Nöqtələr
●Qeyd edirlər ki, bu ayə həzrət Peyğəmbərə (s) cihad və silahlı döyüş icazəsi vermiş ilk ayədir. Həzrət öz missiyasını üç mərhələdə həyata keçirirdi:
1) Dəvət, qəlb islahı, qüvvələrin tərbiyəsi;
2) Qüvvələrin təşkili və səfərbərliyi;
3) Müdafiə və ya hücum.
Bildirişlər
1. Allahın və peyğəmbərin izni olmadan cihada icazə yoxdur.
2. Məzlumlara öz düşmənləri ilə cihad etmək icazəsi verilib.
3. Yalnız biz ayağa qalxdıqdan sonra Allah yardım edir.
4. Döyüşçülərə ruhiyyə verin.
5. Haqq batilə qalibdir.
6. İlahi yardımlar təkcə hərbi yönümə malik deyil. Bu yardımın müxtəlif növləri var.
7. Allahın yardımı qətidir.
8. Allahın möminlərə yardımı geniş və əhatəlidir.
Ayə 40:
﴿الَّذِينَ أُخْرِجُوا مِن دِيَارِهِمْ بِغَيْرِ حَقٍّ إِلَّا أَن يَقُولُوا رَبُّنَا اللَّهُ وَلَوْلَا دَفْعُ اللَّهِ النَّاسَ بَعْضَهُم بِبَعْضٍ لَّهُدِّمَتْ صَوَامِعُ وَبِيَعٌ وَصَلَوَاتٌ وَمَسَاجِدُ يُذْكَرُ فِيهَا اسْمُ اللَّهِ كَثِيرًا وَلَيَنصُرَنَّ اللَّهُ مَن يَنصُرُهُ إِنَّ اللَّهَ لَقَوِيٌّ عَزِيزٌ﴾
“(Hücuma məruz qalmış məzlumlar) o kəslərdir ki, haqsız olaraq evlərindən, yurdlarından qovulmuşlar. (Onların günahı) yalnız bu idi ki, deyirdilər: “Bizim Rəbbimiz bir olan Allahdır.” Allah bəzilərini bəziləri vasitəsi ilə dəf etməsə, sovməələr, sinaqoqlar, kilsələr və Allahın adının daha çox çəkildiyi məscidlər viran qalar. Şübhəsiz, Allah Ona yardım göstərənə yardım edir. Həqiqətən, Allah qüvvəli və məğlubedilməzdir.”
Nöqtələr
●“Sovməə” dedikdə biyaban və mağaralarda rahiblərə məxsus ibadət və riyazət məhəlli nəzərdə tutulur. “Biyə” dedikdə məsihilərə, “sələvat” dedikdə yəhudilərə məxsus ibadət məhəlli nəzərdə tutulur.
●Məscidlərin xaraba qalması dedikdə parçalanma, ədalətli imamdan uzaqlıq, yoxsulların yaddan çıxarılması, vəziyyətdən xəbərsizlik, Allahdan qəflət nəzərdə tutulur. Bu səbəbdən də düşmən ilk öncə həmin mərkəzləri viran qoymaq istəyir.
Bildirişlər
1. Vətəndən didərginlik məzlumiyyətin ən aşkar nümunəsidir.
2. Vətəndə rahat yaşamaq insanın təbii haqqıdır, vətəndən çıxarılması isə ona qarşı zülümdür.
3. Quranda yer üzündə fitnə-fəsad törədənlərin sürgünü düzgün, möminlərin sürgünü yanlış sayılır.
4. Dindarlığın çətinliyi də var.
5. Möminlər Allah iradəsinin gerçəkləşməsi üçün vasitədirlər. (Allah möminlərin əli ilə müdafiə edir.)
6. Dini mərkəzlərin qorunması üçün bəzən qan vermək lazım gəlir.
7. İstər döyüş, istər qələm və bəyan, istərsə də digər proqramlarla məscidləri qorumaq mühümdür.
8. Düşmənin ən mühüm məqsədi fəal dini mərkəzlərin məhvidir. (Məbədlər cəmiyyətdə dinin hüzurunu göstərir.)
9. İbadətgahın adı və yeri mühüm deyil. Kafirlər və təcavüzkarlar istənilən bir yerdə Allahın zikri və onun yolu ilə vuruşurlar.
10. Dini mərkəzlərdə əsas məqsəd və əməllərin ruhu Allah zikridir.
11. Quran Allahın daha çox zikr olunduğu məscidləri xoş sözlərlə yad edir. (Harada Allah daha çox zikr olunursa, həmin yer daha müqəddəsdir.)
12. Bizim səy və təlaşımızdan sonra ilahi yardımlar nazil olur.
Ayə 41:
﴿الَّذِينَ إِن مَّكَّنَّاهُمْ فِي الْأَرْضِ أَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ وَأَمَرُوا بِالْمَعْرُوفِ وَنَهَوْا عَنِ الْمُنكَرِ وَلِلَّهِ عَاقِبَةُ الْأُمُورِ﴾
“O kəslər ki, əgər onları yer üzündə qüdrətə çatdırsaq, namazı bərpa edər, zəkat verər, yaxşılığa çağırar, pisliyə qadağa qoyarlar. Bütün işlərin sonu Allah üçündür.”
Nöqtələr
●Əgər qüdrət və imkan saleh insanların əlində olsa düzgün bəhrələnər, biganələrin əlində olsa sui-istifadə edərlər. Beləcə, dünya və qüdrət bəziləri üçün nemət, bəziləri üçün bədbəxtlik vasitəsidir. Quran hər iki hal üçün nümunə göstərir. Bildirilir ki, möminlər qüdrətə çatsa, Allahın yolunu izləyər, biganələr qüdrətə çatsa, tüğyan qoparar, bəşər nəslinin məhvi üçün çalışar, nəhayət, insanları cəhənnəmə sürükləyərlər.1
Bildirişlər
1. Dinin dirçəldilməsi Allaha yardım sayılır.
2. Yaxşılığa əmr və pisliyə qadağa üçün qüdrətə ehtiyac var.
3. Möminlərin qələbəsi bəndəlik və qarşılıqlı yardım üçün zəmin hazırlayır, qəflət və qüruru aradan qaldırır.
4. Möminlər üçün bütün yer üzü eynidir. Onlar bacardıqları yerdə müqəddəs hədəfləri həyata keçirməyə çalışırlar.
5. Bütün qüdrət və imkanları Allahdan bilək.
6. Salehlərin hakimiyyətinin ilkin səmərəsi namaz, zəkat, yaxşılığa əmr və pisliyə qadağadır.
7. Allaha bağlılıq imkansızlara yardım, cəmiyyətə xəbərdarlıq, fəsadın qarşısının alınmasından ayrı deyil.
8. Namazın bərpası, zəkat ödənməsi, yaxşılığa əmr və pisliyə qadağa İslam hökuməti məsullarının qəti vəzifələrindəndir.
9. Mömin hakimlər həm mənəvi dirçəliş, həm də iqtisadi problemlərin həlli barədə düşünür, yoxsulluğu aradan qaldırmağa çalışırlar.
10. Namaz, zəkat, yaxşılığa əmr və pisliyə qadağa (əmr be məruf və nəhy əz münkər) dəyərlərini əsas götürmüş cəmiyyət Allahın himayəsi altındadır.
11. Yalnız fərdi vəzifələrinizə əməl etdikdən sonra sizin əmr və qadağalarınız cəmiyyətə təsir göstərər.
12. Namazın bərpası üçün qüdrət və imkana ehtiyac var.
13. Zəkat namazla qırılmaz şəkildə bağlıdır. (Quranın 28 ayəsində zəkat namazla yanaşı yada salınır.)
14. Bütün vəzifələrinizi yerinə yetirdikdən sonra belə aqibətinizdən arxayınlaşmayın. Çıxış yolu Allaha ümid və təvəkküldür.
15. Bugünkü imkanlar yalnız bir müddət əlinizdə qalasıdır.
Ayə 42:
﴿وَإِن يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَتْ قَبْلَهُمْ قَوْمُ نُوحٍ وَعَادٌ وَثَمُودُ﴾
“(Ey peyğəmbər) əgər səni təkzib edirlərsə, (nigaran olma, bil ki) bundan öncə Nuh, Ad və Səmud qövmü də peyğəmbəri təkzib etdi.”
Ayə 43:
﴿وَقَوْمُ إِبْرَاهِيمَ وَقَوْمُ لُوطٍ﴾
“İbrahim və Lut qövmü (də peyğəmbəri təkzib etdi).”
Ayə 44:
﴿وَأَصْحَابُ مَدْيَنَ وَكُذِّبَ مُوسَى فَأَمْلَيْتُ لِلْكَافِرِينَ ثُمَّ أَخَذْتُهُمْ فَكَيْفَ كَانَ نَكِيرِ﴾
“Mədyən (məntəqəsi) əhli də öz peyğəmbərini təkzib etdi. Musa da xalq tərəfindən təkzib olundu. Kafirlərə möhlət verdim, (qəflətə qərq olduqda) onları (qəzəbimlə) yaxaladım. Onlar üçün məchul əzab necə olacaq?!”
Dostları ilə paylaş: |