Nöqtələr
●Kitab elmindən qismən xəbərdar olan şəxs imam Hadinin (ə) də qeyd etdiyi kimi, həzrət Süleymanın vəziri və bacısı oğlu Asəf ibn Bərxiya idi.1 İmam Baqir (ə) buyurur: “İsmi-əzəm 73 sözdür. Asəf ibn Bərxiya bu sözlərdən təkcə birini bildiyi halda belə bir qüdrət nümayiş etdirdi.”2
●“Kitab elmi” dedikdə nəzərdə nə tutulur? Bildirirlər ki, «kitab elmi» dedikdə ya səmavi kitab, ya lövhi-məhfuz, ya da ismi-əzəm nəzərdə tutulmuşdur.
Sual: Necə oldu ki, Asəf ibn Bərxiya sahibindən icazə almamış taxtı Süleymanın yanına gətirdi?
Cavab: Bu iş peyğəmbərlərin xalqın malı üzərində hökm sahibi olması, Bilqeys və onun tabeçiliyində olan xalqın doğru yola gəlişinin əhəmiyyəti ilə izah olunur.
●Küfr iki növdür: Allahın inkarı və nemətlərə qarşı nankorluq.
●Şükrün növləri var: dildə şükür, qəlbdə şükür və əməldə şükür.
–Ayədə bildirildi ki, kitab elmindən bir qismini bilən şəxs Səba mələkəsinin taxtını bir göz qırpımında gətirməsini Süleymana təklif etdi. Amma “Rəd” surəsinin son ayəsində Allah Öz Peyğəmbərinə (s) buyurur: “Kafirlər sənin risalətini qəbul etmirlər. Onlara de ki, mənimlə sizin aranızda Allahın və kitab elmini bütünlüklə bilən kəsin şahid olması yetər.” Rəvayətdə oxuyuruq: “ Ayədə kitab elmini bütünlüklə bilən kəs dedikdə Əli ibn Əbi Talib (ə) nəzərdə tutulmuşdur. Kitab elmindən bir qismini bilən kəs Bilqeysin taxtını bir göz qırpımında gətirə bilirsə, bu elmə tamamilə sahib olan kəsin ömür boyu hansı qüdrəti olmuşdur?!
–İmam Sadiq (ə) buyurur: “Elmdən bir qisim bilən şəxsin agahlığı Əlinin (ə) elmi ilə müqayisədə dərya yanında milçək qanadındakı su kimidir.”3
–Bir çox rəvayətlərdə bildirilir ki, məsum imamlar heç bir zaman və məkan məhdudiyyəti olmadan istədikləri yerə çatırdılar. Məsələn: İmam Cavad (ə) atasının şəhadəti zamanı bir anda Mədinədən Tusa gəldi;
İmam Kazim (ə) Bağdadda zindandan çıxan kimi Mədinədə hazır oldu;
İmam Səccad (ə) əsirlik dövründə Kərbəlaya gedib atası Hüseynin (ə) pak bədənini dəfn etdi;
İmam Hüseyn (ə) şəhadətindən öncə Kərbəla torpağından götürüb Mədinədə Ümmü-Sələməyə verdi.1 Bəli, “teyyül-ərz” sifəti (ildırım sürəti ilə hərəkət) məsum imamlarda (ə) müşahidə olunmuşdur.
Bildirişlər
1. Süleymanın ətrafında dərin elmli şəxsiyyətlər vardı.
2. İnsan təbiət və onun qanunlarına hakim ola bilər.
3. İnsanın cindən qüdrətli olması mümkündür.
4. Bəzi məqamlarda qüdrəti izhar etmək lazım gəlir.
5. Elm qüdrət mənbəyidir. Elmi qüdrətlə əşya və mövcudların yerini dəyişmək olar. (İnsanda hələ ki kəşf olunmamış istedadlar, imkanlar və sirlər var.)
Elm əldə edən qazandı qüdrət,
Elmlə qoca qəlb tapdı təravət.
6. Tapşırıq verilərkən əməldə sürət imtiyaz sayılır. Necə ki, alış-verişdə yerinə çatdırma xidməti rəqabət amili və dəyərdir.
7. Elm və qüdrət iddiası əməldə sübuta yetirilməlidir.
8. Allahın övliyaları bütün nemətləri Allah tərəfindən bilirlər.
9. İlahi nemətləri öz haqqımız bilməyək.
10. Öz elm və qüdrətimizlə qürrələnməyək.
11. İlahi nemətləri dilə gətirək.
12. Nemətlərin verilməsi və ya kəsilməsi bizim təkamülümüz üçündür.
13. İlahi nemətlər ləzzət yox, bəndəlik və sınaq vasitəsidir.
14. Peyğəmbərlər də sınağa çəkilirlər.
15. İnsan məcbur yox, azaddır.
16. İnsanın səadəti onun öz əməllərindən asılıdır.
17. Allahın bizim şükrümüzə ehtiyacı yoxdur. İlahi nemətlər Allahın sonsuz fəzl və lütfündən qaynaqlanır. Biz nankorluq etsək də belə, O Öz rübubiyyəti əsasında bizə lütf göstərir.
Əlbət ki, şükürlə artası nemət,
Nankorluq nemətə çəkəsidir sədd.
18. Dəvət zamanı yaltaqlıq qadağandır.
19. İmkan və səxavət yanaşı olduqda dəyər sayılır.
20. Allah övliyalarının xalqın mülkü üzərində hökmü var.
21. Bəzən zehni sınamaq üçün dəyişiklik aparmaq olar.
Ayə 42:
﴿فَلَمَّا جَاءتْ قِيلَ أَهَكَذَا عَرْشُكِ قَالَتْ كَأَنَّهُ هُوَ وَأُوتِينَا الْعِلْمَ مِن قَبْلِهَا وَكُنَّا مُسْلِمِينَ﴾
“(Bilqeys) gələn zaman ona deyildi: «Sənin taxtın belədirmi?» O dedi: «Elə bil o özüdür. Bundan öncə bizə (Süleymanın haqlılığı ilə bağlı) elm verilmişdir və biz təslim olmuşuq.»”
Ayə 43:
﴿وَصَدَّهَا مَا كَانَت تَّعْبُدُ مِن دُونِ اللَّهِ إِنَّهَا كَانَتْ مِن قَوْمٍ كَافِرِينَ﴾
“(Qadının) Allah əvəzinə pərəstiş etdiyi şey onu (haqqa təslimçilikdən) uzaqlaşdırmışdı və o kafirlərin qövmündən idi. (Amma küfrdən sonra iman gətirdi.)”
Nöqtələr
●Ayədəki “bizə elm verilmişdir” cümləsi zahirən Bilqeysin sözünün davamıdır. Amma bu cümlə Süleyman və onun ətrafındakılara da aid ola bilər. Yəni “bizə Bilqeysdən öncə elm verilmişdir və ondan öncə müsəlman olmuşuq.1
●Sual: Bilqeys Süleymanın haqlı olduğunu bildiyi halda nə üçün dərhal təslim olmadı?
Cavab: Şirkə aludə cəmiyyət və mühit onu təslim olmağa qoymadı.
Bildirişlər
1. İlkin danışıqlarda son söz deməyin.
2. Elmə əsaslanan məktəb dəyərlidir.
3. Mühit, cəmiyyət və xurafi əqidələr gerçək imana mane olur.
4. İnsanın mənfi keçmişi onun gələcəyi haqqında bədgümanlığa əsas vermir.
Ayə 44:
﴿قِيلَ لَهَا ادْخُلِي الصَّرْحَ فَلَمَّا رَأَتْهُ حَسِبَتْهُ لُجَّةً وَكَشَفَتْ عَن سَاقَيْهَا قَالَ إِنَّهُ صَرْحٌ مُّمَرَّدٌ مِّن قَوَارِيرَ قَالَتْ رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي وَأَسْلَمْتُ مَعَ سُلَيْمَانَ لِلَّهِ رَبِّ الْعَالَمِينَ﴾
“Ona (Bilqeysə) deyildi: «Qəsrə daxil ol! Onu görüb su gölməçəsi zənn etdi. (Ötüb keçmək üçün) ətəyini yığdı.» (Süleyman ona) dedi: «(Burada su yoxdur) şüşə və büllurdan tikilmiş saraydır.» (Səba mələkəsi) dedi: «Pərvərdigara! Mən özümə zülm etdim və (indi) Süleymanla birlikdə aləmlərin Rəbbi qarşısında təslim oluram.»”
Dostları ilə paylaş: |