● Bildirişlər
1. Öz yardımlarını hamının ixtiyarına vermək və bu yolla yaxşı və pis sifətlərin üzə çıxmasına şərait yaratmaq Allahın sünnəsidir.
2. Allaha iman və axirət istəyinin maddi imkanlardan faydalanma ilə ziddiyyəti yoxdur.
3. İlahi lütflər Allahın rübubiyyət şəni və fəzlidir. Əslində, Allahın kimsəyə borcu yoxdur.
4. Allahın ətası həmişəlikdir.
● ayə 21:
﴿انظُرْ كَيْفَ فَضَّلْنَا بَعْضَهُمْ عَلَى بَعْضٍ وَلَلآخِرَةُ أَكْبَرُ دَرَجَاتٍ وَأَكْبَرُ تَفْضِيلاً﴾
“Bax gör ki, onların bəzisini bəzi digərlərindən necə üstün etdik. Şübhəsiz, axirət dərəcələri daha böyük və daha dəyərlidir.”
○ Nöqtələr
● İnsanlar bir-birindən iki baxımdan üstün ola bilərlər: bəzən insan istedad, zövq, düşüncə, ailə şəraiti, coğrafi mövqe kimi nemətlər baxımından üstün olur və bütün bunlar məsuliyyətlə müşayiət olunan ilahi lütf və sınaqdır. Bu ayədə uyğun üstünlüyə işarə edilmişdir. Bəzən isə insanlar zülm, istismar və təhqir baxımından fərqlənir. Bunun hesabı ayrı çəkilir.
● Peyğəmbər (s) buyurur: “Behiştdə behişt əhlinin ağlı qədər dərəcələr var.”1
● Bildirişlər
1. Varlıq aləmindəki ixtilafların və fərqlərin hikmətini anlamaq üçün düşüncə və diqqətə ehtiyac var.
2. İnsanların axirət məskəni eyni deyil. Yetərincə böyük üstünlüklər var.
● ayə 22:
﴿لاَّ تَجْعَل مَعَ اللّهِ إِلَـهًا آخَرَ فَتَقْعُدَ مَذْمُومًا مَّخْذُولاً﴾
“Allahla yanaşı başqa məbud qərar vermə, yoxsa məzəmmət edilər, başıaşağı olarsan.”
○ Nöqtələr
● Ayədə Peyğəmbərə (s) xitab olunsa da, bütün xalq nəzərdə tutulmuşdur. Qurani-Kərimdə bu sayaq xitablar çoxdur. Məsələn, növbəti ayədə Peyğəmbərə (s) müraciətlə ata-anaya ehtiram tövsiyə olunur. Hansı ki, Peyğəmbər (s) öz ata-anasını uşaq vaxtı itirmişdi.
Bu ayədə “la təcəl” deyə xalqa müraciət olunur. Peyğəmbərə (s) bir rəhbər olaraq üz tutulur.
● Bildirişlər
1. İnsanın xoşbəxtlik və izzəti tövhid sayəsindədir. Şirk və Allahdan qeyrisinə pərəstiş insanı alçaldır.
2. Qeyri-ilahi məktəblərə ardıcıllıq insanı çıxılmaz vəziyyətə, uçuruma sürükləyir.
3. Müşrik insan Allah, mələklər, möminlər, oyaq vicdanlar, düşüncə sahibləri tərəfindən məzəmmət olunur. Ayədə məzəmmət edənin adı konkret qeyd olunmamışdır.
● ayə 23:
﴿وَقَضَى رَبُّكَ أَلاَّ تَعْبُدُواْ إِلاَّ إِيَّاهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا إِمَّا يَبْلُغَنَّ عِندَكَ الْكِبَرَ أَحَدُهُمَا أَوْ كِلاَهُمَا فَلاَ تَقُل لَّهُمَآ أُفٍّ وَلاَ تَنْهَرْهُمَا وَقُل لَّهُمَا قَوْلاً كَرِيمًا﴾
“Rəbbin qərar vermişdir ki, Ondan qeyrisinə tabe olmayasınız, ata-anaya yaxşılıq edəsiniz. Əgər onlardan biri və ya hər ikisi sənin yanında bir həddə çatsa, onlara (hörmətsizliklə) “uf” demə, onları yanından qovma, onlarla ölçülü və xoş danış.”
○ Nöqtələr
● Hədislərdə valideynə ehsanla bağlı xeyli tapşırıqlar var. Eləcə də, valideyni incitmək məzəmmət olunmuşdur:
Valideynə mərhəmətli bir baxışın mükafatı qəbul olunmuş həccin mükafatıdır. Ata-ananın razılığı Allahın razılığı, onların qəzəbi Allahın qəzəbidir. Ata-anaya ehsan ömrü uzadır, övladların da öz növbəsində bizə ehsan etməsinə səbəb olur. Hədislərdə deyilir: Valideyn səni vursa belə “uf” demə, çəpəki baxma, əl qaldırma, yolda onlardan qabağa keçmə, onları adları ilə çağırma, xalqın valideyni qınamasına səbəb olası iş görmə, onlardan qabaq oturma, səndən kömək istəməmiş onlara əl tut.”1
● Bir şəxs anasını çiyninə alıb Kəbə evini təvaf edirdi. Bu şəxs Peyğəmbəri (s) görüb soruşdu: “Anamın haqqını ödəmişəmmi?” Həzrət buyurdu: “Hətta onun doğuş vaxtı çəkdiyi bir nalənin əvəzini ödəməmisən.”2
● Həzrət Peyğəmbərdən (s) soruşdular: “Ölümündən sonra da valideynə ehsan lazımdırmı?” Həzrət buyurdu: “Bəli, onlar üçün namaz qılmaq, bağışlanmalarını diləmək, əhdlərinə vəfa qılmaq, borclarını ödəmək, dostlarına ehtiram göstərməklə (ehsan edin).”1
● Bir şəxs öz atasından Peyğəmbərə (s) şikayətləndi. Həzrət onun atasını çağırıb, bu işin səbəbini soruşdu. Qoca ata dedi: “Bir zaman mən güclü və pullu idim. Övladıma kömək edirdim. Bu gün o pulludur, mənə əl tutmur.” Həzrət Peyğəmbər (s) ağladı və buyurdu: “Bu əhvalatı eşidib ağlamayan daş yoxdur!” Sonra övlada üz tutub buyurdu: “Sən də, sənin var-dövlətin də atana məxsussunuz.”2
● Hədisdə deyilir: Valideyn övladı vursa belə övlad “Allah sizi bağışlasın” desin. Bu, ayədəki “qovlən kərima” ifadəsinin bir nümunəsidir3.
● Valideynə ehsan peyğəmbər sifətlərindəndir. Həzrət İsa (ə) və həzrət Yəhya (ə) valideynə ehsanına görə mədh olunur4.
● Valideyn dedikdə təkcə doğma ata-ana nəzərdə tutulmur. Bəzi rəvayətlərə əsasən həzrət Peyğəmbər (s), Əmirəl-möminin (ə) ümmətin atası sayılır5. Eləcə də, həzrət İbrahim (ə) ərəblərin atası sayılmışdır6.
● Valideynlər ilahi tapşırıqlar sırasında adlarının tövhiddən sonra gəldiyini bilsələr, övladlarını tövhidə daha həvəslə dəvət edərlər.
● Bildirişlər
1. Tövhid ilahi tapşırıqlar sırasında birinci yerdə dayanır.
2. Ata-anaya xidmət və ehsan həqiqi müvəhhidə (təkallahçıya) xas xüsusiyyətlərdəndir.
3. Tövhidə əmr kimi, valideynə yaxşılıq əmri də qəti və dəyişməzdir.
4. Valideynə ehsan əmrinin tövhid və Allaha itaət əmri ilə yanaşı gəlməsi bu işin əqli və insani vəzifə baxımından, eləcə də, şəri baxımdan vacibliyini göstərir.
5. Yeni nəsil iman sayəsində ötən nəslə möhkəm bağlanmalıdır.
6. Valideynə ehsan üçün onların müsəlman olması şərt deyil.
7. Valideynə ehsan edərkən ata və ana arasında fərq qoyulmur.
8. Ata-anaya vasitəsiz, öz əlinizlə yaxşılıq edin.
9. Ehsan infaqdan üstündür. Məhəbbət, ədəb, təhsil, məşvərət, itaət, təşəkkür, qayğı və bu kimi başqa işlər ehsandır.
10. Valideynə ehsanın həddi-hüdudu yoxdur. (Ehsan doyanadək davam edən fəqirlik, fitnə aradan qalxanadək aparılan cihad, gün batanadək uzanan orucluq kimi deyil).
11. Qurandakı ehsan göstərişi valideynə yox, övladlara ünvanlanıb. Çünki valideynin tapşırığa ehtiyacı yoxdur, o təbii şəkildə öz övladına ehsan edir.
12. Valideynin fiziki və mənəvi ehtiyacı artdıqca ona ehsan etmək daha zəruri olur.
13. Qoca ata-anamızı qocalar evinə aparmayaq, öz yanımızda saxlayaq.
14. Əgər Quran adi bir yolçunu incitməyə qadağa qoyursa, məlum məsələdir ki, ata-anaya necə diqqət göstərilməlidir.
15. Həm ehsan, həm də gözəl danışıq zəruridir. (Ehsan etdikdən sonra gözəl danışmaq valideynlə ən mühüm rəftar qaydalarındandır.)
16. Valideynə ehsan və gözəl danışıq məsələsi ilə bağlı “qarşı tərəf kimi hərəkət etmək” prinsipinə yer verilməmişdir. Yəni valideyn övladla pis rəftar etsə də, övlad onunla yaxşı rəftar edib, gözəl danışmalıdır.
Dostları ilə paylaş: |