, onların süjet və motivləri ilə səsləşən, ideya istiqamətlərinə uyğun, məzmunca yaxın olan folklor nümunələri (xüsusən əsatir və əfsanələr) bir qədər fərqli şəkildə olsa da, indi də Azərbaycan folklorunda mövcuddur. Belə mürəkkəb və çoxsahəli paralelləri ilk dəfə S.Paşayev aparmışdır. ([10] Ağaverdi Xəlil, filologiya elmləri namizədiAMEA-nın Folklor İnstitutunun folklor nəzəriyyəsi şöbəsinin müdiri,

Yurddan səslər” jurnalı, №3, mart-aprel, 2008, səh.11).

Nizaminin özünün qeyd etdiyi kimi, bu dastanı Bərdə qocalarından öyrənmişdir. Bizcə xalq dastanının adı “Fərhad və Şirin” imiş. Xosrov obrazı Nizaminin poemasına sonradan gəlmişdir. Biz bunu ona əsasən deyirik ki, Naxçıvanın Arpaçay gölündə, Şahbuzdakı Fərhad evində, Tovuzun Qızılhacılısındakı “Nəğməkar Fərhad”da, Oğuzun Calud kəndindəki “Fərhad və Şirin” əfsanəsində, eləcə də, Arrandakı “İlham pərisi” əfsanəsində Fərhad var, Şirin var.

XIV əsrin böyük sənətkarı Arif Ərdəbili öz əsərini “Fərhadnamə”, xalq şairi Səməd Vurğun öz dramını “Fərhad və Şirin” adlandırmışdır. Nizami dövrün adət-ənənəsinə və zamanın tələbinə uyğun olaraq bir hökmdar kimi Xosrovu öz əsərinə baş qəhrəman seçmişdir. Tədqiqatçılar “Leyli və Məcnun”u daha çox ərəb əfsanəsi kimi qeyd edirlər. Yusif Ziya Şirvaninin, Azadə Rüstəmovanın qeyd etdikləri kimi, əgər Şirvan torpağında “Leyli və Məcnun” bir dastan kimi oxunmasaydı, onun musiqi sədaları Axsitanın qulağına çatmasaydı, “Leyli və Məcnun” poemasını yazmaq üçün Nizamiyə sifariş verməzdi. Mən Şirvan torpağını gəzərkən “Leyli və Məcnun”un qədim variantını toplamağa nail olmuşam. Dastanda Məcnunun hamisi başı taclı bir ilandır. “Leyli və Məcnun” poeması ilə səsləşən çox sayda əfsanələr mövcuddur. Bunların içərisində “Qanlı göl” və “Pərvanə gölü” əfsanələri daha çox diqqəti cəlb edir. Həmin əfsanələrdə valideynlər qızlarının azad məhəbbətinə mane olurlar. Nizaminin “Yeddi gözəl” poemasında İsmayıllıdakı Şirəxana yaylağından gələn süd arxları, Talıstanda abidə qalıqları, Astaranın Sım kəndindəki Şindan qalası, oradakı Yeddi qala qalığı, Yeddi gözəl heykəli, Əjdaha daşı və digər yerlərin əfsanələri və rəvayətləri tarixə şahidlik edir. “Dərbənd qalası”, “Şah sarayı”, “Ustanın qarğışı” ölməz tarixi rəvayətlərdir. Nizami yerli əfsanələri və rəvayətləri Bəhram Gurla bərabər Yamən torpağına aparır. Halbuki, “Gur” əfsanəsi Göyçaydakı “İlan əfsanəsi”nə bağlıdır.

Nizaminin yaradıclıq konsepsiyası belədir. O gördüklərini gördüyü kimi yox, necə görmək istədiyi kimi qələmə alır. Nizami dəfələrlə qeyd etmişdir ki, mən gödək donları uzatdım, uzun donları qısaltdım. Yəni, onları istədiyim şəkilə gətirdim.

Nizami beşinci əsəri “İsgəndərnamə”də bütün bəşəri duyğularını ümumiləşdirir və özünün fəlsəfi düşüncələrini ortaya qoyur. “Şərəfnamə” və “İqbalnamə”dən ibarət iki hissəli bu epopeyanın birinci hissəsində qəhrəmanın gəncliyindəki hünərindən və döyüş səhnələrindən bəhs edir. İkinci hissə olan “İqbalnamə”də İsgəndərin timsalında həyat, cəmiyyət və dünya haqqında öz fəlsəfi düşüncələrini verir. Demək olar ki, “İsgəndərnamə”ni yazarkən daha çox Şirvan torpağının əfsanələrindən istifadə etmişdir. Dirilik çeşməsini Nizami zülmətə aparır. Nizaminin yaradıcılıq konsepsiyalarından biri də odur ki, insanın romantik xəyalı qanad alıb uzaqlara uçsun. İnsan romantik xəyalı ilə hər şeyi kəşf edir və məqsədinə nail olur.

Bu gündə bir həqiqət meydandadır ki, Diri baba, onun Dirilik çeşməsi Şirvandadır. Şirvanın ürəyində olan “Diri baba” əfsanəsi çox məşhurdur. Əfsanənin məzmunu belədir: - İsgəndər Dirilik çeşməsini axtara-axtara gəlib Şirvan torpağında tapır. O qızıl piyaləsini bulaqdan doldurub içmək istərkən bir quş qanad çalıb suyu yerə tökür. İsgəndər bundan qəzəblənir. Yay-oxunu çıxarıb quşu vurmaq istəyir. Bu zaman İsgəndər qayıbanə bir səs eşidir:

- Ey İsgəndər, o quşu öldürmə, o sənin xilaskarındır. Onu mən göndərdim, sənə yazığım gəldi.

Bu səs sərt qayanın arasından gəlirdi. İsgəndər ona tərəf yeridi və səsə yaxından qulaq asmağa başladı:

- Ey İsgəndər, bir vaxt məndə Şirvanın bu Dirilik suyundan içib ölməzlik qazandım. Adım oldu “Diri baba”. Dünya durduqca mən durdum. Qərinələr keçdi. Yarım-yoldaşım, nəvəm, nəticəm, kötücəm, mənicəm, iticəm, yadicəm, elim-günüm dünyadan köçdü. Tək qaldım. Vaxt var idi mən də insan kimi yaşayırdım. Ürəyim duyurdu, sevirdi. Ağlım qurur, əllərim tikirdi. Bir adamın hayına çatanda, bir elin dərdinə şərik olanda rahat yaşayırdım. Düşünürdüm ki, həyat gözəldir, yaşamaq ondan da gözəldir. İndi nə gözlərim görür, nə beynim düşünür, nə ürəyim məhəbbət oduna isinir, nə də əllərim birinin əlindən yapışır. Özün söylə, belə dirilik suyu kimə lazımdır?

İsgəndər sudan içməyib kor-peşiman öz qoşununun yanına qayıdır”. ( [11] Sədnik Paşayev, “Nizami və xalq əfsanələri”, Gənclik, Bakı, 1983, səh.112).
S.Vurğun da Dirilik çeşməsini “Bulaq” poemasında Şirvanda təsvir edir.

“İsgəndərnamə”də iki böyük ideya qarşıya qoyulmuşdur. Bundan biri Dirilik çeşməsinin tapılması, ikincisi isə “Ədalət yurdu”nun kəşfidir. İsgəndər ədalət yurdunu Şimalda tapır.

Azərbaycan folklorunu, onun əsatir və əfsanələrini göz önünə gətirdikdə aydın olur ki, ədalət yurdu haqqında əfsanələr də Azərbaycan torpağındadır. Nizami Azərbaycan torpağını daha dərindən sevmiş, onunla öyünmüş, ondan nəfəs almış, xalqın folklor xəzinəsindən öz idealına uyğun əfsanələr seçib əsərlərinə gətirmişdir. Ədalət yurdu ilə bağlı elə örnəklər seçmişdir ki, onlar Şimaldan seçdiyi ədalət yurdundan çox az şəkildə fərqlənir. Nizaminin faydalandığı “Acınohur” və “Xatun arxı” əfsanələri əsasında fikrimizi əyaniləşdirə bilərik. “Acınohur” əfsanəsi belədir: “Bir kəndin nə bir inək-camışı, nə də bir qoyun-keçisi var imiş. Amma kəndin ağartıları bol olurmuş. Kəndin üstündəki meşədə bir sürü maral yaşayırmış. Günorta marallar meşənin ətəyi ilə, kəndin üstünə enir, sağın yerinə yığışırmışlar. Hər gün bir arvad gəlib maralları sağır, sərnic-sərnic südü tuluqlara doldurur, marallar meşəyə çəkiləndən sonra kənddən gedən köməkçilərlə bərabər evlərə, komalara paylayırmışlar. Kimə nə qədər süd gərək olsa, o qədər götürür, evinə yağ-yavanlıq düzəldərmiş. Heç kim tamahlanıb artıq süd aparmırmış. Heç kim bir-birinin paxıllığını çəkmirmiş. Birinin komasında olan duz-çörək hamının ki, sayılarmış.

Bir dəfə kəndə başqa yerdən bir dul arvad gəlin gəlir. O olduqca tamahkar imiş. Bir kişisi, bir də özündən başqa adamı olmasa da hər gün on adamlıq süd götürürmüş. Yediklərini yeyir, yemədiklərini çölə, itə-pişiyə atırmış.

Bir gün bu arvadın maralları sağmaq növbəsi çatır. O, sərnici, tuluqları götürüb sağın yerinə gəlir. Sağına yığışan marallar arvadı görüb hürkürlər, yelinlərinin südünü əmcəklərindən yerə axıdırlar. Axan süddən böyük bir göl yaranır. Dul arvad südə düşüb boğulur. Camaat onun yolunu çox gözləyir, axırda gəlib görürlər ki, sağın yerində böyük bir göl əmələ gəlib. Göl çalxalanır, çırpınır, təlatümə gəlib dul arvadın meydini ora-bura çırpır. Dul arvadın meyidini kənara tulladıqdan sonra sakitləşib durulur. ([12] Sədnik Paşa Pirsultanlı “Azərbaycan əfsanə və rəvayətlərinin ədəbi abidələrimizlə müqayisəli tədqiqi”, Bakı, “Nurlan”, 2007, səh.238).

Nizaminin əsərlərində ədalət yurdunun əlamətlərini özündə qoruyan başqa bir rəvayət də mövcuddur. “Xatın arxı” adlanan ( [13] S.P.Pirsultanlı, “Xalqın söz mirvariləri”, səh.27-28). həmin toponimik rəvayətdə padşahla bağban qızın macəralarından danışılır:

“Şah öz vəziri ilə seyrə çıxıbmış. Onlar gəlib bir bağa çatırlar. Bağda bir qız ağacdan nar dərirmiş. Yamyaşıl budaqların arasından qızaran narlar baxanı heyrətə gətirirmiş. Bağın içində şirin sulu bir arx astadan zümzümə edə-edə axırmış. Şah ilə vəziri bilirlər ki, bağa həyat verən bu arxın suyu, bir də nar dərən qızın əlləridir. Şah qıza deyir:


  • Susamışıq, nardan birinin suyunu kasaya sıx, ver içək!

Qız narın birini kasaya sıxır, kasa ağzınacan dolur. Padşah ürəyində fikirləşir ki, bu böyüklükdə bağdan niyə az vergi alıram? Belə arxın suyu ilə belə bərəkətli torpaqda möcüzə yaranır. Onun məhsulunu yığıb-yığışdırmaq olmur. Gərək bağın vergisini iki-üç qat artıram.

Şah qızın verdiyi nar suyunu içir, ləzzətindən doymur. Qıza deyir:



  • Yenə də kasaya nar sıx, ver, içək!

Birdən-birə zümzüməli arxın suyu quruyur. Bağdakı ağacların yarpaqları xəzələ dönür. Meyvələr budaqlarda büzüşür. Qız padşahın gözü qabağında neçə nar sıxırsa da suyu kasanı doldurmur. Şah deyir:

- Bəs sən bayaq bir narın suyunu sıxanda kasa dolurdu, indi nə üçün neçə nar sıxırsansa, kasa yarımçıq qalır. Bunun səbəbi nədir?

Qız deyir: - Qibleyi-aləm sağ olsun, axı bilmək olmur ki, şahlar şahının ürəyindən nə keçib? Qızın cavabı şahın xoşuna gəlir, fikrində gəldiyi qərarı geri götürür. O saat zümzüməli arx yenidən çağlayır, bağ yenidən yaşıllaşır. Həmin arx o qızın adı ilə bağlı olaraq “Xatın arxı” adlanır.

Ümumiyyətlə, vətən torpağına bağlı bu yerlər, bu adlar insanı heyrətə gətirir, əfsanələr xəyalımızı öz qanadında çox uzaqlara aparır və bizə zövq verir. Vaxtı ilə vətənin bu ulu daş-torpağı Nizami üçün də ilham mənbəyi olmuşdur.

Vaxtilə yazıb çap etdirdiyim “Doğma ana dili və folklor” adlı məqaləmdə deyilir: - Mən Azərbaycan folklorunda əsatirlərin və əfsanələrin bir küll halında yazıya alınmadığını görüb, buna böyük ehtiyac duydum.Yurdumuzun bölgələrinə- İmişliyə, Cəlilabada, Qazağa və digər yerlərə səfərlər etdim. Tovuzda bir pirani qoca suallarıma belə cavab verdi:

-Oğlum, sən hər şey yox olandan sonra boş qalmış yurdlarda sərvət axtarırsan. Sən düşünmürsənmi, 1931-1937-ci illərdə elmimizin qay­ma­ğı olan əsatir, əfsanə nədir başa düşən ziyalılarımızı güllələdilər, məhv­ et­dilər. Onların yerində savadsız, lakin aqil babalar qalmışdı. Onlar öz soyundan, ulularından öyrəndiklərini zehinlərində yaşadır, nəsillərə söyləyir, yaddaşlara həkk edirdilər. Düşmən duyuq düşdü. Bunları da sıradan çıxarmaq, qan yaddaşını məhv etmək xəyalı ilə onları ailəsi ilə birlikdə Qazaxıstan çöllərinə, Orta Asiya aullarına sürgün etdilər. İndi aradan xeyli zaman keçir, yəqin onların çoxu sıradan çıxmış olar. Ancaq bir ümidim qalır. Bizim xalqımız öz folklorunu, genetik yaddaşını öz törəmələrinə, nəvələrinə, bir sözlə, gələcək nəsillərə öyrətməyi özlərinə borc bilirlər.

Mən folklor toplamaq adı ilə dövlətdən icazə alıb o yerlərə səfərlər etdim. Qocaların çoxu dünyasını dəyişmişdi, yerlərində cavan qızları, oğulları, nəvə və nəticəsi qalmışdı. Sürgün vaxtı qismən cavan olanlar sürgündə yaşlaşmışdırlar. Arazqırağı kəndlərdən olan yaşlı bir nəslin nümayəndəsi mənə bildirdi ki, bizim torpağımızı, varımızı, dövlətimizi əlimizdən aldılar. Uşaqlı-böyüklü sürgünə gələrkən təkcə özümüzlə doğma ana dilimizi gətirdik. Bir ədəd də olsun özümüzlə kitab götürməyə qoymadılar. Qazaxıstanın aullarında öz ailəmiz içərisində ana dilində danışdıq. Körpələrimiz ana qoynunda ana dilini öyrəndi, qan yaddaşına köçürdü. Bizim ailənin uşaqları üçün nəinki əlifba kitabı, hətta dərslik adında heç nə yox idi. Uşaqlarımız yazı-pozu bilmədən folk­lorumuz vasitəsi ilə laylalar, oxşamalar, xalq düzgüləri, mahnı­lar, hətta nağıl və dastanlarımızla tanış olmağa başladılar. Babalar, nənələr, ana və atalar yurddan sinələrdə gətirdikləri xalq örnəklərini göz bəbəyi kimi qoruyurdular. Onu dönə-dönə təkrar edirdilər və öz cocuqlarına, yeniyetmələrinə öyrədirdilər. Mən onların nümunə göstərdikləri layla­, oxşama və xalq düzgülərini dinlədikcə nəinki bu nümunələr haq­qında, hətta milli heca vəznimizin inkişafını da görürdüm. Yeddi hecalı laylada poetikamızı, onun nəqarətində melodik düşüncəmizi görür və sevinirdim. Öz-özümə fəxrlə deyirdim:- Mənim xalqım nə böyük xalqdır. Öz yurdundan nə torpaq, nə var gətirmiş, hamısı əlindən alınmışdır. Ancaq qürbət ellərə öz dilini və öz dilində folklorunu gətirmişdir. Bircə laylaya diqqət edin.
Laylay deyim həmişə,

Çiçəkləsin dağ, meşə.

Döşəyinə gül düzüm,

Yastığına bənövşə,

Laylay gülüm, a laylay,

Laylay balam, a laylay.


Sən şeirdə ki, söz düzümünə bax, sözlərin estetikasına, gözəlliyinə diqqət yetir. Vətənin gülü də, bənövşəsi də bu poeziyanın daxilindədir. Yurdumuzun çəmənlərinin ətiri də bu laylaya qarışıb gəlmişdir.

Mən Nizami Gəncəvinin folklor əlaqələri ilə uzun müddət məşğul olmuşam. 1976-cı ildə “Nizami və folklor”, 1983-cü ildə “Nizami və xalq əfsanələri” adlı elmi kitablarımı nəşr etdirmişəm. Nizami əsərlərini doğma ana dilində deyil, fars dilində yazmışdır. Bunun bir neçə səbəbləri olmuşdur.

1. IX əsrdə Xəlifəlik mövqeyində olan adamlar ərəb dilinin rəsmi dövlət dili və elm dili olmasını qəbul etmişlər. Elə həmin əsrdə Xəlifənin vəzirliyini daşıyan farslar-bərməkilər fars dilini ədəbi dil, şeir dili kimi qəbul etdirmişlər.

2. Nizami bir xalqa mənsub şair kimi yox, bəşəri bir şair kimi ucalmaq istəyirdi. O, buna görə də əsərlərinə baş qəhrəman Şərqdə və Qərbdə tanınan Makedoniyalı İsgəndəri, Xosrovu, Ənuşirəvanı və digərlərini seçirdi.

3. Nizaminin dövründə yüksək tirajla əsərlər nəşr etdirmək qeyri-mümkün idi. Ona görə də Nizami hər bir əsərini ayrı-ayrı hökmdarlara ithaf edirdi. Həmin hökmdarlar da dövrün qanununa görə həmin əsərin yeddi surətini çıxarıb yeddi ölkə başçısına göndərməli idi. O dövrün qanununa uyğun olaraq ona həsr olunmuş kitabın ilk nüsxəsini özünün qızıl xəzinəsində saxlamalı idi. Bir də həmin əsərin yeddi surətini çıxarıb, ayrı-ayrı şahlara göndərməli idi. Bu yolla Nizami tanınırdı və əsərləri ölkədən ölkəyə səyahət edirdi.

İndi qəribə bir fakta da rast gəlirik. Nizami əsərlərinin Paris, London və Vaşinqton nüsxələri qeyd olunur. Bu ondan irəli gəlir ki, Nizaminin əsərlərinin üzünü ayrı-ayrı xəttatlar köçürmüşlər. Onun əsərlərinin ilk nüsxəsi xəzinələrdə qalmış, bir ölkə digər ölkə ilə müharibə apardıqda onun xəzinəsi ilə birlikdə Nizaminin əsərlərini də bir ölkədən digər ölkəyə aparmışdır.

Nizaminin milli mənsubiyyəti, dili haqqında qeydlər öz dövründə və özündən sonra yazıya alınmamışdır. Az-çox onun tərcümeyi-halı haqqında özünün “Xəmsə”sində məlumatlar tapmaq olur. Nizaminin sağlığında və özündən sonrakı əsrlərdə onun tərcümeyi-halı yazıya alınmamışdır. Nizaminin ili, bədii və elmi təfəkkürü haqqında yalnız və yalnız onun folklor qaynaqları əsasında elmi nəticələrə gəlmək mümkündür. Şair öz mühitinin oğludur. Onun bədii təfəkkürü əsər­lə­rində öz əksini tapmışdır. Nizaminin şəxsiyyəti, əsərlərinin qaynaqları və onun folklor əlaqələrini öyrənmək üçün tədqiqata başladım. Mən öyrəndim ki, Nizaminin ilk əsəri “Sirlər xəzinəsi”ndəki sujetlər Kəpəz­lə, Göyçayla bağlıdır. O, “Xosrov və Şirin”i yazarkən Bərdə qocaları ilə söhbət aparmış, Oğuz rayonundakı Daşağılla bağlı, “Fərhad və Şirin” əfsanəsi ilə Tovuzdakı İbrahimhacılı kəndindəki “Nəğməkar Fərhadla” ümumiyyətlə, türk aləmindəki Fərhad Şirin obrazları ilə ətraflı tanış olmuş, onları ümumiləşdirərək böyük bir abidə yaratmışdır. “Leyli və Məcnun” poemasını yaradarkən Şərq əfsanələri ilə yanaşı vaxtilə Şirvanşah Axsitanın dövründə mövcud olan, hətta şah sarayına yol tapmış “Leyli və Məcnun” dastanı ilə tanış olmuşdur. Bunu bu gün əldə olan “Leyli və Məcnun” adlı qədim bir dastanın mövcudluğu təsdiq etməkdədir. “Yeddi Gözəl” əsərindəki Nizami dövrünün arxitektura qalıqları müəyyən fiqurlar-Simnarın körpüsü, Şindan qalası (Şeyda qalası) yurdumuzun Şərq bölgəsindədir. “İsgəndərnamə”də qeyd olunan Dirilik çeşməsi Şirvandadır.

Bütün bu qədim əsatir və əfsanələr əvvəlcə Azərbaycan türklərinin dilinin, psixologiyasının, fantaziyasının məhsulu, möcüzəsidir. Nizami bunlardan əzəmi dərəcədə istifadə etmiş, daha doğrusu xalqın dili, təfəkkürü əsasında yaranmış əsatir və əfsanələri fars dilində öz əsərlərinə gətirmişdir. Apardığım tədqiqatlar nəticəsində belə bir qənaətə gəlmişəm ki, Nizami Gəncəvi Azərbaycan folklorunun varlığından doğmuşdur.

Nizami Azərbaycan türklərinin əsatir və əfsanələrinin hikmətlərini, zehniyyət və zəkasını, təfəkkürünü öz istedad və qabiliyyəti ilə sintez etmiş, ona dahilik, bəşəri ucalıq gətirmiş dahiyanə əsərlərini yarat­mışdır.

Nizaminin kimliyinə Azərbaycan folkloru şahidlik edir.

“Fərhad və Şirin” əfsanələri Cənubi Azərbaycan Ərdəbilində, Naxçıvanın Arpa­çayında və Şahbuzda, Türkiyənin Amasiyasındadır. Nizami “Fərhad və Şirin” dastanını Bərdə qocalarından öyrənmiş və bu poemanın yazılmasında əsas rol oynamışdır. Əlbəttə, Bərdə qocaları Nizamiyə Azərbaycan dilində olan “Fərhad və Şirin” dastanını söyləmişlər. Nizami öz yaradıcılıq konsepsiyasına uyğun olaraq onları fars ədəbi dilinə çevirib, öz poemasına (“Xosrov və Şirin”) daxil etmişdir.

Hətta, Nizami dastanın dilini dəyişsə də, dastan ənənələrinə bağlı olan “Vücudnamə”ni, “Cahannamə”ni poemada saxlamışdır. Azərbaycan xalq dastanlarına məxsus vücudnamə, təhkiyə-nağıl hissəsini olduğu kimi saxlamış və sonra da poema-dastanın faciə ilə bitməsinə görə “Cahan­­namə”dən istifadə etmişdir. Bu isə Azərbaycan xalq dastanı ənənələrinin poemada yaşadığını göstərir.

Tanınmış folklorşünas-alim, Folklor İnstitutunda mifologiya şöbəsinin müdiri, filologiya elmləri doktoru Seyfəddin Rzasoy Nizaminin folklor əlaqələrindən bəhs edərkən yazmışdır:

- Sədnik Paşa Pirsultanlı Nizamini xalqın folklor düşüncəsində yenidən aşkarlamaqla onun Azərbaycan-türk varlığının ayrılmaz, qopmaz tərkib hissəsi olduğunu təsdiqləmiş və əslində, bununla Nizamini fars hesab edənlərin qarşısına inkarolunmaz həqiqətlər qoymuşdur. ([14] Sefəddin Rzasoy. “Azərbaycan folklorşünaslıq tarixi və Sədnik Paşa Pirsultanlı”, “Nurlan, Bakı, 2008, səh.195).



Türk mifologiyasını öyrənmək ümumi bir işdir. Türk mifologiyasına Anadolu, Qazax, Özbək, Türkmən türklərinin, eləcə də, digər türk toplumlarının mifologiyası daxildir. Mənim üçün ən maraqlısı Azərbaycan mifologiyasıdır. Hər bir toplumun əcdadının məskunlaşdığı coğrafi ərazi mənə görə bir kainatdır. Ümumi bir aləm, bir kainat mövcud olduğu kimi hər bir türk toplumunun özünəməxsus kainatı vardır. Bu coğrafi ərazidə yaşayan insanlar daxil olduqları meridianlarda ayı, ulduzu görür, yurduna məxsus tanış dağları, çayları, gölləri, dənizləri tanıyır, məskunlaşdığı təbiətin florasına və faunasına bələd olur. Mən Azərbaycan totemlərini, toponimlərini, mifik obraz­la­rı­nı,müqəddəs kultlarını, bir sözlə, Azərbaycan mifologiyasını öyrənmək üçün doğma folklorumuza baş vurdum.

Azərbaycan ağız ədəbiyyatında mifoloji izləri axtararkən nəyi axtarıb tapmayanda onun qarşılığını Nizami Gəncəvinin “Xəmsə”sində tapdım. Mənim üçün aydın oldu ki, Azərbaycan folklorunun özəyi, Nizaminin “Xəmsə”sində yaşayır.Nizami “Xəmsə”si Azərbaycan folklorunun mən deyərdim ki, yazıya alınmış külliyyatıdır. Əgər Nizami əsərində Alparaqın (Kəpəzin qədim adıdır) adı çəkilirsə, deməli burada söhbət Daqqultundan gedir. Orada qədim totemlər, toponimlər haqqında əsatir, əfsanə və rəvayətlər mövcuddur. Məlumdur ki,qədim inancları özündə yaşadan totemlərin varlığı əsatirlərə bağlıdır. Eləcə də toponimləri yaşadan rəvayətlər təhkiyyə şəklində onları bizə çatdırır. Azərbaycan mifologiyasını mən yaza bilərəm. Türk mifologiyasından danışanlar ümumi şəkildə öz fikirlərini kitab dili ilə izah edirlər. Azərbaycan mifologiyasını yazmaq üçün Azərbaycan kainatına daxil olan coğrafi əraziləri gəzmək, onun folklorunu toplamaq və onun daxilində totemləri və toponimləri arayıb axtarmaq və tapıb yazıya almaq lazımdır. Azərbaycan folklorunun nəzəri cəhətləri toplama zamanı meydana çıxır. Birinci, toplayıcı həmin totemin, ona bağlı əsatirin hansı arealda olduğunu öyrənir, eyni zamanda o folklor nümunəsi danışan insanın hansı qədim tayfaya, hansı əraziyə bağlı olduğunu aşkar edir. 80 yaşlı bir qoca izah edir ki, bu əsatir və yaxud əfsanəni mənim babam atama danışmış,bunları mən atamdan eşitmişəm. Az qala bir əsatirin, əfsanənin 200-300 illik tarixi meydana çıxır. Əgər bunların qarşılığını Nizami əsərlərində axtarıb tapırıqsa, o zaman min illik bir tarixə ulaşmış oluruq. Biz əsatir və əfsanələrimizi öyrənərkən ayrı-ayrı folklor örnəklərində əski çağlarda Azərbaycan hansı adlarla çağırılmışsa onu da öyrənirik. Qədim zamanlarda Azərbaycan “Xızır Becan”, “Xəzər Becan” və başqa adlarla yaşadığını görürük. Xəzər dənizinin adı Xızırın adından götürülmüşdür. Xəzərin ətrafında “Xızı qalası”, “Xızı rayonu” var. Xızır Zində, Diri Baba dağları var. Türkmənlər bizim torpağa müraciət edərkən onu “Xəzər Becan” deyə çağırmışlar. Asetinlər Xəzər dənizinə Xəzər dənizi demirlər, “Xızı dənizi” deyirlər. Hətta, “Quran”da da Xəzər Becan Azərbaycan ölkəsi kimi qeyd olunur. Əlbəttə, ümumi şəkildə qeyd etmək olar ki, biz Azərbaycan folklorunda tapmadığımız bir örnəyi Nizami “Xəmsə”sində, Nizami “Xəmsə”sində tapmadığımız bir örnəyi Azərbaycan folklorunda tapırıq. Azərbaycan folklorunu Nizamidən kənarda, Nizamini isə Azərbaycan folklorundan kənarda düşünmək qeyri mümkündür. Azərbaycan folkloru Nizami əsərlərinin qanında, damarında axır.Onun döyünən ürəyində yaşayır. Azərbaycan folkloru Nizami əsərlərinin can özəyidir. Nizami öz əsərlərində nəinki Azərbaycanın əsatirlərində yaşayan totemləri yaşatmış, eyni zamanda Azərbaycan rəvayətlərində yaşayan toponimləri də yaşatmış, və Azərbaycanın bir sıra mifik obrazlarını öz əsərlərinə qəhrəman seçmişdir. Bunlardan daşyonan Fərhadı, Şirini, Məhinbanunu qeyd etmək olar. Nizami ilə Azərbaycan folklorunun əlaqələrini dərindən öyrənmək üçün Azərbaycan əsatir və əfsanələrini toplamaqla yanaşı Nizami misralarını, qeydlərini söz-söz aramaq, qarşılaşdırmaq və bununla Azərbaycan folklorunun Nizami əsərlərində qorunub saxlanılan cövhərlərini bir-bir tapıb üzə çıxarmalıyıq. Oğuz rayonundankı Daş ağıla getmək, Uğan dağını seyr etmək, Ulu çaydan kotanlar yerinə çəkilən Fərhad arxı haqqında daha yeni örnəklər toplamalı, Şəbdizin Gülgünün Daş ağıl daşından döl götürdüyünü və bu adların Tovuzdakı Göy yurdla və oradakı Dəryaçay ilə bağlılığını aydınlaşdırmalıyıq.Əski çağlarda qəhrəmanlar qılınc oynatmaqla yox, külüngü ilə dağ çapmaqla fərqlənmişlər. Buna dair çox mifik nağıllarımız var ki, Nizami əsərləri ilə səsləşməkdədir. Nizami kiçik tapmacalardan, atalar sözlərindən, təmsillərdən, ayrı-ayrı hekayətlərdən, xaq məsəllərindən istifadə eməklə yanaşı mifik nağıllarımızdan əsatir və əfsanələrimizdən bol-bol istifadə etmişdir.


Yüklə 207,32 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin