● ayə 7:
﴿إِنْ أَحْسَنتُمْ أَحْسَنتُمْ لِأَنفُسِكُمْ وَإِنْ أَسَأْتُمْ فَلَهَا فَإِذَا جَاء وَعْدُ الآخِرَةِ لِيَسُوؤُواْ وُجُوهَكُمْ وَلِيَدْخُلُواْ الْمَسْجِدَ كَمَا دَخَلُوهُ أَوَّلَ مَرَّةٍ وَلِيُتَبِّرُواْ مَا عَلَوْاْ تَتْبِيرًا﴾
“Əgər yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmisiniz, əgər pislik etsəniz, (yenə) özünüzə pislik etmisiniz. Elə ki, ikinci vəd yetişdi (güclü cəngavərləri üstünüzə göndərdik ki,) simanızı pis hala salsınlar, birinci dəfə olduğu kimi Məscidul-Əqsaya daxil olub, oranı ələ keçirsinlər, viran qoysunlar.”
● Tarixi hadisələrin xırdalıqları yox, yalnız ibrət olan müəyyən məqamları əhəmiyyətlidir və müsbət təsirə malikdir. Yəhudi təkəbbürlülərinin Allahın mömin bəndələrinin əli ilə tar-mar edilməsinin yada salınması ilə nəzərə çatdırılır ki, təkəbbür və küfr cavabsız qalmır. Əsas məqsəd həmin ümumi və tərbiyəvi nöqtə olduğundan, ayədə savaşın xırdalıqları, canlı qüvvələr və silahlar haqqında ətraflı məlumat verilmir. Necə ki, həzrət Yusifin əhvalatında bir çox xırdalıqlar, o cümlədən, Züleyxanın adı qeyd olunmur.
● Bəzi təfsirçilər bildirirlər ki, yəhudilərin təkəbbür və fəsadı, onların iki dəfə tar-mar edilməsi uzaq və ya yaxın keçmişə aiddir, Məscidul-Əqsa min illər boyu dəfələrlə acı hadisələrə şahid olmuşdur. Amma ayə və rəvayətlərə əsasən, İsrailin gələcək təcavüzləri və onların saleh bəndələr tərəfindən məhv edilməsi də nəzərdə tutula bilər. 5-6-cı ayələrdən belə görünür ki, hələlik yer üzündə Bəni-İsrailin belə bir əhatəli fəsadı baş qaldırmayıb və ilahi insanlar tərəfindən nəzərdə tutulan həddə mühüm iş görülməyib. (Bu gün İsrailin dünyanı əhatə edən cinayətlərinə və casusluq şəbəkəsinin fəaliyyətlərinə şahidik. İslam inqilabının və Fələstin gənclərinin İsraillə mübarizəsi və Məscidul-Əqsanı ələ keçirməklə bağlı fəaliyyətləri də göz qabağındadır. Ola bilsin ki, ayədə bugünkü hadisələr nəzərdə tutulur.)
● Hazırkı ayənin təfsiri ilə bağlı çoxsaylı rəvayətlərdə bildirilir ki, fitnəkar yəhudilər həzrət Mehdinin (ə) qiyamından öncə mömin inqilabçılar tərəfindən məhv ediləsidir. Bu mübariz möminlər qılıncları çiyinlərinə alıb şəhadətə qucaq açır, həzrət Mehdinin (ə) ümumdünyəvi hökuməti üçün zəmin yaradırlar. Bəzi rəvayətlərdə isə yəhudi təcavüzkarlarının imam Mehdinin (ə) zühuru dövründə məhv ediləcəyi bildirilir1.
● Bildirişlər
1. Bizim yaxşı-pisliyimizin Allaha xeyir-ziyanı yoxdur. Əməl və rəftarlarımızın nəticəsi yalnız özümüzə aiddir.
2. Əvvəlcə yaxşılıqlardan danışmaq, sonra pislikləri yada salmaq lazımdır.
3. İnsan hansı yolu seçib necə əməl etməkdə azad buraxılıb.
4. Tarixin eniş-yoxuşları və yəhudilərin məhvi onların təkəbbüründən sonra, ilahi qanun və sünnə əsasında baş verir.
5. Məscidlər tarix boyu dinlərin güc mərkəzi və qüdrət simvolu olmuşdur. Məscidləri zalımların nüfuz dairəsindən çıxarmaq möminlərin vəzifəsidir. Müsəlmanlar Məkkəni fəth etməklə Məscidül-Hərama daxil olduqları kimi, təcavüzkar yəhudiləri məhv etmək üçün ilahi insanlar Beytül-Müqəddəsə daxil olasıdır.
6. Haqqı bərpa etmək üçün zalım qüvvələri tar-mar etmək zəruridir.
● ayə 8:
﴿عَسَى رَبُّكُمْ أَن يَرْحَمَكُمْ وَإِنْ عُدتُّمْ عُدْنَا وَجَعَلْنَا جَهَنَّمَ لِلْكَافِرِينَ حَصِيرًا﴾
“Ümid var ki, Rəbbiniz sizə rəhm etsin. Əgər geri dönsəniz (ikinci dəfə fitnə törətsəniz), Biz də geri dönərik (qəhr-qəzəbimizi göndərərik). Biz cəhənnəmi kafirlər üçün zindan qərar vermişik.”
○ Nöqtələr
● “Həsr” sözündən olan “həsir” sözü çıxılmaz vəziyyət, mühasirəyə düşmək mənalarını bildirir. Bəzi döşənəcəklər toxunmaqla hazırlandığından “həsir” adlanır.
● Bildirişlər
1. Allahın rəhmətindən ümid üzmək rəva deyil. Allah fəsad əhli üçün də geriyə yol qoymuşdur.
2. Tərbiyəçinin işi rəhmət və məhəbbətə əsaslanmalıdır.
3. Doğru yola yönəldərkən öncə rəhm və mehribanlıqdan danışaq, sonra xəbərdarlıq və hədədən istifadə edək.
4. İlahi qəhr-qəzəb bizim öz əməllərimizdən asılıdır.
5. Fəsaddan sonra tövbə edilməzsə, iş küfrlə nəticələnər.
6. Cəhənnəm əhli üçün heç bir qurtuluş yolu yoxdur.
● ayə 9:
﴿إِنَّ هَـذَا الْقُرْآنَ يِهْدِي لِلَّتِي هِيَ أَقْوَمُ وَيُبَشِّرُ الْمُؤْمِنِينَ الَّذِينَ يَعْمَلُونَ الصَّالِحَاتِ أَنَّ لَهُمْ أَجْرًا كَبِيرًا﴾
“Həqiqətən, bu Quran ən davamlı yola hidayət edir. Saleh işlər görən möminlərə müjdə verilir ki, onlar üçün böyük mükafat var.”
● ayə 10:
﴿وأَنَّ الَّذِينَ لاَ يُؤْمِنُونَ بِالآخِرَةِ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا﴾
“Axirətə iman gətirməyənlər üçün dərdli bir əzab hazırlamışıq.”
○ Nöqtələr
● “Yəhdi lilləti hiyə əqvəmu” cümləsi iki cür mənalandırıla bilər:
a) Quran ən davamlı yola hidayət edir;
b) Quran ən möhkəm millətləri və ümmətləri hidayət edir.
● Bildirişlər
1. Quranın möhkəm məntiqi qarşısında xurafat və təxəyyülə yer yoxdur.
2. Quran əbədi və sabit qanunlara malik olan yeganə kitabdır.
3. Mükafat əldə etmək üçün iman və əmələ ehtiyac var. Cəhənnəmə düşmək üçün isə küfr bəs edər.
4. İlahi əzab indi də hazırdır.
5. Qorxu və ümid yanaşı olmalıdır.
● ayə 11:
﴿وَيَدْعُ الإِنسَانُ بِالشَّرِّ دُعَاءهُ بِالْخَيْرِ وَكَانَ الإِنسَانُ عَجُولاً﴾
“(Tələskən və nadan) insan xeyir istədiyi kimi şər də istəyir. İnsan daim tələsəndir.”
○ Nöqtələr
● Quranda insanın tələskənliyinə və şər istəməsinə dəfələrlə işarə olunmuşdur: “Səndən dərhal əzab istəyərlər.” 1 Digər bir ayədə kafirlərin dilindən deyilir: “Pərvərdigara, əgər din haqdırsa, səmadan başımıza daş yağdır.” 2 Bu tələskənliklər cəhalət, inadkarlıq və təəssübdən qaynaqlanır.
● Möhtərəm Peyğəmbər (s) buyurur: “İnsanın bir çox çətinliklərinin səbəbi onun tələskənliyidir.”3
● Bildirişlər
1. İnsanın düşüncə və əməlinin bəlalarından biri tələskənlikdir.
2. İnsan fitrətən xeyirə meyillidir. Ayədə insanın şər istəyinin bir istək olaraq xeyir istəyinə bənzədilməsi bir daha onun əslində xeyirə meyilli olduğunu göstərir.
3. Quranın möhkəm hidayətinə (doğru yol göstərişinə) yol tapmayanlar tələsik halda şər sorağınca gedəcəklər.
4. İnsanın daxilində bir tələskənlik var, amma bu tələskənlikdən düzgün istifadə yerini öyrənməliyik.
Dostları ilə paylaş: |