Oğuzlar göytürklərin hakimiyyəti altında
681-ci ildə göytürk şadlarından Kutluğ göytürk dövlətini qurmaq üçün yenidən fəaliyyətə başlamış və xaqan olunca il-təriş titulunu almışdı. Həmin dövrdə Kutluğ və onun müdrik vəziri Bilgə Tonyukuk geyik və dovşan əti yeyərək Çuğay-Kuzda və Qaraqumda yaşayırdılar. Xaqanlığın paytaxtı Ötükən hələ ələ keçirilməmişdi. Ehtimal ki, bura oğuzların hakimiyyəti altında idi. Bu vaxt əsasən Tula çayı sahillərində yaşayan oğuzlar Kutluğun fəaliyyətindən möhkəm təlaşa düşdülər. Onların başçıları Baz kağan idi. Təklikdə türklərə hücum etməyi bacarmayacaqlarını görüb Kunı Səngünü Çinə, Tonra Səmi isə kıtaylara elçi göndərdilər. Türklərin onlar üçün də təhlükəli vəziyyət yarada iləcəklərinə işarə vurub birlikdə türklərə hücuma keçməyi təklif etdilər. Lakin göytürklər oğuzların bu təşəbbüsündən vaxtında xəbər tutdular. Bilgə Tonyukukun təklifi üzrə İl-təriş üç qüvvənin birgə hücumuna uğramadan oğuzların üzərinə yürüdü. Göytürklər və oğuzlar Tula (Tuğla) çayı sahilində qarşılaşdılar. Türk ordusunda 2 min, oğuz ordusunda 3 min adam vardı. Döyüşdə oğuzlar məğlub oldular, onların bir qismi çayda boğuldu, bir qismi isə qaçarkən öldürüldü. Məğlubiyyətdən sonra sağ qalan oğuzlar itaət etdilər1.
Bu müvəffəqiyyətin ardınca imperiyanın mərkəzi Ötükən də fəth olundu və İl-təriş kağan orada yerləşdi (682). Oğuzların başçısı Baz kağanın bu vuruşma nəticəsində necə olduğu barədə heç bir məlumat yoxdur. Bu hadisədən sonra oğuzların hər hansı bir üsyanından və onlarla aparılan müharibədən də bəhs edilmir. Yalnız Tonyukuk kitabəsinin sonlarında İl-təriş kağan təriflənərkən onun oğuzlarla beş dəfə vuruşduğu yazılır. Bunlardan dördü haqqında danışılan vuruşdan əvvəl, yoxsa sonra baş vermişdir? Bizcə, bu xüsusda qəti bir şey söyləmək mümkün deyil. Bununla bərabər, Baz kağan Tula vuruşmasında öldürülmüş ola bilər. Bilgə kağan kitabəsində onun İl-təriş kağan üçün balbal tikdiyi bildirilir2. Bu xüsus nə olursa-olsun, oğuzlar İl-təriş kağan zamanında tamamilə itaət altına alınmış və birbaşa xaqanın hakimiyyətinə tabe edilmişdir. Beləliklə, oğuzlar türklərin yanında dövlətin əsaslandığı ikinci bir ünsür kimi yer tutmuşdular.
İl-təriş kağan Ötükəndə yerləşdikdən sonra müdrik «ayğuçusu» Bilgə Tonyukukun məsləhəti ilə Çinə qarşı səfərlər təşkil etməyə başladı ki, nəticədə Şantun ovalığında 23 şəhər alındı. Şübhəsiz, bu səfərlərdə göytürk imperiyasının ikinci sütunu olan oğuzlar da iştirak etdilər. İl-təriş kağan 691-ci ildə öldü və yerinə qardaşı Kapağan kağan keçdi. Onun dövründə təşkil olunan məşhur qırğız səfərində oğuzların iştirak etdiyi Bilgə Tonyukukun kitabəsində bildirilir. Bu səfərin səbəbi qırğızların göytürklərə qarşı çinlilər və on-oxlarla ittifaq bağlamaları idi.
Bu arada müttəfiqlər oğuzları da üsyana təşviq etmişdilər. 697-ci ildə təşkil edildiyi bilinən bu səfərdə Ak Tərməli keçdikdən sonra oğuzlar ön qüvvə kimi qabağa göndərildilər. Köymən meşəsinin nizə boyu qarlı yollarını və yamaclarını aşıb gecə-gündüz yel kimi gedən oğuzlar Sonqa meşəsində qırğız xaqanının ordusu ilə qarşılaşdılar. Vuruşmada qırğız ordusu məğlub edilmiş, qırğız xaqanı da döyüş meydanında həlak olmuşdu. Kitabələrdə xeyli, uzun müddət oğuzların üsyan hərəkatından bəhs edilməmişdir. Əgər belə bir şey baş versəydi, göytürklərin bütün istiqamətlərdə zəfərlər qazanmaları heç də mümkün olmazdı. Çünki Bilgə kağanın hakimiyyətinin ilk illərində oğuzların üsyanı göytürk dövlətinin zəifləməsində çox mühüm bir amil olmuşdur.
Kapağan kağan zamanında təşkil edilən səfərlər sayəsində göytürk imperiyasının hakimiyyəti təkrar uzaq yerlərə qədər yayıldı. Beləliklə, çox mühüm ehtimala görə, on-oxların itaət altına alınmasında (698), zəngin qənimətlər ələ keçirilən Mavəraünnəhr səfərində (700-701), Çin sərkərdəsi Çaça ilə aparılan və türklərin parlaq zəfəri ilə başa çatan vuruşmada (706) və digər səfərlərdə türk budunu ilə birlikdə oğuzlar da iştirak etmişlər. Lakin bu parlaq dövr, iki budun arasındakı bu qardaşlıq Kapağan kağanın 716-cı ildə bayırkular tərəfindən pusquya salınaraq öldürülməsilə sona çatdı. İl-tərişin oğulları Kapağan kağanın oğlu Bögünün hökmranlığını tanımadılar. Türklərdə səltənət varisliyinin sabit bir qayda ilə nizamlanmamasının nəticəsi özünü burada da göstərdi. Bu ixtilaf üzündən türklər iki hissəyə ayrılaraq bir-birilə mübarizəyə girişdilər. Mübarizədə şəxsən Kül-Təginin cəsarəti və vuruşqanlığı sayəsində İl-tərişin oğulları qalib gəldilər. Bökü xan və tərəfdarları zərərsizləşdirildilər. İl-tərişin bəyük oğlu xaqan oldu (716). O, kitabələrdəki Türk Bilgə kağandır. Onun qardaşı Kül-Təgin isə göytürk ordusunun komandanlığını öz üzərinə götürdü. Belə anlaşılır ki, İl-tərişin oğulları ilə Bögü xan arasında xaqanlıq uğrunda mübarizə imperiyaya zəif şəkildə bağlanmiş budunların tabelik bağlarını qoparmasına səbəb oldu və hər tərəfdə qarışıqlıqlar (bolğak) baş verdi. Türgişlərdən sulu adlı bir başbuğ on-oxların rəhbəri olaraq kağan ünvanı aldı və qərb türklərini müstəqil surətdə idarə etməyə başladı. İzgillərin üsyan etməsilə eyni vaxtda oğuzların da üsyan bayrağını qaldırdıqları görünür. Kitabələrdə hər yanda baş verən qarışıqlıqlar və qısqanclıq oğuzların üsyanına səbəb olaraq göstərilir. Bu məlumatlar olduqca şübhəlidir.
Ancaq həqiqət budur ki, oğuzlar xaqanlara ürək qızdırmırdılar. Onların heç bir zaman tölis və tarduşların vəziyyətinə düşmək istəmədikləri məlumdur. Burada hər halda qövmi bir səbəb olduğu kimi, oğuzların ayrı bir siyasi keçmişə malik olmaları da bəhs mövzusudur. Yəni onların bu üsyanlarının siyasi səbəbi, şübhəsiz, müstəqilliyə qovuşmaq idi.
Bilgə kağan ilə Kül-Təgin izgillərə divan tutduqdan sonra oğuzların üzərinə yürüş etdilər. Ancaq onları izgillər kimi asanlıqla yola gətirmək mümkün olmadı və bir ildə beş dəfə vuruşmaq lazım gəldi. Oğuzlar ilə ilk vuruşma Toğu Balıkda oldu. Adına görə, ehtimal ki, bura şəhər imiş. Ancaq bu barədə heç bir məlumat yoxdur. Kül-Təkinin Azman adlı atına minərək dalbadal yeddi nəfəri nizə ilə öldürməsinə, böyük bir igidlik gəstərməsinə baxmayaraq göytürklər qəti bir nəticə edə bilmədilər. Bunun əvəzində, Kuşlığakda ədizlərlə çarpışmalarda onları ağır məğlubiyyətə uğratdılar. Oğuzlar ilə ikinci vuruşma Urquda (müasir Urqa?) oldu, ancaq o da qəti nəticə vermədi. Bunun ardınca gələn Çuşbaşı müharibəsi isə həddən artıq çətin olmuş, göytürklər ciddi təhlükəyə məruz qalmışdılar. Bu müharibədə göytürk ordusu oğuzların qarşısında qorxunc bir vəziyyətə düşmüşdü. Xoşbəxtlikdən, Kül-Təgin hücuma keçən oğuzları geri oturtmağa, hətta tonqralardan Yılpaqut (Alpağut) ilə on nəfəri əsir almağa müvəffəq olmuşdu. Onlar həmin günlərdə döyüşdə həlak olan və ya öz əcəli ilə ölən göytürk Tonqa-Təginin yuğunda (cənazə mərasimində) o biri dünyada ona xidmət etmələri üçün öldürüldülər. Ancaq müharibə yenə də bir nəticə verməmişdi. Buna görə iki qardaş budun Əzgənti Qadazda yenidən qarşılaşdılar, lakin bu dəfə də qalib-məğlub bilinmədi. Artıq qiş girmişdi! Göytürklər Əmğa qalasında qişladılar. Bu qış göytürklər üçün xoş keçmədi, çünki «yut» olmuş, yəni heyvanlar tamamilə qırılmışdı. Bahar gəlincə (717-ci ilin baharı?) Bilgə kağan oğuzlara qarşı əsgər çıxartdı, ancaq oğuzların üç-oğuz qoluna mənsub bir ordusu onun ordugahına basqın etdi. Bu basqın o qədər bacarıqla həyata keçirilmişdi ki, oğuzlar görünməmiş bir zəfər çalmaq üzrə idilər. Hətta onlardan bir bölüyü ordugahı yağmalamağa başlamışdı. Lakin yenə Kül-Təginin igidliyi və Bilgə kağanın soyuqqanlılığı sayəsində bu təhlükənin qarşısı alındı1. Bununla bərabər, oğuzlarla müharibələrin sonu görünmürdü. Bilgə kağan yuxarıda göstərilən müharibədən sonra oğuzlar üzərinə təkrar yürüş edərək müvəffəqiyyət qazansa da, oğuzlar qoşunları doqquz-tatarlarla birləşərək Ağuda göytürklərin qabağına çıxdılar.
Məğlubiyyətə uğrayan oğuzlar Çinə getdilər, lakin sonra təkrarən vətənlərinə qayıtdılar. Onlar hələ boyun əyməmişdilər. Bu səbəblə Bilgə kağanın oğuzlar üzərinə daha bir yürüş təşkil etdiyi anlaşılır2. Həmən səfər zamanı uyğurlara da hücum olunmuş, onlar darmadağın edilmiş, uyğur il-təbiri yüzə yaxın adamla şərqə tərəf qaçmışdı3. Göytürk kitabələrində ilk və son dəfə olmaq üzrə uyğurlar barədə ancaq bu qədər bəhs edilmişdir. Buradan uyğurların bir çox digər türk qövmlərinin əksinə olaraq Selenqa boyunda hər halda göytürklərə vergi verərək sakit bir həyat sürdüklərinə hökm vermək mümkündür. Ertəsi il, Bilgə kağan 34 yaşında olanda (718-ci il), göytürklərə müqavimət göstərə bilməyən, onlara tabe olmaq da istəməyən oğuzlar Çinə köçərək çinlilərin idarəsi altına girdilər4. Artıq onlardan bir daha bəhs edilməmişdir. Yalnız 720-ci ildə tikildiyi qəbul edilən Bilgə Tonyukuk kitabəsindəki «Türk Bilgə kağanın türk sir budununu və oğuz budununu yaxşı idarə etdiyi» sözləri5, Bilgə kağanın öz kitabəsində oğuz bəylərinə və budununa xitab etməsi1 oğuzların, nəhayət, yurdlarına qayıdaraq xaqana tabe olduqlarını göstərir.
732-ci ildə Kül-Təginin ölümü Bilgə kağanı və bütün göytürkləri dərin bir hüzn və ələmə qərq etdi. Çünki dövlətin yaşaya bilməsində Kül-Təginin igidliyi mühüm bir amil idi. Bütün göytürklər Kül-Təgin üçün qanlı göz yaşları axıtdılar. Ağır bir yas tutuldu. Bu matəm eyni zamanda türk budununun yaxın bir gələcəkdə qarşılaşacağı təhlükələrlə dolu qaranlıq günlərin ifadəsi idi. Doğrudan da, çox keçmədən Bilgə kağan da vəfat etdi (734). Yerinə əvvəlcə çinlilərin Yi-han dedikləri böyük oğlu keçdi, lakin qısa bir müddət sonra vəfat etdiyi üçün kiçik oğlu xaqan elan olundu. Tanrı kağan adlı bir hökmdar gənc və təcrübəsiz idi. Həmin vaxt Selenqa boyunda yaşayan uyğurlar, Tarbaqatayda yaşayan karluqlar və yurdları Beşbalıq bölgəsi olduğu sanılan basmıllar getdikcə qüvvətlənirdilər.
Oğuzlara gəlincə, bu xüsusda heç bir şey söyləmək ümkün deyil. Tanrı kağanın qərb və şərq şadları olan əmiləri onun buyruqlarına qulaq asmırdılar. Tanrı kağan bu iki şaddan qərb şadını məğlub etmişdisə də, şərq şadına məğlub olaraq öldürülmüşdü (741). Ancaq xanədan üzvləri arasında səltənət uğrunda mübarizə davam edirdi. Basmıllar, uyğurlar və kaluklar bu vəziyyətdən sui-istifadə edərək hərəkətə başladılar. Üç tuğlu* türk budununun başında Ozmış kağan dururdu.
Uyğurların başbuğu qoyun ilində** (743) Ozmış kağanı ağır bir məğlubiyyətə uğratdı. Üç tuğlu türk budunu böyük fəlakətə düçar oldu; bu arada xaqanın xatunu da əsir alındı. Son zərbəni basmıllar vurdular və öldürdükləri Ozmış kağanın başını Çin sarayına göndərdilər (744). Basmılların başbuğu özünü xaqan elan etdi, hətta göytürklərin sağ qalanları onun xaqanlığını tanıdılar. Lakin həmin ildə uyğurların başbuğu ehtimal ki, karluqların da köməyi ilə basmıl hökmdarını məğlub edib öldürərək Ötükənin hakimi oldu. Sağ qalan göytürklər Çinə köç edib onun idarəsi altına girdilər2. Bundan sonra göytürklər bir daha tarix səhnəsində görünməmişlər. Göytürklər Orta Asiyada əvvəlkilər ilə müqayisə edilməyəcək dərəcədə böyük və mütəşəkkil bir imperiya qurmuşlar. Göytürklərin sayəsində türk soyu tarixdə son dəfə olaraq bir bayraq altında toplanmışdı. «Türk» sözü, bilindiyi kimi, bu imperiyanı quran və onu idarə edən qövmün adı idi. Onların bütün türk qövmlərini əhatə edən bu böyük imperiyanı yaratmaları nəticəsində öz qövmi adları xüsusilə Orta Şərqdə türkcə danışan bütün qövmlərin ümumi adı mənasını qazandı. Halbuki türk budunu qövmi varlığını siyasi varlığı ilə birlikdə itirərək ortadan qalxmışdı. Göytürklərdən sonra heç bir türk qövmü digər türk təşəküllərindən çoxunu əhatə edən bir dövlət qura bilməmişdir. Orta Asiya tarixinin başlıca üç əsas dövründən (digərləri huin-nu və monqol dövrləridir) biri olan göytürklər dövrünün eyni zamanda türk mədəniyyət tarixi baxımından necə əhəmiyyətli bir dövr olduğu məlumdur. Türklər ilk dəfə bu dövrdə milli bir əlifbaya sahib olmuşlar. Türk dilinə aid ən qədim milli qaynaqlar da bu dövrə aiddir. Bunlar yalnız türk dilinin deyil, türk ədəbiyyatının, türk tarixinin, geniş bir mənada türk mədəniyyətinin ən qədim qaynaqlarıdır.
Göytürklərdən sonra gələn türk qövmləri bu dövrə aid ədəbi ənənələri inkişaf etdirmək bir yana qalsın, hətta bəzən onu tamamilə unutmuşlar. Uyğurlar bir müddət göytürk əlifbasından istifadə etdikdən sonra yerinə türk dili üçün daha əlverişsiz başqa bir əlifba işlətmişlər. Göytürklərdən sonra türk qövmlərinin siyasi müqəddəratının ayrılması onların bir-birindən fərqlənən mədəniyyət mühitinə girməsinə səbəb olmuşdur. Yalnız monqol dövrü türklərin çox mühüm bir qismini və ya hamısını tək bir mədəniyyət aləmində birləşdirmişdir. Bu qədər mühüm rol oynamış bu türk qövmünün aqibəti bax belə olmuşdur.
Dostları ilə paylaş: |