1. Atçəkən. Konya bölgəsindəki kayı oymağı atçəkən icmasına mənsub olub Larəndə (indiki Qaraman) qəsəbəsinin şimal və şərq tərəflərindəki torpaqları əhatə edən Bayburt qəzasında yaşayırdı. Bu oymağın II Bəyazid dövründə 260 evi, 343 nəfər vergi verən əhalisi, I Səlim zamanında isə 475 evi, 680 nəfər vergi verən əhalisi vardı. Digər tərəfdən, bu kayı oymağının bütün əhalisi sipahi uşaqları idi. Bəhs edilən dövrdə oymağın əlindəki əkinliklər, yəni becərdikləri yerlər (məzrə) bunlar idi: Yastı Üyük, Ərəncə, Arslanlu-Virani, İnlu-Virani, Bəstanlu, Günü, Qaraca Qaya, Kınık, Gəncək adlı əkinliklər. Axsaqlu oymağı isə qədim zamanlardan bəri yaşadıqları yurdları idi. Konya kayılarının 1547-ci ildə Kapanlar, Göy göy, İbrahim, Divanələr, Gəbəçilər və (bəlkə də) Kayı Hüyüyü adlı kəndlərdə yerləşdikləri bilinir1. Bu kayı oymağının yaşadığı zamanda Konya bölgəsində Kayı adlı 6 kənd vardı2.
2. Ankara. Göründüyü kimi, Ankara sancağında Kayı adlı 4 yer adı olmasına baxmayaraq3, əhalisi sıx bir kayı oymağı yoxdur. Bu adda Ankara yörükləri arasında çox kiçik bir oymaq vardı ki, o da Kayıcıq adlı bir kənddə yaşayırdı4. Bu Kayıcıq kəndi Ankara ilə Ayaş arasındakı Mürtəzaabad qəzasına bağlı Kayıcıq kəndi olmalıdır. XVI əsrdəki bu kiçik kayı təşəkkülünün qədim və olduqca böyük bir kayı oymağının qalığı olması ehtimalı var.
3. Hamid (İsparta). XVI əsrdə bir kayı olmağı da Hamid sancağının Əyridir qəzasında yaşayırdı. Bu oymağın Qanuni dövründə vergi verən 118 nəfər əhalisi vardı5. Həmin sancaqda Kayı adlı 5 kənd də görünür6.
4. Dənizli. XVI əsrdə ən böyük kayı oymağı Dənizlinin quzeyində yaşayırdı. Qaş-Yenicəsi, Aydos və şeyxlu qəzalarında yaşayan bu kayı oymağı Qanuni dövründə 35 kənddə yurd salmışdı. Bu oymağın vergi verən evli əhalisinin 1123, subay əhalisinin 223 olduğu və hər il dövlətə 42.000 axça verdiyi məlumdur. Bu kayı təşəkkülünun yaşadığı kəndlərdən heç biri Kayı adını daşımırdı7. 978-ci il (1570/1571) tarixli bir hökmdə bu kayı yörüklərinin vergilərinin yığılmasına qazıların müdaxilə etmələri əmr olunur8.
5. Məntəşə. İkinci qələbəlik bir kayı təşəkkülü də bu sancaqda yaşayırdı. O, adı çəkilən sancağın, Göyciyəz-Ayasuluğ (Səlcuqlu) arasındakı kəndlərdə otururdu. Yavuz Səlim dövründə tir (ox) adı ilə 14 qola ayrılan Məntəşə kayılarının vergi verən 892 evi vardı. 1553-cü ildə belə evlərin sayı 1034 olaraq hesablanmışdı9. Onların yaşadıqları kəndlərdən heç biri Kayı adlanmır. Lakin həmin dövrdə, həmin bölgədə 6 kəndin Kayı adını daşıdığı10 bilinir ki, onlardan heç biri indi o adla adlanmır.
Məntəşə kayıları gərək ki, bilavasitə Dənizli kayılarının bir parçasıdır. Onların da İbn Səidin (XIII əsrin ikinci yarısı) əhalisini təqribən 200.000 çadır olaraq göstərdiyi Dənizli uc (hüdud) türkmənlərinin qalıqları olması ehtimalı çoxdur. Məntəşə bölgəsində kayılarla birlikdə Qızıl keçili və Xorzum adlı oymaqların da yaşadığı görünür ki, bunlardan axırıncı ad Xarəzmdən gəlir1.
6. Saru-xan. Bu sancaqda hər hansı bir kayı oymağının varlığına dair təhrir dəftərlərində heç bir qeydə rast gəlmirik. Ancaq XVI əsrin ortalarına aid bir sənəddən bu adda bir oymağın Çoban oymağı ilə Qaraman Qayası deyilən yerdə yaşadıqları anlaşılır2.