Ayə 20, 21:
﴿أَمَّنْ هَذَا ٱلَّذِي هُوَ جُندٌ لَّكُمْ يَنصُرُكُم مِّن دُونِ ٱلرَّحْمَنِ إِنِ ٱلْكَافِرُونَ إِلَّا فِي غُرُورٍ﴾﴿أَمَّنْ هَذَا ٱلَّذِي يَرْزُقُكُمْ إِنْ أَمْسَكَ رِزْقَهُ بَل لَّجُّواْ فِي عُتُوٍّ وَنُفُورٍ﴾
“Axı kimdir sizin qoşununuz ki, sizə Rəhman Allahın (qəzəbi) qarşısında yardım edələr?! Kafirlər yalnız aldanmışlardır. Kimdir o şəxs ki, Allah ruzisini kəsən zaman sizə ruzi versin?! Onlar azğınlıq və (həqiqətdən) qaçmaqla inadkarlıq göstərirlər.”
Nöqtələr
◘Ötən ayələrdə yerdə və göydə ilahi qüdrətdən danışldı. Allah yerə kafirləri udmaq əmri verə bilər. Quşları havada saxlayan Allahdır. Bu ayədə isə bəşəriyyətin gücsüzlüyünə işarə olunur. Axı insan hansı qoşununa, hansı himayəyə güvənib Allah qarşısında inadkarlıq göstərir?! Belə görünür ki, müşriklər bütləri özləri üçün arxa sayırmışlar.
◘”Ğərur” dedikdə aldadan, “ğurur” dedikdə aldanış mənası başa düşülür.
◘Müxtəlif qürur vasitələri var. Qürur amili şeytandır. Uzun-uzadı arzular, insanı yuxuya verən vədlər qürur səbəbidir.1 (Qeyd)
◘Bu iki ayədə insanın bədbəxtlik amillərinə işarə olunur: qürur, inadkarlıq, azğınlıq, haqdan yayınmaq. “Utuvv” dedikdə təkəbbür və həddi aşmaq, “nufur” dedikdə nifrəti izhar etmək, haqdan qaçmaq mənaları nəzərdə tutulur.
◘İnadkarlıq azğınlıq və tüğyan zəminidir. Azğınlıq isə haqqa qarşı nifrət və ondan uzaqlaşmaq istəyinə səbəb olur.
◘Ruzi verən yalnız Allahdır. Dünyada da, bərzəxdə də, axirətdə də ruzi onun əlindədir.2 (Qeyd)
Bildirişlər
1. Lovğa insana onun zəifliklərini xatırlatmaq lazımdır.
2. Qürur vasitələrindən biri də qoşuna, döyüşçülərə malik olmaqdır.
3. Kafirlər puç güclərinə arxalanmaqla qürrələnir, eyni zamanda aldanırdılar.
4. Allah ruzi verməyə borclu deyil. O öz ruzisini kəsə də bilər.
5. İlahi nemətlərə diqqət yollarından biri də nemətlərin geri alınmasını mümkün saymaqdır. “Mulk” surəsinin 33-cü ayəsində oxuyuruq ki, əgər sular yerin təkinə çəkilsəydi onu əldə etmək olmazdı.
Ayə 22, 23, 24:
﴿أَفَمَن يَمْشِي مُكِبًّا عَلَى وَجْهِهِ أَهْدَى أَمَّن يَمْشِي سَوِيًّا عَلَى صِرَاطٍ مُّسْتَقِيمٍ﴾﴿قُلْ هُوَ ٱلَّذِي أَنشَأَكُمْ وَجَعَلَ لَكُمُ ٱلسَّمْعَ وَٱلْأَبْصَارَ وَٱلْأَفْئِدَةَ قَلِيلًا مَّا تَشْكُرُونَ﴾﴿قُلْ هُوَ ٱلَّذِي ذَرَأَكُمْ فِي ٱلْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ﴾
“Kim doğru yoldadır, üzü üstə sürünən yoxsa ayaq üstə doğru yolu gedən? De ki, Odur sizi yaradan, sizə qulaq, göz, qəlb verən. Amma siz azca da olsa şükr etmirsiniz. De ki, Odur sizi yerdə yaradan və ona doğru gətirilərsiniz.”
Nöqtələr
◘”Mukibb” dedikdə üzü üstə yıxılmış şəxs, “inşa” dedikdə yaradıcılıqla ərsəyə gətirmək, “zərə” dedikdə yaratmaq, nəsil artırmaq mənaları başa düşülür.
◘Bu ayədə kafirlər üzü üstə sürünənlərə oxşadılır. Onlar yıxılıb duraraq yol getmək istəyənlərdir. Möminlər isə düz qamətlə hərəkət edənlərə bənzədilir.
◘”Səm” məsdərdir, həm tək, həm də cəm mənalara şamil edilir. “Əbsar” və “əfidə” sözlərindən fərqli olaraq onu cəm formada işlətməyə lüzum yoxdur.
◘Üzü üstə yerə yıxılanın görmək imkanı yoxdur. O çətinliklə hərəkət edir və qarşıdakı maneələri görmür. Onun üz-gözü yaralanmışdır, zəlil olmuş bir vəziyyətdədir. Hamı gedir, axırda o tənha qalır. Ayaq üstə hərəkət edən isə sürətlə yeriyə bilir, qarşıdakı maneələri görüb araşdırır. Bu səbəbdən də mənzilə sağ-salamat çatır.
◘İmam Baqir (ə) buyurur: “Qəlb dörd cür olur. Müşriklərin qəlbi dağınıq qəlbdir.” Sonra imam hazırkı ayəni oxuyur.1 (Qeyd)
◘İnsan Allahı tanımaq üçün öncə özünü tanımalıdır. Həzrət Əli (ə) buyurur: “Qulaq sümüklə eşidir, göz bəbəklə görür.”
◘Allah qarşısında şükrümüz az olsa da Allah verdiyi nemətləri geri almır. Rəcəb ayının duasında oxuyuruq: “Ey az əməl və şükr müqabilində çox əta edən Allah!”
Bildirişlər
1. İnadkar, haqdan qaçan fərdlər bir növ məsx olmuşdur və yerimək əvəzinə sürünür.
2. İslamın yolu düz və hamardır, eyni zamanda sonu aydındır. İslam ümməti bu yolla getsə qaməti düz, başı uca olar.
3. İnsanın yaranış prosesi çox mühüm mövzudur. Belə ki, Peyğəmbərə (s) yaranışla bağlı açıqlamalar vermək əmr olunur.
4. Allah haradansa nümunə götürməmiş, yaradıcılıqla xəlq etmişdir.
5. Allah insana müxtəlif hiss üzvləri vermiş, onun ətrafı tanıması üçün şərait yaratmışdır. Bu yolla ona edilən xəbərdarlıq başa çatdırılır. (Adi insanlar yalnız eşidib görməklə ibrət götürür, üstün insanlar isə qəlb vasitəsi ilə dərk edir.)
6. Allaha təkcə dillə şükr olunmur. Əsil şükr nemətlərdən düzgün istifadə edilməsidir.
7. Sizi öncə yer üzündə və torpaqdan yaratmış Allah yenidən dirildə bilər.
8. Allah-taala dünya həyatında insanları yer üzünə yayır, qiyamətdə onları bir yerə toplayır.
Dostları ilə paylaş: |