Bildirişlər
1. İlkin yaradan qüdrət yenə də həmin vəziyyətə qaytara bilər.
2. Məad cismanidir.
3. Suallarla vicdanları oyadın.
4. Müxaliflərinizin dəlilləri varsa qəbul edin.
5. İslam dəlil və məntiq dinidir. Bu din öz müxaliflərindən də dəlil tələb edir.
Ayə 65:
﴿قُل لَّا يَعْلَمُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ الْغَيْبَ إِلَّا اللَّهُ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ﴾
“Allahdan savay, göylərdə və yerdə heç kəs qeybi bilmir. Kimsə bilmir ki, nə vaxt ayağa qaldırılacaq.”
Ayə 66:
﴿بَلِ ادَّارَكَ عِلْمُهُمْ فِي الْآخِرَةِ بَلْ هُمْ فِي شَكٍّ مِّنْهَا بَلْ هُم مِّنْهَا عَمِونَ﴾
“Müşriklərin elmi, ola bilsin ki, Qiyamətdə kamala çatacaq. Ola bilsin ki, müşriklər (bu gün) onun (axirətin) haqqında şübhədədirlər. Onlar axirətə münasibətdə, bəlkə də, kordurlar.”
Ayə 67:
﴿وَقَالَ الَّذِينَ كَفَرُوا أَئِذَا كُنَّا تُرَابًا وَآبَاؤُنَا أَئِنَّا لَمُخْرَجُونَ﴾
“Küfr edənlər dedilər: “Biz və ata-babalarımız torpaq olduqdan sonra hökmən (torpaqdan) çıxarılacağıqmı?”
Ayə 68:
﴿لَقَدْ وُعِدْنَا هَذَا نَحْنُ وَآبَاؤُنَا مِن قَبْلُ إِنْ هَذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ﴾
“Həqiqətən, bizə və ata-babalarımıza belə vəd verilmişdi. Bu vəd keçmişlərin əfsanəsindən başqa bir şey deyil.”
Nöqtələr
●Qeyblə bağlı məlumatlar bir neçə növdür. Onlardan bir növünü Allah Öz peyğəmbərlərinə öyrədir.1 Qeyb elminin digər bir növü Qiyamət dövrünə təsadüf edir və Allahın müqəddəs zatına məxsusdur.
●Ayədəki “مَن” (mən) sözü şüurlu mövcudlara aiddir. Belə ki, səmalarda mələklərdən əlavə şüurlu mövcudlar ola bilər və bu mövcudlar Qiyamətdə insanlar kimi səhnəyə gətirilər.
●“Bəlkə onların elmi Qiyamətdə kamala çatacaq” cümləsi “Nəbə” surəsinin 4-5-ci ayələrinin oxşarıdır: “Xeyr, onlar hökmən biləcəklər; yenə də xeyr, onlar hökmən biləcəklər.”
“İddarəkə” sözü ayrı-ayrı hissələrin bir-birinə birləşməsi mənasını bildirir. Yəni müşriklər dünyada düşüncə baxımından parçalanmışdılar. Amma axirətdə onların məlumatları üst-üstə yığılacaq və elm həddinə çatacaq. Amma bunun heç bir faydası olmayacaq!
“Əsatir” dedikdə “əfsanələr” mənası anlaşılır. Kafirlər peyğəmbəri ittihamlandırırdılar. Qiyamət haqqında deyilənlər əsassızdır və baş qatmaq üçün bəyan olunur.
Bildirişlər
1. Məadın inkarı küfrdür.
2. Məlumatın bir qrup tərəfindən qəbul edilməməsi həmin məlumatın həqiqət olmadığını göstərmir.
3. Sualın şübhə ilə təkrarı inkar nişanəsidir.
4. Düşmənlərin mühüm işlərindən biri etiqadi məsələlərdə şəkk yaratmaqdır.
5. Sözün keçmişdə deyilməsi onu etibardan salmır.
6. Bütün peyğəmbərlər məadı vəd etmişlər.
7. Günahkarlar öz günahlarına şərik axtarırlar.
8. Peyğəmbərlərin sözünü əfsanə saymaq kafirlərin gedişlərindəndir.
Ayə 69:
﴿قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُجْرِمِينَ﴾
“De ki, yer üzündə gəzin. Baxın (görün) günahkarların aqibəti necə oldu.”
Ayə 70:
﴿وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَلَا تَكُن فِي ضَيْقٍ مِّمَّا يَمْكُرُونَ﴾
“Onlara görə qəm yemə, qurğu qurmaları səni sıxmasın.”
Nöqtələr
●Quran dəfələrlə insanları yer üzünü gəzib dolaşmağa təşviq etmişdir. Məqsəd insanların günahkarların aqibətini görüb nəticə çıxarması, ibrət götürməsidir.
Bildirişlər
1. Tarixə düşmüş zülmkarların bu günə gəlib çatmış nişanələri ilə tanışlıq hidayət və tərbiyə vasitələrindəndir.
2. Bəşər tarixi ənənələrə, qanunlara və sünnələrə malikdir. Belə bir qayda ilə tarixin ibrətamiz səhnələri bu günümüz üçün dərs ola bilər.
3. Səfər məqsədli olmalıdır.
4. Gələcəkdəkilərin ibrət götürməsi üçün keçmişdəkilərin nişanələri qorunmalıdır.
5. Allahın qəhr-qəzəbi ilə viran olmuş yer ictimai yerdir və insanlar heç bir maneəsiz həmin yeri seyr edə bilməlidirlər.
6. Günahkarların aqibəti pisdir. (Ardıcıl günah şükür və təkzibə gətirir.)
7. Günahın dünya və axirət cəzası var.
8. Bir halda ki, günahkarların sonu bədbəxtlikdir, nə üçün onların inadkarlığı bizi qəmləndirsin?!
9. Peyğəmbər hətta hiyləgər düşmənlərin də hidayətini arzulayırdı.
10. Peyğəmbərlər Allah himayəsindədirlər. Allah Öz peyğəmbərinə təsəlli verir.
Qəm yemə, qəmini götürən Mənəm,
Bütün pislikləri ötürən Mənəm.
Hamı səndən əgər üz də çevirsə,
Dünya və axirət sənə yar Mənəm.
11. İnsanların, (hətta peyğəmbərlərin) güc və tutumu məhduddur. Peyğəmbəri qəmləndirən kafirlərin qurğusunun həyata keçməsi və təbliğin səmərə verməməsi idi. Belə bir məqamda Allah ona təsəlli verir.
12. İslam düşmənləri daim plan cızmaqla məşğuldurlar.
Ayə 71:
﴿وَيَقُولُونَ مَتَى هَذَا الْوَعْدُ إِن كُنتُمْ صَادِقِينَ﴾
“Deyirlər ki, sözünüz doğrusa, bu vəd (dünya və axirət əzabı) nə vaxt olacaq?”
Ayə 72:
﴿قُلْ عَسَى أَن يَكُونَ رَدِفَ لَكُم بَعْضُ الَّذِي تَسْتَعْجِلُونَ﴾
“De: Çox güman ki, tələsik istədiyiniz əzabın bir hissəsi sizə çatmaqdadır.”
Ayə 73:
﴿وَإِنَّ رَبَّكَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ﴾
“Əlbəttə, sənin Rəbbin insanlara münasibətdə fəzl sahibidir. Amma onların çoxu şükür etmir.”
Ayə 74:
﴿وَإِنَّ رَبَّكَ لَيَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ﴾
“Əlbəttə, sənin Rəbbin onların qəlblərində gizlətdiyi və aşkarladığı nə varsa (yaxşı) bilir.”
Dostları ilə paylaş: |