Məkkə kafirlərinin İslam peyğəmbərinə qarşı ciddi təzyiqlərindən sonra bir qrup müsəlman Cəfər ibn Əbi-Taliblə birlikdə Həbəşəyə hicrət etdi. Qüreyş katibləri dedilər: “Əgər müsəlmanlar orada mövqelərini möhkəmləndirsələr və hökumət qursalar, bizim bütpərəstliyi məhv edəcəklər.” Onlar Əmr Asla birlikdə bir dəstəni Nəcaşinin vəzirləri üçün qiymətli hədiyyələrlə Həbəşəyə göndərdilər. Onlar hədiyyələr vasitəsi ilə Nəcaşini mühacir müsəlmanlara qarşı qaldırmaq istəyirdilər. Onları dinləyən Nəcaşi qərara gəldi ki, özü şəxsən müsəlmanları hüzuruna gətirib onların sözünü dinləsin.
Həbəşə padşahının hüzurunda Cəfər müsəlmanların adından çıxış etdi. O, bütpərəstlik bəlasından, xurafatdan, cahiliyyət təcavüzkarlığından, İslamın gəlişindən, Məhəmməd (s) dininin nurundan elə danışdı ki, Nəcaşi ağladı. O, kafirlərin hədiyyələrini qaytarıb dedi: “Mənə qüdrət verən Allah məndən rüşvət almadı. Nə üçün mən sizdən rüşvət almalıyam?!”
Bu məclis müsəlmanların xeyrinə, kafirlərin zərərinə başa çatdı. Əmr As bu məğlubiyyətdən sonra çox götür-qoy edib, səhəri gün yeni bir təklif verdi. O, Nəcaşinin dini hislərini qızışdırmaq üçün dedi: “Müsəlmanların əqidəsi sizin əqidənizə ziddir.”
Nəcaşi növbəti dəfə müsəlmanları hüzuruna gətirib, onların həzrət Məsih haqqındakı əqidələrini soruşdu. Cəfəri-Təyyar onun cavabında Qurani-kərimin “Məryəm” surəsinin ayələrini tilavət etdi. Quranın nurani ayələrini eşidən Nəcaşi göz yaşı axıdıb dedi: “Deyilənlər həqiqətdir.”
Əmr As növbəti rüsvayçılıqdan sonra yeni bir təklif vermək istədikdə Nəcaşi ona möhkəm bir sillə vurdu.1
Dostları ilə paylaş: |