Nöqtələr
●Quranda həzrət Nuhun (ə) adı 43 dəfə qeyd olunmuşdur. Həzrət İbrahim (ə) Nuhun (ə) şiəsi sayılır.1 Quranda “Nuh” adlı surə də var. Allahın Nuha (ə) xüsusi bir salamı var.2 Allah həzrət Musa (ə), Harun (ə) və İbrahimə (ə) salam verirsə də, həmin salamlarda “fil-aləmin” təbiri yoxdur.
●Peyğəmbərlərin tarixi ilə tanışlıq insanı peyğəmbərlərə məftun edir, insanda səbir və sabitlik ruhu yaranır.
Bildirişlər
1. Bütün peyğəmbərlər vahid məqsədə doğru hərəkət etmişlər. Buna görə də bir peyğəmbərin təkzibi bütün peyğəmbərlərin təkzibi kimidir. (Nuh qövmü təkcə Nuhu (ə) təkzib etsə də Quran bütün peyğəmbərlərin təkzib olduğunu bildirir.)
2. Qəbilələr və ümmətlər onların rəhbərləri və şəxsiyyətləri ilə tanınır.
3. Nuhdan (ə) öncə çoxsaylı peyğəmbərlər olmuşdur.
4. Dinin təbliğində duyğulardan istifadə edin.
5. Peyğəmbərlər öz dövrlərinin insanları ilə qardaşcasına rəftar etmişlər.
6. Xalqın mədəniyyətindən, dilindən, adət-ənənələrindən, zəif və güclü nöqtələrindən xəbərdarlıq təbliğatçı üçün zəruri səciyyədir. Xalqa qardaş olan kəs onun düşüncəsindən, adət-ənənələrindən, zəif və güclü nöqtələrindən agahdır.
7. Din qardaşlığı vəzifələrindən biri digər qardaşlara öyüd-nəsihət verilməsidir.
8. Sual verməklə vicdanları oyadın.
9. Peyğəmbər çağırışlarının qəbulu və onlara itaət üçün təqva ruhiyyəsi lazımdır.
10. Peyğəmbərlik bəşəriyyətin faydası, insanların qurtuluşu üçündür.
11. Etibarlılıq, müsbət keçmiş və canıyananlıq sözün təsiri üçün şərtdir.
12. İlahi vəhyin tapşırılması üçün əsas şərt etibarlılıqdır.
13. Müəyyən hallarda şəxsi kamillikləri bəyan etmək lazım gəlir.
14. Dindarlıq ilahi rəhbərə itaətdən ayrı deyil. Bəli, təqva peyğəmbərlərə itaətdə möhkəmlənir.
15. Allah əmrinin icrası üçün özünə doğru çağırışın eybi yoxdur.
16. Dini təbliğatçı xalqdan bir şey ummamalı, onlara ağız açmamalıdır. (İxlas sözün təsir şərtidir.)
17. Allaha təvəkkül edən şəxs xalqdan ehtiyacsız ola bilər.
18. Allah din təbliğatçılarının mükafatını Özü üçün zəruri etmişdir.
19. Dini rəhbər dünyapərəstlikdə ittiham üçün hədəf olmamalıdır.
20. Bəhanə yollarını bağlayın, mənəvi işləri əvəz almaq məqsədi ilə yerinə yetirməyin.1
21. Allaha iman və ilahi təqva peyğəmbərə iman və itaət üçün zəmindir.
22. Tərbiyə və təkamül yolunda təkrar zəruridir.
23. Kübarlıq və dəbdəbəli həyat insanın iman gətirməsinə mane ola bilər. Çünki təkəbbürlü əyan-əşrəf möminlərə yuxarıdan aşağıya baxır.
24. Peyğəmbərlərin əksər tərəfdarları yoxsullar və kimsəsizlər olmuşdur.
25. Yoxsul tərəfdarlara görə haqqı və haqq məktəbini təhqir etmək olmaz.
26. Peyğəmbər təlimləri ictimai yanlış ayrıseçkilikləri aradan götürür.
Ayə 112:
﴿قَالَ وَمَا عِلْمِي بِمَا كَانُوا يَعْمَلُونَ﴾
“(Nuh) dedi: «Mən onların keçmişdə etdikləri əməllərdən xəbərsizəm.” (Yaxud onların keçmişi ilə işim yoxdur.)”
Ayə 113:
﴿إِنْ حِسَابُهُمْ إِلَّا عَلَى رَبِّي لَوْ تَشْعُرُونَ﴾
“Əgər anlasanız, onların hesabı yalnız Rəbbimə aiddir.”
Nöqtələr
●İslamda bizə zahir əsasında hərəkət etmək tapşırılıb. Əgər bir şəxs İslamı qəbul etdiyini dilə gətirsə, ondan iç məqsədi haqqında soruşmağa haqqımız yoxdur.1
●Digər bir ayədə Peyğəmbərə (s) göstəriş verilir ki, gecə-gündüz Allaha yaxınlıq üçün Onu çağıranları özündən uzaqlaşdırma. Qeyd olunur ki, onların hesabı Allaha aiddir, nə sən onlara məsulsan, nə də onlar sənə məsuldurlar; onları rədd etsən zalımlardansan.2
Bildirişlər
1. Peyğəmbərlər yalnız Allahın istəyi ilə insanların keçmişindən xəbər tuturlar.
2. “Bilmirəm” demək eyb deyildir.
3. Bəndəni Allah tanıyır və Allah onunla hesab aparır. Kiminsə əməllərini qəbul edib-etməmək bizim işimiz deyil.
4. İnsanların şəxsi həyatını araşdırıb eyb axtarmaq qadağandır.
5. İnsanlar haqqında danışarkən onların bugünkü iman və saleh əməlinə əsaslanın və keçmişini təftiş edib üzə vurmayın.
6. Mənfi keçmiş insanın tövbəsinə mane olmur.
7. Peyğəmbərlərin vəzifəsi xalqın islahı və tövhidə dəvətidir. Peyğəmbərlər insanların hesab-kitabına məsul deyildirlər.
Ayə 114-115:
﴿وَمَا أَنَا بِطَارِدِ الْمُؤْمِنِينَ إِنْ أَنَا إِلَّا نَذِيرٌ مُّبِينٌ﴾
“(Onların bu gün iman gətirməsi kifayətdir) və mən möminləri rədd edən deyiləm. Mən yalnız aşkar bir xəbərdarlıq edənəm.”
Ayə 116-117:
﴿قَالُوا لَئِن لَّمْ تَنتَهِ يَا نُوحُ لَتَكُونَنَّ مِنَ الْمَرْجُومِينَ قَالَ رَبِّ إِنَّ قَوْمِي كَذَّبُونِ﴾
“Onlar Nuha dedilər: «Ey Nuh! Əgər (öz dəvətindən) əl çəkməsən, hökmən daşqalaq edilənlərdən olacaqsan.» Nuh dedi: «Pərvərdigara! Həqiqətən, qövmüm məni təkzib etdi.»”
Ayə 118:
﴿فَافْتَحْ بَيْنِي وَبَيْنَهُمْ فَتْحًا وَنَجِّنِي وَمَن مَّعِيَ مِنَ الْمُؤْمِنِينَ﴾
“Mənimlə onlar arasında (hökm ver və) aydın bir yol aç. Mənə və mənimlə olan hər bir möminə (kafirlərin şərindən) nicat ver.”
Nöqtələr
●Təkəbbürlülər hətta peyğəmbərlərdən tələb edirdilər ki, iman gətirmiş ad-sansız yoxsulları rədd etsinlər. Bütün peyğəmbərlər uyğun təklifi rədd etmişlər. Allah “Kəhf” surəsinin 28-ci ayəsində həzrət Peyğəmbərə (s) göstəriş verir ki, sübh-axşam xalis halda Allahı çağıran möminlərlə ol, dünya zinətləri əldə etmək üçün onlardan üz döndərmə, həvəspərəstlərə və həddi aşanlara itaət etmə.
●“Daşqalaq edilərsən” yox, “daşqalaq edilənlərdən olacaqsan” şəklində deyilişdən aydın olur ki, həzrət Nuhdan (ə) öncə də kimlərsə daşqalaq edilmişdir.
Bildirişlər
1. Təkəbbürlü zalımların istək və tələblərinə qətiyyətlə cavab verin. (Bir dəstənin iman gətirməsi ilə şərtlənsə belə, imanlı yoxsulları rədd etmək olmaz.)
2. İslamda ictimai və iqtisadi məqam yox, iman dəyər ölçüsüdür.
3. Cazibə üstün həddə olmalı, dəf etmə isə zəruri hallarda həyata keçməlidir.
4. Peyğəmbərlər müjdə verməkdən çox qorxutmuş, xəbərdarlıq etmişlər.
5. Qafili təhlükələrdən xəbərdar etmək öyüd-nəsihətin ən üstün yoludur.
6. Peyğəmbər müxaliflərinin ən mühüm gedişlərindən biri hədə-qorxu gəlməkdir.
7. Daşqalaq etmək ən qədim işkəncə növlərindən biridir.
8. Düşmənin hədə-qorxuları qarşısında Allaha pənah aparaq.
9. Həzrət Nuh (ə) hədə-qorxu və daşqalağa görə yox, din təkzib olunduğu üçün nalə çəkirdi.
10. Cahillərin amansızlığı sizin ata və qardaşlıq duyğularınızı əskiltməsin.
11. Düyünləri açan Allahdır.
12. Öncə xalq və cəmiyyətin problemlərinin həlli, sonra öz qurtuluşunuz üçün dua edin.
13. Hədə-qorxulara baxmayaraq xalqın bir hissəsi peyğəmbərlərə iman gətirirdi.
14. Ən mühümü fiziki və zahiri yox, əməli və dini yaxınlıqdır.
15. Peyğəmbərlərin duası möminlərə şamil olur.
16. İman təklikdə bəs etmir, itaət və yoldaşlıq da lazımdır.1
Ayə 119-120:
﴿فَأَنجَيْنَاهُ وَمَن مَّعَهُ فِي الْفُلْكِ الْمَشْحُونِ ثُمَّ أَغْرَقْنَا بَعْدُ الْبَاقِينَ﴾
“Biz Nuhu və qiymətli yükü olan gəmidə möminlərdən onunla birlikdə olan hər kəsi xilas etdik. Sonra yerdə qalanlarını suda batırdıq.”
Ayə 121:
﴿إِنَّ فِي ذَلِكَ لَآيَةً وَمَا كَانَ أَكْثَرُهُم مُّؤْمِنِينَ﴾
“Şübhəsiz, bunda (bu macərada) böyük bir nişanə var. Amma insanların çoxu iman gətirən deyil.”
Ayə 122:
﴿وَإِنَّ رَبَّكَ لَهُوَ الْعَزِيزُ الرَّحِيمُ﴾
“Şübhəsiz, sənin Rəbbin yenilməz qüvvət və mərhəmət sahibidir.”
Dostları ilə paylaş: |