Ayə 19, 20, 21, 22, 23, 24:
﴿فَأَمَّا مَنْ أُوتِيَ كِتَابَهُ بِيَمِينِهِ فَيَقُولُ هَآؤُمُ ٱقْرَءُُواْ كِتَابِيهْ﴾﴿إِنِّي ظَنَنتُ أَنِّي مُلَاقٍ حِسَابِيهْ﴾﴿فَهُوَ فِي عِيشَةٍ رَّاضِيَةٍ﴾﴿فِي جَنَّةٍ عَالِيَةٍ﴾﴿قُطُوفُهَا دَانِيَةٌ﴾﴿كُلُواْ وَٱشْرَبُواْ هَنِيئًا بِمَآ أَسْلَفْتُمْ فِي ٱلْأَيَّامِ ٱلْخَالِيَةِ﴾
“Əməl naməsi sağ əlinə verilən hər kəs (şadlıqla) deyər: “Gəlin mənim kitabımı oxuyun. Mən bilirdim ki, hesabımla üzləşəcəyəm.” O xoş güzaran keçirər, meyvələrinə əl çatan behiştdə olar. Keçmişdə gördüyünüz işlərə xatir yeyin, için, nuş olsun!”
Nöqtələr
◘”Aum” sözü əmr mənası bildirən isimdir. “Haum”, yəni “gəlin”. “Utufuha” dedikdə dərilmiş və ya dərilməyə hazır meyvələr nəzərdə tutulur.
◘”Zənn” sözü dünyada tərəddüdlü inam mənası bildirir. Bu söz axirətlə bağlı işlədildikdə əminlik mənasını ifadə edir. “Əsləftum” dedikdə elə bir şeyin təqdimi nəzərdə tutulur ki, ondan üstününün qaytarılacağına ümid edilir.
◘Qiyamətdə hər bir insanın əməl naməsi var. Doğru yolda olanların əməl naməsi sağ əlinə verilər. Olsun ki, “Vaqeə” surəsində “Yəmin” əshabı dedikdə həmin qrup nəzərdə tutulmuşdur.
◘”Fi cənnətin aliyə” ifadəsindəki “əlvv” sözü məkan yox, məqam yaxınlığını bildirir.
◘Qiyamətdə həm maddi, həm də mənəvi nemətlər var. İnsanın razılığı ruhi nemətdir. Behişt isə maddi nemətlərdən sayılır.
◘”Həniən” sözü Allah tərəfindən nemətlərin artırılması və şirinləşdirilməsini göstərir. Bu söz Quranda dörd dəfə işlədilmişdir, onlardan üçü behişt nemətlərinə aiddir.
Bildirişlər
1. Qiyamətdə hər bir şəxsin əməl naməsi onun qarşısına qoyular.
2. Allah qiyamətdə insanları yazılı sənədlər əsasında mühakimə edib cəzalandırar, və ya mükafatlandırar.
3. Qiyamət hadisəsinə münasibətdə nəinki əminlik, hətta ehtimal insanı cilovlaya bilər.
4. Qiyamət dünyada əkilənlərin biçin dövrüdür.
5. Kamilliklərin izharı fitri bir işdir və qiyamətədək davam edər.
6. Hesab-kitaba iman insanı haram ləzzətlərə göz yummağa vadar edirsə, bütün bunların əvəzi behiştdə verilir.
7. Meyvə ən gözəl yeməkdir.
Dostları ilə paylaş: |