Nöqtələr
Həzrət İbrahimin belə qəti və hədələyici bəyanı ilə bağlı təfsirçilər arasında fikir ayrılığı var. “Təfsire-Safi” və “Təfsire-Əl-mizan”da bildirilir ki, bu cümlə açıq-aşkar bəyan olunmamışdır. Onlar düşünürlər ki, bir millətin tanrılarına qarşı təkbaşına mübarizəyə çağırış ehtiyata ziddir. Amma bu fikir əsaslı görünmür. İlahi insanlar adi insanlardan fərqlənir. Onların ilahi risalətinə heç nə mane ola bilməz. Ötən ayələrdə bildirilir ki, İbrahim xalqa aşkar şəkildə belə bəyan etdi: “Siz və atalarınız aşkar azğınlıqdasınız.” İmam Hüseynin (ə) bacısı həzrət Zeynəb Şamda əsir olduğu vaxt Yezidə buyurdu: “Mən səni alçaq sayıram.” Sonra xanım Yezid hökumətini tənqid atəşinə tutdu.
İmam Xomeyni (r) şahın hakimiyyət zirvəsində olduğu, təpədən dırnağadək silahlandığı, daxildən və xaricdən himayə olunduğu bir vaxt qətiyyətlə buyurdu: “Şah getməlidir!” İmam şahın canişininə belə dedi: “Mən bu dövlətin ağzından vuraram.” Onun dünyaya hakimlik iddiasında olan Amerikaya ünvanlanmış “Amerika heç bir qələt edə bilməz” bəyanatı hansı siyasi mülahizə və adi ehtiyatla bir araya sığır?!
Bəziləri düşünürlər ki, fəsadla mənfi (sadəcə arxa çevirməklə) mübarizə aparılmalıdır. Böyük şəxsiyyətlərdən birinin dövründə kinoteatrlar əxlaqsız filmlər nümayiş etdirməklə gənc nəsli mənəviyyatsızlığa aparırdı. Həmin şəxs bildirmişdi ki, əgər xalq kinoteatrlara getməsə, onların fəaliyyətinə son qoyular. Amma yuxarıdakı ayə bu sayaq təfəkkürü məhkum edir. Bildirilir ki, fəsadın kökü qazılmalıdır. Elə buna görə də, həzrət Musa hirslənib buzovu oda çəkdi, İslam Peyğəmbəri (s) nifaq yuvasına çevrilmiş “Zirar” məscidini uçurdu.
Bildirişlər
1. Məqsədə inam, yolun doğruluğuna əminlik insana güc verir.
2. Böyük işlərin həyata keçməsi üçün böyük planlara ehtiyac var. Ayədəki “əkidənnə” sözü tədbir və plan mənasını bildirir.
3. Qətiyyət yetərli rəhbərlik üçün bir şərtdir. “Təllah” sözü ilə and “vəllah” sözü ilə anddan daha ifadəlidir.1
4. Peyğəmbərlər vəhy qaynağına bağlanmaqla təkbaşına plan cıza bilirlər.
5. Həzrət İbrahim bütlərlə tam ciddi mübarizə aparırdı və sadəcə qorxutmaq məqsədi yox idi.
6. Bütlərin çoxluğu İbrahimin qərarına mane olmadı.
7. Bütpərəstlər olmayan yerdə bütlər bir baltanın qarşısında acizdirlər. Əslində bütlər bütpərəstləri yox, bütpərəstlər bütləri qoruyur!
8. Böyük məqsədlərin həyata keçməsi üçün bəzən xalqın iştirakı, bəzən onun kənarda qalması şərtdir.
9. Büt varsa, bütpərəstlik də olasıdır. Bütləri məhv etmək zəruridir.
● Ayə 58:
﴿فَجَعَلَهُمْ جُذَاذًا إِلَّا كَبِيرًا لَّهُمْ لَعَلَّهُمْ إِلَيْهِ يَرْجِعُونَ﴾
“(Nəhayət İbrahim münasib bir fürsətdə bütlərin) böyüklərindən savay onların hamısını uçurdu ki, bəlkə onun sorağına gələlər. (Və yatmış vicdanları oyana.)”
● Ayə 59:
﴿قَالُوا مَن فَعَلَ هَذَا بِآلِهَتِنَا إِنَّهُ لَمِنَ الظَّالِمِينَ﴾
“Dedilər: “Bizim tanrılarımızla kim belə rəftar edib? Şübhəsiz, o zalımlardandır.”
● Ayə 60:
﴿قَالُوا سَمِعْنَا فَتًى يَذْكُرُهُمْ يُقَالُ لَهُ إِبْرَاهِيمُ﴾
«Dedilər: “İbrahim adlı bir gəncin bütləri pislədiyini eşitmişik.”»
Nöqtələr
Həzrət İbrahim bütün camaat şəhərdən çıxdığı gün onlara qoşuldu, amma yarı yolda bəhanə gətirib şəhərə qayıtdı. O münasib fürsət əldə edib, öz məqsədini həyata keçirdi.
“Cuzaz” dedikdə parça-parça olmaq mənası başa düşülür.
İslam Peyğəmbəri (s) də Məkkənin fəthi günü 360-adək bütü sındırdı.
Həzrət İbrahim böyük bütü də sındıra bilərdi. Amma belə etsəydi, onların hisslərini təhqir etməklə öz məqsədinə çatmazdı (bütpərəstlər üçün düşünmək fürsəti qalmazdı).
Bildirişlər
1. Büt sındırmaq ilahi peyğəmbərlərin əsas vəzifələrindəndir.
2. Əgər gətirilən dəlillər və moizə fayda verməsə, növbə inqilabi rəftarlara çatır.
3. Fiziki güc və cəsarət dəyər, zəiflik və qorxaqlıq isə nöqsandır.
4. İctimai düşüncəni oyatmaq və şirki aradan götürmək üçün şirk vasitəsi olan bəzi əşyalar məhv edilməlidir. (İbrahimin dövründə bütlər, Musanın dövründə Samirinin buzovu qiymətli sayılırdı.)
5. Büt mülk olaraq möhtərəm sayılmır, onu sındırmağa icazə verilir.
6. Bütlər müvəhhidlərin (təkallahçıların) nəzərində yox, bütpərəstlərin nəzərində böyük və möhtərəmdir.
7. Bütlərin sındırılması diqqəti cansız əşyalardan çəkmək və sorğu-sual üçün müqəddimədir.
8. Azğın əqidə insanı yanlış mühakiməyə aparır. (İnsan bəzən o qədər süqut edir ki, ən böyük zülmü haqq, ən aşkar həqiqəti zülm sayır.)
9. Kafirlər əvvəlcə İbrahimi zalım kimi tanıtdırdılar ki, onu rahatlıqla mühakimə edə bilsinlər.
10. İbrahimin mübarizə fəryadı hər yana yayılmışdı.
11. Haqq yolda gənclər də fəryad qopara bilər.
12. Həzrət İbrahim bütləri dağıtmamışdan öncə öz təbliğatı ilə bütlərə qarşı inqilab zəmini yaratmışdı.
● Ayə 61:
﴿قَالُوا فَأْتُوا بِهِ عَلَى أَعْيُنِ النَّاسِ لَعَلَّهُمْ يَشْهَدُونَ﴾
“(Qövm başçıları) dedilər: «Onu xalqın gözü qarşısına gətirin, qoy onlar (İbrahimin günahkarlığına) şəhadət versinlər.»”
● Ayə 62:
﴿قَالُوا أَأَنتَ فَعَلْتَ هَذَا بِآلِهَتِنَا يَا إِبْرَاهِيمُ﴾
«Dedilər: “Ey İbrahim! Bizim tanrılarımızla sənmi belə rəftar etmisən?”»
● Ayə 63:
﴿قَالَ بَلْ فَعَلَهُ كَبِيرُهُمْ هَذَا فَاسْأَلُوهُمْ إِن كَانُوا يَنطِقُونَ﴾
«(İbrahim) dedi: “Bəlkə onların böyükləri bu işi görüb? Danışa bilirsə, onun özündən soruşun!”»
Dostları ilə paylaş: |