Nöqtələr
●“Təfsiri-nümunə”də oxuyuruq: “Müşriklər məhərrəm ayında dedilər: “Müsəlmanlar bu ayda döyüşü haram sayırlar. Onlar bu ayda müdafiə də olunmayacaqlar, belə isə yubanmadan hücum edək.” Ayədə isə buyurulur: “İstənilən bir ayda müdafiə vacibdir.”
Bildirişlər
1. Müdafiə hər bir insanın təbii haqqıdır.
2. Ədalət hər yerdə dəyərdir.
3. Məzluma yardım bəzən zalımın məhvi ilə müşayiət olunmur.
4. Allah məzluma yardım edir, amma onun müəyyən səbəblərdən zalımı da bağışlaması mümkündür.
Ayə 61:
﴿ذَلِكَ بِأَنَّ اللَّهَ يُولِجُ اللَّيْلَ فِي النَّهَارِ وَيُولِجُ النَّهَارَ فِي اللَّيْلِ وَأَنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ﴾
“Bu, (ilahi yardım vədi) Allahın (hər şeyə qadir olması,) gecəni gündüzə, gündüzü gecəyə qərq etməsinə xatirdir. Əlbəttə, Allah eşidən və görəndir.”
Nöqtələr
●Allah-təala ötən ayədə buyurdu ki, Biz məzluma yardım edərik. Bu və bundan sonrakı ayədə isə yardım dəlilləri və zəminləri qeyd olunur: Allahın qüdrəti, Allahın elmi, Allahın haqq olması, Allahın böyüklüyü və əzəməti.
Bildirişlər
1. Allahın gecə və gündüzü dəyişmə qüdrəti və elmi Onun bəndələrə yardım gücünün nişanəsidir.
2. Gecə və gündüzün dəyişməsi təsadüfi deyil. Varlıq aləmindəki işlərin hikmət və elm sahibi olan aparıcısı var.
Ayə 62:
﴿ذَلِكَ بِأَنَّ اللَّهَ هُوَ الْحَقُّ وَأَنَّ مَا يَدْعُونَ مِن دُونِهِ هُوَ الْبَاطِلُ وَأَنَّ اللَّهَ هُوَ الْعَلِيُّ الْكَبِيرُ﴾
“Bunun (məzluma yardımın) səbəbi odur ki, Allah haqdır, ondan savay kimi çağırsalar batildir. Əlbəttə, Allah uca mərtəbəli və böyükdür.”
Bildirişlər
1. Gecə və gündüzün dəyişməsi Allahın tədbir, rübubiyyət və birliyini göstərən aşkar nişanədir.
2. Ondan savay bütün məbudlar uydurmadır.
3. Həqiqət ölçüsü yalnız Allah-təaladır.
Ayə 63:
﴿أَلَمْ تَرَ أَنَّ اللَّهَ أَنزَلَ مِنَ السَّمَاء مَاء فَتُصْبِحُ الْأَرْضُ مُخْضَرَّةً إِنَّ اللَّهَ لَطِيفٌ خَبِيرٌ﴾
“Görmədinmi ki, Allah səmadan su endirdi, sonra yer yaşıllaşdı? Həqiqətən, Allah lütf və agahlıq sahibidir.”
Bildirişlər
1. Varlıq aləminin mütaliəsi Allaha iman üçün zəmindir.
2. Allah varlıq aləmində təbii amillər əsasında iş görür.
3. Təbiətin əsərləri və bərəkətləri ondandır. (Əgər yağış yer üzünü yaşıllaşdırırsa, bu da ilahi mərhəmətdir.)
Ayə 64:
﴿لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَإِنَّ اللَّهَ لَهُوَ الْغَنِيُّ الْحَمِيدُ﴾
“Səmalarda və yerdə nə varsa Ona məxsusdur. Həqiqətən, ehtiyacsız və tərifə layiq olan Allahdır.”
Nöqtələr
●İnsan vücudu başdan-başa ehtiyac içindədir, havaya, qidaya, məskənə, libasa və digər şeylərə möhtacdır. İnsan bir anlıq özünü ehtiyacsız bildikdə tüğyan qoparır, fəsad törədir. Belə bir hal təqvasızlıq, qəflət, istismarla nəticələnir. Amma Allah mütləq surətdə ehtiyacsızdır və hər cür tərifə layiqdir.
Bildirişlər
1. Bütün varlıq aləmi möhtac, Allah isə ehtiyacsızdır.
Ayə 65:
﴿أَلَمْ تَرَ أَنَّ اللَّهَ سَخَّرَ لَكُم مَّا فِي الْأَرْضِ وَالْفُلْكَ تَجْرِي فِي الْبَحْرِ بِأَمْرِهِ وَيُمْسِكُ السَّمَاء أَن تَقَعَ عَلَى الْأَرْضِ إِلَّا بِإِذْنِهِ إِنَّ اللَّهَ بِالنَّاسِ لَرَؤُوفٌ رَّحِيمٌ﴾
“Görmədinmi ki, Allah yer üzündə nə varsa, həm də Onun əmri ilə dəryada üzən gəmiləri sizə ram etdi, göyləri saxladı ki, Onun əmri olmadan yerə enməsin?! Həqiqətən, Allah insanlara qarşı mehriban və mərhəmətlidir.”
Nöqtələr
●Mövcudların ram edilməsi dedikdə, onların bütünlüklə insanın istifadəsinə verilməsi nəzərdə tutulur. Günəş ram olmuşdur, yəni biz ondan bəhrələnirik.
●Yer üzündəki nemətlərlə yanaşı gəminin adının ayrıca qeyd olunması onun mühüm rola malik olduğunu göstərir. Elə günü bu gün su hövzələrində hərəkət edən gəmilər dayansa, dünyanın iqtisadiyyatı iflic olar.
Bildirişlər
1. Yaranışın mütaliəsi həm iman, həm də eşq üçün zəmindir.
2. Varlıq aləminin ram olunması Allahın iradəsindən asılıdır.
3. İnsan yer üzünə və ondakı hadisələrə qalib gələ bilər. (Bəşəriyyət yer üzündə mövcud olan yaranışların şərafətlisidir.)
4. Təbiətin seyri Allahın iradəsindən asılıdır.
5. Göy və göydə olanlar Allah tərəfindən öz yerindəcə saxlanılırlar.
6. Varlıq aləmindəki nizam və onun hifzi Allahın daimi nəzarətinə ehtiyaclıdır.
7. Təbiət qanunları Allahın iradəsi qarşısında dayana bilməz.
8. Allahın mehribanlığı və mərhəməti Onun lütfünə dəlildir.
Təbiətin insana ram edilməsi, gəmilərin dəryada hərəkəti, səma cisimlərinin təhlükəsiz hərəkəti Allahın mehribanlıq və mərhəməti ilə təmin olunur.
9. Bütün insanlar Allahın lütfündən bəhrələnir.
Ayə 66:
﴿وَهُوَ الَّذِي أَحْيَاكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ إِنَّ الْإِنسَانَ لَكَفُورٌ﴾
“Sizi dirildən, sonra öldürən, növbəti dəfə canlandıran Odur. Əlbəttə, insan çox nankordur.”
Bildirişlər
1. Ölüm və həyat, keçmiş və gələcək Allahın əlində olduğu halda, insan tüğyan qoparıb nankorluq edir.
Ayə 67:
﴿لِكُلِّ أُمَّةٍ جَعَلْنَا مَنسَكًا هُمْ نَاسِكُوهُ فَلَا يُنَازِعُنَّكَ فِي الْأَمْرِ وَادْعُ إِلَى رَبِّكَ إِنَّكَ لَعَلَى هُدًى مُّسْتَقِيمٍ﴾
“Hər bir ümmət üçün əməl etsinlər deyə ayinlər müəyyənləşdirdik. Bu barədə səninlə mübahisə etməməlidirlər. (Xalqı) Rəbbinin yoluna çağır. Həqiqətən, sən doğru yoldasan.”
Nöqtələr
●İnsanların mövsümi, ictimai və qeyri-sabit ehtiyacları olduğundan onlar üçün müxtəlif şəraitlərdə yeni göstərişlər verilməlidir. Necə ki, şərait dəyişdikcə həkim də yazdığı nüsxəni dəyişir. Yaşadığımız dövrdə fəqihlər (din alimləri) ümumi qanunlar çərçivəsində müsəlmanlara yeni göstərişlər verirlər.
●Bəziləri “mənsək” sözünün qurbanlıq mənasında olduğunu əsas götürüb ayəni belə mənalandırırlar: “Biz hər bir ümmət üçün bir növ qurbanlıq müəyyənləşdirdik ki, ona əməl etsinlər. Buna görə də müşriklər sənin qurbanlıq göstərişinə bəhanə tutmamalıdırlar.”
Dostları ilə paylaş: |