NARAHAT ÖMÜR
Onu 25 ildir tanıyıram. Tələbəliyin qayğısız illərini birgə yaşamışıq. hərəmiz doğma Azərbaycanımızın bir güşəsindən idik. tələbə yataqxanasında mehriban, dostyana münasibətdə yaşayırdıq. Hərə, elə bil ki, öz rayonunun, kəndinin ətrini, dadını-duzunu gətirmişdi Bakıya. pulumuz-paramız çox deyildisə də, oxumaq həvəsimiz yox deyildi. Yoldaşlarımız içərisində Kamal seçilirdi. Əvvəla, ona görə ki, boydan-buxundan babat idi. Elə bil ki, səfalı Gədəbəyin ucsuz-bucaqsız ənginliklərindən Bakının darısqal küçələrinə sığışmırdı. Çox narahat idi Kamal. Yataqxanada da, institutda da narahat idi, canını qoymağa yer tapmırdı. Bir az da özündən razılığı var idi. Yoldaşları ona ehtiyatla yanaşırdılar. Oxumağına isə söz yox idi. Dərsi su kimi içirdi. Bu ifadəni yoldaşları onun haqqında səxavətlə işlədirdilər. Tarixin vurğunu idi zalım balası.
O illərin abı-havasını yaşlı nəsil yaxşı xatırlayır. İndikndən fərqli olaraq hər nə istəsən danışmaq qadağan idi, heç fikirləşməyə də icazə verilmirdi. "İnokompelyayuşi" termini modda idi, psixi xəstəxanalar fəaliyyət göstərirdi. Lakin gənclik icazəyə-filana baxmırdı. Fikirləşirdi də, hələ üstəlik mübahisəyə də girişirdi. Kamal hələ onda bugünkü vəziyyəti görürdü elə bil. Yaxşı yadımdadır, bütün vasitələrlə - elmi, qeyri-elmi şəkildə kommunizm uğrunda mübarizə etmək konsepsiyasını müdafiə edən ağsaçlı professor Kamalın məntiqi iradları qarşısında təslim olub auditoriyanı tərk etdi.
Tələbəlik illəri arxada qaldı. Biz ayrıldıq. O, bir neçə il Altıağacda müəllimlik etdi. Sonra ömrünü həmişəlik Gənclik şəhəri Sumqayıtla bağladı.
– Nahaq, çox nahaq. Allahın altında bir də fürsət düşəydi əlimə. Elə qaçardım bü şəhərdən ki!.. Hayıf deyil o kəndin təmizliyi...
Yoxsa qaz-toz, ditdili, milçək də bir tərəfdən. Hələ mən adamları demirəm. Hamı bir-birindən bədgüman. Səmimilikdən əsər-əlamət yox. Elə bil bir-birinə qənim kəsilib. mənim yerim deyil bura, qardaş.
Onu yaxşı başa düşürəm. şəhərin ən abad, yaraşıqlı xiyabanında gəzişirik. Tez-tez keçmişi, o unudulmaz tələbəlik illərini xatırlasaq da, fikrimiz bu günün üstündə dayanır. Kamal dözə bilmir bu deformasiyaya. İqtisadiyyatdakı, siyasətdəki, mənəviyyatdakı dəyişikliklər ona yaman yer eləyib, hiss edirəm.
Birdən gözlənilmədən məndən soruşur:
– Müəllimlərimizdən mərhum Mirzə Cavad Bağırovu və Həmid Əfəndiyevi xatırlayırsanmı? Onların nurlu, işıqlı çöhrələri yadındamı?
Əlbəttə, yadımdadı. Amma nədənsə bu iki böyük müəllimi və pedaqoqu xəbər alır. Səmimiyyətin, mehribanlığın, qayğıkeşliyin mücəssiməsi olan Mirzə Cavad müəllim və kommunist əqidəliliyin, prinsipiallığın bariz nümunəsi Həmid müəllimi.
– Bu gün onlar çatışmır. Onların iksinin keyfiyyətlərinin birləşməsi çatışmır. Ona görə də təlimdən sən heç nə gözləmə. Bir də ki, çox tərifləmə Sumqayıt maarifini, demə ki, olimpiada belə getdi, medal elə getdi. Onlar ayrı-ayrı müəllimlərin nailiyyətidir. Küllə şamil etmək doğru deyil. Bir gül ilə yaz açılmaz qardaş. Ümumilikdə təlim-tərbiyə prosesi ölüb, razısanmı?
24 №-li orta məktəbdə işləyir Kamal müəllim. Uzun müddətdir ki, həmin məktəbin şagirdlərinə tarix elmini öyrədir. Şagirdlər qarşısında o fikirli, qayğılı, dünyanın əzablarını çox həssaslıqla qarşılayan Kamaldan əsər-əlamət qalmır, o dəyişilir, çöhrəsinə bir nur qonur, olub-keçənləri unudur Kamal. Həzin maraqlı bir nağıl danışır.
O heç də Nuh əyyamından qalma yazılarla kifayətlənmir. Yeni-yeni materiallara tez-tez müraciət edir. Hökmən hər bir mövzunu Azərbaycan mühiti, Azərbaycan tarixi ilə əlaqələndirir. Şəhər məktəblərində ilk dəfə Azərbaycan tarixindən imtahan salan müəllimlərdən birincisi Kamaldır.
– SSRİ tarixi əslində Rusiya tarixidir. Orada azlıqda qalan xalqların tarixinə biganəlik hökm sürür. Zaqafqaziyadakı hadisələr haqqında söhbət açılanda ancaq bədnam qonşularımızın adı çəkilir. O da ondan irəli gəlir ki, ermənilərin əli və dili uzundur. Yoxsa heç onlar haqqında da heç nə yazmazdılar. Ona görə də mən o proqramların və dərslərin tam əleyhinəyəm. Azərbaycanda azərbaycanlıların tarixi keçilməlidir. Ondan sonra başqa dərslər. Ona görə də mən həmişə Azərbaycan tarixi ilə əlaqədar tədris edirəm mövzuları. Bilirsən, necə effekt verir?! Uşaqlar elə maraqla keçirlər ki!.. hamı həvəslə öyrənir.
İnanıram. Dərslərində olmuşam. şahidəm, uşaqları maraqlandırıb Kamal tarix dərsinə. Həm üstəlik tələbkarlığına, prinsipiallığına görə, səmimiyyət və qayğıkeşliyinə görə (yuxarıda adlarını çəkdiyim mərhum müəllimlərimi xatırlayıram) Kamal müəllimə böyük məhəbbət bəsləyirlər.
"Mənim fikrimcə, müəllim adını daşıyan hər bir kəs insana xas olan ən yüksək keyfiyyətləri özündə birləşdirməlidir. çünki müəllimlik ən təmiz, ən ülvi və ən şərəfli nemətdir. Dediyim xüsusiyyətlər Kamal müəllimdə vardır. Ona görə də ona oxşamaq istərdim". Bu sətrlər BDU-nun şərqşünaslıq fakültəsinin V kurs tələbəsi Ələkbərova Pərvanənin yazısından götürülmüşdür. Kamal çoxdandır ki, orta məktəbi qurtaran şagirdlərlə sosioloji sorğu keçirir. Orada şagirdlər müəllimləri ilə hərtərəfli polemikaya girişlər, ürək sözlərini deyirlər. Şagirdlər müəllimlər haqqında elə obyektiv fikirlər söyləyirlər ki, onları ümumiləşdirmək və çox hazırlıqlı elmi-praktik konfrans keçirmək olar. Kamal haqqında gənclər çox həvəslə danışırlar. İstəsəniz bir neçə fraqment nəzərinizə çatdıraram:
"... Bütün uğurlarıma görə Kamal müəllimə borcluyam. O, bizə təkcə müəllim deyil, ata olub".
"... Bir azdan müəllim kimi fəaliyyətə başlayacağam. çalışacam ki, sevimli müəllimi Kamala oxşayım".
Kifayətdir. Kamal, həqiqətən, müəllimlik kimi şərəfli bir ömür yaşayır.
Dahi Nizaminin:
"Kin ilə, sülh ilə yaşayıb zaman,
Sülhdən xeyir görmüş, kimdənsə ziyan!" –
beytini tez-tez xatırlayır. Elə bil ki, həyatı üçün manifest qəbul edib o müdrik sözləri. Ona görə də tarix dərslərinin tədrisi zamanı o quru rəqəmlərlə, tarixi hadisələrlə kifayətlənmir, həmin hadisələrin ictimai mahiyyətini almağa çalışır, sülh və müharibə, qəsb və qarət haqqında şagirdlərə geniş məlumat verdi. şagirdləri başa salır ki, Sülh bütün nailiyyətlərin rəhnidir. Sülhsevər olmaq, dünyada ədalətin, bərabərliyin tərəfini saxlamaq gərəkdir. İnsanpərvərlik, yoldaşlıq, azadlıq, bərabərlik bəşəriyyətin baş məqsədi olmalıdır.
Gələmədiyim halda məndən respublikamızdakı son hadisələrə münasibətimi soruşur. "Xalq cəbhəsini deyirəm. Onların platformasına necə yanaşırsan?" Diqqətlə qulaq asır. "Xalq hərəkatı" ifadəsini eşidincə birdən sözümü kəsir, ehtiraslı bir monoloqa qulaq asıram:
"Yox, yox! Xalq hərəkatı belə olmaz. Diqqətlə fikir ver, burada nə qədər anlaşılmamazlıq var. Vəzifə iddiasında olanlar, kimdənsə intiqam almaq istəyənlər xalqın mənafeyini müdafiə edə bilməzlər. Orada hələ müxtəlif yerlibazlıq xəstəliyinə tutulmuş qrupların mənafeyini də görmək gərəkdir. Bəzən xalq içərisində bu sualı açıq-açığına verirlər. "Niyə filankəsi işdən çıxartdılar?; Yaxud, ""Rəhbər bizdən olmalıdır". Mən ona görə də onların sırasına keçmədim. O ki, qaldı məramnamə. Sən kommunistlərin məramnaməsinə fikir ver. Dünyada ondan humanist, demokratik məramnamə yoxdur. Mən neyləyim ki, onu yerinə yetirən yoxdur, partokratiya xalqa, vətənə, ölkəyə xidmət əvəzinə, cibini böyüdür, "arı yeyib, namusu atıb dalına".
İstər-istəməz razılaşmalı oluram.
– Yorulmadın ki? Yox, yorulmadım. Ləzzət verdi mənə bu kəsinti və söhbət. Fikirləşdim ki, bu keçən illər Kamalın od-alovunu söndürər. Yox, üzdəki bu sakitlik aldadıcı imiş, odu-alovu hələ tükənməyib, hələ müdrikləşib də. Belə müəllimlərə böyük ehtiyac duyulur. Yeni dövrün abü-havasını sinifə gətirmək üçün belə müəllimlərə ehtiyac var. Kamalın yeni çıxışı bugünkü görüşümüzün son akkordları kimi quağımda səslənir:
– "Böyük Füzuli "Vücudi-kamil" adlandırdığı insanı bütün "məxluqatın gözəli" adlandırmışdır. Bu gözəlliyüin inkişafında hər bir müəllimin payı olmasıdır. mənim mənəvi aləmim ona səsləyir. Xalqımızı böhrandan çıxarmaq üçün mənəviyyatı saf müəllimlərə böyük ehtiyac var. Məqsədyönlü, düzgün təlim-tərbiyə bunu həll edə bilər"
Dostları ilə paylaş: |