2. Rəy əsasında təfsirdən pəhriz olunmuş, yalnız Quran ayələri və Peyğəmbər (s) Əhli-beytindən (ə) olan rəvayətlərə istinad edilmişdir.
3. Bir çox bildiriş və dərslərdə mötəbər şiə və sünni təfsirlərindən istifadə edilmiş, bəzi nöqtələr isə müəllif və əziz həmkarlar tərəfindən açıqlanmışdır.
Allahdan istəyirik ki, hər birimizə ixlas, düşüncə, əməl, təbliğ və Quran maarifinin yayılması və bu müqəddəs işi başa çatdırmaq tövfiqi mərhəmət buyurub, Quranı bizim üçün dünya, bərzəx və qiyamət nuru qərar versin.
Alim və fazillərdən təmənnam budur ki, təbliğ və tədrisdə Quran ali bir məqsəd kimi qarşıya qoyulsun və bütün məntəqələrdəki elmi mərkəzlərdə, mədəniyyət ocaqlarında, məscidlərdə və mədrəsələrdə Quran təfsiri dərsləri təşkil edilsin.
İslam, Quran və Peyğəmbər (s) Əhli-beyti (ə) ilə tanışlığımda rolu olanlara təkbətək təşəkkür edir, onlar üçün, xüsusi ilə də ustadlarım, atam-anam üçün bağışlayan Allahdan mərhəmət diləyirəm.
Eləcə də, bu təfsirin yazılmasında, tərtibində, islahında, çapında və yayılmasında mənə yardım edənlərə və işin təkmilləşməsi üçün qurucu və faydalı tənqid və təklif verənlərə təşəkkür edirəm.
Bəşər həyatında, tarixi dönəmlərdə, xüsusi ilə də müsəlman tarixində böyük təsirə malik olan Qurani-kərimə onun məqamına layiq səviyyədə diqqət yetirilmədiyindən bu ilahi kitab xalq arasında qərib qalmışdır. Hansı ki, Quranda “Biz Quranı öyüd üçün asan etdik” buyurulur. Bununla belə, bir çoxları Quran dəyərlərini yaddan çıxarıb ona diqqətsizlik göstərmişlər. Necə ki, keçmiş ümmətlər haqqında Quranda buyurulur: “Onlara xatırladılanların bir hissəsini unutdular...”1
Qurani-məcid əvvəldən axıradək bəşər üçün ilahi göstərişlərdən ibarətdir. Bütün bu bəyanatlarla tanış olmaq zəruridir. Xüsusi ilə də bəşəriyyətin dünyəvi və əbədi səadət yolunu göstərən ayələr və onlardakı nöqtələr haqqında düşünmək lazımdır. Qurani-məciddə həzrət Peyğəmbərə (s) belə müraciət olunur: “Sənə nazil etdiyimiz mübarək bir kitabdır ki, onun ayələrini düşünüb dərk etsinlər və ağıl sahibləri öyüd götürsünlər.”2
Bu müqəddimənin istəyi Qurani-məcidin bütövlükdə elə bir təfsirinin hazırlanmasıdır ki, bu təfsirdə əsas diqqət ayələrin mənasının dərk olunmasına yönəldilsin. Məlum olsun ki, hər bir ayənin məqsədi nədir, nəyə etiraz edir? Müasir dillə desək, bu təfsir “bəyani” bir təfsir olsun.
Adətən, təfsir kitabları daha çox ədəbiyyat, onun şöbələri, kəlam elmi, məzhəbi mübahisələr istiqamətində peşəkar araşdırmalarla məşğul olur. Hər bir mütəxəssis öz ixtisasına aid terminlərlə araşdırma aparır. Bundan əlavə, mövzu haqqında söhbətlər olduqca uzun çəkir və bu hal insanların Qurani-məcidlə bütövlükdə tanış olmasına mane olur. Bəziləri isə Quran ayələrini öz şəxsi, çox vaxt isə yanlış əqidələrinin sübutu üçün əsas gətirirlər.
Son zamanlar elm adamlarının ehtiyacına cavab verəcək bir təfsirin hazırlanması zəruri görünürdü. Həmin təfsirin hazırlanmasında aşağıdakı məsələlərə diqqət yetirilməli idi:
1. Təfsir həm sadə və yetərli, həm də güclü olmalı idi;
2. Quranın dərk olunmasını çətinləşdirən xüsusi terminlərdən pəhriz edilməli idi;
3. Həyat problemlərini həll edən, müsəlman cəmiyyətinə təqdim olunası, hətta tərcümə edilib bütün dünyaya yayılası (bəşəriyyəti, təqva sahiblərini hidayət edəsi) mövzular araşdırılmalı idi. Çünki Quran mətləbləri konkret bir zaman, fərd və ya cəmiyyətə aid deyil;
4. Ayələrdən alınan nəticələrdə Quran ayələrinə istinad olunmalı idi. Rəyə və şəxsi istəklərə, zəif rəvayətlərə əsaslanmaq olmazdı;
5. Həzrət Peyğəmbərin (s) göstərişi əsasında “Səqəleyn”dən (iki əmanətdən) biri olan Əhli-beytdən nəql olunmuş mötəbər rəvayətlərə diqqət yetirilməli idi.
Bu prinsiplər Möhsün Qəraətinin təfsirində nəzərə alınmışdı. Əgər həmin prinsiplərdən kənarlaşma müşahidə edilərsə, bu, məqsədli şəkildə edilməmişdir və inşallah, gələcəkdə islah olar.
Ümid edirəm ki, dəyərli alim höccətül-islam Möhsün Qəraəti elmi keyfiyyətlərindən əlavə, təfsir sahəsində zövq sahibidir və ilahi kəlmələrin lətafətini yaxşı dərk edir. Onun öz təfsirini bu üsul və imtiyazlarla sona çatdıracağına ümidvaram.
Həmin təfsirin bir cüzdən çoxunu müəlliflə birlikdə müzakirə etdik və bəzi qeydlərimi ona bildirdim.
Əziz müəllif hər bir ayəni sadə və yetərli bir şəkildə tərcümə etdikdən sonra onun mahiyyətini şərh etmişdir. Həmin şərhlərdə müəllifin “bildirişlər” adlandırdığı nöqtələrə toxunulmuşdur. Əslində bu nöqtələr təfsirin ruhunu açıqlayır. Düzünə qalsa, bir çox məqamlarda həmin nöqtələr müəllifin xüsusi ixtirasıdır və xüsusi təravətə malikdir.
Ümid edirəm ki, Qurani-kərim bir gün hövzə və universitetlərdə əsas mehvər olacaq. Necə ki, imam Zeynəlabidin (ə) “Səhifeye-səccadiyyə” kitabında Quranın xətm duasında buyurur: “Quran elə bir ədalət tərəzisidir ki, haqqın bəyanında dili qısa deyil.”
Ümid edirəm ki, əziz müəllifin təfsir şivəsi və ixtiraçılıq yolu Quranın ali mətləblərinin gerçəkləşməsində irəliyə doğru bir addım olacaq. İnşallah, bu addım son addım olmaz və nəzər sahibləri növbəti addımlarda bu üsulu təkmilləşdirərlər.
09 Rəbius-sani, 1414
Mehdi Hüseyni Ruhani
Müəllifdən
Şəmsi 1378-ci ildə ilk cildin yenidən nəşri üçün növbəti dəfə “Nur təfsirini” diqqətlə mütaliə etdim. İxtisarlar və əlavələr oldu. Allahın lütfü ilə ağlıma gələn yeni mətləblər və “Təfsiri-rahnüma”, “Nüxbətut-təfsir” kitablarındakı bəzi nöqtələr mətnlərə əlavə edildi.
Bir anlıq fikrə getdim. Düşündüm ki, cəmi iki-üç il keçmiş öz əlimlə dəyişdiyim yazı əgər qiyamətə çatsa, övliyaların, mələklərin, ən əsası Allahın nəzərindən keçsə, nə qədər dəyişəcək?! Bütün bu dəyişikliklər o zaman faydalı olur ki, işin canında qeyri-ilahi niyyət olmasın.
Hər halda xeyli zəhmət çəkdim. Amma qiyamətdə bu təfsirin bir səhifəsinin də mənim qurtuluşuma səbəb olub-olmayacağını bilmirəm!
Sözsüz ki, Quran nurdur. Təfsirdə nə nöqsan varsa, bizim nöqsanımızdır. Gülzarda torpaq gülə döndüyü kimi, ümid edirəm ki, Quranın nurani ayələri sayəsində bizim də yazılarımız nura çevrilsin. Amin!
Möhsün Qəraəti
BİSMİLLAHİR-RƏHMANİR-RƏHİM
Dostları ilə paylaş: