Nöqtələr
●Quranda “fəlah” (qurtuluş, nicat tapma) sözü “ləəllə” (bəlkə də) sözü ilə 11 dəfə yanaşı işlənmişdir (“ləəlləkum tuflihun”). Həmin söz üç yerdə “ləəllə” sözündən ayrı qeyd olunmuşdur və həmin üç məqamdan biri hazırkı, digəri “Şəms”, üçüncüsü “Əla” surəsində əks olunmuşdur. Bu üç halı bir-biri ilə müqayisə etdikdə aydın olur ki, iman və paklanmanın eyni bir cövhəri var.
●Bütün İslam proqramlarının üstün və son məqsədi insanın qurtuluşudur. Quranın bir çox ayələrində təqvadan danışılır, dini hökmlər təqvaya çatma yolu kimi tanıtdırılır.2 Təqvanın son məqsədi isə qurtuluşdur.3 Maraqlıdır ki, İslam dininin mühüm və son məqsədi onun ilkin şüarında bəyan olunmuşdur: “Deyin “la ilahə illəllah” qurtulun!” Bəli, Allahın birliyinə iman gətirin və “la ilahə illəllah” deməklə nicat tapın.
●Hər gün gündəlik (yövmiyyə) namazlarının azan və iqaməsində “həyyə ələl fəlah” cümləsini 20 dəfə dilə gətiririk. Son məqsədi fəryad çəkərək elan edirik ki, yolu itirməyək. (“Həyyə ələl-fəlah” - “tələsin qurtuluşa!”)
●Quran iman gətirənlərin və nəfsini paka çıxaranların nicat tapdığını bildirir.1 Küfr isə başqa bir bəyanatla çıxış edirdi. Firon deyirdi ki, bu gün kimin gücü və üstünlüyü varsa, o, nicat tapmışdır.2
●“Fəlah” sözü cücərmə, böyümə mənalarını bildirir. Əkinçilərin “fəllah” adlandırılmasının səbəbi bu ola bilər ki, onlar toxumun torpaqda cücərməsinə zəmin hazırlayırlar. Torpaqda yerləşən toxum üç yolla özünü xilas edib işıqlı havaya çıxır: Öncə torpağa kök atır, sonra torpaqdan qidalanır, daha sonra yoluna çıxan torpağı kənarlaşdırır.
Bəli, insan da özünü xilas etmək, açıq tövhid səmasına çıxmaq, maddiyyat zülmətlərindən qurtulmaq, nəfs istəkləri və tağutların boyunduruğundan azad olmaq üçün eynən həmin toxum kimi hərəkət etməlidir: O, dəlillərlə əqidə köklərini möhkəmləndirməli, sonra təkamülü üçün verilmiş imkanlardan faydalanmalı, daha sonra qarşısını kəsən maneə və düşmənləri kənarlaşdırmalıdır. Bəli, insan açıq tövhid fəzasına çıxmaq üçün “la ilahə illəllah” deməklə qeyri-ilahi məbudları dəf etməlidir.
●Bir şəxs namaz qıldığı vaxt saqqalı ilə oynayırdı. Həzrət Peyğəmbər (s) buyurdu: “Əgər onun qəlbində xüşu olsaydı, belə namaz qılmazdı.”3
●İmam Sadiq (ə) buyurmuşdur: “Namazda xüşu dedikdə, gözü qapamaq nəzərdə tutulur.”4
Kimlər qurtuluş əhlidir?
1. Abidlər (“Rəbbinizə pərəstiş edin, ola bilsin ki, nicat tapasınız”);5
2. Əməlləri dəyərli və ağır gələnlər.6
3. Xəsislikdən uzaq olanlar.7
4. Hizbullah (“Allahın firqəsi nicat tapmışdır”;)8
5. Çox zikr edənlər (“Allahı çox zikr edin ki, nicat tapasınız”;)1
6. Təqvalılar (“Ey düşüncə sahibləri! Təqvalı olun ki, nicat tapasınız”;)2
7. Mücahidlər (Allah yolunda cihad edin ki, nicat tapasınız”;)3
8. Tövbə edənlər (“Ey iman əhli! Tövbə edin ki, nicat tapasınız”;)4
Bildirişlər
1. Möminlərin qurtuluşu labüddür.
2. İmanın şərtləri və nişanələri var.
3. Namaz İslam proqramlarının başlanğıcında gəlir.
4. Namazda hal və keyfiyyət mühümdür.
Ayə 3, 4:
﴿وَالَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ وَالَّذِينَ هُمْ لِلزَّكَاةِ فَاعِلُونَ﴾
“O kəslər ki, boş işlərdən üz çevirər; o kəslər ki, zəkat ödəyərlər.”
Ayə 5:
﴿وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ﴾
“O kəslər ki, ayıb yerlərini (günahdan) hifz edərlər.”
Ayə 6:
﴿إِلَّا عَلَى أَزْوَاجِهِمْ أوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ﴾
“Yalnız zövcələri və əldə etdikləri kənizlər istisnadır. Onlar (zövcələri və kənizləri ilə yaxınlığa görə) məzəmmət olunmaz.”
Nöqtələr
●Mənasız iş və danışıq “ləğv” adlanır.
●Boş işlərdən çəkinmək təkcə müsəlmanlara aid olan xüsusiyyət deyil. Quran kitab əhli arasında da belələrinin olduğunu bildirir.5
●“Zəkat” sözünün lüğətdə mənası inkişaf və paklıq, terminoloji mənası isə şəri vergi, dini vacibatdır.
●İslam cəmiyyətində namaz və namusun hifzi çox mühümdür. Həmin bir neçə ayədə namus “hafizun”, namaz isə “əla səlatihim yuhafizun” cümləsi ilə yad edilir.
●Dünyada boş işlərdən uzaqlığın nəticəsi Qiyamətdə boşluqdan hifz olunmaqdır.1
●Boş iş və danışıqdan uzaqlıq çirkin söz və tünd xasiyyətlə müşayiət olunmamalıdır.2
●Rəvayətlərdə boş iş və boş danışığın (ləğvin) müəyyən nümunələri göstərilir: Allah zikri olmayan söz, ğina (haram musiqi), mənasız işlər.3
●Rəvayətdə oxuyuruq: “Yalnız iffətli qadınla evlənin, malınıza münasibətdə əmin-aman saymadığınız kəslə bir yastığa baş qoymayın.”4
Zəkatın əhəmiyyəti
–Zəkat İslamın beş bünövrəsindən biridir.
–Quranda 32 dəfə “zəkat”, 32 dəfə “bərəkət” (“bərək”) sözü işlədilmişdir. Sanki zəkatla bərəkət bərabərdir.
–Həzrət Peyğəmbər (s) zəkat ödəməyənləri məsciddən çıxarardı.
–Həzrət Mehdi (ə) öz böyük inqilabında zəkat ödəməyənlərlə vuruşacaq.
–Zəkat ödəməyənə öldüyü vaxt deyilər: “Ya yəhudi, ya da məsihi kimi öl!”
–Zəkat ödəməyən şəxs öldüyü vaxt Allahdan istəyər ki, yaxşı işlər üçün onu geri qaytarsın. Amma onun möhləti başa çatmışdır.
–İmam Sadiq (ə) buyurur: “Əgər insanlar zəkat ödəsələr, yer üzündə zərrəcə yoxsulluq qalmaz.”
Bildirişlər
1. Boş işlərdən uzaqlıq iman nişanəsidir. (Möminin bütün işlərində və danışıqlarında düzgün hədəf olmalıdır.)
2. Boş işlərdən uzaqlıq o qədər mühümdür ki, uyğun məsələ namaz və zəkat mövzuları arasında zikr olunmuşdur.
3. Zəkat da namaz kimi əhəmiyyətlidir. (28-ci ayədə namaz və zəkat mövzuları yanaşı xatırlanır.)
4. Etiqad təklikdə bəs etmir, əməl də lazımdır.
5. Həya iman şərtidir. (Cinsi pozğunluq iman zəifliyini göstərir.)
6. Şəhvət tüğyançıdır - ona nəzarət etmək zəruridir.
7. Cinsi ehtirasın təminində məhdudiyyət qoyulmalıdır. Amma bu işi qadağan etmək fitrətə ziddir.
8. Yersiz həya, utancaqlıq qadağandır. Bir işin icrası üçün İslamın icazəsi yetər. Yerdə qalan şəxsi səliqələr, dinə zidd adətlər məhkumdur.
Ayə 7:
﴿فَمَنِ ابْتَغَى وَرَاء ذَلِكَ فَأُوْلَئِكَ هُمُ الْعَادُونَ﴾
“Bundan (zövcə və kənizdən) artığını istəyənlər həddi aşanlardır.”
Ayə 8:
﴿وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ﴾
“Nicat tapmış möminlər o kəslərdir ki, əmanət və əhdlərinə vəfa qılarlar.”
Ayə 9, 10:
﴿وَالَّذِينَ هُمْ عَلَى صَلَوَاتِهِمْ يُحَافِظُونَ أُوْلَئِكَ هُمُ الْوَارِثُونَ﴾
“Onlar namazlarını hifz edərlər; onlar varislərdir.”
Ayə 11:
﴿الَّذِينَ يَرِثُونَ الْفِرْدَوْسَ هُمْ فِيهَا خَالِدُونَ﴾
“O kəslər ki, Firdovs behiştə varis olar və orada əbədi qalarlar.”
Dostları ilə paylaş: |