Nöqtələr
●“Nubəyyitənnəhu” dedikdə gecə hücumu nəzərdə tutulur.
●İslamda yaxşı iş üçün içilən andın dəyəri var. Dəyərli bir iş görmək və ya pis bir işi tərk etməklə bağlı içilən anda əməl edilməlidir. Amma bir şəxs and içsə ki, bir məzlumu vuracaq və ya bir zalımı müdafiə edəcək, belə bir andın şəri və qanuni dəyəri yoxdur.
●Bu ayə bizə Məkkə kafirlərinin Peyğəmbərə (s) qarşı andını xatırladır. Onlar and içmişdilər ki, gecə yarı İslam Peyğəmbərinə (s) hücum edib onu yatağındaca qətlə yetirsinlər. Amma həzrət Peyğəmbər (s) Həzrət Əlini (ə) öz yerində saxladı və düşmənin planları puça çıxdı.
Bildirişlər
1. Məxfi söhbətlər əsrlərcə sonra üzə çıxır.
2. Düşmən dini müqəddəsliklərdən sui-istifadə edir.
3. Peyğəmbərləri qətlə yetirməklə ən böyük günaha düçar olanlar qəlblərində Allahı qəbul edir və Onun adı ilə öz pis işlərini sahmana salırlar.
4. Azğın fərdlər və dəstələr müştərək məqsədlər üçün əl-ələ verir, and içirlər.
5. Tarixdə saysız ibrətlər var. Kimi Allah peyğəmbərini öldürmək üçün Allaha and içir, kimi Allah evində və Allah ayında, Qədr gecəsində, Allaha yaxınlaşmaq üçün Allahın vəlisini ibadət halında qətlə yetirir!!
6. Terror üçün gecənin qaranlığından istifadənin uzun tarixi var.
7. Peyğəmbərlər və onların yardımçıları ən amansız qurğularla üzləşmişlər.
8. Bəşərin imansızlığının hədd-hüdudu yoxdur. (Peyğəmbərlərin qətli, peyğəmbər yardımçılarının qətli, gecə yarı hücumlar.)
9. Qisas ağıla əsaslanan bir qanundur və bütün səmavi dinlərdə təsbit olunmuşdur.
10. Azğın insan don geyindirməklə günahını ört-basdır edir.
11. Sədaqət iddiasında olan və sədaqətdən danışan hər adama inanmayın.
12. Sədaqəti hətta peyğəmbər qatilləri də şərəf və dəyər sayırlar.
Ayə 50:
﴿وَمَكَرُوا مَكْرًا وَمَكَرْنَا مَكْرًا وَهُمْ لَا يَشْعُرُونَ﴾
“(Həmin doqquz azğın dəstə) böyük tədbirə əl atdı, Biz də böyük tədbirə əl atdıq. Amma onlar anlamazlar.”
Ayə 51:
﴿فَانظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ مَكْرِهِمْ أَنَّا دَمَّرْنَاهُمْ وَقَوْمَهُمْ أَجْمَعِينَ﴾
“Bax gör onların tədbiri necə sonuclanır? Biz onları və bütün qövmlərini həlak etdik.”
Nöqtələr
●Quranda Səmud qövmünün bir neçə vasitə ilə məhv edildiyi bildirilir: zəlzələ1; ildırım2; dağıdıcı səs3. Əlbəttə ki, hər üç əzabın eyni vaxta nazil olması mümkündür.
●Allahın zalımlara qarşı tədbirlərindən biri onlara möhlət və nemət verməsidir. Bu nemətlər onların başını qatır. Günah yükləri ağırlaşdıqdan sonra onlar qəfil əzaba düçar olurlar.
Bildirişlər
1. Allah insanın günahına münasib cəza verir.
2. Allah övliyalarına qarşı qurğu quranlar Allaha cavab verməli olurlar.
3. Kafirlərin tədbirlərinə siz də öz tədbirlərinizlə cavab verməlisiniz.
4. Allah insanların tədbirini bilir, amma insanlar Allahın tədbirlərindən xəbərsizdirlər.
5. Allahın qamçısı səssizdir.
6. Tarix müəyyən qanun və sünnələr üzərində qurulmuşdur. Bu qanunlara diqqət digər dövrlərdə də faydalıdır.
7. İlahi sünnə haqqın qələbəsi üzərində qurulmuşdur.
8. Tələsik qərar verməyin. Bəzilərinin hiyləgərliklə əldə etdiyi sizi çaşdırmasın. İşin sonuna baxın.
9. Düşmənlər çirkin məqsədlərinə çatmasalar da öz hazırlıqlarına görə Allahın qəzəbinə gəlirlər. (Düşmənlər and içmişdilər ki, peyğəmbəri öldürsünlər. Amma məqsədlərinə çatmayıb özləri həlak oldular.)
10. Azğınlara tabeçiliyin cəzası var.
Ayə 52:
﴿فَتِلْكَ بُيُوتُهُمْ خَاوِيَةً بِمَا ظَلَمُوا إِنَّ فِي ذَلِكَ لَآيَةً لِّقَوْمٍ يَعْلَمُونَ﴾
“Bu onların evləridir. Zülm etdiklərindən viran və boş qaldı. Şübhəsiz, bunda (bu cəzada) elm və agahlıq sahibləri üçün aşkar nişanə var.”
Ayə 53:
﴿وَأَنجَيْنَا الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ﴾
“Möminləri və təqva əhlini (təhlükədən) qurtardıq.”
Nöqtələr
●“Xaviyə” dedikdə həm süqut və viranlıq, həm də boş və sakinsiz qalma mənaları anlaşılır.
Bildirişlər
1. İbrətamiz tarixi abidələr gələcək nəsillər üçün qorunmalıdır.
2. Cəza təkcə axirətə aid deyil. Bəzən zalımlar elə bu dünyadaca cəzalandırılırlar.
3. İbrət və nişanələr təklikdə bəs etmir, insanın taleyi onun öz əməllərindən asılıdır.
4. İnsanların ibrət götürməsi üçün stimul da lazımdır.
5. Allahın qəzəbi yaşla qurunu bir yerdə yandırmır. Ona görə də təqvalı insanlar istisna olunur, onlara nicat verilir.
6. İman və təqvanın əsərləri təkcə axirətə aid deyil. Təqva əhli dünyada da öz işinin nəticəsini görür.
7. Daimi təqva ilə müşayiət olunan iman səmərəlidir.
Ayə 54:
﴿وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ أَتَأْتُونَ الْفَاحِشَةَ وَأَنتُمْ تُبْصِرُونَ﴾
“Lutu da (göndərdik). O öz qövmünə dedi: “Agah olduğunuz halda nə üçün bu sayaq çox çirkin işə yol verirsiniz?”
Ayə 55:
﴿أَئِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ شَهْوَةً مِّن دُونِ النِّسَاء بَلْ أَنتُمْ قَوْمٌ تَجْهَلُونَ﴾
“Qadınlar var ikən şəhvətinizi söndürmək üçün kişilərinmi ardınca gedirsiniz? Siz cahil bir qövmsünüz.”
Nöqtələr
●Lut qövmü aşkar məclislərdə, bir-birlərinin qarşısında həmcinsbazlıq edirdi. “Ənkəbut” surəsinin 29-cu ayəsində buyurulur ki, siz aşkar məclislərdə pis işə yol verirsiniz. Bu ayədə isə onların bilərəkdən günaha yol verdiyi qeyd olunur.
●Livat (həmcinsbazlıq) kəbirə günahlardandır. Növbəti ayələrdə bu günah müqabilində ilahi əzab vəd olunur.
●Qurani-Kərimin digər bir ayəsində bildirilir ki, həyat yoldaşı aramlıq, nəsil tərbiyəsi, qarşılıqlı yardım üçündür. Amma burada yalnız şəhvət məsələsi bəyan olunur. Çünki Lut qövmünün məqsədi yalnız şəhvət idi.
Bildirişlər
1. Peyğəmbərlər və islahatçı rəhbərlər öz dövrlərində rəvac tapmış günahlarla ciddi mübarizə aparmışlar.
2. Tənqidi sualarla vicdanları oyadın.
3. Peyğəmbərlərin vəzifələrindən biri pis işlərlə mübarizədir.
4. Livat təkcə İslamda qadağan olunmayıb.
5. Aşkar və bilərəkdən baş verən günahın çirkinliyi və cəzası daha böyükdür.
6. Livatın çirkinliyi hamıya məlumdur.
7. Pisliyə qadağa qoyarkən aşkar günahları hədəfə alaq.
8. Şəhvət qanuni yolla təmin olunmalıdır.
9. Cinsi məsələlərdə təbii və şəri yoldan çıxmaq cəhalət və axmaqlıqdır.
10. Həmcinsbazlıq mədəniyyətsizlikdən qaynaqlanır. İnsanı günaha aparan elm və bilik cəhalətdir.
Dostları ilə paylaş: |