○ Nöqtələr
● “Əmərna mutrəfiha”, yəni qövm başçılarına itaət əmri verərik. Allah zülm və günah yox, ədalət və ehsan göstərişi verir. Həlak etməzdən öncə itaət göstərişi verilir. Rifah içində yaşayanlar müxalif olar və adi insanlar da onların yolunu gedərlər. Həmin vaxt ilahi qəhr-qəzəb qətiləşər və itaətdən çıxanları bürüyər.
● Hikmət sahibi olan Allahın əzab istəyi bizim günahlarımıza və mənfi xislətlərimizə əsaslanır. Əslində Allah mehribandır, heç bir qövmü səbəbsiz yerə həlak etmir. İmam Riza (ə) buyurur: “Bu ayədə ilahi iradə bizim günahımızla şərtlənir.”1
● Bildirişlər
1. İnsanın nemətlərə qərq olması da ilahi qəhr-qəzəb və cəza nümunəsi ola bilər.
2. Cəmiyyətdəki varlı insanlar ilahi qəhr-qəzəbə zəmin yaradırlar.
3. Cəmiyyətin əxlaqı və ictimai baxımdan süqutu bu cəmiyyətin varlı başçılarının əlindədir.
4. Rifah, adətən, fəsad səbəbi olduğundan peyğəmbərlərə qarşı ilkin olaraq rifah içində yaşayanlar çıxmışlar.
5. İtaətsizlik göstərənlərə möhlət vermək ilahi sünnə, qanundur.
6. İlahi xəbərdarlıqlara ciddi yanaşaq, özümüzü islah edək. Çünki bu hədələrin həyata keçməsi öz əməllərimizdən asılıdır.
7. Höccət tamamlanmadan, yetərli dəlillər gətirilmədən ilahi əzab nazil olmur.
8. İlahi qəhr-qəzəb və əzab şiddətlidir.
9. Bütün işlər Allah qüdrəti ilə həyata keçir.
● ayə 17:
﴿وَكَمْ أَهْلَكْنَا مِنَ الْقُرُونِ مِن بَعْدِ نُوحٍ وَكَفَى بِرَبِّكَ بِذُنُوبِ عِبَادِهِ خَبِيرًَا بَصِيرًا﴾
“Nuhdan sonra bir çox ümmətləri məhv etdik. Rəbbinin Öz bəndələrinin günahlarından agah olub, onları görməsi yetər.”
○ Nöqtələr
● Bəşər həyatında bir nəslin məhvi və yeni bir nizamın bərpasından danışan bu ayədən məlum olur ki, həzrət Nuhun dövrü bəşər tarixində dönüş nöqtəsi olmuşdur. Nuhdan öncəki bəşər nəsli sadə və azsaylı idi, həyat macərasız ötüşürdü. Həmin vaxt insan nəsli Nuhun gəmisinə süvar olmuş bir neçə möminlə davam etmişdi.
● Allah qafil insanlara xəbərdarlıq, xalq üçün ibrət olmaqla yanaşı Peyğəmbər (s) üçün bir təsəlli idi. Bildirilirdi ki, əgər kafirlər əzab-əziyyət verməkdən çəkinməsələr, Allahın qəhr-qəzəbinə düçar olacaqlar.
● Nuh qövmündən sonra Ad, Səmud, Lut qövmü, Mədyən səhabələri, Firon, Haman, Qarun və Fil səhabələri ilahi qəzəbə düçar oldular.
● Bildirişlər
1. İtaətsizliyinə görə Allahın qəhr-qəzəbinə düçar olmuş millətlər tarixdə yetərincədir.
2. İlahi qəhr-qəzəb təkcə qiyamətə aid deyil, dünyada da tətbiq olunur.
3. Tarix ibrət qaynağı və məktəbdir.
4. Allahın günahlarımızdan xəbərdar olmasını yadda saxlamağınız tərbiyəmiz üçün kafidir.
5. Günahkarların cəzalandırılması üçün şahid və dəlilə ehtiyac yoxdur. Allahın məsələdən xəbərdarlığı kafidir.
6. Günahkar insan da Allahın bəndəsidir.
7. Allah batinimizdən xəbərdardır, zahirimizi görür.
● ayə 18:
﴿مَّن كَانَ يُرِيدُ الْعَاجِلَةَ عَجَّلْنَا لَهُ فِيهَا مَا نَشَاء لِمَن نُّرِيدُ ثُمَّ جَعَلْنَا لَهُ جَهَنَّمَ يَصْلاهَا مَذْمُومًا مَّدْحُورًا﴾
“Hər kəs daim ötəri dünya həyatını istəsə, bu dünyada tezliklə istədiyimizə istədiyimiz qədər verərik. Sonra onun üçün cəhənnəmi qərar verərik. O, xəcalət içində və rədd edilmiş halda oraya daxil olar.”
○ Nöqtələr
● Quran baxımından, insana axirəti unutduran dünya istəyi məzəmmət olunur. Bu məsələyə bir çox ayələrdə işarə olunmuşdur.1
● Maddi dünyada ziddiyyət və qarşıdurmalar çoxdur. İnsan bütün arzularına çata bilmir. Demək, hamıya pay ayrılmalıdır. Mənəviyyat dünyasında isə belə deyil. Çünki bu dünyada heç bir məhdudiyyət yoxdur. Mənəvi ləzzətlər yolu hamının üzünə açıqdır və hər kəs istədiyi qədər kam ala bilər2.
● Bildirişlər
1. Dünya ötəridir.
2. İnsan məqsədli yaradılmışdır və seçim aparmaqda azad buraxılmışdır. Amma əsas məsələ Allahın iradəsidir.
3. Pislənilən dünya yox, dünyapərəstlik xislətidir.
4. İnsanın arzuları bitib-tükənməzdir, bu arzuları Allahın çərçivəsində məhdudlaşdırmaq lazımdır.
5. Dünyapərəstlər arasında dünyanı əldə edə bilməyənlər də var.
6. Dünyapərəstlər iki dəstədir: bəziləri dünya və axirəti əldən verir, bəziləri isə müəyyən dünya istəklərinə çatır.
7. Maddi istəklərlə yaşayanlar müəyyən həddə ad-san və çörək əldə etsələr də, qiyamətdə müşkülə düşürlər.
8. Dünyapərəstliyin sonu peşmançılıq və cəhənnəmdir.
9. Dünyapərəstlər həm fiziki baxımdan odda yanır, həm də ruhi baxımdan alçaldılırlar.
● ayə 19:
﴿وَمَنْ أَرَادَ الآخِرَةَ وَسَعَى لَهَا سَعْيَهَا وَهُوَ مُؤْمِنٌ فَأُولَئِكَ كَانَ سَعْيُهُم مَّشْكُورًا﴾
“Axirət istəyən və bu məqsədlə lazımınca çalışan və mömin olan insanın zəhməti dəyərləndirilər.”
● Bildirişlər
1. İnsan iradəyə malikdir və azad buraxılmışdır.
2. Axirət zəhmətsiz əldə olunmur.
3. Axirət səadəti üçün xüsusi səy lazımdır.
4. Dünya səylərindən nəticə əldə etmək üçün iman şərtdir.
5. İman və səy axirət səadəti üçün şərtdir.
6. Möminlər səy göstərib nəticəyə çatsalar da, çatmasalar da, onların zəhməti dəyərləndirilər.
7. Dünyapərəstlərin dünyanı əldə etməsi ehtimal olunursa, möminlərin axirət mükafatı labüddür.
8. İnsanın istək və səyinin onun xoşbəxtliyinə təsiri var.
9. Başqalarının səyinə görə təşəkkür etmək ilahi işdir.
10. Allahın möminlərə təşəkkürü behişt bağlarından üstündür. Çünki hər kəsin təşəkkürü onun vücudundan şölənənən şüa ölçüsündədir.
11. Allah hər səyi bəyənib tərif etmir.
● ayə 20:
﴿كُلاًّ نُّمِدُّ هَـؤُلاء وَهَـؤُلاء مِنْ عَطَاء رَبِّكَ وَمَا كَانَ عَطَاء رَبِّكَ مَحْظُورًا﴾
“Biz Rəbbinin ətasından bunlara və onlara yardım göstərərik. Rəbbinin ətası kimsəyə qadağan olunmaz.”
○ Nöqtələr
● Allah insanı azad yaratmışdır. İnsana sınaq üçün imkanlar verilmişdir ki, necə əməl edəcəyi aydınlaşsın. Bu yolla Allahla müamilə edənlər Allahdan qeyriləri ilə müamilə edənlərdən seçilirlər. Su və elektrik təchizat idarələri evləri su və işıq kimi iki nemətlə təchiz edir. Bu nemətlərdən yaxşı və ya pis işdə istifadə etmək insanların ixtiyarındadır.
Dostları ilə paylaş: |