Əvəz Mahmudun 55 yaşı tamam olur
Əzizimiz Əvəz bəy,
Qalx, ayağa dür görək.
Biz sənin ad gününü
Təntənəylə qeyd edək.
Əllibeş nədir ki, a!..
Yüzə çatasan gərək!
Qardaş, ömrünün çoxu
Keçibdir Zəngəzurda
İndi həsrətlə baxıb
Gedəmmirsən o yurda.
Tale elə gətirsin
Fürsət düşsün"boz qurda"
Türk bayrağı ucalsın
Ələsgərin yurdunda
Onda gedəsən gərək.
Gənclikdə çox olubsan
Harsınların yanında.
Ala gözlü gözəllər
Durub solu-sağında.
Az şey yox imiş sənin
O yekəpər canında
Erməni gözəllərin
Can alan qəmzələri
Möhkəmcə dayanıbmış
Şeirin pilləkənində
İndi nazlı pərilər
Güc verir ilhamına.
"Qurtarsın saz gecəsi"
"Başlasın naz gecəsi".
Yaman gözəllər gəlir
Tez-tez sənin yanına.
Qonşu otaqlarda biz
Şeyx Sənana dönmüşük.
Kərəm kimi yanarıq.
And olun vicdanıma
Yerli komitənin sən
Aslanı oldun indi.
Bizim turan dünyamızın
Qaplanı oldun indi.
Təvəqqəmiz belədr:
Azı çoxa tay tutma.
Putyovka-zad olanda
Yoldaşları unutma.
İbahimin də yaşı
Keçibdir əlli beşi.
Putyovka-zad görməyib
Müşküldür onun işi.
Bəndənizdə şikəsdir
Çoxdan ağrıyır başı
Ağız-burun əyilib
Ara vermir göz yaşı.
Ağaşərifin qarnı
Heç doymayır araqdan.
Hafiz də cana doyub
Qoca babuşkalardan.
Kömək elə, a qardaş
İşlər düşüb müşkülə.
Səxavət kisəsindən
Sən bizə kömək elə.
Bəy, məni məsur tut
Hər nə sarsaqlamışam
-------- unut.
Son zamanlar dəyişib əhvalım
Elə bil çöldə bitən bıtrağım.
Hər kimi ki görürəm bənd oluram.
Hamıya maili rişxənd oluram.
Xülasə, ad gününə
Gəlib dostlar-tanışlar
Dost-düşmənin yanında
Uca olsun qoy başlar.
Əlli beşin mübarək
Əziz dostum, qardaşım.
Ayağa dur, şeir de
Şeir demək azaddır
Bizim dediklərimiz
Şirin bir zarafatdır.
Biz bu gün yenidən Əvəz Mahmudun şeirlərinin işığına toplaşmışıq. İndi cəmiyyətdə hərc-mərcliyin, qarmaqarışıqlığın yarandığı bir dövrdə heç kəs şeirləri oxumur, ədəbiyyatla maraqlanmır. Heç kim heç kimin kitabını oxumur.
Az-para publisistikaya meyl hiss olunur. Onu da hələ sonalayırlar: Qarabağdandır, qaçqınların həyatındandır? və s.
Amma Əvəzin şeirlərini oxuyurlar. Biz bunun tez-tez şahidi oluruq. Toylarda bir də görürsən ki, tamada toyu olan gözələ bəyin adından deyir:
Qoma məhəbbətim yetişsin sənə
Qıyma eşqimizə qəm tozu qona
Mən mərd ata olum, sən gözəl ana
Körpə saxlamağa dəyanət gətir.
Başqa bir məclisdə el sənətkarı aşıq Əvəzin gözəlləmələrindən, ustadnamələrindən danışar.
Lap təzə bir misal.
5-6 günün söhbətidir. İşə gedirdim. Avtobusda arxa tərəfdə durub zamanın gərdişi haqqında fikirləşirdim. Birdən yaxınlıqda iki nəfərin danışıqlarını eşitdim. qulaq asmaq istəmədiyim üçün bir az aralandım. Birdən məni tanış misralar cəlb etdi:
Yoxsul qardaşın da varlı qardaşa
Yarıb bu dünyada işi düşməsin.
Həmin şeirin yaranma tarixi - günü, saatı da mənə bəllidir.
Göründüyü kimi, Əvəzi oxuyurlar. O, oxucu sarıdan qıtlıq çəkmir. Şairin, məncə, xoşbəxtliyi elə budur. Çünki Əvəz zorla şeir yazmır. Mənə belə gəlir ki, o heç vaxt ağ kağızla, qələmlə höcətləşmir. Şakərini bilirəm. Bir də görürsən ki, mənə müraciətlə:
– Dünən İsmayıllıdaydım – deyir.
Başa düşürəm demək istədiyini. Yəni, 3-4 şeir hazırdır. Əvəz İsmayıllıya kabab yeməyə getməyib. Onu ora – respublikamızın gözəl güşələrindən biri İsmayıllıya çəkib aparan qüvvə təbiət gözəllikləridir. O gözəlliklər şairi ilhama gətirir. Dərin dərələrin lal sükutundakı haray, dağların əzəmətli duruşu, qartalın qıy vurmasıdır Əvəzi vəcdə gətirən. Dərədən keçəndə birdən suyun şırıltısı elə bil Cəngi, Heyratı təsiri bağışlayır Əvəzə. Şeir yaranmağa başlayır. Nə deyirsiniz-deyin, səmimi və təbii insandır Əvəz. Komitə sədrliyi, deputat hökm-formalığı sizi çaşdırmasın. Ona görə də şeirlər təbii hisslərin poetik ifadəsi kimi oxuculara doğmadır.
Ə.Mahmud yaxşı ümumiləşdirmələr aparır. Şeirlərinin birində onun özünün çox sevdiyi bir misra var:
"Bizi darda qoyub - qaçan başçılar:
İlk baxışda ünvan konkret və bəllidir. Lakin siz "lar" şəkilçisindən "gücü" unutmayın. O bizə iman verir ki, daha geniş mənada düşünək. Hiss edirsən ki, Əvəz rəhbər, başçı sarıdan bəxti gətirməyən Azərbaycanın taleyinə ağlayır.
Burada vaxtilə yalançı xalqlar dostluğunu və porletar beynəlmiləlçiliyini bayram edib ermənilərə qulluq göstərən, Şuşa və Cəbrayıl rayonları hesabına yeni erməni rayonları Hadrut və Əsgəran icad edən, Gevorqov kimi düşməni yarımnəccah səhiyyyəsinə qaldıran Əliyev Heydərin də, torpaqları hektar-hektar ermənilərə bəxşiş verən Bağırovun da, ermənilərin qayıtmağını uşaq sadəlövhlüyü ilə sevincək qarşılayan, camaatdan gözaydınlığı alan Vəzirovun da və nəhayət, xalqla, onun qabaqcıl nümayəndələri ilə ümumi dil tapmayıb özünü rüsvay edən Mütəllibovun da payı var.
Bax, az sözlə çox mətləbləri ifadə etmək budur. Şəxsən bu misranınmən belə mənasını görürəm.
Hörmətlə, Ömürşah
Dostları ilə paylaş: |