İndi də Abdullanın babası Barıtsız Soltanın
şeirlərindən bir neçə yarpaq
Şair Soltan Barıtsız
Sənə qurban olum Sanqalan dağı
Ellər köçüb dabanından ağlaram
Könlüm kimi pozgun görrəm növrağı
Ah çəkərəm aylar, illər ağlaram.
Qoyun quzusuyla yanımda çoban
Dəvə gəllahıynan qabaqda Sarvan.
İşləmir yolları kəsilib karvan
Viranə gədiklər, yollar ağlaram.
Soltanınam hər cəbrinə dözərəm
Yarəb əlim ətiyindən üzmərəm.
İtirmişəm Kövsər yarı gəzərəm
Məcnunam məskənim çöllər ağlaram.
Soltanam, çağırram şahi-Heydəri
Eşqin cünunuyam əqlim sərsəri
Gah irəli aparım, gah çəkim geri
Qənşərində qanlı namə misalı.
Ağa Sarvan, salla dursun qaşları
Söyləyim ərzimi gözəl şah gəlir.
Yıxılım səcdəyə, qılım dualar
Sürtüm üzümü qibləşah gəlir.
bizim dağlar payızında gül açar
Yarım öz ətrini güllərə saçar.
...................................................
Doğubdur Məşriqdən yenə Mah gəlir.
Soltan deyər: Əndərzülfin hər yana
-------??? içi bənzər güllü-gülşənə.
Kafər olanları gətir imanə
Mömün olanlara doğru rah gəlir.
***
Divanə könlümdən xəbər alan yox
Nə üçün yaşayır, aylə bir nədən?
Atılmış kimiyəm, dərdim-sərim çox
Bədbəxt doğulmuşam əzəl binadan.
Mən eşqin oduna atdın canımı
İtirdim əlimdən öz imkanımı
Soran bir varmıdır mənim halımı
O ürkək ceyrandan, Kövsər sonadan.
Soltanam göz yaşım selata dönüb
Nə müddətdir öz həmdəmin görməyib.
Bədən nazik şamlar kimi əriyib
Sümüklərim seçilməyir şanadan.
***
Mən bilmədim sənə könül bağladım,
Bu vəfanın etibarı bu imiş.
Hicrindən mən çaylar kimi çağladım
Gözəl yarın etibarı bu imiş.
Söz verən də unudurmaş öz sözün
İtirərmiş ilan kimi irizin.
Gözəllərin, gədaların, görməzin
Söz verməsi, xoş ilqarı bu imiş.
Soltan deyər: Xoşduruşun durmasın
Günün qara keçsin üzün gülməsin.
Həyatından heç bir xeyir görməsin
Qara gözün şax vüqarı bu imiş.
Üsifli nəslimdir, Bicodur kəndim,
Şirvan mahalında olmuşam igid.
Kasıblıqda Soltan qismət eylədim
Təxəllüs Barıtsız almışam igid.
***
Yüz iyirmi dörd min nəbi köçdü dünyadan
Kim qaldı dünyada dərdi-vərəmsiz?
Hanı Cəmşidi-cəm, hanı İsgəndər,
Dünya elə çalıb Cəmşidi-cəmsiz?
Heç güvənmə qızılın var, pulun var,
Puç dünyada ulusum var, elim var.
Bir demirsən ayrılıq var, ölüm var,
Neçə söhbətləri qoyubdu dəmsiz.
Ellər köçər, qalar viranə bağlar
Bir gün olar sönər yanan çıraqlar.
Bizim bağın əndəlibi qan ağlar
Qoca bağban, bağın qaldı hərəmsiz.
Dərdindən xəstəyəm durmaram yerdən
Bir dilək dilərəm şahi-Heydərdən.
Sultanınam salma məni nəzərdən
Qul xətasız olmaz, ağa kərəmsiz.
***
Bir də müəllifin bilmədiyim bir şeirindən bir neçə misra
Az olanda yatacağı,
Dar olanda yanısı
Qonaq gəlsə, gen açıla
Ürəyinin qapısı.
Bu hikmətdən bixəbərdir
Məxluqatın hamisi
Dəvəçiylə dost olanın
Darvazası gen gərək.
Adam var ki, doğru yolu
Əyri girər, yan gedər.
Doğru yoldan azanların
Cümləsi qurban gedər.
Alxas ağa bu dünyada
Cəsəd qalar, can gedər
Gəzmək üçün qürbət ellər
Ölməyə vətən gərək.
Bu dünya dediyin baqidir, baqi
Axtarsan bir yana çıxmaz ayağı.
Cahıllıqdır, bəsdi Qubalı Tağı
Bundan sonra sənə itaət gərək.
Əziz babalarım, Sizin ruhunuz qarşısında baş əyirəm. Öz duyğularımın məhsulunu - bir neçə cızma-qaranı ona görə yazmıram ki, özümü sizinlə bir cərgəyə qoymaq fikrinə düşmüşəm.
Ona görə yazıram ki, onlar mənim yaşantılarımdır.
Uzun qış gecələrinin birində Beyləqanda yaşayan dostum Vəliyə məktub yazmışdım.
Qardaş, yaman düşdü soyuqlar belə
Titrəşir bədənim, qanım donubdur.
Canım cəhənnəmlik, uşaqlar hələ
Soyuqdan, şaxtadan yumaq olubdur.
Bu necə yaşayış, bu necə həyat?
Ömrümün yazını keçirdim, heyhat!..
Xoş günə hələlik yoxdur bir ümid
Xoş dövran, güzəran uzaq olubdur.
Hələ mənim günüm yaxşıdan-yaxşı
Adam var ölməyi qalmaqdan yaxşı.
Kiminin gətirir dünyada naxşı
Kiminin dörd-səri besyar olubdur.
Ehtiyatsızlıq ucundan, qohum-qardaşın dönüklüyündən özümü oda salmışdım. Rahat, firavan yaşayışı çox əzablı ömrə dəyişmişdim. Ailəni yığıb gətirib Sumqayıta tökmüşdüm. ev yox, kirayədə yaşayırdıq, məvacib də cəmi 80 manat. Tez, lap tez hiss etdim ki, nə qədər böyük səhv etmişəm. Bu şəhər dediyimiz əjdaha bizi udmalı idi, uddu da... Ümidsiz günlərin birində düşüncələrimi yazmışdım.
Dalmışam seyrinə ayın-ulduzun,
Dünya gözlərimdə nöqtə qədərdir.
Deyirəm sahilsiz böyük dənizin,
Təkində yaşayan nə bəxtəvərdir?!
Evsiz-eşiksizlik böyük dərd imiş
Allahın bəndəsi dərdimi çəkər
Uşaqlar nə bilsin Allah bəndəsi
Təkliyə düşəndə qanlı yaş tökər.
Özüyçün yaşamaq igidlik deyil,
Dünyaya gəlmisən, yaşayacaqsan.
Pis günü dünyada unudub, yəqin
Hələ partbilet də daşıyacaqsan.
Buyruqlar, təkliflər çoxalacaq çox
Sevgi təklifləri başını qatar.
Körpə taleyini düşünəndə yox
Dərdin hesablasan ümmana çatar.
Belədir həyatın hökmü əzəldən
Tox acı həmişə dara çəkibdir.
Var-yoxu olanlar səssiz-səmirsiz
Yoxsulun qəlbinə yara çəkibdir.
Bir şair deyibdi qəmli, kədərli
"Ay qardaşlar, durun himmət eyləyin!"
"Qoyma səndən ötüb qardaşa dəyə,
Vətənə, qardaşa hörmət eyləyim!"
Bir dəfə qüdrətli şairimiz R.Rzanın "Od nə çəkdi" şeirini oxuyurdum. Təsirləndim və...
Ay tanışlar, ay dostlar
Nə çəkmişəm yaşdan soruş
Baharın tez gəldiyini
Yay nə bilsin, qışdan soruş.
Seyr eylədim Gülüstanı
Dedim: "Bəs bülbüllər hanı?
Kol üstünə düşən qanı
Bükük bənövşədən soruş.
Allah yetiş imdadıma
Aman vermə səyyadıma.
Qoy bir çatım muradıma
Ləzzəti, nəşədən soruş.
Arzum çoxdur, imkanım az
Namərdliyə yoxdur həbs.
Dünya ümman, mən də qəvvas
Sahili dalğadan soruş.
Uydum namərdin felinə
Balanı saldın çətinə.
Tanış-biliş minnətinə
Dözməyi rişədən soruş.
Bir yanan özümün səhvlərim, bir yandan düşdüyüm dözülməz mühit, adamların xəyanətkarlığı, müşahidə etdiyim dəhşətlər hərdən-bir kiminsə haqqında da düşünmyə məcbur edirdi. Yenə də təkrar edirəm ki, ancaq özümü söyməliyəm. Çünki fəlakətə özüm -özümü atmışdım. Amma neynirsən gördüyüm bir mənzərə məni bir nəfər haqqında söyüş yazmağa vadar etdi. Bir gün kasıblığa, ehtiyaca öyrəşib başımı aşağı salıb özümü söyə-söyə yaşadığım günlərdə mənə məlumat verdilər ki, milis idarəsində məni gözləyirlər. Ehtiyatlandım, axı mənim milislik bir işim yox idi. Qorxa-qorxa getdim. Məni bir mayor qarşıladı, çox sərt, dtqqətsiz qulaq asdı mənə. Familiyamı soruşunca birdən ayağa durdu, mənimlə görüşdü, hal-əhval tutdu. Vəziyyətimi soruşdu. Bir sözlə, mənim butun evlə-eşiklə, qohum-əqrəba ilə hər şeylə maraqlandı. Sonra kiminləsə selektorla danışdı. Dedi ki, gəlib. Durdu məni ikinci mərtəbəyə apardı. şəhər milis idarəsinin rəisi ilə məni görüşdürdü. Birdən polkovnik mənə dedi ki, gəl bizimlə işlə. Düzü mənim milisdən acığım gəlirdi. Odur ki, razılıq vermədim. Evdə də dedilər lazım deyil. Lakin işdə mənə başa saldılar ki, get. Orada heç olmasa evi tez alarsan. Yoxsa sənə ev-eşik düşən deyil. Nə isə saqqızım oğurlandı, getdim razılıq verdim. dedilər ki, get partkomunuz məktub versin. Getdim partkomumuz Cəfərov Tələt Yasımoviç idi. Nə bir illah elədimsə vermədi. Sonradan mənə dedilər ki, onun payı 20 min imiş. O pul məndə harada idi. Odur ki, yazdım bu misraları:
Dəyişmə üzünü tülkü sifətsən
Oğraşlıq əvvəlki peşəndir sənin.
Şər arzusundasan, yabıxislətsən
Vəhşisən, ---------??? meşədir sənin.
Kommunist adına ləkəsən-ləkə
Fərli oğul gərək ipini çəkə.
Əzrayıl caynağın sinənə çəkə,
Barmağım gözünü deşəndir sənin.
Ən ağır, sarsıdıcı zərbəni isə 1977-ci ilin dekabr ayının 4-də aldım. Bütün məhrumiyyətlər az imiş kimi həyat yoldaşım 3 uşaqla məni qoyub dünyasını dəyişdi. Qaldım Sumqayıtın küçələrində. Yenə sağ olsun yaxşı kişiləri. Sumqayıt Kimya İstehsalat Birliyinin rəisi Mustafayev Əliş, onun müşavirləri Umudov İsa, Talkoçev Pavel İvanoviç (o çoxdan dünyasını dəyişib, qəni-qəni rəhmət) mənə ev verdilər. Uşaqları o evə yığdım, bir az vəziyyətim yüngülləşdi. Amma sən demə ağırlıq hələ sonralar imiş...
Amma Xanımın vəfatından sonra isti-isti bir-iki ürək sözümü nəzmə çəkmişəm.
Dostları ilə paylaş: |