“HƏCC” SURƏSİ (22-ci surə, 78 ayə) “Həcc” surəsinin siması
Bu surə 78 ayədən ibarətdir və Mədinədə nazil olmuşdur. “Həcc” sözü lüğətdə bir işin yerinə yetirilmə məqsədi mənasını bildirir. İslam şəriətində isə hər il Məkkədə keçirilən xüsusi bir mərasim “Həcc” adlandırılmışdır. Surənin on üçədək ayəsində (ayə 25- 37) Kəbə, onun tarixi, Həccin ictimai-siyasi əhəmiyyəti haqqında danışılır. Bu səbəbdən surə “Həcc” adlandırılmışdır.
Bu surədə ilahi peyğəmbərlərin bir çox qövmləri haqqa dəvət etmələri və həmin qövmlərin taleyi mövzuları bəyan olunur. Rəvayətlərə əsasən, əziz İslam Peyğəmbəri (s) buyurmuşdur: “Allah “Həcc” surəsini oxuyana keçmişdə və gələcəkdə həcc və ümrə əməllərini yerinə yetirənlərin sayı qədər həcc və ümrə savabı verər.”1
Rəhman və Rəhim Allahın adı ilə
﴿بسم الله الرحمن الرحيم﴾
Ayə1:
﴿يَا أَيُّهَا النَّاسُ اتَّقُوا رَبَّكُمْ إِنَّ زَلْزَلَةَ السَّاعَةِ شَيْءٌ عَظِيمٌ﴾
“Ey insanlar! Rəbbinizdən qorxun. Həqiqətən, Qiyamət zəlzələsi böyük və hövlnak bir hadisədir.”
Nöqtələr
●Rəvayətlərdə oxuyuruq: “Hicri 6-cı il, şəban ayında müsəlmanlar “Bəni-Müstələq” döyüşündə hərəkətdə ikən “Həcc” surəsinin birinci və ikinci ayələri nazil oldu. Həzrət Peyğəmbər (s) dayanmaq göstərişi verdi. Müsəlmanlar dayandılar. Həzrət həmin bu iki ayəni tilavət etdi. Peyğəmbərin (s) bəzi yoldaşları həmin gecəni ağlamaqla keçirdilər. Allahın rəsulu (s) dünyadan bezmiş bu insanları öz müjdələri ilə sakitləşdirdi. 1
Bildirişlər
1. Quran bütünlüklə insanlara ünvanlanmışdır.
2. Qəflətdə olanlarla açıq-aydın danışmaq, onlara xəbərdarlıq etmək lazımdır.
3. Qiyamət təhlükələrindən qurtuluş yolu təqvadır.
4. Qiyamətin yada salınması təqva yaranmasına səbəb olur.
5. Varlıqda hər nə varsa kiçik, Qiyamət zəlzələsi isə böyükdür.
6. Aləmin Rəbbi və sahibi olan Allahdan qorxaq.
7. Varlıq aləmində mövcud olan nizam bir zəlzələ ilə dağılıb gedəsidir.
Ayə 2:
﴿يَوْمَ تَرَوْنَهَا تَذْهَلُ كُلُّ مُرْضِعَةٍ عَمَّا أَرْضَعَتْ وَتَضَعُ كُلُّ ذَاتِ حَمْلٍ حَمْلَهَا وَتَرَى النَّاسَ سُكَارَى وَمَا هُم بِسُكَارَى وَلَكِنَّ عَذَابَ اللَّهِ شَدِيدٌ﴾
“Onu (böyük zəlzələni) müşahidə edəcəyiniz gün (vücudunuzu qorxu elə bürüyər ki,) hər bir süd əmdirən (qadın körpəsini) unudar, hər bir hamilə öz həmlini yerə qoyar (uşaq salar). Xalqı məst halda görərsən, amma onlar məst deyillər. Fəqət Allahın əzabı şiddətlidir.”
Nöqtələr
●Quran Qiyamət səhnəsini təsvir edərkən insanı lərzəyə gətirən təbirlərdən istifadə edir. O cümlədən: “Uşaqları qocaldan gün”2; “amansız və çətin gün”3; “Əzabı əhatəli olan gün”4.
●Ən güclü məhəbbət ananın öz övladına olan məhəbbətidir. Bu səbəbdən də Allah-təala Qiyamət çətinliyini bəyan edərkən ananın südəmər körpəsindən üz çevirməsini misal çəkir. Hamilə ananın bətnindəki körpəni vaxtsız salması da Qiyamət çətinliyinə bir işarədir. Əslində isə Qiyamətdə hamilə və ya südəmər körpəsi olan qadın yoxdur.
Bildirişlər
1. Qiyamətin çətin hadisələri insanın həm hisslərini, həm də ağlını alır.
2. Tərbiyəvi mövzuların bəyanında hisslərə toxunan misallardan istifadə edək.
3. Çəkilən misalın həqiqətə uyğun gəlməsi zəruri deyildir.
4. Quran məsəlləri zaman ötdükcə öz aktuallığını itirmir.
5. İnsanda məstlik yaradan yalnız şərab deyil. (Bəzən qürur, qəflət, sərvət, məqam da insandakı tarazlığın pozulmasına səbəb olur.)
6. Həzrət Peyğəmbər (s) Qiyamət təhlükələrindən sığortalanmışdır və amandadır.
Ayə 3:
﴿وَمِنَ النَّاسِ مَن يُجَادِلُ فِي اللَّهِ بِغَيْرِ عِلْمٍ وَيَتَّبِعُ كُلَّ شَيْطَانٍ مَّرِيدٍ﴾
“İnsanların bəzisi Allah haqqında bilmədən höcətləşir və hər azğın şeytana tabe olur.”
Nöqtələr
●“Mərid” sözü xeyirsiz mənasını bildirir. Otsuz biyaban “mərid”, üzü tüksüz gənc “imrəd” adlandırılmışdır.
●Ayədə zəruri agahlıq əldə etmədən mübahisə aparmaq qadağan olunur. Əslində müxaliflərlə düzgün və ya analoji məntiqlə mübahisə etmək çox yaxşıdır.1
Bildirişlər
1. Qiyamət əzabı şəkk-şübhə yaratmaqla xalqın əqidəsinə zərbə vuranları hədəfə alır.
2. Danışıqlar inad və təəssübə yox, məntiq və elmə əsaslanmalıdır.
3. Elmi əsası olmayan mübahisə şeytana itaətdir.
4. Cəhalət və təəssüb haqqın qəbuluna mane olur.
5. Allah və onun yolundan ayrı düşən şəxs hər an şeytanın əsarətindədir.
6. Şeytanlar çoxdur, onların hər biri müəyyən üsulla azdırır.
7. Şeytana ardıcıllıqda xeyir yoxdur.
Ayə 4:
﴿كُتِبَ عَلَيْهِ أَنَّهُ مَن تَوَلَّاهُ فَأَنَّهُ يُضِلُّهُ وَيَهْدِيهِ إِلَى عَذَابِ السَّعِيرِ﴾
“Onun (şeytan) üçün yazıldı ki, vilayətini qəbul edəni hökmən azdırar, yandırıcı oda çəkər.”
Nöqtələr
●“Yazıldı” sözü şeytanın məcbur edildiyini göstərmir. Çünki başqa bir ayədə şeytanın öz iradəsi ilə, inadkarlıq səbəbindən səcdə etmədiyi və Allaha qarşı çıxdığı bildirilir. Qeyd olunur ki, şeytan insanları azdıracağına and içmişdir.1 “Onun üçün yazıldı” dedikdə şeytanın öz istək və iradəsi əsasında ardıcıllarını azdırmasının labüdlüyü nəzərdə tutulur.
Bildirişlər
1. Şeytan yolu seçiminin və ona itaətin qəti ilahi əzabdan savay nəticəsi yoxdur. (Günahkarlar üçün cəza yalnız onlar günaha batdıqdan sonra müəyyənləşdirilir.)
2. Şeytana tabeçilik onun vilayətini, hakimiyyətini qəbul etməkdir.
3. Şeytan istədiyini yox, ona tabe olanları azdırır.
4. Bütün şeytanlar insanları bir yola çəkir; yandırıcı oda!
Ayə 5:
﴿يَا أَيُّهَا النَّاسُ إِن كُنتُمْ فِي رَيْبٍ مِّنَ الْبَعْثِ فَإِنَّا خَلَقْنَاكُم مِّن تُرَابٍ ثُمَّ مِن نُّطْفَةٍ ثُمَّ مِنْ عَلَقَةٍ ثُمَّ مِن مُّضْغَةٍ مُّخَلَّقَةٍ وَغَيْرِ مُخَلَّقَةٍ لِّنُبَيِّنَ لَكُمْ وَنُقِرُّ فِي الْأَرْحَامِ مَا نَشَاء إِلَى أَجَلٍ مُّسَمًّى ثُمَّ نُخْرِجُكُمْ طِفْلًا ثُمَّ لِتَبْلُغُوا أَشُدَّكُمْ وَمِنكُم مَّن يُتَوَفَّى وَمِنكُم مَّن يُرَدُّ إِلَى أَرْذَلِ الْعُمُرِ لِكَيْلَا يَعْلَمَ مِن بَعْدِ عِلْمٍ شَيْئًا وَتَرَى الْأَرْضَ هَامِدَةً فَإِذَا أَنزَلْنَا عَلَيْهَا الْمَاء اهْتَزَّتْ وَرَبَتْ وَأَنبَتَتْ مِن كُلِّ زَوْجٍ بَهِيجٍ﴾
“Ey insanlar! Qiyamətə şəkkiniz varsa (öz vücudunuza diqqət yetirməklə şəkkinizi aradan qaldırın). Biz sizi torpaqdan, nütfədən, sonra laxta qandan, daha sonra ətdən yaratdıq. Bəzisi kamil şəkilə düşdü, (dünyaya gəldi), bəzisi kamil şəkilə gəlmədi (vaxtından əvvəl düşdü). (Bununla da istədik ki, hər şeyə qadir olduğumuzu) sizə aşkarlayaq. (Bətndəkilərdən) istədiyimizi müəyyən nəticəyədək anaların bətnində qərar verər, sonra körpə şəklində bayıra çıxararıq ki, yetkinlik həddinə çatasınız. (Bu arada) sizlərdən bəzisi ölər, bəzisi həyatın ən rəzil mərhələsinə (qocalığa) çatar və bildiklərini əldən verər. Torpağı (qışda) quru və ölü görərsən. Elə ki, üzərinə yağış yağdırarıq, hərəkətə gələr, inkişaf edər, növbənöv gözəl otlar bitirər.”
Dostları ilə paylaş: |