● Bildirişlər
1. Var-dövlətin düzgün olmayan istiqamətdə xərclənməsi şeytani işdir və bir növ nankorluqdur.
2. İsraf əhli təriflənməməli, əksinə məzəmmət olunmalıdır.
3. Mömin möminə qardaşdır.3 İsrafçılar isə şeytanla qardaşdırlar.
4. İsraf səxavət yox, naşükürlük nişanəsidir.
● ayə 28:
﴿وَإِمَّا تُعْرِضَنَّ عَنْهُمُ ابْتِغَاء رَحْمَةٍ مِّن رَّبِّكَ تَرْجُوهَا فَقُل لَّهُمْ قَوْلاً مَّيْسُورًا﴾
“Əgər Rəbbindən gözlədiyin bir mərhəmətin intizarı ilə onlardan üz çevirərsənsə, onlarla yumşaq danış.”
● Bu ayə xalqla münasib rəftar haqqındadır. Ona görə də Peyğəmbər (s) Allahdan qurtuluş və mərhəmət gözlədiyi bir vaxt istədiyini yerinə yetirmədiyi bir kəs üçün dua edir və buyurur: “Allah bizə və sizə Öz fəzlindən ruzi versin.”1
● Fatimeyi-Zəhra (s) ev işlərində kömək üçün Peyğəmbərdən (s) kəniz istədikdə həzrət buyurdu: “Məsciddə libası və yeməyi olmayan dörd yüz nəfər var. Əgər belə olmasaydı, sənə xidmətçi təyin edərdim.” Sonra Peyğəmbər (s) “Həzrət Zəhranın təsbihi” adlanan məşhur zikri öz qızına öyrətdi.2
● Quranda xalqla necə danışmağı aydınlaşdıran göstərişlər var. İnsan yumşaq, sadə, tutarlı, yaxşı və təmiz danışmalıdır.3
● Bildirişlər
1. Bəzən peyğəmbərlər də ətrafdakılara kömək etməyə aciz qalır.
2. Allahın mərhəmətinə ümid bəsləmək lazımdır.
3. Allahın bizə borcu yoxdur, nə verirsə rəhmətindən verir.
4. Səy və ümid yanaşı olmalıdır. Təklikdə nə səy, nə də ümid səmərə verir.
5. Mömin məhrumlara əl tutmaq üçün imkan axtarışındadır.
6. Maddi imkanları ilahi rəhmət sayaq.
7. Maddi imkanlar insanların tərbiyə və təkamülünə yönəldilməlidir.
8. İnfaq və yardımı dayandırmaq üçün yalnız əliboşluq üzr sayıla bilər.
9. Bir şəxsə maddi yardım göstərmək imkanımız yoxdursa, heç olmasa xoş sözlərlə onun qəlbini ələ alaq.
10. Yoxsullara ümid verin ki, onlar çalışıb öz müşküllərini həll edə bilsinlər.
● ayə 29:
﴿وَلاَ تَجْعَلْ يَدَكَ مَغْلُولَةً إِلَى عُنُقِكَ وَلاَ تَبْسُطْهَا كُلَّ الْبَسْطِ فَتَقْعُدَ مَلُومًا مَّحْسُورًا﴾
“Əlini nə qoynunda bağlı saxla (ki, heç infaq etməyəsən), nə də onu tam açıq saxla ki, (özün üçün heç bir şey qalmasın). Yoxsa qınanarsan və həsrət çəkərsən.”
○ Nöqtələr
● İmam Sadiq (ə) buyurur: “Məhsur” dedikdə yoxsulluq nisgili başa düşülür.”1
● Bəziləri bildirirlər ki, məzəmmət ayənin əvvəlindəki xəsisliyə, həsrət və nisgil isə ayənin sonuna, israfçılığa aiddir.
● Bir qadın öz oğlunu Peyğəmbərin (s) yanına göndərib, təbərrük üçün bir köynək istədi. Peyğəmbərin (s) başqa bir libası olmadığından öz köynəyini verdi və köynəksiz qaldığından evdən çıxa bilmədi. Ayə nazil oldu ki, əynindəki bircə köynəyi vermək səxavət deyil.
Digər bir rəvayətdə deyilir: “Peyğəmbərə (s) bir qədər qızıl gətirdilər. Həzrət bütün qızılı həmin gün infaq etdi. Növbəti gün bir yoxsul həzrətə ağız açdı. Amma həzrətdə ona vermək üçün bir şey olmadı. Yoxsul şəxs həzrəti qınadı. Peyğəmbər (s) ona bir şey verə bilmədiyi üçün qəmləndi. Sonra bu ayə nazil oldu.2
● Bildirişlər
1. Mömin xəsis olmamalı, ətrafındakılara kömək göstərməlidir.
2. İslam infaqda da orta yolu tutan məktəbdir.
3. İfrat və təfrit məhkum olunur, orta yol bəyənilmiş sayılır.
4. İnfaqda bədxərclik və ifrata varmaq insanın xanənişin olub, içini yeməsinə səbəb olur.
5. İslam heç vəchlə müsəlmanların zilləti ilə barışmır. Müsəlmanı alçaldan istənilən bir iş qadağandır.
6. İşin pis sonluğunu düşünmək həmin işdən uzaq dayanmağa səbəb olur.
7. Müdiriyyət prinsiplərindən biri gələcəyi nəzərə almaqdır.
● ayə 30:
﴿إِنَّ رَبَّكَ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاء وَيَقْدِرُ إِنَّهُ كَانَ بِعِبَادِهِ خَبِيرًا بَصِيرًا﴾
“Həqiqətən, Rəbbin istədiyi kəs üçün ruzini genişləndirib, daralda bilər. Həqiqətən, O, bəndələrinə münasibətdə agah və görəndir.”
○ Nöqtələr
● Quranda ruzi haqqında ətraflı danışılmışdır. Həmin ayədəki müəyyən nöqtələrə nəzər salaq:
a) Hər bir canlının ruzisi Allahın öhdəsinədir.3
b) Ruzi mənbəyi səmadadır.4
v) Hamının gen-bol ruzisi olsa, fəsad artar.2
q) İnsan çalışmalı, ruzi dalınca getməlidir.3
d) Təqva ruzinin artım amillərindəndir.4
● Həzrət Əli (ə) buyurur: “Allah insanların ruzisini artırıb-azaltmaqla müəyyənləşdirmişdir. İstədiyini sıxıntı, istədiyini rifahla sınağa çəkər. Varlı və yoxsul şükür və səbirlə imtahana çəkilib seçilər.”5
● Bildirişlər
1. Ruzinin az-çoxluğu Allahın əlindədir.
2. Ruzinin çoxluğu və ya azlığı insanların tərbiyəsinə yönəldilmiş rübubiyyət şənindəndir.
3. Allahın istəkləri Onun bəsirət və agahlığına əsaslanır.
4. Fəqirlikdən qorxub əlinizi sıxmayın. Eyni zamanda, başqalarını yoxsulluqdan qurtarmaq üçün bütün var-yoxunuzdan keçməyin. Ruzi Allahın əlindədir, bəzilərinin yoxsulluğunda hikmət var.
● ayə 31:
﴿وَلاَ تَقْتُلُواْ أَوْلادَكُمْ خَشْيَةَ إِمْلاقٍ نَّحْنُ نَرْزُقُهُمْ وَإِيَّاكُم إنَّ قَتْلَهُمْ كَانَ خِطْءًا كَبِيرًا﴾
“Övladlarınızı yoxsulluq qorxusundan öldürməyin. Onlara və sizə ruzi verən Bizik. Şübhəsiz, onları öldürmək böyük günahdır!”
○ Nöqtələr
● “İmlaq” dedikdə fəqirlik, yoxsulluq nəzərdə tutulur. Ola bilsin ki, bu sözün kökü “mələq” sözüdür. Çünki yoxsulda “təməllüq”, yəni yağlı dillə yaltaqlıq müşahidə olunur.
● Bu ayə cahiliyyət dövrünün böhranlı iqtisadiyyatının simasını göstərir. Bugünkü dünyamızda iqtisadi problemlər və cəmiyyətin artımından nigaran olanlar çıxış yolunu doğuşların qarşısını almaqda görürlər. Bu da bir növ cahiliyyətdir.
● Allah-təala “Ənam” surəsinin 151-ci ayəsində övladların yoxsulluq səbəbindən öldürüldüyünü bildirir. Bu ayədə isə yoxsulluq qorxusu önə çəkilmişdir. Birinci halda buyurulurdu: “Biz sizin və övladlarınızın dolanışığını təmin edərik.” Bu ayədə isə yoxsulluq qorxusu ilə bağlı deyilir: “Övladlarınızın ruzisi və öz ruziniz Bizim öhdəmizədir.” Qorxu və həyəcan çox olduğundan Allah öncə övladı, sonra valideyni sığortalayır və mümkün həyəcanı azaltmaq istəyir.1 Bu fərqin səbəbi aclığın hazıra, yoxsulluq qorxusunun gələcəyə aidliyi ola bilər. Əvvəlcə “sizə və övladlarınıza ruzi verərik”, sonra isə “övladlarınıza və sizə ruzi verərik” buyurulur.
Dostları ilə paylaş: |