Ayə 19, 20, 21, 22, 23:
﴿إِنَّ ٱلْإِنسَانَ خُلِقَ هَلُوعًا﴾﴿إِذَا مَسَّهُ ٱلشَّرُّ جَزُوعًا﴾﴿وَإِذَا مَسَّهُ ٱلْخَيْرُ مَنُوعًا﴾﴿إِلَّا ٱلْمُصَلِّينَ﴾﴿ٱلَّذِينَ هُمْ عَلَى صَلَاتِهِمْ دَآئِمُونَ﴾
“Həqiqətən, insan həris, tamahkar yaradılmışdır; ona pislik üz verəndə nalə çəkir; bir xeyir yetişəndə xəsislik göstərir; yalnız namaz qılanlar istisnadır; o kəslər ki, namazlarında sabitdirlər.”
Nöqtələr
◘”Həlua” dedikdə səbirsiz və həris insan nəzərdə tutulur.
◘Allah-taala bəzi ayələrdə insanı ən üstün yaranmış, bəzi ayələrdə Özünü ən üstün yaradan, bəzi ayələrdə isə insanı həris və tamahkar kimi tanıtdırır. (Qeyd)1
Sual: İnsanın üstün məxluq olması və xəsisliyi bir-birinə zidd deyilmi?
Cavab: İnsan ziddiyyətlər girdabındadır və bu təkamül nişanəsidir. Nəfs insanı pisliyə çağırır, ağıl onu pislikdən çəkindirir.2 İnsanın təkamülü bu iki yol arasında düzgün seçim aparıb tərbiyələnməkdir.
◘Rəvayətlərə əsasən ən üstün əməl davamlı əməldir.3
◘Hərisliklə bağlı bir sıra rəvayətlər nəql olunmuşdur. (Qeyd)4 Bu rəvayətlərdə bildirirlir ki, hərislik ruzini artırmır, hərisliyi çox olan daha çox aldanır, çox insanları hərisliyi məhv edir, həris heç vaxt möhtaclıqdan qurtulmur, həris insan öz ali-cənablığını əldən verir, hərislik əzab-əziyyətə səbəb olur, həris insan var-dövlət naminə həyatını əldən verir, həris insan əsirdir, hərislik yoxsulluq göstəricisidir, hərislik ilahi müqəddərata inamı puça çıxarır, hərislik insana bir çox nöqsanlar gətirir, həris insanın rahatlığı olmur.
Bildirişlər
1. Hərisliyin iki nişanəsi var: çətinlik zamanı ah-nalə və kama çatan zaman xəsislik.
2. Bir çox müşküllərin kökü hərislik və xəsislikdədir.
3. İnsanın tutumu böyük deyil. O çətinliyə düşdükdə nalə çəkir, bolluq gördükdə xəsislik göstərir.
4. Davamlı namaz pis əxlaqdan qurtuluş yoludur.
5. Maddiyatçı xarakter insanı hərislik və xəsisliyə yönəldir. Namaz və Allah zikri insanı cilovlayır.
6. Namazdan uzaq düşən insan iztirab içindədir.
7. Namazın təsiri onun davamlı olmasındadır.
Dostları ilə paylaş: |